Azedu.az

Xaricdə təhsil xəritəsi dəyişir: Tələbələr ABŞ və Britaniyadan üz döndərir

Xaricdə təhsil

14 Noyabr 2026, 17:42
Xaricdə təhsil xəritəsi dəyişir: Tələbələr ABŞ və Britaniyadan üz döndərir

Dünyada beynəlxalq tələbələrin ali təhsil almaq üçün üstünlük verdiyi ölkələrin siyahısında dəyişiklik müşahidə olunur. ABŞ və Böyük Britaniya universitetlərinə maraq azalarkən, Asiya və kontinental Avropa ölkələrinin ali təhsil müəssisələrinə tələbat artır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Studyportals, Beynəlxalq Təhsilçilər Assosiasiyası (NAFSA) və Oxford Test of English tərəfindən 63 ölkədən 437 universitetin iştirakı ilə aparılan qlobal araşdırmada bildirilib.

Araşdırmanın nəticələrinə əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq bakalavr tələbələrinin sayı Böyük Britaniyada 19 faiz, ABŞ-də isə 13 faiz azalıb. Kanada və Avstraliyada da xarici tələbələrə marağın zəiflədiyi, Asiya və Avropadakı universitetlərdə isə beynəlxalq tələbə qəbulunun artdığı qeyd olunub.

Araşdırmada bu tendensiyanın əsas səbəbləri kimi viza məhdudiyyətləri, müraciətlərin nəzərdən keçirilməsində gecikmələr, yoxlama prosedurlarının sərtləşdirilməsi və məzun olduqdan sonra ölkədə işləmək imkanlarına qoyulan məhdudiyyətlər göstərilib.

Bildirilir ki, ABŞ-də beynəlxalq tələbələrə nəzarət tədbirləri gücləndirilib, minlərlə tələbənin vizası ləğv edilib və ölkədə qalma qaydaları sərtləşdirilib. Böyük Britaniyada isə xarici tələbələrin əksəriyyətinin ailə üzvlərini özləri ilə gətirməsinə məhdudiyyət qoyulub. Bundan əlavə, məzunların iş axtarmaq və ya işləmək məqsədilə ölkədə qala biləcəkləri müddətin azaldılması planlaşdırılır.

Araşdırmada ABŞ universitetlərinin gələcək tələbə qəbulu ilə bağlı daha bədbin proqnoz verdiyi də diqqətə çatdırılıb. Belə ki, ölkədəki ali təhsil müəssisələrinin üçdə birindən çoxu beynəlxalq tələbə sayının növbəti illərdə də azalacağını gözləyir.

NAFSA-nın icraçı direktoru Fanta Aw bildirib ki, dövlətlərin qəbul etdiyi siyasət və qərarlar beynəlxalq tələbələrin harada təhsil alacaqları, araşdırma aparacaqları və karyeralarına başlayacaqları ilə bağlı seçimlərinə ciddi təsir göstərir.

Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır
Son xəbərlərDaha çox