"2500 şagirdi olan məktəbdə cəmi bir psixoloqun çalışması nə dərəcədə doğrudur? Hər məktəbdə minimum üç psixoloq olmalı, onların sayı şagirdlərin yaş qruplarına və məktəbin ehtiyaclarına uyğun müəyyənləşdirilməlidir".
Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.

“Məktəb psixoloqlarına dərs saatı ayrılmalıdır. Məsələn, həftədə bir dəfə hər sinifdə psixoloq dərsi keçirilməlidir. Bu dərslər keçirilmədikcə, mövcud problem həllini tapmayacaq.
Psixoloq onsuz da bir ştat vahidi üzrə əməkhaqqı alır. Bu da həftədə 12 saatdır. Həmin 12 saatı, hətta iki həftədən bir olmaqla belə, hər bir sinfə ayırmaq və psixoloqun həmin sinfə daxil olmasını təmin etmək lazımdır.
Digər tərəfdən, bir məktəbə bir psixoloqun təyin olunması çox azdır. Hər məktəbdə minimum üç psixoloq olmalıdır. Belə ki, ibtidai siniflərə bir, 9-cu sinfə qədər olan şagirdlərə və yuxarı siniflərə xidmət göstərmək üçün isə ayrıca psixoloqlar təyin edilməlidir. Ümumiyyətlə, psixoloqların bölgüsü məktəbin şagird sayına və yaş qruplarına uyğun aparılmalıdır. Çünki bu məsələ hazırda düzgün təşkil olunmayıb. Məsələn, elə məktəblər var ki, 2500 şagirdi olduğu halda, orada cəmi bir psixoloq çalışır. 2500 şagirdə bir psixoloqun xidmət göstərməsi nə dərəcədə doğrudur?"
Psixoloqlar siniflərə daxil olaraq şagirdlərə mütəmadi maarifləndirici dərslər keçməlidir:
“İstərdim ki, psixoloqlara ayrılan 12 saatlıq iş vaxtı dərs saatları şəklində təşkil olunsun. Yəni hər iki həftədən bir hər sinifdə psixoloq dərsi keçirilsin. Bu dərslərdə müxtəlif mövzular müzakirə oluna bilər. Məsələn, bir dərsdə stress, digərində travmalar, alkoqolizm, narkomaniya, imtahan həyəcanı, fobiyalar və digər psixoloji mövzular əhatə olunsun.
Əgər dərs saatlarını bütün siniflər arasında bölüşdürmək mümkün deyilsə, heç olmasa, yuxarı siniflər üçün bu cür dərslər təşkil oluna bilər. Məsələn, məktəbdə neçə 11-ci sinif varsa, həmin siniflərin şagirdləri müəyyən edilmiş gündə bir araya gətirilərək psixoloqun iştirakı ilə maarifləndirici dərslərə cəlb oluna bilərlər. Dərslərin bu formada təşkili psixoloqun məktəbdəki nüfuzunu da artırar. Belə olduqda, psixoloq həm də müəllim kimi fəaliyyət göstərər və şagirdlərin gözündə daha yüksək mövqeyə sahib olar".