Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri 225 nömrəli tam orta ümumtəhsil məktəbində olublar.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, məktəbdə tədris prosesinin normal axarına qayıtması, baş vermiş hadisənin digər şagirdlərdə yarada biləcəyi narahatlıq və emosional gərginliyin aradan qaldırılması məqsədilə təhsil müəssisəsinə psixoloqlar və müvafiq mütəxəssislər də cəlb edilib. Şagirdlərlə dəstəkləyici psixoloji söhbətlər aparılıb, onlara zəruri psixoloji dəstək göstərilib.
Qeyd edək ki, baş vermiş hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat müvafiq qaydada təqdim ediləcək.
Bir daha xatırladırıq ki, bu kimi həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət edilməsi, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunması zəruridir. Şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə neqativ təsir göstərə bilən digər davranışlara yol verilməməlidir.