Azedu.az

Universitetlərə qəbul sistemi dəyişdiriləcək

AzEdu Təhsil Platforması

1 Noyabr 2026, 16:29
Universitetlərə qəbul sistemi dəyişdiriləcək

Fransada həftələrlə davam edən şagird və tələbə etirazlarından sonra hökumət təhsil sistemində bir sıra dəyişikliklər etməyi planlaşdırır. 

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, universitetlərə qəbul qaydalarının yenilənməsi, əlavə təhsil yerlərinin yaradılması və məktəblərdə siniflərin şagird sayının azaldılması nəzərdə tutulur.

Ali təhsil naziri Filip Baptistin təqdim etdiyi plana əsasən, universitetlərə qəbul üçün istifadə olunan “Parcoursup” platformasında 2027-ci ildən etibarən ciddi dəyişikliklər ediləcək. Platformanın isə 2028-ci ildə tamamilə yeni qəbul sistemi ilə əvəzlənməsi planlaşdırılır.

Yeni qaydalara əsasən, universitetlər qəbul meyarlarını daha aydın şəkildə açıqlamalı, müraciəti qəbul edilməyən namizədlərə isə imtinanın səbəbini bildirməlidir.

Bundan başqa, 2027-2028-ci illərdə ali təhsil müəssisələrində 15 min əlavə yer yaradılacaq. Bu yerlərin 10 mini ali texniki təhsil proqramlarının, 4 mini texnoloji bakalavr proqramlarının, 1 mini isə səhiyyə istiqaməti üzrə bakalavr təhsilinin payına düşəcək.

İslahatlar məktəbləri də əhatə edəcək. Belə ki, 2027-ci ildən etibarən bəzi liseylərdə siniflərdə şagird sayı maksimum 28 nəfərlə məhdudlaşdırılacaq. 2028-ci ildən bu qaydanın bütün liseylərdə tətbiqi nəzərdə tutulur.

Hökumət həmçinin 2027-ci ildən tələbə təqaüdlərinin inflyasiyaya uyğun artırılacağını və təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün əlavə maliyyə ayrılacağını açıqlayıb.

Qeyd edək ki, Fransada sentyabr ayının ortalarından başlayan etirazların əsas səbəbləri arasında universitetlərə qəbul imkanlarının məhdudluğu, müəllim çatışmazlığı, məktəblərin vəziyyəti və təhsil xərclərinin artması yer alır. Tələbə təşkilatları hökumətin açıqladığı tədbirləri yetərli hesab etmədiklərini bildirərək etirazların davam etdirilməsini istəyirlər.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox