2026-2027-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsi çərçivəsində sistemli tədbirlər təşkil olunacaq.
BŞTİ-dən AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində valideynlərin maarifləndirilməsi, onların məktəb həyatında iştirakının genişləndirilməsi və övladlarının təhsil-tərbiyə prosesinə daha fəal cəlb olunması istiqamətində müxtəlif tədbirlər, peşəkar mütəxəssislərin iştirakı ilə təlim və seminarlar, “Hər şey övladımız üçün” devizi altında maarifləndirici görüşlər keçiriləcək.
Layihə çərçivəsində müxtəlif peşə sahələrində çalışan valideynlərin həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri keçiriləcək, onların peşə təcrübəsi və həyat yolu barədə məlumatlar paylaşılacaq, həmçinin “Ailəmə minnətdaram” mövzusunda təşəkkür videosu və ya məktubu hazırlanacaq.
Valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüşlər, “Keçmişdən gələcəyə ailə dəyərləri” mövzusunda panel müzakirələr və birgə fəaliyyətlər təşkil olunacaq.
Qeyd olunan tədbirlərdə fərqlənən valideynlərin təltif olunması nəzərdə tutulub.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir.
Onu da qeyd edək ki, valideynlərin təhsil müəssisəsi ilə yaxından tanış olması, onların məktəbin tədris resursları və həyata keçirilən layihələr barədə məlumatlandırılması, infrastruktur, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərinin alınması, qeyri-formal mühitdə məktəbin kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə keçirilən “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi də nəzərdə tutulur.