Azedu.az

Londonda təhsil alan azərbaycanlı: “Aşağı balla qəbul olmağınız heç nəyə mane deyil”

Xaricdə təhsil

6 Oktyabr 2026, 15:52
Londonda təhsil alan azərbaycanlı: “Aşağı balla qəbul olmağınız heç nəyə mane deyil”

Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Qaliblərdən biri də London Universitet Kollecində (UCL) magistratura təhsili alacaq Əkbər Həsənovdur.

AzEdu.az Əkbər Həsənov ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

Bir neçə universitetdən qəbul alsam da, seçimimi UCL-dən yana etdim:

“Bakalavr təhsilimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində inşaat mühəndisliyi ixtisası üzrə almışam. Hazırda isə təhsilimi UCL-də (London Universitet Kolleci) magistratura səviyyəsində davam etdirirəm. Birillik magistr proqramı üzrə inşaat mühəndisliyi və infrastruktur planlaşdırılması ixtisasında təhsil alıram.

Başqa hansı universitetlərdən qəbul aldığıma gəlincə, Lids Universiteti (Leeds university), Qlazqo Universiteti (Glasgow university) və UCL-dən qəbul almışam. Bunlar Böyük Britaniya üzrə aldığım qəbullardır. Almaniyadan Drezden Universitetindən (Dresden University), Macarıstandan isə Obuda Universiteti (Óbuda university) və Elm və İqtisadiyyat Universitetindən (Science and Economy university) qəbul almışam. Həmçinin HTP-dən də qəbul gəldi.

Ancaq mən Dövlət Proqramına üstünlük verdim və buna görə UCL-i seçdim. UCL-i seçməyimin əsas səbəblərindən biri qlobal olaraq ən yaxşı universitetlərdən biri olması və ilk onluqda yer almasıdır. Əgər UCL-i seçməsəydim və Azərbaycanda təhsilimə davam etsəydim, böyük ehtimalla Azərbaycan Memarlıq və İnşaat Universitetində, sənaye və mülki tikinti ixtisası üzrə ingilis dilində təhsil alacaqdım”.

190724

Dövlət proqramı bizə həm yüksək səviyyədə təhsil almaq, həm də ölkəmizə töhfə vermək imkanı yaradır:

“Dövlət proqramına müraciət prosesi kifayət qədər şəffaf və aydın formada keçirildi. Bildiyiniz kimi, savadlı gənclərimiz, tələbələrimiz var və onlar üçün gözəl imkanlar yaradıldı. Buna görə dövlətimizə təşəkkür edirəm.

Həqiqətən də, bizə belə bir şərait yaradılır ki, gəlib dünyanın top universitetlərində təhsil alaq və dövlətimizin inkişafına töhfə verək, dəstək olaq. Məncə, bu, bizim üçün çox gözəl şans və təcrübədir. Ən böyük üstünlüklərdən biri də odur ki, biz yüksək səviyyədə təhsil alaraq əldə etdiyimiz bilik və bacarıqları ölkəmizin inkişafına töhfə vermək üçün istifadə edə bilirik.

Hazırda dərslərimiz tam olaraq başlamayıb. Ancaq bizim üçün qarşılanma həftəsi başlayıb. Burada tələbələr üçün müxtəlif maraqlı sosial tədbirlər keçirilir. Həmçinin tələbələrin qarşılanması və universitetdəki mühitlə tanış olması üçün təhsil aldığımız departament tərəfindən müəyyən görüşlər təşkil olunur. Bunlar bizim peşəkar inkişafımıza töhfə verəcək tədbirlərdir.

Həmçinin bu həftə ərzində qarşıdakı bir il ərzində akademik olaraq keçəcəyimiz proseslər barədə bizə məlumat verilir. İndiyə qədər bu istiqamətdə keçirdiyim görüşlər çox müsbətdir. Hər şey qaydasındadır və burada tədris çox yüksək səviyyədədir”. 

Azərbaycanla London arasındakı təhsil sistemi arasında çox fərq var:

190724

“Tədris baxımından yanaşsaq, realistik olaraq Azərbaycanla London arasındakı təhsil sistemi arasında çox fərq var. Əsas fərqlərdən biri akademik heyətin çox peşəkar olmasıdır. Digər top universitetlərdə də dərs demiş müəllimlər burada fəaliyyət göstərirlər və bunun təsirini, təbii ki, hiss etmək mümkündür.

Həmçinin tədris prosesləri bizim təhsil sistemimizdən bir qədər fərqlənir. Burada daha çox tələbənin özünə şərait yaradılır. Tələbə təhsilinə nə qədər vaxt və səy sərf edərsə, bunun müsbət nəticəsini də bir o qədər görə bilir. Bizdə isə tədris daha çox universitetin özündə aparılır.

Burada, qeyd etdiyim kimi, əsas olaraq tələbənin dərsdən əlavə vaxtda təhsilinə nə qədər vaxt ayırması onun qiymətlərinə bir o qədər təsir göstərir. Hələ ki dərslər yeni başladığı üçün hansı çətinliklərlə qarşılaşacağımı deyə bilmərəm. Qarşıdakı həftələrdə bu barədə daha çox məlumat əldə edib görə biləcəyəm”.

190722

Londonda fərqli mətbəxləri sınamaq maraqlıdır, amma Azərbaycan yeməkləri daha dadlıdır:

“Böyük Britaniyada gündəlik həyata öyrəşməyə gəlincə, ilk gəldiyim zamanlar müəyyən qədər yadlıq çəkmişdim. Çünki tamamilə fərqli bir ölkədəyik və burada hər şey fərqlidir - yol hərəkəti qaydalarından tutmuş insanların münasibətinə qədər. Bu baxımdan müəyyən çətinliklər yaranmışdı. Amma artıq müəyyən müddətdir burada olduğum üçün deyə bilərəm ki, öyrəşmişəm.

Dil və ünsiyyət baxımından isə demək olar ki, gəldiyim gündən ətrafımdakı hər kəslə ingilis dilində ünsiyyət qururam. Artıq ingilis dilimin müəyyən qədər inkişaf etdiyini hiss edə bilirəm. Praktiki olaraq danışıq keyfiyyətimin də artdığını görürəm. Bu tərəfdən çox maraqlıdır ki, gün ərzində sadəcə ingilis dilində danışırıq. Bu isə mənə çox xoş gəlir.

Yemək məsələsinə gəldikdə, mən deməzdim ki, buranın yeməkləri çox da fərqlidir. Çox vaxt yeməkləri özüm bişirməyə çalışıram ki, müəyyən qədər baha başa gəlməsin. Amma Londonun maraqlı tərəflərindən biri də burada çox fərqli mədəniyyətlərdən gələn mətbəxlərin olmasıdır. Burada ən məşhur mətbəxlərdən biri Asiya mətbəxidir. Çin və Yapon yeməkləri çox məşhurdur.

Yenə də mən müəyyən qədər evdə yemək bişirdiyim üçün deməzdim ki, bizim yeməklər üçün çox darıxıram. Milli yeməklərimizə müəyyən qədər bənzəyən yeməkləri özüm bişirib qidalandığım üçün bu, mənim üçün çox da fərq yaratmır. Məncə, yeməklərin dadı Azərbaycanda daha yaxşıdır. Bəlkə də öyrəşdiyim üçün mənə elə gəlir, amma şəxsən Azərbaycandakı yeməklərə daha çox üstünlük verərdim”.

Azərbaycan haqqında danışmaq və ölkəmizi tanıtmaq mənim üçün çox qürurverici və xoş bir haldır:

“UCL-də təhsil alan xarici tələbələrlə bağlı maraqlı məqamlardan biri də budur ki, burada təhsil alan tələbələrin əksəriyyəti dünyanın tamamilə fərqli ölkələrindəndir. Deyərdim ki, Londonda və ya ümumiyyətlə Böyük Britaniyada yaşayıb burada təhsil alan tələbələrin sayı dünyanın digər ölkələrindən gələn tələbələrlə müqayisədə daha azdır.

Buna görə də burada təhsil almaq müəyyən qədər maraqlıdır. Çünki fərqli baxış bucaqlarını və mədəniyyətləri öyrənmək mümkündür. Əsasən də qrup yoldaşlarıma nəzər yetirsək, deyə bilərəm ki, demək olar, hər ölkədən gənclər var və onların hər birinin müəyyən qədər praktiki təcrübəsi də mövcuddur. Bu baxımdan yeni məlumatlar öyrənməyim və yeni biliklər qazanmağım üçün mənə çox gözəl şərait yaradır.

Azərbaycan haqqında isə onlarla müəyyən qədər maraqlı mövzular barədə danışıram. Mədəniyyətimiz, insanlara münasibətimiz və digər xüsusiyyətlərimizlə bağlı onlara məlumat verirəm. Bu, mənə çox xoş gəlir, onlara da maraqlı gəlir. Çünki onların bir çoxu həyatları boyu azərbaycanlılarla çox da qarşılaşmayıblar. Belə bir qarşılaşma zamanı ölkəmiz onlara həqiqətən maraqlı gəlir. Mən də əlimdən gəldikcə ətraflı məlumat verməyə çalışıram. Ölkəmizi onlara tanıtmaq mənim üçün çox qürurverici və xoş bir haldır”.

Aşağı balla universitetə qəbul olmağınız heç nəyi dəyişmir, çalışaraq yüksək səviyyəli universitetlərdə təhsil ala bilərsiniz:

“Xaricdə təhsil almaq istəyən və ya Dövlət Proqramı ilə xaricdə təhsil almağı planlaşdıran tələbələrə məsləhətim bundan ibarət olardı ki, tələbəlik illərində aktiv olmağa çalışın. Könüllülüklərə qoşulun, bacarırsınızsa, təcrübə proqramlarında iştirak edin, müəyyən qədər elmi işlərlə məşğul olun və özünüzü inkişaf etdirin. Həm dil biliklərinizi, həm də texniki biliklərinizi inkişaf etdirməyə çalışın.

Əgər universitetə aşağı balla qəbul olmusunuzsa belə, bunun heç bir fərqi yoxdur. Mən özüm də yüksək balla qəbul olmamışam. Ancaq çalışaraq və özünüzü inkişaf etdirərək siz də yüksək səviyyəli universitetlərdə təhsil ala bilərsiniz. Bu, tamamilə mümkündür. Sadəcə, özünüzü inkişaf etdirməli, çərçivədən kənara çıxmalı və üzərinizdə çox çalışmalısınız ki, belə nailiyyətlər əldə edə biləsiniz. Məncə, bu, hamı üçün mümkündür. Sadəcə çalışmaq və inkişaf etmək lazımdır”.

Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?
Son xəbərlərDaha çox