Azedu.az

DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib

AzEdu Təhsil Platforması

4 Noyabr 2026, 12:00
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib

Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində ölkənin aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər keçirib.

Bu barədə AzEdu.az-a Dövlət Proqramından məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Tsinxua Universiteti (Tsinghua University) və Pekin Universitetində (Peking University), eləcə də aerokosmik mühəndislik və aviasiya texnologiyaları sahəsində ixtisaslaşmış qabaqcıl ali təhsil müəssisələrindən biri olan Beyhan Universitetində (Beihang University) əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşlər zamanı "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" haqqında ətraflı təqdimat edilib, Proqramın əsas məqsədləri, prioritet istiqamətləri, maliyyələşdirmə mexanizmləri və indiyədək əldə olunmuş nəticələr barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq həyata keçirilən Dövlət Proqramı ölkənin yüksəkixtisaslı mütəxəssis potensialının gücləndirilməsinə, gənclərin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli təhsil imkanlarına çıxışının genişləndirilməsinə və xaricdə qazanılan bilik və təcrübənin Azərbaycanın sosial-iqtisadi inkişafına yönəldilməsinə xidmət edir.

Müzakirələrdə Azərbaycan və Çin arasında təhsil sahəsində mövcud əlaqələrin inkişaf etdirilməsi, xüsusilə bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Dövlət Proqramı çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi diqqət mərkəzində olub. Bu istiqamətdə azərbaycanlı gənclərin Çinin qabaqcıl universitetlərində Dövlət Proqramının prioritet ixtisas istiqamətləri üzrə seçim imkanlarının genişləndirilməsi, həmçinin Azərbaycan və Çinin ali təhsil müəssisələri arasında birgə ikili diplom proqramlarının yaradılması, institusional əməkdaşlığın genişləndirilməsi və tələbələr üçün beynəlxalq təhsil imkanlarının artırılması perspektivləri nəzərdən keçirilib.

Görüşlərin digər əsas istiqamətini Dövlət Proqramı iştirakçılarının akademik və peşəkar inkişafının dəstəklənməsi təşkil edib. Tələbələrin universitetlərin təqdim etdiyi təhsil, tədqiqat və praktiki təcrübə imkanlarından daha səmərəli yararlanması, onların akademik mühitə inteqrasiyasının asanlaşdırılması və mövcud dəstək mexanizmləri barədə məlumatlılığının artırılması məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, təhsil müddətində yarana biləcək ehtiyacların vaxtında müəyyənləşdirilməsi və müvafiq tərəflər arasında əlaqələndirmənin gücləndirilməsi imkanları müzakirə olunub.

Əməkdaşlığın davamlılığının təmin edilməsi baxımından məzunlarla əlaqələrin inkişaf etdirilməsinə də xüsusi diqqət ayrılıb. Çinin ali təhsil müəssisələrində təhsil almış Dövlət Proqramı məzunları ilə əlaqələrin möhkəmləndirilməsi, onların peşəkar şəbəkələşmə imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə universitetlər, tələbələr və məzunlar arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin təşviqinin əhəmiyyəti vurğulanıb.

İşgüzar səfər çərçivəsində Qədir Xəlilov Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovla da görüşüb. Görüşdə Dövlət Proqramının icrası istiqamətində görülən işlər, beynəlxalq universitetlərlə qurulan tərəfdaşlıqlar və Çin ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf perspektivləri barədə məlumat verilib.

Həmçinin Azərbaycan və Çin arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsində diplomatik nümayəndəliyin rolu, azərbaycanlı tələbələrin yerli akademik mühitə inteqrasiyasına dəstək göstərilməsi və onların təhsil müddətində qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Səfirliyin universitetlərlə əlaqələrin inkişaf etdirilməsi, tələbə və məzunlarla davamlı kommunikasiyanın təmin olunması, eləcə də birgə təşəbbüslərin təşviqi istiqamətində fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

Qeyd edək ki, Dövlət Proqramı İdarəetmə Qrupunun beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirdiyi bu kimi görüşlər azərbaycanlı gənclər üçün yeni akademik və peşəkar inkişaf imkanlarının yaradılmasına, dünyanın aparıcı ali təhsil müəssisələri ilə davamlı əməkdaşlıq əlaqələrinin formalaşdırılmasına və Azərbaycan ilə Çin arasında təhsil sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.

Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!
Son xəbərlərDaha çox