Azedu.az

Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Şagirdlər

31 Oktyabr 2026, 09:05
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Azərbaycanlı şagirdlər Almaniyanın paytaxtı Berlində keçirilən Eynşteyn Olimpiadasının final mərhələsində 7 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası olimpiadanı 1 qızıl, 2 gümüş və 4 bürünc medal, həmçinin 1 həvəsləndirici mükafatla başa vurub.

Təbiət elmləri (Science) üzrə Azərbaycan komandası 3 medal qazanıb. VI sinif şagirdi Ziya Novruzsoy qızıl, III sinif şagirdləri Cahan Quliyeva və Dəniz Qasımova bürünc medallara layiq görülüblər. III sinif şagirdi Ziya Səlimbəyli isə bu fənn üzrə həvəsləndirici mükafat (Honourable Mention) qazanıb.

Riyaziyyat üzrə isə şagirdlər 4 medal əldə ediblər. VI sinif şagirdi Raul İsmayılzadə və VII sinif şagirdi Kənan Kərimli gümüş, I sinif şagirdi Toğrul Zeynalov və IV sinif şagirdi Nazlı Qaraxanlı bürünc medala layiq görülüblər.

Mükafatlandırma mərasiminə iştirakçı ölkələrin rəsmi nümayəndələri, diplomatik korpusun təmsilçiləri və digər qonaqlar qatılıblar. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli və mərkəzin əməkdaşları da mərasimdə iştirak ediblər.

Dahi alim Albert Eynşteynin xatirəsinə həsr olunan olimpiada bu il ilk dəfə keçirilib. Təşkilat komitəsinin məlumatına görə, final mərhələsi 15 ölkədən 300-ə yaxın iştirakçını bir araya gətirib. Olimpiadanın milli seçim turlarına 41 ölkədən 17 minə yaxın şagird qatılıb, ən yaxşı nəticə göstərən namizədlər Berlin finalına dəvət olunublar.

Səfər çərçivəsində iştirakçılar Berlin Katedralını (Berliner Dom), Reyxstaqın binasını, Muzeylər adasını və şəhərin digər tarixi-mədəni məkanlarını ziyarət ediblər. Mədəni proqram şagirdlərə Berlinlə tanışlıq və müxtəlif ölkələrdən olan həmyaşıdları ilə yeni dostluqlar qurmaq imkanı yaradıb.

(AZƏRTAC)

TƏCİLİ! İran hərəkətə keçdi - Bakıya qarşı növbəti hücum
Son xəbərlərDaha çox