ABŞ-də federal məhkəmə Donald Tramp administrasiyasının Harvard Universitetindən tələbə qəbulu ilə bağlı əvvəlki illərə aid sənədləri tələb etdiyi iddianı rədd edib.
AzEdu.az-ın CNN-dən əldə etdiyi məlumata görə, Massaçusets ştatının Boston şəhərindəki Federal Dairə Məhkəməsinin hakimi Myong Joun Ədliyyə Nazirliyinin Harvard Universitetinə qarşı qaldırdığı iddianı prosessual pozuntulara görə rədd edib.
Hakim qərarında iddia qaldırılmazdan əvvəl qanunla nəzərdə tutulan zəruri prosedurların yerinə yetirilmədiyini bildirib. ABŞ mediası Ədliyyə Nazirliyinin tələb olunan inzibati prosedurları tamamladıqdan sonra iddianı yenidən qaldıra biləcəyini qeyd edib.
Mübahisənin əsasını Harvard Universitetinin tələbə qəbulu prosesində irqi ayrı-seçkiliyə yol verilib-verilməməsi ilə bağlı araşdırma təşkil edir. ABŞ Ədliyyə Nazirliyi universitetdən əvvəlki illərə aid qəbul sənədlərini tələb etsə də, Harvard bu məlumatları təqdim etməyib.
Universitetin vəkilləri iddianın siyasi motivlərlə qaldırıldığını iddia ediblər. Onların sözlərinə görə, Harvard rəhbərliyinin idarəetmə strukturunu, işə qəbul qaydalarını və akademik proqramlarını Tramp administrasiyasının tələblərinə uyğun dəyişməkdən imtina etməsi Vaşinqtonun təzyiqlərinə səbəb olub.
Harvard Universitetinin açıqlamasında tələb olunan sənədlərin minlərlə orta məktəb şagirdinə aid həssas şəxsi məlumatları ehtiva etdiyi bildirilib. Universitet Ədliyyə Nazirliyinin qanunla tələb olunan prosedurları yerinə yetirmədən məhkəməyə müraciət etdiyini vurğulayıb.
Qeyd edək ki, Tramp administrasiyası ilə Harvard Universiteti arasında mübahisə bir müddətdir davam edir. Federal hökumət universiteti Fələstinə dəstək məqsədilə keçirilən kampus etirazları, eləcə də müxtəliflik, bərabərlik və inklüzivlik proqramları ilə bağlı tənqid edib.
Bu çərçivədə Harvard Universitetinə ayrılmış 2,2 milyard dollar federal maliyyələşmənin və 60 milyon dollarlıq müqavilə vəsaitinin dondurulmasına qərar verilib. Universitet isə bu qərarın qanunsuz olduğunu bildirərək məhkəməyə müraciət edib.
ABŞ Prezidenti Donald Tramp fevralın 3-də Harvardla razılığa gəlmək üçün universitetdən 1 milyard dollar təzminat tələb etdiklərini açıqlamışdı.