Kanada, Tailand və Fransadan olan alimlər təxminən 34 milyon il əvvəl yaşamış, çəkisi 30 kiloqrama yaxın olan nəhəng gəmirici növünün fosillərini aşkar ediblər.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, McGill Universitetinin alimləri, Tailandın Mineral Ehtiyatlar Departamentinin və Fransanın elmi-tədqiqat institutlarının mütəxəssisləri Tailandın Krabi bölgəsində tapılan məməli fosillərini araşdırıblar.
Tədqiqat zamanı gəmiricinin bədən çəkisini müəyyənləşdirmək üçün dişlərinin ölçülərinə əsaslanan yeddi fərqli metoddan istifadə olunub. Nəticədə onun təxminən 30 kiloqram ağırlığında olduğu müəyyən edilib.
Təxminən 34 milyon il əvvəl yaşamış bu növə tay dilində “nəhəng”, yunan dilində isə “siçan” mənasını verən sözlərin birləşməsindən yaranan “Yakamys sirindhornae” adı verilib.
Alimlər bildiriblər ki, bu gəmirici həmin dövrdə məlum olan digər gəmiricilərdən təxminən iki dəfə böyük olub. Kəşf iri bədənli gəmiricilərin təkamül tarixinin əvvəllər ehtimal ediləndən daha qədim olduğunu və daha geniş coğrafi əraziləri əhatə etdiyini göstərir.
Tədqiqatın müəlliflərindən, McGill Universitetinin biologiya professoru Virginie Millien gəmiricinin çəkisinin təxmini olduğunu vurğulayıb. O bildirib ki, fosillər əsasında canlıların bədən kütləsini müəyyənləşdirmək müəyyən qeyri-müəyyənliklərlə bağlıdır.
Professorun sözlərinə görə, hazırda yaşayan ən böyük gəmiricilər kapibaralardır. İndiyədək nəhəng gəmiricilərin əsasən Cənubi Amerikada təkamül keçirdiyi düşünülsə də, yeni kəşf Cənub-Şərqi Asiyanın da bu canlıların ilkin təkamül tarixində mühüm rol oynadığını göstərir.