Azərbaycanın idman dırmanması üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib.
AzEdu.az xəbər verir ki, gənc idmançı "Shusha Climbers" klubunun təmsilçisi olub.
Həvva Yambulatova idman dırmanmasının boulderinq və çətinlik növləri üzrə yarışlarda uğurlu nəticələr göstərib. O, Azərbaycan Alpinizm Federasiyasının təşkil etdiyi ölkə birinciliklərində və kubok yarışlarında dəfələrlə mükafatçılar sırasında yer alıb.
Gənc idmançı sonuncu böyük uğurunu 2026-cı ilin sentyabrında qazanıb. Yeniyetmə və gənclər arasında keçirilən boulderinq üzrə ölkə birinciliyində qızıl medala sahib çıxaraq Azərbaycan çempionu olub.
Həvva Yambulatova beynəlxalq yarışlarda da fərqlənib. O, Türkiyənin Samsun şəhərində keçirilən "Amisos Beynəlxalq Dırmanma Turniri"ndə iki medal qazanıb.
Qeyd edək ki, 17 yaşlı idmançının vəfatının səbəbi barədə hələlik məlumat açıqlanmayıb.
