Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 637 nəfər pedaqoji və inzibati heyət əməkdaşının iştirakı ilə genişmiqyaslı təlim proqramına başlanılıb.
AzEdu.az xəbər verir ki, bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov rəsmi “Facebook” hesabında məlumat verib.
Bildirilib ki, beş həftə davam edəcək təlim proqramı üç əsas istiqaməti- “Design Thinking”, “Süni intellekt savadlılığı” və “İnnovativ tədris metodları”nı əhatə edir.Təlimlərin keçirilməsi üçün bütün hazırlıq işləri yekunlaşdırılıb. Xarici mütəxəssislərin iştirakı ilə “Təlimçilərin təlimi” layihəsi həyata keçirilib, təlimçilər hazırlanıb, proqramların məzmunu və müddəti müəyyənləşdirilib. Eyni zamanda, iştirakçıların iş qrafiki nəzərə alınaraq təlim vaxtları və məkanları dəqiqləşdirilib.
Təlimlərin təşkili və koordinasiyası Rəqəmsal UNEC-EDUMAN platforması vasitəsilə həyata keçiriləcək.“Design Thinking” təlimi rektor, bütün dekanlar, prorektorlar və kafedra müdirlərinin iştirakı ilə iki qrupda təşkil olunacaq. Xarici mütəxəssis tərəfindən keçiriləcək proqram 24 saat davam edəcək.
“Süni intellekt savadlılığı” təlimləri əvvəlcədən hazırlanmış 9 təlimçi tərəfindən keçiriləcək. Bu istiqamətdə 360 akademik heyət üzvü 18 qrupda 30 saatlıq, 180 inzibati heyət əməkdaşı isə 9 qrupda 25 saatlıq təlim proqramına cəlb olunacaq.
“İnnovativ tədris metodları” proqramı isə 4 təlimçi tərəfindən 4 qrupda təşkil ediləcək. Hər qrupda 17 nəfər olmaqla, ümumilikdə 68 müəllim 20 saatlıq təlim keçəcək.Rektor Ədalət Muradov qeyd edib ki, universitetin gücü yalnız infrastrukturu, texnologiyaları və beynəlxalq reytinqləri ilə deyil, ilk növbədə, insan kapitalının gücü ilə ölçülür. O, daha güclü müəllim və əməkdaşlarla UNEC-in daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.