Azedu.az

Məktəbə müdaxilə, qiymət tələbi, müəllimə təzyiq - Valideynlərin yol verdiyi ciddi SƏHVLƏR

Orta təhsil

23 Oktyabr 2026, 14:41
Məktəbə müdaxilə, qiymət tələbi, müəllimə təzyiq - Valideynlərin yol verdiyi ciddi SƏHVLƏR

"Valideynin uşağın yanında müəllimin nüfuzunu sarsıtması şagirdin təlim prosesinə münasibətinə mənfi təsir göstərir".

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Rizvan Fikrətoğlu deyib.

Yaradıcı düşüncə və tənqidi baxışın inkişafında essenin rolu BÖYÜKDÜR

"Müasir təhsil sistemində valideyn-məktəb əməkdaşlığı şagirdlərin akademik nailiyyətlərinin, sosial davranışlarının və şəxsiyyət kimi formalaşmasının əsas şərtlərindən biri hesab olunur. Lakin bu əməkdaşlıq düzgün qurulmadıqda, valideynlərin tədris prosesinə əsassız müdaxiləsi müəllimin fəaliyyətinə, məktəbdə intizamın qorunmasına və təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Hesab edirəm ki, problemin əsas mahiyyəti valideynin təhsildə iştirakında deyil, bu iştirakın sərhədlərinin və məsuliyyət çərçivəsinin düzgün müəyyən edilməməsindədir. Valideynlər bir sıra səhvlərə yol verirlər. Bunlardan ən ciddisi pedaqoji fəaliyyət haqqında kifayət qədər məlumat toplamadan və lazımi təcrübəyə malik olmadan mühakimə yürütmək, eləcə də uşağın yanında müəllimin nüfuzunu sarsıtmaqdır. Valideynin müəllim haqqında mənfi fikirlər səsləndirməsi, onun qərarlarını əsassız şəkildə tənqid etməsi və ya uşağın bütün problemlərində müəllimi günahlandırması istər-istəməz şagirdin təlim prosesinə münasibətinə mənfi təsir göstərə bilir”.  


Valideynin əsas məqsədi övladının yüksək qiymət alması deyil, real bilik və bacarıqlar qazanması olmalıdır:

"Digər mühüm problem qiymətləndirmə prosesinə müdaxilədir. Bəzi hallarda valideynlər uşağın real bilik və bacarıqlarını deyil, yüksək qiymət almasını əsas məqsəd kimi qəbul edir, müəllimdən qiymətin dəyişdirilməsini və ya övladına xüsusi güzəştlər edilməsini tələb edirlər. Bu cür yanaşma obyektiv qiymətləndirmə prinsipini zəiflədir və şagirdlər arasında ədalətlilik hissinə xələl gətirə bilər.

Valideynin uşağın əvəzinə ev tapşırıqlarını yerinə yetirməsi, hər çətinliyi onun əvəzinə həll etməsi və müstəqil öyrənmə bacarıqlarının inkişafına imkan verməməsi də ciddi pedaqoji səhv hesab oluna bilər. Belə vəziyyətlərdə müəllim şagirdin həqiqi bilik səviyyəsini müəyyənləşdirməkdə çətinlik çəkir. Bununla yanaşı, dərs zamanı müəllimin fəaliyyətinə müdaxilə etmək, tədris metodlarını şəxsi istəyinə uyğun dəyişdirməyə çalışmaq, məktəbdaxili intizam qaydalarının tətbiqinə əsassız mane olmaq və münaqişələri araşdırılmamış ittihamlarla sosial şəbəkələrdə ictimailəşdirmək sağlam təhsil mühitini zəiflədən davranışlar sırasındadır".  

Müəllimin vaxtının tədris prosesindən daha çox münaqişələrin həllinə sərf olunması təhsilin səmərəliliyini azalda bilər:

"Məktəbin tədris prosesinə müdaxilənin nəticələrindən danışsaq, valideynlərin qeyri-sağlam müdaxiləsi ilk növbədə müəllim-şagird münasibətlərində etimadın azalmasına səbəb ola bilər. Şagird müəllimin qanuni və pedaqoji baxımdan əsaslandırılmış tələblərinə əməl etmək əvəzinə valideyninin müdafiəsinə arxalanmağa başlayırsa, onda məsuliyyət və intizam anlayışlarının formalaşması da çətinləşir.

Belə davranışlar müəllimlərin peşəkar müstəqilliyinə, sinifdə vahid tələblərin tətbiqinə və digər şagirdlərə bərabər münasibət göstərilməsinə də mənfi təsir edə bilər. Ümumiyyətlə, müəllimin vaxtının tədris prosesindən daha çox münaqişələrin həllinə sərf olunması təhsilin səmərəliliyini azalda bilər".

Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!
Son xəbərlərDaha çox