Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov bu il Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi adını qazanıb. O, universitetin Memarlıq və inşaat fakültəsinin “Dizayn” ixtisası üzrə birinci kursda təhsil alır.
Ağdam rayonunun Abdal qəsəbəsində anadan olan Yaşar Hüseynov doğma yurdunun işğalından sonra ailəsi ilə birlikdə Bərdə rayonunda məskunlaşıb. Orta təhsilini 1999-cu ildə başa vurub, 2000-ci ildə hərbi xidmətə çağırılıb. 2001-ci ilin martından Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. O, hərbi xidmət illərində bir sıra mühüm döyüş əməliyyatlarında iştirak edib. 2014-cü ilin avqustunda Goranboy rayonunun Gülüstan qəsəbəsi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb. Səkkiz ay davam edən müalicədən sonra 2015-ci ilin aprelində yenidən hərbi xidmətə qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində də fərqlənib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzuli rayonunun Gorazıllı yaşayış məntəqəsinin azad olunması zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib. Müalicəsi tam başa çatmadan oktyabrın 21-də yenidən döyüş bölgəsinə qayıdıb. Şuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edən Yaşar Hüseynov noyabrın 5-dən 6-na keçən gecə şəhərə daxil olan hərbçilərimiz sırasında olub. Noyabrın 6-da bölmə komandiri və digər hərbçilərlə birlikdə şəhərin düşməndən təmizlənməsində yaxından iştirak edib. Noyabrın 7-də saat 13:45 radələrində Şuşa şəhərində yerləşən Duma binasının üzərindəki separatçı rejimin bayrağını çıxararaq Azərbaycan bayrağını sancıb və işğaldan sonra həmin binanın üzərində ilk dəfə azan səsləndirib.
Hərbi xidmətini sonrakı illərdə də davam etdirən Yaşar Hüseynov 2021-ci ildə Kəlbəcər rayonu ərazisində, Basarkeçər istiqamətində sərhədlə bağlı fəaliyyətlərdə, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı isə Xankəndi və ətraf yaşayış məntəqələrinin azad olunmasında iştirak edib.
Döyüşlərdə göstərdiyi şücaət və xidmətlərinə görə Yaşar Hüseynov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı alıb. O, həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, 2-ci və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şücaətə görə” medallarına, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 illiyi və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medallarına layiq görülüb.
Ailəli olan Yaşar Hüseynov bir oğul və bir qız atasıdır. Birinci Qarabağ müharibəsi zamanı onun üç qardaşı da Ağdamın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Qardaşlarından Sadiq və Fərman Hüseynov müharibə veteranıdır. Digər qardaşı Füzuli Hüseynov 1994-cü il aprelin 16-da Ağdam rayonunun Yusifcanlı istiqamətində gedən döyüşlərdə şəhid olub.
Yaşar Hüseynovun Vətən qarşısındakı xidmətləri dövlətimizin daima xüsusi diqqətindədir. Prezident İlham Əliyevin müxtəlif tədbirlərdə qəhrəman hərbçimizə şəxsən yaxınlaşaraq onunla görüşməsi, səmimi münasibət göstərməsi və bağrına basması dövlət səviyyəsində onun şücaətinə və xidmətlərinə verilən yüksək ali ehtiramın bariz ifadəsidir.
Vətənə xidmətləri ilə tarix yazan Yaşar Hüseynovun BMU-da ali təhsil almağa başlaması onun həyatında yeni bir mərhələnin başlanğıcıdır. Hərbi xidmətlə yanaşı, bilik və bacarıqlarını inkişaf etdirməyə qərar verən qəhrəmanımızın universitet tələbəsi olması, eyni zamanda təhsilə və şəxsi inkişafa göstərdiyi maraq qürurvericidir Onun timsalında Vətənə xidmətin, fədakarlığın və daim öyrənməyə, inkişafa can atmağın gözəl nümunəsini görürük.