Məktəb psixoloqlarının fəaliyyətinin təkmilləşdirilməsi son günlərdə müzakirə olunan məsələlərdəndir.
Psixoloqlardan biri məktəb psixoloqlarına dərs saatlarının ayrılmasını təklif edib. O, həmçinin şagird sayı çox olan məktəblərdə bir psixoloqun fəaliyyətinin yetərli olmadığını vurğulayıb.
Maraqlıdır, məktəb psixoloqlarının fəaliyyətinin daha səmərəli təşkili üçün hansı addımlar atılmalıdır?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "Əməkdar müəllim" Sona Əliyeva qeyd edib ki, problem psixoloqun olmamasında deyil, onun işləməyə imkanının olmamasındadır:

“Məktəb psixoloqu bu gün sistemin ən vacib, amma ən zəif halqasıdır. Problem psixoloqun olmamasında deyil, onun işləmək imkanının olmamasındadır.
Rəqəmlər bunu açıq göstərir. Nazirlər Kabinetinin 2020-ci il qərarına görə, şagird sayı 1000-ə qədər olan məktəbdə bir, 1000-dən 3000-ə qədər olan məktəbdə iki, 3000-dən çox olduqda isə üç psixoloq ştatı nəzərdə tutulub. Yəni 2999 şagirdi olan məktəbdə bir psixoloqa təxminən 1500 uşaq düşür. Beynəlxalq tövsiyə isə hər 500 şagirdə bir psixoloqun olmasını nəzərdə tutur. Deməli, böyük məktəblərdə psixoloq normadan üç dəfə artıq yük daşıyır. Belə şəraitdə o, yalnız yanğın söndürür, yəni problem baş verəndən sonra işə qarışır. Profilaktikaya isə vaxt qalmır”.
Psixologiya qiymət yazılan adi fənnə çevrilərsə, psixoloq müəllimə dönər və əsas işi olan fərdi məsləhət arxa plana keçər:
“Dərs saatı məsələsinə gəldikdə, burada bir neçə məqam var. Birincisi, ehtiyac var, amma format düzgün seçilməlidir. Psixologiya qiymət yazılan adi fənnə çevrilərsə, psixoloq müəllimə dönər və əsas işi olan fərdi məsləhət arxa plana keçər.
Türkiyənin təcrübəsi bu baxımdan ibrətamizdir: orada rəhbər müəllimlərə dərs və növbətçilik yükünün əlavə edilməsi barədə layihə peşə sahiblərində ciddi narahatlıq yaradıb. İkincisi, doğru yol emosional intellekt, stresslə mübarizə, ünsiyyət və peşə seçimi mövzularında həftəlik qrup məşğələləridir. Bu məşğələlərdə psixoloq bütün sinfi görür və risk qrupundakı uşağı vaxtında tanıyır.
Üçüncüsü, maddi tərəf. Psixoloqlar hazırda müəllim sxemi ilə deyil, vahid tarif cədvəli ilə maaş alırlar. Dərs saatı onların əməkhaqqını müəllim səviyyəsinə yaxınlaşdırmaq üçün də fürsətdir”.
Yaxın illərdə bu sahəyə sərmayə qoyulmasa, problemlərin bədəlini məktəb deyil, bütün cəmiyyət ödəyəcək:
“Digər önəmli məqam ondan ibarətdir ki, keyfiyyətsiz kadrların sayının artması heç nəyi dəyişməz. Ekspertlərin sözlərinə görə, bəzi məktəblərdə psixoloq ştatına qısa kurs keçmiş, ixtisası uyğun olmayan şəxslər təyin olunur. Belə olan halda psixoloqun adı var, özü yoxdur.
Bəs nə etməli? Fikrimcə, ştat norması mərhələli şəkildə hər 500–700 şagirdə bir psixoloq nəzərdə tutulacaq formada dəyişdirilməli, ilk növbədə şagird sayı çox olan məktəblərdən başlanmalıdır. Hər psixoloqun ayrıca otağı olmalıdır, çünki uşaq dəhlizdə öz ağrısını danışmaz. Psixoloq inzibati işlərdən və növbətçilikdən azad edilməli, ixtisas sertifikatlaşdırması və superviziya sistemi qurulmalıdır. Ciddi hallarda isə uşağı klinik mütəxəssisə yönəltmək üçün aydın mexanizm yaradılmalıdır, çünki məktəb psixoloqu terapevt deyil.
İstənilən halda, məktəblərdə zorakılıq, sosial şəbəkə asılılığı, imtahan stressi artdıqca psixoloq lüks yox, zərurətə çevrilir. Belə olan təqdirdə, yaxın illərdə bu sahəyə sərmayə qoyulmasa, problemlərin bədəlini məktəb deyil, bütün cəmiyyət ödəyəcək. Bir sözlə, məqsəd məktəbdə psixoloq ştatının olması deyil, hər uşağın ehtiyac duyanda qapısını döyə biləcəyi peşəkarın olmasıdır”.