Azedu.az

Müəllimlərin maaşı təkcə sertifikasiya nəticəsinə görə artmamalıdır

AzEdu Təhsil Platforması

11 Noyabr 2026, 10:33
Müəllimlərin maaşı təkcə sertifikasiya nəticəsinə görə artmamalıdır

Təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçən müəllimlərin əməkhaqqı artımı hesablanarkən onların digər fəaliyyət göstəricilərinin də nəzərə alınması çox yaxşı olardı.

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri bildirib.

“Bilirik ki, hazırda təhsilverənlərin sertifikatlaşdırılması prosesində maaş artımı yalnız müəllimin müsabiqənin test imtahanı mərhələsində topladığı bala əsasən hesablanır. 30-51 bal aralığında nəticə göstərənlərin maaşı 10%, 51-60 bal intervalında nəticə göstərənlərin maaşı isə 35% artır.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçən müəllimlərin əməkhaqqı artımı hesablanarkən digər fəaliyyət göstəricilərinin də nəzərə alınması çox yaxşı olardı. Məsələn, müəllimin rəhbəri olduğu və ya iştirak etdiyi yerli və beynəlxalq layihələr, qatıldığı elm və təhsil konfransları, apardığı tədqiqat yönümlü araşdırmalar və təhlillər əlavə göstəricilər kimi diferensial əməkhaqqı sistemində nəzərə alınarsa, bu, müəllim üçün həm də əlavə motivasiya rolunu oynayar.

Həmçinin, təhsilverənin birbaşa iştirak etdiyi və ya mentor kimi çıxış etdiyi müsabiqə və festivallar, eləcə də yetirmələrinin yerli və beynəlxalq fənn olimpiadalarında qazandıqları nəticələr sertifikatlaşdırma prosesində topladığı bala əlavə edilərək əməkhaqqı artımında əksini tapa bilər. Bu, müsbət rəqabətliliyi də artıra bilər. İmtahan balına görə maaş artımı, təbii ki, ümumi səciyyə daşıyır. Lakin bu meyara fərdi göstəricilərin də əlavə olunması müəllimlər tərəfindən müsbət dəyərləndirilə və təhsil sahəsində sağlam rəqabəti gücləndirə bilər.

Bu, təhsilverənlər arasında rəqabətin artması ilə yanaşı, onların qeyd olunan göstəricilər üzrə daha yaxşı nəticələr əldə etməsinə də səbəb olacaq.

Həmçinin, təhsilverənlərin sertifikatlaşdırılması prosesindən uğurla keçən və yüksək nəticə göstərən müəllimlərin sonradan elmi-tədqiqat və elmi-pedaqoji işlərə cəlb edilməsi, onların tədqiqat yönümlü fəaliyyətə daha çox fokuslanması çox vacibdir. Bu, müəllim üçün həm əlavə üstünlük, həm də əməkhaqqı artımının alternativ mexanizmi rolunu oynaya bilər.

Müasir dünya təhsilində tədqiqat yönümlü inkişaf meyilləri göstərir ki, hazırda pedaqoji prosesin uğurla təşkili, əsasən, bu meyardan asılıdır. Odur ki, dünya təcrübəsində bir sıra ölkələrdə bu mexanizm tətbiq olunur və təhsilverənlər elmi-tədqiqat işlərinə cəlb edilirlər”.

Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!
Son xəbərlərDaha çox