Türkiyənin Trabzon şəhərində dünyaya gələn dördəm bacı-qardaş Önder İhsan, Ömer Şahin, Esra Selin və Azra Aylin Kul eyni universitetdə təhsil alırlar. Maraqlısı isə onların dördünün də fərqli mühəndislik ixtisaslarını seçməsidir.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bacı-qardaşlar İstanbul Texniki Universitetində (İTÜ) təhsil alırlar. Önder İhsan Elektronika və Rabitə Mühəndisliyi, Esra Selin Metallurgiya və Materialşünaslıq Mühəndisliyi, Azra Aylin Sənaye Mühəndisliyi, Ömer Şahin isə İnşaat Mühəndisliyi ixtisasında oxuyur.
Ömer Şahin Kul da İstanbul Universiteti-Cerrahpaşadan köçürülmə yolu ilə İTÜ-yə keçdikdən sonra dörd bacı-qardaş yenidən eyni universitetdə bir araya gəlib.
Bacı-qardaşlar universitetdə birlikdə olmağın onlara xüsusi sevinc bəxş etdiyini bildirirlər. Onların sözlərinə görə, eyni kampusda təhsil almaq dərs fasilələrində görüşməyə, tədbirlərdə birlikdə iştirak etməyə və bir-birlərinə dəstək olmağa imkan yaradır.
Dördəm olduqlarını eşidən insanların təəccübləndiyini deyən Esra Selin Kul heç vaxt özünü tək hiss etmədiyini vurğulayıb:
“Dördəm olduğumuzu eşidənlər adətən "Nə gözəl, deməli, heç vaxt tək böyüməmisən" deyirlər. Həqiqətən də belədir. Həmişə yanımda dostlarım, bacı-qardaşlarım olub. Özümü heç vaxt tək hiss etməmişəm”.
Ömer Şahin Kul isə həyatın hər mərhələsində bacı-qardaşlarının dəstəyini hiss etdiyini və onlarla eyni universitetdə təhsil almağın çox xoş olduğunu bildirib.