Dövlət Proqramının təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə doktorantura təhsilini davam etdirir.
O, eyni zamanda universitetin “Qlobal idarəetmə və diplomatiya” magistratura proqramında müəllim kimi fəaliyyət göstərir, üzvü olduğu kollecdə isə Junior Dean vəzifəsini icra edir.
Müxtəlif ölkələrdə təhsil alan, beynəlxalq təşkilatlarda çalışan və diplomatiya sahəsində praktiki təcrübə qazanan Nuranə Məmmədova akademik fəaliyyətini beynəlxalq münasibətlər üzrə elmi tədqiqatlarla birləşdirir. Onun araşdırmaları böyük güclər arasındakı geosiyasi rəqabətin orta gücə malik dövlətlərin xarici siyasətdə müstəqilliyinə və strateji qərarvermə imkanlarına təsirini əhatə edir.
Oksfordda qazandığı təcrübə, beynəlxalq akademik mühitdə Azərbaycanı təmsil etmək, ölkəmizin ali təhsil sisteminin inkişafı, xaricdə təhsil alan gənclərin potensialının reallaşdırılması ilə bağlı fikirləri və gələcək karyera hədəfləri müsahibəmizin əsas mövzularıdır.
Bu münasibətlə AzEdu.az Nuranə Məmmədova ilə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- İlk olaraq özünüz haqqında məlumat verərdiniz. Təhsil yolunuz, beynəlxalq münasibətlər sahəsinə marağınızın yaranması və bu gün Oksford Universitetində müəllim kimi fəaliyyətə başlamağınıza qədər keçdiyiniz akademik yol barədə danışmağınızı istərdik.
- Nuranə Məmmədova, hazırda Dövlət Proqramının təqaüdçüsü kimi Oksford Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə doktorantura təhsili alıram və eyni zamanda universitetdə tədris fəaliyyəti ilə məşğulam.
Təhsil yolum müxtəlif ölkələri və akademik mühitləri əhatə edib. Orta təhsilimin bir hissəsini Ukraynada almış, daha sonra isə təhsilimi Azərbaycanın Şəmkir şəhərində fərqlənmə ilə başa vurmuşam. Məktəb illərindən etibarən bütün fənlərə böyük marağım olub, lakin riyaziyyata xüsusi həvəs göstərmişəm. Məhz bu marağım məni iqtisadiyyat yönümlü ixtisas seçməyə istiqamətləndirib. Beləliklə, bakalavr təhsilimi Azərbaycanda dövlət sifarişi əsasında, xüsusi istedadlar qrupunda dünya iqtisadiyyatı ixtisası üzrə fərqlənmə ilə tamamlamışam.
Bununla yanaşı, siyasi proseslərin təhlili, danışıqların aparılması və ictimai çıxışlar hər zaman xüsusi maraq göstərdiyim sahələr olub. Bu maraq məni iqtisadiyyat üzrə qazandığım bilikləri beynəlxalq münasibətlərlə əlaqələndirməyə və akademik fəaliyyətimi daha geniş istiqamətdə davam etdirməyə sövq edib.
Bakalavr təhsilimi başa vurduqdan sonra biliklərimi genişləndirmək və fərqli sahədə ixtisaslaşmaq qərarına gəldim. Bu məqsədlə Türkiyə, Fransa və Almaniyada təqaüd əsasında Avropa və beynəlxalq münasibətlər üzrə magistratura təhsili aldım və təhsilimi fərqlənmə ilə tamamladım. Məhz bu dövrdə beynəlxalq münasibətlərə marağım daha da dərinləşdi və gələcək akademik və peşəkar fəaliyyətimi bu sahədə davam etdirmək istədiyimə əmin oldum.
Növbəti mərhələdə diplomatiya sahəsində daha dərindən ixtisaslaşmaq məqsədilə Oksford Universitetində ikinci magistratura təhsilimi diplomatiya üzrə almaq qərarına gəldim. O ərəfədə 11 000 namizəd arasından seçilərək dünyanın ən yaxşı 50 tələbəsi sırasına daxil oldum.
Oksfordda təhsil aldığım müddətdə müəllimlərim mənə elmi fəaliyyətimi davam etdirməyi və doktorantura pilləsində təhsil almağı israrla tövsiyə edirdilər. Doktorantura təhsili almağı hələ uşaqlıqdan qarşıma məqsəd qoysam da, hər zaman inanmışam ki, nəzəri biliklər praktiki təcrübə ilə tamamlandıqda daha böyük dəyər qazanır. Bu səbəbdən magistratura təhsilimdən sonra İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzində departament müdiri vəzifəsində çalışdım. Bu fəaliyyət mənə diplomatik prosesləri və beynəlxalq əməkdaşlığın praktiki tərəflərini daha yaxından öyrənmək, eləcə də akademik biliklərimi real iş mühitində tətbiq etmək imkanı qazandırdı.
Zaman keçdikcə anladım ki, elmi tədqiqatları praktiki təcrübə ilə birləşdirmək mənim üçün ən doğru peşəkar istiqamətdir. Məhz bu düşüncə məni Oksford Universitetində doktorantura təhsilinə başlamağa və paralel olaraq akademik fəaliyyətimi tədris sahəsində davam etdirməyə yönəltdi.
- Oksford Universitetində müəllim fəaliyyətinə başlamağınız akademik karyeranızda mühüm mərhələdir. Doktoranturanın ikinci ilində belə bir fürsət necə yarandı və seçim prosesində hansı meyarlar əsas götürüldü?
- Bilik və bacarıqların paylaşılması hər zaman mənim üçün xüsusi əhəmiyyət daşıyıb. Bu səbəbdən 19 yaşımdan etibarən müxtəlif beynəlxalq təşkilatlarda təlimçi və ekspert kimi fəaliyyət göstərmişəm. Bu müddət ərzində diplomatlar, universitet müəllimləri, dövlət rəsmiləri, özəl sektor nümayəndələri və tələbələr də daxil olmaqla, müxtəlif peşəkar qruplar üçün təlimlər keçmişəm. Bu təcrübə mənə mürəkkəb mövzuları anlaşıqlı şəkildə izah etmək, fərqli auditoriyalarla işləmək və biliklərimi effektiv şəkildə bölüşmək bacarıqları qazandırıb.
Məhz bu təcrübəmi nəzərə alaraq tədris fəaliyyətimi Oksford Universitetində davam etdirmək üçün ən uyğun istiqamətlərdən birinin “Qlobal idarəetmə və diplomatiya” (Global Governance and Diplomacy) magistratura proqramı olduğunu düşündüm.
Bu, Oksford Universitetinin nüfuzlu magistratura proqramlarından biridir və müxtəlif ölkələrdən olan diplomatları və beynəlxalq siyasət sahəsində çalışan mütəxəssisləri bir araya gətirir. Proqramın məzunları arasında dövlət rəhbərləri, nazirlər, diplomatik xidmətlərdə, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda mühüm vəzifələrdə çalışan mütəxəssislər yer alır.
Əslində, həmin dövrdə proqramın müəllim komandasına yeni əməkdaş axtarıldığından xəbərdar deyildim. Təhsil aldığım departament mənə bu vəzifə haqqında məlumat verdi. Seçim prosesində əsas meyarlardan biri güclü akademik hazırlıqla müvafiq peşəkar təcrübənin bir-birini tamamlaması idi. Bu gün Oksford Universitetində həm elmi tədqiqat aparmaq, həm də tələbələrin akademik inkişafına dəstək vermək mənim üçün böyük məsuliyyət və eyni zamanda dəyərli fürsətdir.
Hesab edirəm ki, beynəlxalq münasibətlər kimi daim dəyişən və inkişaf edən bir sahədə keyfiyyətli tədris yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmamalıdır. Tələbələr beynəlxalq prosesləri real hadisələr, diplomatik təcrübələr və müxtəlif analitik yanaşmalar əsasında qiymətləndirməyi də bacarmalıdırlar. Mən də akademik biliklərimi və diplomatiya sahəsində qazandığım praktiki təcrübəni tələbələrlə bölüşərək onların müstəqil, analitik və tənqidi düşünmə bacarıqlarının inkişafına töhfə verməyə çalışıram.
- Oksfordun “Qlobal idarəetmə və diplomatiya” magistratura proqramında dərs deyəcəksiniz. Tədris edəcəyiniz fənlər hansı mövzuları əhatə edəcək və tələbələrə hansı bilik və bacarıqları qazandırmağı hədəfləyirsiniz?
- Oksford Universitetinin “Qlobal idarəetmə və diplomatiya” magistratura proqramı beynəlxalq münasibətlərin həm nəzəri, həm də praktiki aspektlərini əhatə edir. Əsas mövzulara qloballaşma, beynəlxalq əməkdaşlıq, qlobal idarəetmə, beynəlxalq təhlükəsizlik və diplomatiya daxildir. Bununla yanaşı, müasir dövrün aktual məsələləri, xüsusilə süni intellektin diplomatiyaya təsiri, rəqəmsal diplomatiya, geosiyasi rəqabət, beynəlxalq ticarət və qlobal böhranların idarə olunması kimi mövzular da müzakirə ediləcək.
Əsas məqsəd tələbələrə yalnız nəzəri biliklər qazandırmaq deyil, həm də həmin bilikləri real beynəlxalq proseslərin təhlilində tətbiq etməyi öyrətməkdir. Bu səbəbdən dərslərdə interaktiv müzakirələrə, tələbə təqdimatlarına və aktual beynəlxalq hadisələrin təhlilinə xüsusi önəm veririk.
Hədəfim tələbələrin analitik və tənqidi düşünmə, müstəqil araşdırma aparmaq, ictimai çıxış və əsaslandırılmış arqumentlər irəli sürmək bacarıqlarını inkişaf etdirməkdir. Hesab edirəm ki, universitet təhsilinin əsas məqsədi yalnız bilik ötürmək deyil, həm də tələbələrə müstəqil düşünməyi və düzgün suallar verməyi öyrətməkdir.
- Siz həm doktorantura təhsilinizi davam etdirir, həm dərs deyir, həm də Junior Dean vəzifəsini icra edəcəksiniz. Bu məsuliyyətləri paralel şəkildə həyata keçirmək hansı çətinlikləri yaradır və vaxtınızı necə idarə etməyi planlaşdırırsınız?
- Düşünürəm ki, bu üç fəaliyyət bir-birini tamamlayır. Əlbəttə, bir neçə məsuliyyəti paralel şəkildə həyata keçirmək düzgün planlaşdırma və vaxtın səmərəli idarə olunmasını tələb edir. Tədris etdiyim mövzulara akademik və praktiki baxımdan yaxından bələd olduğum üçün dərslərə hazırlıq prosesini daha səmərəli təşkil edə bilirəm. Eyni zamanda, tədris fəaliyyəti doktorantura tədqiqatımla da əlaqəlidir. Dərslər üçün əlavə elmi mənbələrin araşdırılması və akademik müzakirələr tədqiqatımı daha da zənginləşdirir.
Junior Dean vəzifəsi isə fəaliyyətimin fərqli, lakin mənim üçün çox dəyərli istiqamətidir. Bu vəzifə çərçivəsində tələbələrin rifahına dəstək göstərmək, müvafiq görüşlərdə və qərarların qəbul edilməsi prosesində iştirak etmək imkanım olur.
Vaxtımı idarə etmək üçün həftəlik tədqiqat planımı əvvəlcədən müəyyənləşdirib tədris və inzibati öhdəliklərimi həmin plana uyğun təşkil etməyə çalışıram. Əsas məqsədim hər üç istiqamətdə üzərimə düşən məsuliyyətləri keyfiyyətlə yerinə yetirmək və onların bir-birini qarşılıqlı şəkildə zənginləşdirməsinə nail olmaqdır.
- Oksford Universitetində üzvü olduğunuz kollecin Junior Dean vəzifəsinə seçilmisiniz. Bu vəzifəyə seçilməyiniz necə baş tutdu və tələbələrin rifahı, akademik icmanın dəstəklənməsi baxımından hansı məsuliyyətləri daşıyacaqsınız?
- Junior Dean, yəni köməkçi dekan vəzifəsi Oksford Universitetində doktorantların üzərinə götürə biləcəyi nüfuzlu və məsuliyyətli vəzifələrdən biridir. Seçim prosesi kifayət qədər rəqabətlidir, çünki universitetin istənilən kollecindən (təxminən 40 kollecdən) uyğun namizədlər bu vəzifəyə müraciət edə bilirlər. Eyni zamanda, bu vəzifə yalnız ikinci və daha yuxarı kurs doktorantları üçün nəzərdə tutulub.
Doktorantura təhsilimin birinci ilinin son semestrində kollec rəhbərliyi tərəfindən bu vakansiya haqqında məlumat aldım. Açığı, əvvəlcə müraciət etməyi düşünmürdüm. Lakin həmin dövrdə kollecdəki akademik rəhbərimlə görüşümüz zamanı o, mənim bu vəzifədə tələbələrə böyük dəstək göstərə biləcəyimə inandığını bildirdi və namizədliyimi irəli sürməyimi tövsiyə etdi. Onun mənə göstərdiyi etimad müraciət etmək qərarımda mühüm rol oynadı. Beləliklə, lazımi sənədləri hazırlayaraq müraciət etdim və müsahibə mərhələsinə dəvət olundum. Müsahibə zamanı kollec rəhbərliyi mənə müxtəlif praktiki situasiyalar təqdim edir, mən isə həmin vəziyyətlərdə necə davranacağımı, hansı qərarları qəbul edəcəyimi və bu qərarların səbəblərini əsaslandırmalı olurdum. Müsahibənin sonunda rəhbərlik vəzifəyə çoxsaylı müraciət daxil olduğunu qeyd etməklə yanaşı, cavablarımı yüksək qiymətləndirdiyini də bildirdi. Belə rəqabətli seçim prosesində bu müsbət rəyi eşitmək mənim üçün olduqca sevindirici idi.
Junior Dean olaraq əsas məsuliyyətim tələbələrin rifahına dəstək göstərmək və kollecdə sağlam və dəstəkləyici akademik mühitin qorunmasına töhfə verməkdir. Eyni zamanda, tələbələrlə kollec rəhbərliyi arasında əlaqələndirici rol oynamaq və zəruri hallarda onları müvafiq dəstək xidmətlərinə yönləndirmək də vəzifəmin mühüm istiqamətlərindəndir. Mənim üçün bu vəzifəyə seçilmək yalnız şəxsi nailiyyət deyil, həm də mənə göstərilən etimadı doğrultmaq və universitet icmasına daha yaxından töhfə vermək imkanıdır.
- Oksfordda təhsil aldığınız müddətdə Azərbaycan universitetlərindəki tədris mühiti ilə müqayisədə sizi ən çox təəccübləndirən fərq nə olub? Sizcə, bu təcrübədən Azərbaycan ali təhsil müəssisələri nə öyrənə bilər?
- Mənim üçün ən diqqətçəkən fərqlərdən biri Oksford Universitetində müstəqil öyrənməyə (self-directed learning) və analitik düşünmə bacarıqlarının inkişafına verilən xüsusi önəmdir. Burada əsas məqsəd tələbənin yalnız məlumatı mənimsəməsi deyil, onu tənqidi təhlil etməsi, mövcud yanaşmaları sorğulaması və öz mövqeyini elmi arqumentlərlə əsaslandırmasıdır.
Azərbaycandakı təhsil təcrübəmə əsasən deyə bilərəm ki, universitetlərimizdə, xüsusilə dəqiq elmlər sahəsində, güclü nəzəri biliklərin formalaşdırılmasına ciddi diqqət yetirilir. Lakin humanitar və sosial elmlərin tədrisində bəzi hallarda məlumatın yadda saxlanılmasına analitik və tənqidi düşünmək bacarığından daha çox üstünlük verilir.
Düşünürəm ki, Azərbaycan universitetləri Oksfordun müstəqil öyrənmə, interaktiv müzakirə, tənqidi düşünmə və tədqiqatyönümlü tədris təcrübəsindən faydalana bilər. Bununla belə, hesab edirəm ki, hər iki təhsil sisteminin özünəməxsus güclü tərəfləri var. Ən doğru yanaşma bu üstünlükləri qarşılıqlı şəkildə öyrənmək və uğurlu təcrübələrin mübadiləsini təşviq etməkdir.
- Oksfordda tələbələrin tənqidi düşüncəsinə, müstəqil araşdırmasına və müzakirələrdə fəallığına hansı səviyyədə önəm verilir? Bu yanaşmaların Azərbaycanda daha geniş tətbiqi üçün hansı dəyişikliklərə ehtiyac var?
- Oksford Universitetində tənqidi düşünmə, müstəqil araşdırma və akademik müzakirələr tədris prosesinin əsasını təşkil edir. Burada tələbələrdən yalnız dərs materiallarını oxumaq deyil, onları təhlil etmək, fərqli nəzəri yanaşmaları müqayisə etmək və öz mövqelərini əsaslandırmaq gözlənilir.
Məni xüsusilə sevindirən məqamlardan biri tələbələrin müəllimlərlə sərbəst şəkildə fikir mübadiləsi aparmasıdır. Burada müəllimin fikrini sorğulamaq hörmətsizlik kimi deyil, akademik müzakirənin təbii hissəsi kimi qəbul olunur. Əsas məsələ irəli sürülən arqumentin nə dərəcədə əsaslandırılmasıdır.
Düşünürəm ki, Azərbaycanda bu yanaşmaların daha geniş tətbiqi üçün ilk növbədə tələbəyönümlü tədris metodlarına üstünlük verilməlidir. İnteraktiv seminarların, müstəqil tədqiqat tapşırıqlarının və açıq akademik müzakirələrin sayı artırılmalıdır. Eyni zamanda, qiymətləndirmə sistemində məlumatı yadda saxlamaqla yanaşı, onun təhlili və tətbiqi bacarıqlarına da daha çox önəm verilməlidir. Hesab edirəm ki, əsas məqsəd yalnız bilikli məzunlar yetişdirmək deyil, həm də müstəqil düşünən, sual verməkdən çəkinməyən və öz fikrini əsaslandıra bilən gənc mütəxəssislər formalaşdırmaq olmalıdır.
- Beynəlxalq münasibətlər üzrə doktorantura tədqiqatınızın əsas mövzusu nədir? Araşdırmanız hansı problemin həllinə və ya beynəlxalq münasibətlər sahəsində hansı elmi boşluğun doldurulmasına yönəlib?
- Doktorantura tədqiqatımın əsas mövzusu böyük güc statusuna malik dövlətlər (major powers) arasındakı geosiyasi rəqabətin orta güc statusuna malik dövlətlərin (middle powers) xarici siyasət müstəqilliyinə və strateji qərarvermə imkanlarına təsiridir.
Araşdırmamın əsas məqsədi Amerika Birləşmiş Ştatları, Çin və Rusiya kimi böyük güclər arasında rəqabətin hansı şəraitdə orta güclü dövlətlər üçün yeni imkanlar yaratdığını, hansı hallarda isə onların xarici siyasət seçimlərini məhdudlaşdırdığını müəyyən etməkdir.
Əsas hipotezim ondan ibarətdir ki, müəyyən səviyyədə geosiyasi rəqabət dövlətlərin diplomatik manevr imkanlarını genişləndirə bilər. Lakin rəqabət həddindən artıq kəskinləşdikdə siyasi, iqtisadi və təhlükəsizlik təzyiqləri bu imkanları məhdudlaşdıra bilər.
Tədqiqatımın əsas elmi töhfəsi bu prosesə təsir edən beynəlxalq və daxili, iqtisadi və siyasi amilləri sistemli şəkildə təhlil edərək orta güclü dövlətlərin hansı şəraitdə daha müstəqil və effektiv xarici siyasət yürüdə bildiyini izah edən nəzəri çərçivə hazırlamaqdır.
- Doktorantura tədqiqatınız zamanı gəldiyiniz və ilkin qənaətlərinizi dəyişdirən hər hansı nəticə ilə qarşılaşmısınızmı? Tədqiqat prosesi dünyaya və beynəlxalq münasibətlərə baxışınızı necə dəyişib?
- Tədqiqatım hələ davam etdiyi üçün yekun elmi nəticələrdən danışmaq tezdir. Lakin ilkin araşdırmalarım zamanı diqqətimi çəkən məqamlardan biri böyük güclər arasındakı rəqabətin orta güclü dövlətlər üçün yalnız təhlükə və məhdudiyyət yaratmamasıdır. Müəyyən şəraitdə bu rəqabət həmin dövlətlərə yeni diplomatik və iqtisadi imkanlar da qazandıra bilər.
Əvvəlcə geosiyasi rəqabətin yaratdığı təzyiqlərə daha çox diqqət yetirirdim. Lakin araşdırmalarım göstərdi ki, dövlətlərin bu rəqabətdən necə təsirlənməsi onların daxili imkanlarından, diplomatik strategiyalarından və mövcud alternativlərdən də asılıdır.
Bu proses beynəlxalq münasibətlərə daha çoxşaxəli yanaşmağıma səbəb olub. Anladım ki, beynəlxalq siyasətdə hadisələri yalnız güclü və zəif dövlətlər arasındakı münasibətlərlə izah etmək kifayət deyil. Hətta güc baxımından qeyri-bərabər münasibətlərdə belə, daha kiçik dövlətlər öz maraqlarını qorumaq və strateji imkanlarını genişləndirmək üçün müəyyən təsir vasitələrinə malik ola bilərlər. Mənim üçün elmi tədqiqatın ən dəyərli tərəfi də məhz budur: mövcud qənaətləri sorğulamaq və məsələlərə fərqli perspektivlərdən baxmağı öyrənmək.
- Müasir dövrdə süni intellekt, geosiyasi rəqabət və beynəlxalq institutlara etimad kimi məsələlər diplomatiyanın mahiyyətini dəyişir. Sizcə, gələcəyin diplomatları hansı yeni bilik və bacarıqlara yiyələnməlidirlər?
- Düşünürəm ki, gələcəyin diplomatları ənənəvi diplomatik biliklərlə yanaşı, texnoloji savadlılığa, analitik düşünmə və sürətlə dəyişən beynəlxalq mühitə uyğunlaşma bacarıqlarına malik olmalıdırlar. Xüsusilə süni intellektin imkanlarını və məhdudiyyətlərini anlamaq, böyük həcmdə məlumatı təhlil etmək, dezinformasiyanı müəyyənləşdirmək və rəqəmsal təhlükəsizlik risklərini qiymətləndirmək getdikcə daha mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, geosiyasi rəqabətin gücləndiyi bir dövrdə multivektorlu diplomatiya yanaşmasını mənimsəmək xüsusi əhəmiyyət daşıyır. Gələcəyin diplomatları müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər qurmağı, tərəfdaşlıqları şaxələndirməyi və mürəkkəb geosiyasi şəraitdə öz dövlətlərinin strateji maraqlarını qorumağı bacarmalıdırlar. Bunun üçün strateji düşünmə, çevik qərarvermə, danışıqlar aparmaq və böhranları idarə etmək bacarıqları vacibdir.
- Kiçik dövlətlərin qlobal siyasi qərarlara təsir göstərməsi və milli maraqlarını qoruması üçün hansı diplomatik imkanlar mövcuddur? Azərbaycan bu baxımdan hansı istiqamətlərə daha çox diqqət yetirməlidir?
- Hesab edirəm ki, müasir beynəlxalq münasibətlərdə dövlətlərin təsir imkanları yalnız onların ərazi ölçüsü, hərbi və ya iqtisadi gücü ilə müəyyən olunmur. Kiçik dövlətlər də çevik diplomatiya, strateji tərəfdaşlıqlar və beynəlxalq təşkilatlarda fəal iştirak vasitəsilə qlobal qərarların formalaşmasına təsir göstərə bilərlər.
Bu baxımdan, xüsusilə multivektorlu diplomatiya mühüm əhəmiyyət daşıyır. Müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər qurmaq, əməkdaşlıq imkanlarını şaxələndirmək və hər hansı bir tərəfdən həddindən artıq asılılığı azaltmaq kiçik dövlətlərin strateji müstəqilliyini gücləndirə bilər.
Azərbaycan üçün də bu yanaşmanın davam etdirilməsini vacib hesab edirəm. Xüsusilə enerji və nəqliyyat diplomatiyası, regional əməkdaşlıq, iqlim siyasəti və beynəlxalq təşkilatlarda fəal iştirak ölkəmizin təsir imkanlarını genişləndirə bilər.
Mənim fikrimcə, müasir diplomatiyada əsas məsələ yalnız beynəlxalq qərarların qəbulunda iştirak etmək deyil, həm də həmin qərarların formalaşmasına öz təşəbbüsləri və strateji üstünlükləri vasitəsilə təsir göstərə bilməkdir.
- Hazırda beynəlxalq akademik mühitdə Azərbaycanla bağlı hansı məsələlərin daha çox araşdırılmasına ehtiyac olduğunu düşünürsünüz? Azərbaycan alimləri bu müzakirələrə hansı töhfələri verə bilərlər?
- Hesab edirəm ki, Azərbaycanın beynəlxalq akademik mühitdə daha dərindən araşdırılmasına ehtiyac olan bir sıra istiqamətləri var.
İlk növbədə, Azərbaycanın böyük güclər arasında geosiyasi rəqabət şəraitində multivektorlu xarici siyasət yürütməsi, strateji müstəqilliyini qoruması və regional diplomatiyada oynadığı rol mühüm tədqiqat mövzularıdır. Bununla yanaşı, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyata keçid, beynəlxalq nəqliyyat dəhlizləri, regional əməkdaşlıq və münaqişədən sonrakı sülh quruculuğu kimi məsələlərin də daha geniş akademik təhlilə ehtiyacı var.
Düşünürəm ki, Azərbaycan alimləri bu müzakirələrə yalnız ölkəmiz haqqında məlumat təqdim etməklə deyil, həm də beynəlxalq münasibətlər nəzəriyyələrinin inkişafına töhfə verməklə qoşula bilərlər. Bunun üçün empirik məlumatlara əsaslanan tədqiqatların, müqayisəli təhlillərin və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi vacibdir. Mənim fikrimcə, əsas məqsəd Azərbaycanı yalnız beynəlxalq tədqiqatların obyekti kimi deyil, həm də yeni elmi biliklərin və nəzəri yanaşmaların formalaşmasına töhfə verən akademik mərkəz kimi tanıtmaq olmalıdır.
- Dövlət Proqramı çərçivəsində magistratura təhsilinizi Oksford Universitetində almısınız. Bu proqramın akademik inkişafınıza və beynəlxalq universitetdə özünüzü təsdiqləməyinizə ən böyük töhfəsi nə olub?
- Oksford Universitetində diplomatiya üzrə magistr təhsili almaq mənim üçün yalnız yeni biliklər qazanmaq deyil, həm də beynəlxalq akademik və diplomatik mühitdə peşəkar əlaqələr şəbəkəmi genişləndirmək və ölkəmi təmsil etmək baxımından olduqca dəyərli bir imkan oldu.
Magistratura təhsilim zamanı dünyanın müxtəlif ölkələrindən olan diplomatlarla birlikdə təhsil alırdım. Mənim üçün ən əhəmiyyətli məqamlardan biri dərslərdə Azərbaycanla bağlı mövzular müzakirə olunarkən ölkəmiz haqqında mövcud olan yanlış məlumatlara və təsəvvürlərə faktlara əsaslanaraq aydınlıq gətirmək idi.
Bu müzakirələrdə tez-tez fəal iştirak edirdim. Hətta magistr dissertasiyamı da Qarabağ münaqişəsinin araşdırılmasına həsr etmişdim. Mənim üçün bu mövzunun beynəlxalq akademik mühitdə obyektiv və elmi əsaslarla təhlil olunması xüsusi əhəmiyyət daşıyırdı.
Xüsusilə sevindirici hal o idi ki, dərslərdən sonra diplomat olan qrup yoldaşlarım mənə yaxınlaşaraq müəyyən məsələlərə aydınlıq gətirdiyim üçün təşəkkür edirdilər. Bu gün həmin diplomatların bir qismi müxtəlif strateji əhəmiyyətli ölkələrdə səfir və konsul kimi fəaliyyət göstərir. Onların Azərbaycan haqqında daha dolğun və obyektiv təsəvvür formalaşdırmasına müəyyən töhfə verdiyimi düşünmək mənim üçün olduqca dəyərlidir.
Hazırda Oksford Universitetində dərs dediyim tələbələr arasında da gələcəkdə beynəlxalq siyasi arenada mühüm rol oynaya biləcək gənc mütəxəssislər var. İnanıram ki, bu gün akademik mühitdə qurulan şəxsi və peşəkar əlaqələr gələcəkdə qarşılıqlı etimadın möhkəmlənməsinə, ölkələr arasında anlaşmanın güclənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yarada bilər.
Bu baxımdan, Dövlət Proqramının dəstəyi mənim üçün yalnız xaricdə təhsil almaq fürsəti deyil, həm də beynəlxalq akademik və diplomatik mühitdə Azərbaycanı layiqincə təmsil etmək, uzunmüddətli peşəkar əlaqələr qurmaq və qazandığım bilik və təcrübə vasitəsilə ölkəmin gələcək inkişafına töhfə vermək imkanıdır.
- Xaricdə təhsil alan azərbaycanlı gənclərin qazandıqları bilik və təcrübəni ölkəmizdə tətbiq etməsi tez-tez müzakirə olunur. Sizcə, bu potensialın reallaşması üçün dövlət, universitetlər və tədqiqat mərkəzləri hansı konkret imkanları yaratmalıdır?
- Düşünürəm ki, bu potensialın tam reallaşdırılması üçün bir neçə məqam nəzərə alınmalıdır. İlk növbədə, tələbələrin ölkəyə qayıtdıqdan sonra elmi fəaliyyətlərini davam etdirə bilmələri üçün lazımi şərait yaradılmalıdır. Universitetlər və tədqiqat mərkəzləri gənc alimlərə tədqiqat qrantları, akademik əməkdaşlıq imkanları və beynəlxalq standartlara uyğun elmi mühit təqdim etməlidirlər. Beləliklə, xaricdə qazanılan bilik və təcrübənin ölkəmizdə praktik tətbiqi daha effektiv ola bilər.
İkinci mühüm məsələ təqaüdçülərin beynəlxalq akademik mühitdəki roludur. Unutmamalıyıq ki, xaricdə təhsil alan gənclər eyni zamanda Azərbaycanın qeyri-rəsmi təmsilçiləridir. Onlar ölkəmizlə beynəlxalq akademik ictimaiyyət arasında, eləcə də fərqli təhsil sistemləri arasında mühüm körpü rolunu oynayırlar.
Hesab edirəm ki, elə bir balanslı və davamlı əməkdaşlıq mexanizmi qurulmalıdır ki, gənclərimiz həm xaricdə qazandıqları beynəlxalq əlaqələri qoruyub inkişaf etdirə, həm də həmin bilik və təcrübəni Azərbaycanın akademik və elmi inkişafına yönəldə bilsinlər.
- Oksfordda müəllim kimi fəaliyyət göstərməyiniz Azərbaycanı beynəlxalq akademik mühitdə təmsil etmək baxımından da əhəmiyyətlidir. Xarici həmkarlarınızla ünsiyyətdə Azərbaycan elmi və təhsil sistemi haqqında hansı müşahidələrinizi bölüşürsünüz?
- Azərbaycanı beynəlxalq akademik mühitdə təmsil etmək mənim üçün həm qürur, həm də böyük məsuliyyətdir. Xarici həmkarlarımla söhbətlərimdə xüsusilə Azərbaycan gənclərinin akademik potensialını, bilik əldə etməyə olan həvəsini və müxtəlif sahələrdə uğur qazanmaq imkanlarını vurğulayıram. Müxtəlif ölkələrin təhsil sistemlərində təcrübə qazanmış biri kimi hesab edirəm ki, Azərbaycan təhsilinin güclü tərəflərindən biri fundamental nəzəri biliklərə verilən önəmdir.
Xarici həmkarlarımla müzakirələrdə yalnız mövcud nailiyyətlərimizi təqdim etmək deyil, həm də Azərbaycan universitetləri ilə beynəlxalq akademik qurumlar arasında əməkdaşlıq imkanlarını araşdırmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır.
Düşünürəm ki, beynəlxalq akademik mühitdə təmsilçilik yalnız ölkəmiz haqqında məlumat verməklə məhdudlaşmamalıdır. Əsas məqsəd Azərbaycan elminin potensialını nümayiş etdirmək, qarşılıqlı etimad yaratmaq və gələcək birgə tədqiqatlar üçün davamlı əlaqələr qurmaq olmalıdır.
- Beynəlxalq akademik mühitdə uğur qazanmaq üçün yüksək akademik göstəricilər nə dərəcədə kifayətdir? Tədqiqatçının fərqlənməsində elmi yazı bacarığı, təşəbbüskarlıq, ünsiyyət və beynəlxalq əlaqələr hansı rol oynayır?
- Düşünürəm ki, yüksək akademik göstəricilər beynəlxalq akademik mühitdə uğur qazanmaq üçün mühüm təməldir, lakin təkbaşına kifayət deyil. Xüsusilə dünyanın aparıcı universitetlərində tələbələrin böyük əksəriyyəti yüksək akademik nəticələrə malikdir. Bu səbəbdən fərqlənmək üçün əlavə bacarıqlar və şəxsi keyfiyyətlər ön plana çıxır.
İlk növbədə, elmi yazı və analitik düşünmə bacarıqları olduqca vacibdir. Tədqiqatçı yalnız bilik sahibi olmamalı, həm də yeni elmi suallar formalaşdırmağı, araşdırma aparmağı və nəticələrini əsaslandırılmış şəkildə təqdim etməyi bacarmalıdır.
Bununla yanaşı, təşəbbüskarlıq, effektiv kommunikasiya və beynəlxalq əlaqələr qurmaq bacarığı da böyük rol oynayır. Elmi konfranslarda iştirak etmək, yeni tədqiqat layihələri irəli sürmək və müxtəlif ölkələrdən olan alimlərlə əməkdaşlıq etmək akademik inkişaf üçün mühüm imkanlar yaradır.
Öz təcrübəmdən deyə bilərəm ki, beynəlxalq mühitdə uğur qazanmaq üçün insan həm öz biliklərinə güvənməli, həm də davamlı öyrənməyə və fərqli fikirlərə açıq olmalıdır. Mənim fikrimcə, uğurlu tədqiqatçını fərqləndirən əsas xüsusiyyət yalnız nə qədər bildiyi deyil, həmin biliklərdən istifadə edərək elmə hansı yeni töhfəni verə bilməsidir.
- Oksfordda müəllimlik və akademik idarəetmə təcrübəsi qazanmaq gələcək karyera hədəflərinizə necə təsir edir? Özünüzü gələcəkdə daha çox tədqiqatçı, universitet müəllimi, yoxsa akademik idarəetmə sahəsində mütəxəssis kimi görürsünüz?
- Düşünürəm ki, Oksford Universitetində qazandığım bu təcrübələr gələcək akademik karyeramın formalaşmasında mühüm rol oynayır. Mənim üçün tədqiqat, tədris və akademik idarəetmə bir-birindən tamamilə ayrı istiqamətlər deyil, əksinə, bir-birini tamamlayan fəaliyyət sahələridir.
Tədqiqat aparmaq mənə yeni biliklər yaratmaq və beynəlxalq münasibətlər sahəsində elmi müzakirələrə töhfə vermək imkanı yaradır. Müəllimlik isə həmin bilikləri tələbələrlə bölüşmək və onların akademik inkişafında iştirak etmək baxımından mənim üçün xüsusi əhəmiyyət daşıyır.
Junior Dean vəzifəsi də liderlik, təşkilati idarəetmə, qərarvermə və tələbələrlə işləmək bacarıqlarımı inkişaf etdirmək üçün dəyərli təcrübədir. Bu rol universitetin yalnız akademik deyil, həm də sosial və institusional fəaliyyətini daha yaxından anlamağıma imkan verir.
Yaxın gələcəkdə özümü diplomatik karyeramla yanaşı, tədqiqatçı və universitet müəllimi kimi görürəm. Bununla yanaşı, akademik idarəetmə sahəsində də inkişaf etməyə açığam. Uzunmüddətli məqsədim yalnız elmi araşdırmalar aparmaq və dərs demək deyil, həm də beynəlxalq arenada ölkəmi təmsil etməkdir.
- Gələcəkdə Azərbaycana qayıdaraq elm və təhsil sahəsinə töhfə vermək planınız varmı? Qazandığınız beynəlxalq təcrübəni ölkəmizdə hansı istiqamətlər üzrə tətbiq etməyi düşünürsünüz?
- Əlbəttə, qazandığım bilik və beynəlxalq təcrübəni Azərbaycanın elm və təhsil sahəsinin inkişafına yönəltmək gələcək hədəflərimdən biridir. Xüsusilə beynəlxalq münasibətlər və diplomatiya sahəsində elmi tədqiqatların inkişafına, müasir tədris metodlarının tətbiqinə və gənc tədqiqatçıların yetişdirilməsinə töhfə vermək hədəflərimdən biridir. Oksfordda qazandığım təcrübə əsasında tələbəyönümlü tədris, müstəqil araşdırma, analitik düşünmə və elmi yazı bacarıqlarının inkişafını dəstəkləyən təşəbbüslərdə iştirak etməyi planlaşdırıram.
Bununla yanaşı, mənim üçün ən vacib istiqamətlərdən biri Azərbaycan universitetləri ilə beynəlxalq akademik qurumlar arasında davamlı əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Birgə tədqiqat layihələri, akademik mübadilə proqramları və beynəlxalq elmi tədbirlər bu baxımdan mühüm rol oynaya bilər.
Mənim əsas məqsədim Azərbaycanla beynəlxalq akademik mühit arasında davamlı körpü rolunu oynamaq və qazandığım təcrübəni ölkəmiz üçün real elmi və təhsil imkanlarına çevirməkdir.
- Xaricdə təhsil almaq istəyən gənclər bəzən nüfuzlu universitetlərə qəbulun yalnız yüksək qiymətlərdən asılı olduğunu düşünürlər. Oksford təcrübənizə əsasən, namizədlərin qəbul prosesində daha çox diqqət yetirməli olduqları, lakin bəzən nəzərdən qaçırdıqları məqamlar hansılardır?
- Əvvəl qeyd etdiyim kimi, yüksək akademik göstəricilər nüfuzlu universitetlərə qəbul üçün ən mühüm şərtlərdəndir, lakin təkbaşına kifayət deyil. Digər meyarlardan biri namizədin akademik potensialını, motivasiyasını və seçdiyi proqrama nə dərəcədə uyğun olduğunu nümayiş etdirə bilməsidir.
Mənim müşahidələrimə görə, gənclərin bəzən nəzərdən qaçırdıqları əsas məqam universitet seçimlərini kifayət qədər əsaslandırmamalarıdır. Namizəd niyə məhz həmin ixtisası seçdiyini, proqramın onun akademik maraqlarına necə uyğun gəldiyini və gələcək məqsədlərinə hansı töhfəni verəcəyini aydın şəkildə izah etməlidir.
Mənim gənclərə əsas tövsiyəm qəbul prosesinə yalnız sənəd təqdim etmək kimi deyil, öz akademik inkişaf yollarını və potensiallarını nümayiş etdirmək fürsəti kimi yanaşmalarıdır. Əsas məqsəd yalnız yaxşı tələbə olduğunuzu göstərmək deyil, həm də nəyi araşdırmaq istədiyinizi, niyə məhz həmin akademik mühitə uyğun olduğunuzu və gələcəkdə hansı elmi töhfəni verə biləcəyinizi əsaslandırmaqdır.
- Oksford kimi nüfuzlu universitetdə təhsil almaq və akademik karyera qurmaq istəyən azərbaycanlı gənclərə nə tövsiyə edərdiniz? Öz təcrübənizdən çıxardığınız, bu yola yeni başlayanların bilməsini vacib hesab etdiyiniz əsas nəticə nədir?
- Gənclərimizə əsas tövsiyəm odur ki, qarşılarına böyük hədəflər qoymaqdan çəkinməsinlər və öz potensiallarını heç vaxt məhdudlaşdırmasınlar. Eyni zamanda, nüfuzlu universitetə qəbul olmağı ən böyük uğurları kimi deyil, daha böyük akademik və peşəkar hədəflərə aparan bir fürsət kimi görsünlər.
Şəxsi təcrübəm mənə öyrədib ki, insan yeni sahələri araşdırmaqdan, fərqli imkanları dəyərləndirməkdən və özünü davamlı inkişaf etdirməkdən çəkinməməlidir. Gənclərə yalnız yüksək qiymətlərə deyil, həm də tətbiqi bacarıqlarının inkişafına diqqət yetirməyi tövsiyə edərdim.
Mənim bu yoldan çıxardığım ən mühüm nəticə odur ki, uğur yalnız hansı universitetdə təhsil almaqla deyil, əldə etdiyimiz biliklərdən necə istifadə etməyimiz və cəmiyyətə hansı töhfəni verməyimizlə ölçülür.