“İki oğul böyüdürəm, istəyirəm ki, atalarının adını həmişə yüksəklərdə saxlasınlar”.
AzEdu.az xəbər verir ki, bu sözləri Texniki-Humanitar Liseydə 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə şəhid kapitan Azad Zeynalovun həyat yoldaşı Cəvahir Zeynalova deyib.
O bildirib ki, övladının təhsil aldığı məktəbdə keçirilən tədbirə dəvət olunması onun üçün həm qürurverici, həm də olduqca kövrək anlarla yadda qalıb. Xüsusilə 10-cu sinifdə təhsil alan oğlunun atasının şəklini üzərində daşıyaraq tədbirdə iştirak etməsi onda sözlə ifadə edilməsi çətin olan hisslər yaradıb:
“Bu gün Zəfərimizin altıncı ildönümüdür. Oğlumun təhsil aldığı məktəbdə keçirilən və onun da iştirak etdiyi tədbirə qonaq kimi dəvət olunmuşam. Bu, mənim üçün həm qürurverici, həm də izahı çətin olan bir andır. Oğlumun bu gün 10-cu sinifdə təhsil alması, atasının şəklini üzərində daşıyaraq tədbirdə iştirak etməsi elə bir hissdir ki, bunu sözlə ifadə etmək mümkün deyil.
Azad Zeynalov 1987-ci il yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. Hərbi fəaliyyətini müxtəlif hərbi hissələrdə davam etdirib.
Müdafiə Nazirliyinin Təhlükəsizlik İdarəsində, Hərbi Yol Polisi rəisi vəzifəsində, Qazax qarnizonunda, eləcə də digər hərbi hissələrdə komandir və bölük komandiri kimi xidmət edib. Sonuncu dəfə Qusar rayonunda yerləşən hərbi hissədən 27 sentyabr səhər saatlarında Vətən müharibəsinə yollanıb.
Bunları danışarkən sanki həmin günə, onu müharibəyə yola saldığım ana qayıdıram. Bu, həqiqətən də çox ağır duyğudur. Həmin gün nə baş verdiyini, bizi qarşıda nələrin gözlədiyini belə tam anlamırdıq.
Mən özüm 1990-cı ildə dünyaya gəlmişəm, yəni müharibənin içində doğulmuşam. Məktəb illərindən Vətənə, torpağa sevgi hissi ilə böyümüşəm. Azad da, onunla birlikdə bu döyüşdə iştirak edən və Vətən uğrunda canından keçən oğullar da məhz həmin dəyərlərlə yetişmişdilər. Bizə heç vaxt ayaq basmadığımız torpaqlara belə sevgi, bağlılıq və dəyər hissi aşılanıb. Bu ruhda böyüdülmüşük.
Bu gün məktəbdə uşaqların arasında olmaq mənim üçün xüsusi məna daşıyır. Biz özümüz Vətənini, torpağını bütövləşdirərək Azərbaycana qaytaran nəslin nümayəndələriyik. Bugünkü övladlarımızdan arzum budur ki, onlar da bu dəyərləri daim qorusunlar. Çünki bu torpaqlar minlərlə oğulun qanı bahasına azad edilib.
Həmin qəhrəmanlar, o cümlədən mənim həyat yoldaşım heç vaxt unudulmamalıdır. Zəfər bayramı onların xatirəsi uca tutulmaqla bu gün olduğu kimi, gələcək illərdə də qeyd edilməlidir.
Mən də bu Vətən üçün iki oğul böyüdürəm.
Onlardan biri atasını heç vaxt görməyib, çünki Azad şəhid olduqdan sonra dünyaya gəlib. O, atasını yalnız divardakı şəklindən tanıyır. Buna baxmayaraq, inanıram ki, ata sevgisini görmədən də ona düzgün şəkildə aşılaya bilmişəm.
İstəyirəm ki, həm Aslan, həm də digər oğlum gələcəkdə Vətənimizin, torpağımızın qədrini bilən, atalarının qanı bahasına azad edilən torpaqlara dəyər verən insanlar olsunlar. Mənim üçün ən böyük xoşbəxtlik övladlarımın atalarının adını həmişə yüksəklərdə tutması, onu yaxşı əməlləri ilə yaşatmasıdır”.
Qeyd edək ki, şəhid kapitan Azad Zeynalov 44 günlük Vətən müharibəsində iştirak edib. O, 27 sentyabr 2020-ci ildə döyüşlərə qatılıb və oktyabrın 26-da hospitalda şəhid olub. Onun övladı Aslan Zeynalov hazırda Texniki-Humanitar Liseyin 10-cu sinfində təhsil alır.