Ötənlərdə gün 225 nömrəli məktəbdə baş verən hadisə zamanı jurnalistlərə qarşı şagirdlərin zorakılıq etməsi məktəblərdə davranış qaydalarına əməl olunması məsələsini yenidən gündəmə gətirib.
Məktəblərdə şagirdlərin davranış qaydalarına ri{gallery}ayət etməsinə necə nəzarət olunur? Şagirdlərin aqressiv davranışlarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizov bildirib ki, məktəblərdə şagirdlərin davranış qaydalarına riayət etməsi məsələsinə yalnız intizam və cəza müstəvisindən yanaşmaq düzgün deyil:

"225 nömrəli məktəbdə baş verən və jurnalistlərə qarşı zorakılıqla müşayiət olunan hadisə bir daha göstərir ki, məktəblərdə davranış mədəniyyətinin formalaşdırılması, aqressiyanın idarə edilməsi və məsuliyyət anlayışının aşılanması istiqamətində işlər gücləndirilməlidir. Məktəblərdə şagirdlərin davranışına nəzarət yalnız növbətçi müəllimlərin və məktəb rəhbərliyinin üzərinə düşən vəzifə kimi qiymətləndirilməməlidir. Bu prosesdə sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqları, direktor müavinləri və valideynlər birgə fəaliyyət göstərməlidirlər.
Şagirdlərin davranış qaydaları ilə tanış olması kifayət etmir, həmin qaydaların gündəlik məktəb həyatında tətbiqinə də nəzarət olunmalıdır. Burada əsas məqamlardan biri qayda pozuntularına münasibətin ardıcıl və obyektiv olmasıdır. Eyni davranışa görə bir şagirdə irad bildirilib, digərinə göz yumulursa, bu, qaydaların təsirini zəiflədir. Şagird anlamalıdır ki, məktəbdə hər kəsin hüquqları qorunur və heç kimin digərinə qarşı zorakılıq etmək, onu təhqir etmək və ya təzyiq göstərmək hüququ yoxdur.
İkinci məsələ şagirdlər arasında aqressiv davranışların qarşısının alınmasıdır.
Aqressiya bəzən ailədaxili münasibətlərdən, sosial mühitdən, psixoloji çətinliklərdən, zorakılığın normallaşdırılmasından və rəqəmsal platformalarda qarşılaşılan mənfi nümunələrdən qaynaqlana bilər. Buna görə də hər bir aqressiv davranışa yalnız intizam pozuntusu kimi deyil, həm də vaxtında araşdırılmalı olan siqnal kimi yanaşmaq lazımdır. Məktəblərdə psixoloji xidmət formal xarakter daşımamalı, risk qrupunda olan və davranışında dəyişiklik müşahidə edilən şagirdlərlə fərdi iş aparılmalıdır.
Eyni zamanda, şagirdlərə münaqişələri zorakılığa əl atmadan həll etmək, emosiyalarını idarə etmək, fərqli fikirlərə hörmətlə yanaşmaq və başqalarının hüquqlarını anlamaq öyrədilməlidir. Valideynlərin də bu prosesdə məsuliyyəti böyükdür. Məktəbdə uşağa hörmət, empatiya və məsuliyyət aşılanırsa, ailədə də həmin dəyərlər dəstəklənməlidir. Zorakılıq edən şagirdin davranışına göz yummaq və ya onu hər vəziyyətdə müdafiə etmək problemin həllini çətinləşdirir".
Üçüncü məsələ mövcud davranış qaydalarının kifayət edib-etməməsidir:
“Burada əsas məsələ yalnız qaydaların mövcudluğu deyil, onların nə dərəcədə işlək olmasıdır. Əgər davranış qaydaları müəyyən edilibsə, lakin qayda pozuntularının qarşısının alınması, hadisələrin araşdırılması və təkrarlanmasının önlənməsi üçün effektiv mexanizmlər yoxdursa, təkcə sənədlə problemi həll etmək mümkün deyil.
Bununla belə, mövcud qaydaların tətbiqi təhlil edilməli, real məktəb mühitində yaranan yeni risklər nəzərə alınaraq zərurət olduqda onlara dəyişiklik edilməlidir. Xüsusilə fiziki və verbal zorakılığa, müəllimlərə, məktəb əməkdaşlarına və məktəbə gələn digər şəxslərə qarşı aqressiv davranışlara münasibət aydın şəkildə müəyyənləşdirilməlidir. Burada cəza tədbirləri ilə yanaşı, tərbiyəvi və bərpaedici yanaşmalar da nəzərdə tutulmalıdır. Şagird törətdiyi hərəkətin nəticələrini anlamalı, zərərçəkmiş şəxsin hüquqlarının pozulduğunu dərk etməli və davranışını dəyişmək üçün dəstək almalıdır.
Ağır zorakılıq hallarında isə qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
Nəticə etibarilə, məktəbdə təhlükəsiz mühit yaratmaq yalnız şagirdlərin davranışına nəzarət etmək demək deyil. Bu, həm də uşaqlara düzgün davranış nümunəsi göstərmək, onların psixoloji ehtiyaclarını vaxtında müəyyənləşdirmək və məsuliyyət hissini formalaşdırmaqdır. Məktəb şagirdə yalnız bilik verən deyil, eyni zamanda onu cəmiyyət qarşısında məsuliyyətli davranmağa hazırlayan bir mühit olmalıdır.
225 nömrəli məktəbdə baş verən hadisə də araşdırılmalı, zorakılıqda iştirak edən şəxslərin hərəkətlərinə hüquqi və pedaqoji baxımdan qiymət verilməli, eyni zamanda belə halların digər məktəblərdə təkrarlanmaması üçün qabaqlayıcı tədbirlər gücləndirilməlidir. Əsas məqsəd hadisədən sonra cəza verməklə kifayətlənmək deyil, belə hadisələrin baş verməsinə gətirib çıxaran səbəbləri aradan qaldırmaqdır”.