Azedu.az

“Amerikada Qarabağı azad etdiyimizi fəxrlə danışıram” - Xaricdə təhsil alan AZƏRBAYCANLI

Xaricdə təhsil

29 Sentyabr 2026, 13:19
“Amerikada Qarabağı azad etdiyimizi fəxrlə danışıram” - Xaricdə təhsil alan AZƏRBAYCANLI

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə qəbulun nəticələri açıqlanıb.

Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Qaliblərdən biri də ABŞ-nin Carnegie Mellon Universitetində (CMU) İnformasiya Sistemlərinin İdarəedilməsi (MISM) üzrə magistratura təhsili alan Rafiq Məmmədovdur. 

AzEdu.az bu münasibətlə Rafiq Məmmədovla əlaqə saxlayıb.

O, qeyd edib ki, Dövlət Proqramının verdiyi imkan isə sözün əsl mənasında böyük bir şansdır:

"Bakalavr təhsilimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "İnformasiya texnologiyaları" ixtisası üzrə ingilis dilində almışam. Akademik təhsillə yanaşı, bir sıra özəl və AR Dövlət Neft Fondu  kimi qurumlarda proqram təminatı mühəndisi (backend) kimi iş təcrübəm olub, müxtəlif təqaüd proqramları, layihələrin qalibi olmuşam

Müraciət prosesində diqqətimi əsasən ABŞ və Birləşmiş Krallığın top universitetlərinə yönəltmişdim. Carnegie Mellon ilə yanaşı, Çikaqo Universiteti, London Kral Kolleci, Birminqem, Qlazqo və Edinburq universitetlərindən də müxtəlif qəbullarım var idi. Lakin sonda seçimim Carnegie Mellon University oldu, çünki bu universitet kompüter elmləri, informasiya sistemləri, süni intellekt və proqram təminatı mühəndisliyi sahələri üzrə dünyada lider mövqeyi ilə seçilir.   

Əgər xaricdə təhsil almaq imkanım olmasaydı, magistratura pilləsi üçün yenidən akademik mühitə daxil olmaq əvəzinə, birbaşa yerli sənayedə qalıb iş təcrübəsi qazanmağa və praktiki bacarıqlarımı layihələr üzərində inkişaf etdirməyə üstünlük verərdim. Düşünürəm ki, texnologiya sahəsində real iş mühitində qazanılan təcrübə bəzən akademik təhsili ən yaxşı şəkildə tamamlayır.  

Müraciət prosesi həqiqətən gərgin və həyəcanlı keçdi. Çünki proqram təkcə ortalamaya və ya qiymətlərə baxmır, həm də gələcəkdə ölkəyə nə qatacağını, necə bir potensialının olduğunu ölçmək istəyir. Dövlət Proqramının verdiyi imkan isə sözün əsl mənasında böyük bir şansdır. Dövlət Proqramının ən böyük üstünlüyü odur ki, "yaşayış xərclərini necə çatdıracam?", "təhsil haqqını necə ödəyəcəm?" kimi qayğıları bir kənara qoyub, tamamilə təhsilinə və özünü inkişaf etdirməyə fokuslanmağı namizədə imkan verir. Xüsusilə Carnegie Mellon kimi tempi həddən artıq yüksək dərəcədə və dərs yükü ağır olan bir universitetdə oxuyursansa, sosial-məişət qayğılarını düşünmədən yalnız layihələrinə və dərslərinə konsentrasiya ola bilmək həqiqətən əvəzolunmaz bir rahatlıqdır".

Məni burda ən çox təəccübləndirən şey mühitin enerjisi və tələbələr arasındakı o kollektiv yanaşma oldu:

"Müxtəlif forumlardan, dostlarımdan və xaricdə oxuyan tanışlardan buradakı akademik mühit, dərslərin intensivliyi haqqında az-çox eşitmişdim, müəyyən qədər xəbərim var idi. Amma avqustda Pitsburqa çatıb ilk dərslərə qatıldıqda gördüklərim yenə də məni təəccübləndirməyi bacardı. Bura sadəcə oxumaq üçün gəldiyin bir yer deyil, inanılmaz dinamik və canlı bir mühitdir.

Məni ən çox təəccübləndirən şey mühitin enerjisi və tələbələr arasındakı o kollektiv yanaşma oldu. Normalda Carnegie Mellon kimi rəqabətli və yüksək reytinqi olan bir universitetə gələndə adam daha soyuq, hər kəsin yalnız öz nəticəsi üçün mübarizə apardığı bir mühit gözləyir. Amma burada tam əksini gördüm. İnsanlar ilk gündən bir-birinə rəqib kimi deyil, komanda yoldaşı kimi yanaşırlar. Hər kəs inanılmaz motivasiyalıdır, daim yeni ideyalar üzərində çalışır, şəbəkələşmə edir və ən əsası, öz bildiyini digəri ilə paylaşmağa çox açıqdır.

Kampusda addım başı müxtəlif fikirlərin, layihələrin müzakirə olunduğunu görmək, tamamilə tanımadığın bir tələbə ilə bir neçə dəqiqə ərzində ayaqüstü çox dəyərli fikir mübadiləsi apara bilmək insanı təəccübləndirir. Bütün bu mühit insana ilk gündən etibarən sadəcə tələbə olmadığını, artıq qlobal bir texnologiya icmasının və böyük bir peşəkar şəbəkənin hissəsi olacağını hiss etdirir".

Burada "öyrəndim, imtahanda yazdım" məntiqi işləmir, bilik anında praktiki olaraq mənalı təcrübəyə çevrilməlidir:

"Azərbaycandakı təcrübəmlə buranı müqayisə edəndə ən fundamental fərq metodologiya və dərslərin sənaye orientasiyalı olmasıdır. Bizdə daha çox klassik akademik yanaşma və nəzəri baza ön plandadırsa, burada tam fərqli bir ənənə var. Nəzəriyyə sadəcə bir prerevizit kimi verilir, amma dərhal ardından səndən onun real istifadəsi və layihələr üzərində tətbiq edilməyi tələb olunur. Yəni "öyrəndim, imtahanda yazdım" məntiqi işləmir, bilik anında praktiki olaraq mənalı təcrübəyə çevrilməlidir.

Eyni zamanda, burada akademik mühitin çevikliyi diqqətimi çəkən əsas məqamlardandır. Professorlar sillabusun tərtibində və qiymətləndirmə siyasətində kifayət qədər sərbəstdir, yəni tənzimlənən müəyyən baza şərtləri və standartları ödədikdən sonra dərsin dinamikasını, layihə çəkisini və tapşırıq formatını öz kurs metodologiyasına uyğun şəkildə müstəqil müəyyən edə bilirlər".

Çətinlik çəkdiyim və mənə ən çox çətinlik yaradan məqam isə dərs yükünün inanılmaz sıxlığı və zamanın idarəsi məsələsidir:

"Buradakı deadline anlayışı tam mənası ilə kəskindir, yəni saniyələr belə rol oynayır və bəzən professordan asılı olaraq heç bir güzəşt olunmur. Eyni anda bir neçə təslim olunmalı proyekti parallel aparmaq prioritetləşdirməni düzgün qurmağı tələb edir. Düzünü desəm, ilk başda bu yüksək temp insanı müəyyən qədər yükləyir, buna baxmayaraq, zamanla bu ritmə adaptasiya olunduqca hiss edirsən ki, bu sistem insana mükəmməl bir şəxsi intizam və akademik dayanıqlılıq qazandırır.

Pitsburqda və ümumilikdə ABŞ-də gündəlik həyata adaptasiya prosesi kifayət qədər maraqlı keçir. Dil və ünsiyyət baxımından əvvəlcədən müəyyən hazırlığım olduğu üçün akademik və gündəlik mühitdə çətinlik yaşamadım. Lakin mədəniyyət və həyat tərzi baxımından diqqətimi çəkən və bizdən tamamilə fərqlənən bir neçə əsas nüans var.

İlk olaraq, insanların ünsiyyət stili, xüsusilə small talk mədəniyyətidir. Tanımadığın insanların küçədə, marketdə və ya liftdə sadəcə nəzakət xatirinə salamlaşması, havalar və ya günün necə keçməsi barədə qısa, xoş söhbətlər etməsi buralar üçün çox təbii haldır. İnsanlar çox açıq və pozitiv görünürlər.

Digər tərəfdən ən çox təəccübləndirən məqamlardan biri şəhərlərin tamamilə avtomobil mərkəzli planlanmasıdır. Avropada və ya Azərbaycanda vərdiş etdiyimiz piyada gəzmək, ümumiyyətlə küçə boyunca piyada infrastrukturu anlayışı burada çox fərqlidir. Şəhər quruluşu elədir ki, maşının yoxdursa, hərəkət azadlığın xeyli məhdudlaşır.

Bununla bağlı olaraq, küçələrdə piyadaların azlığı və ümumi sakitlik də insana ilk başda fərqli gəlir. Mərkəzi hissələri (dauntaun) çıxmaq şərtilə, yaşayış zonalarında küçələr çox vaxt bomboş və sakitsiz olur. Bizim öyrəşdiyimiz o dinamik, səs-küylü və canlı küçə həyatının əvəzinə burada daha izolyasiya olunmuş, hər kəsin öz avtomobilində olduğu və sakit bir gündəlik ritm hakimdir".

Azərbaycan mətbəxindən ən çox yarpaq dolması üçün darıxıram, onun o xüsusi dadını, ev yeməyi ləzzətini buralarda tapmaq, təbii ki, çox çətin məsələdir:

"Yemək məsələsi başlanğıcda bir az adaptasiya tələb edən mövzulardandır. Dərslərin və layihələrin gərginliyindən vaxta qənaət baxımından, akademik həyatıma artıq yemək bişirməyi öyrənməyi də daxil etməyə başlamışam. Amma nə qədər özün bişirsən də, bizim mətbəxin yerini heç nə vermir. Azərbaycan mətbəxindən ən çox yarpaq dolması üçün darıxıram, onun o xüsusi dadını, ev yeməyi ləzzətini buralarda tapmaq, təbii ki, çox çətin məsələdir.

ABŞ-dəki yemək təcrübəmə gəldikdə isə, “Bunu gözlədiyimdən çox bəyəndim” dediyim Yerli qril və steyk mədəniyyəti, xüsusilə də ağır odun tüstüsündə uzun müddət bişirilən Smoked BBQ Ribs / Brisket oldu. Ətin hazırlanma texnikası və dadı həqiqətən gözlədiyimdən çox daha yaxşı idi.

“Bunu bir də yemərəm” dediyim isə buradakı kütləvi fast-food şəbəkələrində satılan, həddindən artıq dondurulmuş və süni souslarla zənginləşdirilmiş Deep-fried Chicken & Waffles (şirin vaflinin üzərində qızartma toyuq) kombinasiyası oldu. Şirinlə duzlunun bu dərəcədə kəskin və yağlı sintezi mənim dad zövqümə heç uyğun gəlmədi.

Müxtəlif ölkələrdən olan tələbələrlə bir arada olmaq, xüsusilə də birgə layihələrdə çalışmaq insana həqiqətən fərqli baxış bucağı qazandırır. Görürsən ki, eyni bir məsələyə hər kəs öz mədəniyyətindən, aldığı təhsildən gələn fərqli bir perspektivlə yanaşır".

Amerikada Qarabağı azad edərək ərazi bütövlüyümüzü bərpa etməyimizdən fəxrlə bəhs edirəm:

"Azərbaycan haqqında söhbət düşəndə isə mən standart bir şablon üzrə danışmıram, daha çox qarşımdakı insanın şəxsi maraq dairəsinə uyğun mövzu açmağı sevirəm. Əsas xətt kimi, əlbəttə ki, ölkəmizin zəngin tarixindən və xüsusilə də torpaqlarımızı, Qarabağı azad edərək ərazi bütövlüyümüzü bərpa etməyimizdən fəxrlə bəhs edirəm.

Amma mövzu niş maraqlara gələndə söhbət daha da maraqlı alınır. Məsələn, qarşımdakı insan musiqiyə maraqlıdırsa, ona Şərqlə Qərbin sintezi olan Azərbaycan cazından, Vaqif Mustafazadə irsindən danışıram. İdman və ya strategiya ilə maraqlananlar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi şahmatçılarımızı, ya da Bakıda keçirilən Formula 1 yarışlarını artıq bilirlər, bu da söhbətlərimizin arasında gözəl bir körpü rolunu oynayır

Ən çox təəccübləndikləri məqamlardan biri isə coğrafiyamız və multikultural quruluşumuzdur. Xəritədə nisbətən kiçik görünən bir ölkədə demək olar ki, bütün iqlim tiplərinin olduğunu, eyni zamanda fərqli xalqların əsrlər boyu birgə sülh içində yaşadığını deyəndə çox maraqlanırlar. Məsələn, şimal bölgələrimizdə bir-birinə qonşu olan bəzi kəndlərin belə tamamilə fərqli dillərə və adət-ənənələrə sahib olduğunu eşidəndə gözlərinə inanmırlar. Bu fərqlilikləri və zənginlikləri onlara çatdırmaq, ölkəmizi bu cür çoxşaxəli tanıtmaq mənim üçün də böyük zövqdür".

Xaricdə, xüsusilə Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyən gənclərə ilk tövsiyəm bu olar ki, müraciət prosesinə mümkün qədər tez başlasınlar:

"İmtahanları, istər GRE/GMAT, istərsə də dil sertifikatlarını son ana saxlamaq insana böyük stres yaradır. Vaxtında həll edəndə diqqəti tamamilə müraciətin digər vacib hissələrinə yönəltmək olur.

İkinci və bəlkə də ən vacib məqam: təkcə yüksək ortalamaya və ya akademik qiymətlərə arxalanmayın. Əlbəttə, qiymətlər vacibdir, amma qəbul komissiyaları və Dövlət Proqramı yalnız "əlaçı" tələbə axtarmır. Onlar öz sahəsində praktik təcrübəsi olan, müxtəlif layihələrdə öz gücünü sınamış, müxtəlif layihələrdə yer almış və həqiqi perspektivi olan namizədlərə üstünlük verirlər. Universitetdən kənar nə ilə məşğul olmusunuz, hansı real problemləri həll etməyə çalışmısınızsa, əsas fərqi yaradan amillər bunlardır.

Son olaraq, motivasiya məktubunu (Statement of Purpose) yazarkən şablon sözlərdən qaçın və tamamilə səmimi olun. Niyə məhz bu sahəni seçdiyinizi, gələcəkdə necə bir iz qoymaq istədiyinizi və bu təhsilin sizə nə qazandıracağını öz dilinizlə, real hekayənizlə izah edin. Qarşı tərəf sizin motivasiyanızın nə qədər səmimi olduğunu o mətndən dərhal hiss edir.

Bu yola çıxmaq istəyən hər bir gəncə özünə inanmağı və fürsətləri cəsarətlə dəyərləndirməyi arzulayıram".

Türkiyəli generaldan canlıda xəbərdarlıq - Ağlınızı başınıza yığın!
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox