Azedu.az

“Vətəni qoruduğum kimi, bu gün gələcəyini yetişdirməyə çalışıram” - müharibə iştirakçısı

Müsahibə və reportajlar

8 Noyabr 2026, 14:33
“Vətəni qoruduğum kimi, bu gün gələcəyini yetişdirməyə çalışıram” - müharibə iştirakçısı

Vətənə xidmətin müxtəlif yolları var. Bəzən bu xidmət səngərdə silahla, bəzən isə sinif otağında bilik vasitəsilə göstərilir.

Elə insanlar var ki, həyatlarının müəyyən mərhələsində Vətənin müdafiəsinə qalxır, sonrakı illərdə isə gələcək nəsillərin yetişdirilməsi məsuliyyətini üzərlərinə götürürlər.

Oğuz rayonundan olan Cavid Kamilli də belə şəxslərdəndir. 2020-ci ildə Vətən müharibəsi başlayanda hərbi toplanışda olan Cavid müəllim sentyabrın 27-dən etibarən Murovdağ istiqamətində Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra Vətən müharibəsi iştirakçısı və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

Cavid Kamilli AzEdu.az-a müsahibəsində Murovdağda keçdiyi döyüş yolundan, Kəlbəcərin azadlığı xəbərinin onda yaratdığı hisslərdən, müharibənin dünyagörüşünə təsirindən və məktəbdə vətənpərvərlik tərbiyəsinin əhəmiyyətindən danışıb.

Müsahibəni təqdim edirik:

- Cavid müəllim, 2020-ci il sentyabrın 21-də hərbi toplanışa çağırıldınız, cəmi altı gün sonra isə Vətən müharibəsi başladı. Müharibənin başladığını eşitdiyiniz anı necə xatırlayırsınız? İlk düşüncəniz nə oldu?

- 2020-ci il sentyabrın 21-də hərbi toplanışa çağırılmışdım. Cəmi altı gün sonra müharibə başladı. Bu xəbəri eşidəndə ilk düşüncəm Vətənin müdafiəsinə qalxmaq oldu. Həmin an artıq hər birimizin üzərinə böyük məsuliyyət düşürdü. Düşünürdük ki, torpaqlarımızın azadlığı üçün əlimizdən gələni etməliyik.

- Murovdağ istiqamətində Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmisiniz. Həmin ərazi həm coğrafi, həm də hərbi baxımdan mürəkkəb hesab olunur. Döyüşlər zamanı hansı çətinliklərlə üzləşirdiniz?

- Murovdağ istiqamətində döyüşlər olduqca çətin idi. Dağlıq relyef, sərt hava şəraiti, soyuq, yüksəklik və mürəkkəb keçidlər hər bir addımı çətinləşdirirdi. Bu şərait həm fiziki dözümlülük, həm də güclü mənəvi iradə tələb edirdi.

Murovdağda döyüşmək həm böyük məsuliyyət, həm də Vətən qarşısında borc hissi idi. Təbiətin sərtliyi ilə yanaşı, düşmən mövqeləri də ciddi çətinlik yaradırdı.

Lakin torpaq sevgisi, qələbəyə inam və silahdaşlarımızın birliyi bütün çətinliklərə sinə gərməyə güc verirdi.

- Döyüşlər zamanı yaddaşınızda xüsusi iz qoyan, bu gün də xatırladıqda sizi həmin günlərə qaytaran bir hadisə varmı?

- Müharibədə yaşanan hər gün, hər an insanın yaddaşında iz buraxır. Xüsusilə silahdaşların bir-birinə dayaq olması, çətin anlarda göstərdikləri fədakarlıq unudulmur.

Bu gün də həmin günləri xatırlayanda ilk növbədə döyüş yoldaşlarım və onların göstərdiyi cəsarət gözümün önünə gəlir.

- Kəlbəcərin azad edilməsi xəbərini eşidəndə hansı hissləri keçirdiniz? Uzun illər həsrətində olduğumuz torpaqların azad edilməsinə şahidlik etmək sizdə hansı hissləri yaratdı?

- Bu, mənim üçün sadəcə hərbi vəzifə deyil, həm də tarixi və mənəvi borc idi. Kəlbəcər Azərbaycanın ayrılmaz torpağıdır.

O torpaqların azadlığı uğrunda mübarizə aparmaq hər bir azərbaycanlı üçün qürurverici məsuliyyətdir. İnanırdıq ki, mütləq Zəfər qazanacağıq. Bu xəbər mənim üçün sözlə ifadə olunması çətin olan böyük sevinc və qürur hissi idi.

Uzun illər həsrətində olduğumuz torpaqların azadlığına qovuşması tarixi hadisə idi. Həmin an insan bütün çətinliklərin, çəkilən zəhmətin və verilən qurbanların mənasını daha dərindən anlayırdı.

- Müharibə iştirakçısı kimi qazandığınız təcrübə həyatınıza, insanlara və dünyaya baxışınızı necə dəyişdi? Müharibədən əvvəlki Cavid müəllimlə indiki Cavid müəllim arasında hansı əsas fərqlər var?

- Müharibə mənə həyatın, zamanın və insan münasibətlərinin dəyərini daha dərindən öyrətdi. İnsan daha səbirli, daha məsuliyyətli olur.

Müharibədən əvvəlki Cavidlə indiki Cavid arasında ən böyük fərq odur ki, bu gün həyata daha böyük məsuliyyət hissi ilə yanaşıram. Vətənin, ailənin və insan həyatının qiymətini daha yaxşı anlayıram.

- Bu gün Vətən müharibəsi iştirakçısı və Kəlbəcərin azadlığına görə medallarla təltif olunmuş bir şəxs məktəbə rəhbərlik edirsiniz. Döyüş meydanından məktəb rəhbərliyinə uzanan bu yol sizin üçün nə ifadə edir?

- Mənim üçün bu iki fəaliyyətin ortaq bir məqsədi var: Vətənə xidmət etmək. Döyüş meydanında Vətənin torpağını qoruyurdumsa, bu gün məktəb rəhbəri kimi onun gələcəyini yetişdirməyə çalışıram.

Hesab edirəm ki, savadlı, milli ruhlu və vətənpərvər gənclər yetişdirmək də Vətənə xidmətin mühüm formasıdır.

- Məktəbin direktoru kimi şagirdlərinizə Vətən müharibəsində iştirakınızdan danışırsınızmı? Onların sizin döyüş xatirələrinizə münasibəti necədir?

- Bəli, imkan olduqca şagirdlərimlə bu barədə söhbətlər aparıram. Onlara müharibənin yalnız qələbədən ibarət olmadığını, arxasında böyük fədakarlıq, məsuliyyət və birlik dayandığını izah edirəm. Şagirdlərin bu mövzulara marağı və həssas münasibəti məni sevindirir.

- Bəzən şagirdlər Zəfər Gününü sadəcə təqvimdə qeyd olunan bayramlardan biri kimi qəbul edə bilərlər. Sizcə, bu tarixin arxasında dayanan qəhrəmanlığı, ağrıları və qurbanları onlara necə anlatmaq lazımdır?

- Məncə, Zəfər Gününü yalnız bayram kimi təqdim etmək düzgün olmaz. Şagirdlər bilməlidirlər ki, bu qələbə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına qazanılıb. Zəfərin sevincini yaşatmaqla yanaşı, onun arxasındakı fədakarlığı da anlatmalıyıq.

- Rəhbərlik etdiyiniz məktəbdə vətənpərvərlik tərbiyəsi istiqamətində hansı işlər görülür? Şagirdlərin Vətənə bağlılığını artırmaq üçün hansı təşəbbüsləri həyata keçirirsiniz?

- Məktəbimizdə vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Tarixi günlərlə bağlı tədbirlər, anım mərasimləri, maarifləndirici görüşlər, şəhidlərimizin və qazilərimizin həyat yoluna həsr olunmuş söhbətlər təşkil edirik. Məqsədimiz şagirdlərdə Vətənə sevgi, milli dəyərlərə hörmət və vətəndaşlıq məsuliyyəti formalaşdırmaqdır.

- Sizcə, məktəb direktoru yalnız təhsilin təşkilinə deyil, həm də gələcək vətəndaşların formalaşmasına görə məsuliyyət daşıyır. Bu baxımdan əsas missiyanızı nədə görürsünüz?

- Mənim əsas missiyam yalnız keyfiyyətli təhsilin təşkilindən ibarət deyil. Eyni zamanda, savadlı, dürüst, məsuliyyətli, milli-mənəvi dəyərlərə bağlı və Vətənini sevən şəxsiyyətlər yetişdirməkdir.

Çünki məktəb təkcə bilik verən deyil, həm də gələcəyin vətəndaşını formalaşdıran bir müəssisədir.

Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı
Son xəbərlərDaha çox