Valideynlərin təhsil prosesində iştirakı uşağın inkişafında mühüm rol oynayır.
Lakin bəzən övladına dəstək olmaq istəyən valideynlər məktəbin fəaliyyətinə, müəllimin işinə və tədris prosesinə müdaxilə edərək problemlərə səbəb olurlar.
Bəs valideynlər ən çox hansı səhvlərə yol verirlər və bu davranışlar uşaqların təhsilinə necə təsir göstərir?
AzEdu.az mövzu ilə bağlı təhsil mütəxəssisləri arasında sorğu keçirib.
Sorğumuza cavab verən İlqar Orucov qeyd edib ki, ən böyük xəta valideynlərin məktəbin daxili metodoloji və akademik müstəqilliyinə müdaxilə etmək cəhdləridir:

"Elmi-pedaqoji yanaşmada ailə ilə məktəbin tərəfdaşlığı tədrisin effektivliyini şərtləndirən əsas amillərdən biridir. Lakin bu münasibətlərin institusional çərçivələri və sərhədləri dəqiq qorunmadıqda, valideynlərin təhsil prosesinə qeyri-peşəkar müdaxiləsi təhsil ekosistemində ciddi uyğunsuzluq yaradır. Monitorinqlər göstərir ki, valideynlərin müsbət dəstək missiyasından kənara çıxaraq tədris prosesinin daxili mexanizmlərinə birbaşa və ya dolayısı ilə mane olması halları var və bu tendensiya təəssüf ki, son illərdə artmaqdadır. Bu müdaxilələr zamanı yol verilən ən ciddi səhvləri və onların doğurduğu fəsadları konseptual olaraq bir neçə qrupda cəmləşdirmək olar.
Birinci və ən böyük xəta, valideynlərin məktəbin daxili metodoloji və akademik müstəqilliyinə müdaxilə etmək cəhdləridir. Bəzi valideynlər müəllimin tədris metodikasını, qiymətləndirmə meyarlarını, dərs daxilində tətbiq etdiyi pedaqoji fəaliyyət növlərini subyektiv meyarlarla sorğulayır, rəhbərlikdən və ya müəllimdən proqramın gedişatını fərdi istəklərə uyğun dəyişməyi tələb edirlər. Bu cür davranışlar təhsil müəssisəsinin və müəllimin peşəkar nüfuzunu şagirdin gözündə zəiflədir, sinif daxilində nizam-intizamın pozulmasına birbaşa səbəb olur. Qiymətləndirmənin şəffaflığını və obyektivliyini qəbul etməmək, müəllimdən övladına qarşı subyektiv güzəştlər tələb etmək məktəbin bərabərhüquqlu və ədalətli mühit prinsipinə birbaşa zərbə vurur.
İkincisi, valideynlərin şagird üzərində qurduğu həddindən artıq akademik təzyiq və yanlış himayəçilik yanaşmasıdır. Bu yanaşma zamanı valideyn uşağın şəxsi məsuliyyət zonasını mənimsəyir - ev tapşırıqlarını onun əvəzinə icra edir, uşağın məktəbdə qarşılaşdığı ən xırda sosial və ya akademik çətinliyi böyüklərin inzibati müdaxiləsi ilə həll etməyə çalışır. Pedaqoji psixologiyada sübut edilmişdir ki, bu növ müdaxilələr şagirdlərdə müstəqil qərar qəbul etmə bacarığını məhdudlaşdırır, onlarda özünəinamsızlıq sindromu yaradır və daxili motivasiyanı sıfırlayır. Uşaq öz akademik uğur və ya uğursuzluğunun məsuliyyətini dərk edə bilmir, çünki onun yerinə bütün idarəetməni valideyn icra edir.
Üçüncüsü isə, rəqəmsal ünsiyyət vasitələrinin və valideyn icmalarının təhsil mühitinə destruktiv təsiridir. Müasir dövrdə valideynlərin dərslərin gedişatına mane olduqları ən aktiv platformalar məhz bu qeyri-rəsmi müzakirə məkanlarıdır. Məktəb mühitində baş verən və peşəkar təmkinlə həll olunmalı olan kiçik bir hadisənin rəqəmsal qruplarda emosional şəkildə böyüdülməsi, pedaqoji heyətə qarşı kollektiv təzyiq kampaniyasına çevrilməsi məktəbin korporativ mədəniyyətini zədələyir. Belə vəziyyətlərdə müəllimlər öz diqqət və enerjilərini dərsin keyfiyyətinə, metodiki hazırlığa deyil, valideynlərdən gələn süni rəqəmsal təzyiqlərin və gərginliyin idarə olunmasına sərf etmək məcburiyyətində qalırlar ki, bu da birbaşa tədrisin fasiləsizliyinə xələl gətirir.
Hesab edirəm ki, təhsilin keyfiyyətli və dünyəvi standartlar səviyyəsində qorunması üçün ailə-məktəb münasibətlərində birmənalı olaraq funksional tərəfdaşlıq və hüquqi məsafə prinsipi rəhbər tutulmalıdır. Valideyn anlamalıdır ki, məktəb rəsmi bir dövlət təsisatıdır və uşaq onun fərdi mülkiyyəti deyil, dövlətin gələcək vətəndaşıdır. Valideynin rolu dərsi idarə etmək deyil, ev mühitində uşağın intizamına dəstək vermək, onun məktəb qaydalarına qeyd-şərtsiz riayət etməsini təmin etmək və təhsil müəssisəsi ilə pozitiv dialoq qurmaqdır. Məktəb rəhbərliyi isə daxili nizam-intizam qaydalarının aliliyini qorumalı, valideynlərin tədris idarəetməsinə müdaxilə etmək cəhdlərinin qarşısını inzibati və hüquqi mexanizmlərlə qətiyyətlə almalıdır. Yalnız hər bir subyektin öz səlahiyyət və vəzifə sərhədlərinə hörmətlə yanaşdığı bir ekosistemdə sağlam, tolerant və rəqabətədavamlı şəxsiyyətlərin yetişdirilməsi mümkün ola bilər".
Ramin Nurəliyev vurğulayıb ki, valideynlərin ən böyük səhvlərindən biri övladını müdafiə etmək adı ilə şagirdlərin qarşısında müəllimin nüfuzuna xələl gətirmələridir:

"Mən bunu iki istiqamətdə izah etməyə çalışacağam: birincisi, valideynin təhsilə, ikincisi isə məktəbə müdaxiləsi.
Valideynin təhsilə müdaxiləsi dedikdə, xüsusilə ixtisas seçimini diqqətə çatdırmaq istəyirəm. Təəssüf ki, bəzi hallarda valideynlər övladlarının seçimlərinə biganə qalaraq öz istək və arzularını ön plana çəkməyə çalışırlar. Məsələn, uşaq kompüter mühəndisi olmaq istəyir, valideyn isə deyir: “Xeyr, bizim nəsildə həkim olmayıb. Sən həkim olmalısan”.
Valideyn öz seçimi ilə uşağın gələcəyini müəyyənləşdirmək istəyir. Təəssüf ki, belə hallar da baş verir. Valideynin seçimi ilə uşağın seçimi üst-üstə düşdükdə problem yaranmır. Lakin onların seçimləri fərqli olduqda müəyyən çətinliklər ortaya çıxır.
Məsələn, valideyn övladının tibb sahəsini seçməsini istəyir, uşaq isə kompüter mühəndisi olmaq arzusundadır. Bu zaman uşaq valideynin təkidi ilə IV ixtisas qrupunu seçir, lakin həmin qrup üzrə uğur qazana bilmir və müvafiq balı toplaya bilmir. Nəticədə nə həkim, nə də kompüter mühəndisi ola bilir və bu, ciddi problemlərə yol açır.
Belə hallar uşağın həm gələcək karyerasına mənfi təsir göstərir, həm də onun peşəkar inkişafına mane olur. Hətta uşaq valideyninin istədiyi ixtisasa qəbul olunsa belə, həmin sahəyə həvəssiz yanaşdığı və bu peşəni özü seçmədiyi üçün gələcəkdə uğurlu karyera qurmaqda çətinlik çəkə bilər.
İkinci məsələ valideynin məktəbə, xüsusilə də müəllimə müdaxiləsidir. Bəs bu müdaxilə necə formalaşır? Məsələn, dərs zamanı şagird yaxşı oxumadıqda, nadinclik etdikdə və ya başqa bir qayda pozuntusuna yol verdikdə müəllim ona sərt söz deyə və ya müəyyən intizam tədbiri görə bilər. Bu zaman valideyn nə edir? Gəlib müəllimin üstünə düşür: “Sən kimsən ki, mənim uşağımı danlayırsan? Mən öz uşağımı vurmamışam, sənə bu hüququ kim verib?” və sair. Hətta bəzi hallarda alçaldıcı ifadələrdən də istifadə olunur.
Bu məsələ birmənalı şəkildə anlaşılmalıdır. Valideyn müəllimin davranışı ilə bağlı hər hansı iradını bildirmək istəyirsə, fərdi qaydada onunla görüşməli və məsələni aydınlaşdırmalıdır. Lakin şagirdlərin qarşısında müəllimə qarşı alçaldıcı ifadələr işlətməməli, onun nüfuzuna xələl gətirən davranışlara yol verməməlidir. Valideyn bunu bilməlidir.
Təəssüf ki, bu halları bütün valideynlərə şamil etmək olmaz, amma bəzi valideynlər öz davranışlarına lazımi diqqət yetirmədən şagirdlərin qarşısında müəllimə qarşı kobud ifadələr işlədə bilirlər. Bu isə məktəbin ümumi tədris prosesinə mane olan və ona ciddi mənfi təsir göstərən davranışlardan biridir. Belə hallar yolverilməzdir və müəllimin nüfuzuna zərər vurur.
"Müəllim hər zaman haqlıdır" yanaşmasını əsas götürmək lazımdır. Əgər müəllim şagirdə irad bildirirsə və ya hər hansı intizam tədbiri görürsə, bu, bir çox hallarda onun şagirdə qayğısından və daha yaxşı oxumasını istəməsindən qaynaqlanır. Valideyn də məsələyə bu prizmadan yanaşmalı və müəllimin davranışının səbəbini anlamağa çalışmalıdır".
Rəşad Cabbarın sözlərinə görə, valideynin övladına dəstəyi müəllimin işinə müdaxiləyə çevrilməməlidir. Müəllim pedaqoqdur və hansı uşaqla necə davranacağını bilir:

“Valideynlərin şagirdlərə və təhsil prosesinə təsirindən danışarkən, məncə, bu təsiri iki yerə ayırmaq olar: birbaşa və dolayı təsir. İlk növbədə, dolayı təsirdən danışmaq istəyirəm. Məsələn, bir çox valideyn bunu başa düşmür, amma uşaqları smartfonlarla təmin etmək də dolayı təsir formalarından biridir.
Görürük ki, ibtidai sinifdə oxuyan və ya fərqli yaş qruplarına aid olan uşaqların, demək olar ki, hamısının bahalı telefonları var. Öz telefonlarından əlavə, evdə planşetləri və noutbukları da olur. Valideyn düşünür ki, bunları uşağın təhsili üçün alır, uşaq telefon və kompüter vasitəsilə məktəbin tələb etdiyi bilikləri öyrənir. Amma əslində, belə olmur. Uşaq öyrənmək əvəzinə həmin telefonlara aludə olur.
Bu isə təbii ki, uşağın tədrisinə, təhsil prosesinə və öyrəndiklərini qavramasına birbaşa təsir göstərir. Lakin valideyn bunu hər zaman anlamır. Halbuki uşaqları telefon və smartfonlarla bu şəkildə təmin etmək onları təhsildən uzaqlaşdıra bilər. Bu da valideynlərin tədris prosesinə dolayı yolla müdaxiləsinin bir formasıdır.
İkinci formaya gəlincə, birbaşa təsir dedikdə şagirdlərin geyim məsələsini misal göstərmək olar. Bu, son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Bildiyimiz kimi, yeni qərara əsasən, şagirdlərin geyim formalarında dəyişiklik edilib.
Lakin bəzi valideynlər uşaqlarının geyimini dəyişməməsi üçün israr edir və onları tədris prosesindən yayındırırlar. Valideyn mövqeyini belə ifadə edir: ya uşaq bizim istədiyimiz, ailəmizin qəbul etdiyi geyimdə məktəbə gedəcək, ya da ümumiyyətlə, məktəbə getməyəcək. Nəticədə, uşaq dərsdən yayındırılır. Bu da tədris prosesinə birbaşa müdaxilədir.
Son illərə nəzər salsaq, istər birbaşa, istərsə də dolayı yolla valideynlərin şagirdlərə və ümumilikdə təhsil prosesinə müdaxiləsinin xeyli artdığını görərik. Bəzi valideynlər, xüsusilə də ibtidai siniflərdə oxuyan şagirdlərin valideynləri bu məsələdə israr edirlər. Son illərdə ikinci, üçüncü və dördüncü sinif şagirdlərinin valideynləri, hətta nənələri dəfələrlə mənə müraciət edərək dərsin əvvəlindən sonuna qədər sinifdə oturmaq istədiklərini bildiriblər.
Düzdür, məktəb rəhbərliyinin və müəllimin razılığı olarsa, valideynlərin dərsdə iştirakına icazə verilə bilər. Amma bu qədər müdaxilə də düzgün deyil. Valideynin gəlib bir saat ərzində dərsi müşahidə etmək, müəllimi və şagirdləri dinləmək hüququ ola bilər. Lakin dərs prosesinə nəzarəti müəllim həyata keçirir.
Amma görürük ki, valideynlər müəllimlərin işinə də ciddi müdaxilə edirlər. Hətta müəllimlərə təsir göstərməyə çalışırlar: “Müəllim, bunu belə edin, bizim uşaq belədir, onunla bu cür davranın, o cür edin”. Başa düşmürlər ki, müəllimə bunları deməklə nəyisə dəyişmirlər. Müəllimin öz metodikası var. O, ali təhsilli mütəxəssis, pedaqoqdur və hansı uşaqla necə davranmağı bilir.
Valideynlərin tədris prosesinə bu cür müdaxiləsinə əsasən ibtidai siniflərdə rast gəlinir. Yuxarı siniflərdə isə qeyd etdiyim digər müdaxilə formaları ilə qarşılaşırıq. Bu halların qarşısını almaq lazımdır. Əvvəllər belə hallar geniş yayılmamışdı.
15-20 il əvvəl valideynlər tədris prosesinə, ümumiyyətlə, bu qədər müdaxilə etmir, qarışmırdılar. Çünki o vaxt valideynlər uşaqları indiki kimi telefonlarla təmin etmirdilər. İndi isə hər uşağın telefonu, planşeti, evdə noutbuku, hətta “PlayStation”ı var. Sonra da valideyn deyir: “Mən bunları uşağım üçün edirəm”. Bəs bundan artıq necə müdaxilə etmək olar?”.
Elmin Nuri bildirib ki, valideynlər tədris prosesinin özündən daha çox kənar məsələlərə müdaxilə edirlər:

“Valideynlərin təhsilə müdaxiləsi son zamanlar daha kritik hal alıb. Sosial şəbəkələrin, xüsusilə TikTok, Instagram və WhatsApp qrup və kanallarının daha geniş istifadəsi valideynlərin nəzarətini və müdaxiləsini də artırıb. Bəli, nəzarət vacib mexanizmdir, ictimai nəzarət vacibdir. Amma bu, qaydasında və həddində olmalıdır.
Bu gün, təəssüf ki, valideynlər tədris prosesinin özündən daha çox kənar məsələlərə müdaxilə edirlər. Bu, özünü, məsələn, müəllimlərlə bağlı müəyyən jestlərdə və dərsdənkənar qərarlarda göstərir. Hər dəfə bir-iki valideyn özünü xüsusi fərqləndirərək, bir qrupun lideri, başçısı kimi göstərir və hər hansı təşəbbüslə çıxış edir.
Mən şəxsən bunu artıq müdaxilə hesab edirəm. Məsələn, bir neçə valideynin önə çıxaraq hər hansı təşəbbüs göstərməsi yaxşı haldır. Bəs bu, hansı hallarda baş verə bilər? Tədris prosesinin keyfiyyəti aşağı düşəndə, məktəbdə uşaqlar bullinqə məruz qalanda və sair. Belə hallarda valideynlər önə keçməli və digər valideynləri də təşviq etməlidirlər.
Biz bunu görmürük. Bəs nəyi görürük? Görürük ki, 8 Marta və Yeni ilə hələ bir ay qalmış hansısa valideyn WhatsApp qrupunda təmtəraqlı şəkildə mesaj yazır. Özü də xahiş tonunda deyil, əmr tonunda: “Qərar verildi, bu qədər məbləğdə pul yığılır”. Kim qərar verdi? Qərarı sən vermisən, sən kimsən?
Bu cür məsələlərin təhsildə qarşısı alınmalıdır. Çünki bu prosesdə iştirak etməyən valideyn və şagird, belə deyək, az qala kənarlaşdırılmış, təcrid olunmuş hesab edilir. Bu isə həmin şagirdin təhsildəki psixoloji ovqatına ciddi təsir göstərir.
İkinci məsələ isə budur ki, valideyn bəzi hallarda gecikir, bəzi hallarda isə həddindən artıq tələsir. Məsələn, bullinq hadisəsi baş verəndə müdaxilə etməyən valideyn müəllimin şagirdə xoşməramlı iradı zamanı dərhal fərqli reaksiya göstərir.
Bu gün valideyn əlindəki telefona çox güvənir. Bəli, hamımız bilirik ki, dünya sosial şəbəkələr dünyasıdır. Bu gün influencerlər informasiyanı milyonlarla insana çatdıra bilirlər. Amma bu, o demək deyil ki, valideyn məktəbdə baş verən ən xırda hadisəni belə, xüsusi təşəbbüs göstərərək sosial şəbəkələrdə paylaşmalıdır.
Bəli, ciddi problemlər həm sosial şəbəkələrdə işıqlandırılmalı, həm də qanun qarşısında öz həllini tapmalıdır. Amma valideyn hər neqativ hadisəni ciddi müzakirə mövzusuna çevirəndə bu, tədris prosesinə mənfi təsir göstərir”.
Vüsət Əzizovun düşüncəsinə görə, valideynlərin yol verdiyi ən ciddi səhvlərdən biri övladının hər bir davranışına haqq qazandırması və müəllimi avtomatik olaraq günahkar hesab etməsidir:

“Valideynlərin övladlarının təhsilində iştirak etməsi olduqca vacibdir. Lakin burada əsas məsələ valideynin təhsilə müdaxilə etməsi deyil, bu müdaxilənin hansı formada həyata keçirilməsidir. Valideyn məktəblə əməkdaşlıq etdikdə uşağın inkişafına ciddi töhfə verir, məktəbin fəaliyyətinə əsassız müdaxilə etdikdə isə tədris prosesinə mane ola bilər.
Valideynlərin yol verdiyi ən ciddi səhvlərdən biri övladının hər bir davranışına haqq qazandırması və müəllimi avtomatik olaraq günahkar hesab etməsidir. Məsələn, şagird dərsə hazırlaşmır, intizam qaydalarını pozur və ya qiymətləndirmə zamanı zəif nəticə göstərir. Valideyn isə səbəbləri araşdırmaq əvəzinə dərhal müəllimə qarşı ittihamlar irəli sürür. Bu yanaşma uşağın öz məsuliyyətini dərk etməsinə mane olur. Şagird zamanla düşünür ki, hansı səhvi etməsindən asılı olmayaraq, valideyni onu müdafiə edəcək və məsuliyyət başqasının üzərinə qoyulacaq.
İkinci ciddi problem valideynlərin müəllimin peşəkar fəaliyyətinə əsassız müdaxilə etməsidir. Bəzi valideynlər dərsin necə keçirilməli olduğunu, müəllimin hansı üsuldan istifadə etməli olduğunu, şagirdə hansı tapşırığın verilməli olduğunu özləri müəyyənləşdirməyə çalışırlar. Təbii ki, valideynin təklif vermək, narahatlığını bildirmək və övladının hüquqlarını müdafiə etmək hüququ var. Ancaq bu hüquq müəllimin peşəkar səlahiyyətlərini əvəz etmək demək deyil.
Digər mühüm məsələ qiymətləndirmə ilə bağlıdır. Bəzi valideynlər övladının biliyindən daha çox aldığı qiymətlə maraqlanır, aşağı qiyməti qəbul etmir və müəllimdən nəticəni dəyişməyi tələb edirlər. Halbuki qiymət uşağın bilik və bacarıqlarının müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilməsinin nəticəsi olmalıdır. Valideynin təzyiqi ilə qiymətin dəyişdirilməsi yalnız müəllimin nüfuzuna deyil, məktəbdə ədalətli qiymətləndirmə prinsipinə də zərər vurur.
Valideynlərin tədris prosesinə mane olduğu digər hallar da var. Müəllimin nüfuzunu uşağın yanında aşağı salmaq. Valideyn evdə müəllimi təhqir edir və ya onun qərarlarını məsxərəyə qoyursa, şagirdin müəllimə etimadı zəifləyə bilər.
Məktəbin daxili qaydalarını qəbul etməmək halı da var. Davamiyyət, intizam, məktəbli forması və digər ümumi qaydalara münasibətdə əsassız istisnalar tələb etmək məktəbdə vahid yanaşmanı çətinləşdirir.
Müəllimə təzyiq göstərmək və münaqişəni ictimailəşdirməklə hədələmək hallarına da rast gəlinir. Problemi araşdırmadan sosial şəbəkələrdə paylaşmaq və ya rəhbərliyə təzyiq vasitəsi kimi istifadə etmək obyektiv araşdırmaya mane ola bilər.
Uşağın əvəzinə bütün qərarları valideyn tərəfindən verilməsi də düzgün yanaşma deyil. Şagirdin hər çətinliyini valideyn həll etdikdə, uşaq müstəqil düşünmək, səhvlərindən nəticə çıxarmaq və məsuliyyət daşımaq imkanını itirir.
Bəzən valideyn məktəbdən yalnız yüksək nəticə tələb edir. Uşağın psixoloji vəziyyətini, fərdi imkanlarını və öyrənmə ehtiyaclarını nəzərə almadan davamlı təzyiq göstərmək onun təhsilə marağını azalda bilər.
Bununla yanaşı, valideynin hər etirazını məktəbə müdaxilə kimi qiymətləndirmək də doğru deyil. Müəllimin qeyri-obyektiv qiymətləndirməsi, şagirdə qarşı kobud davranışı, ayrı-seçkilik və ya təhlükəsizliklə bağlı problem varsa, valideyn məsələyə müdaxilə etməli, araşdırma və həll tələb etməlidir. Burada əsas fərq ondan ibarətdir ki, əsaslandırılmış etiraz uşağın hüquqlarını qoruyur, əsassız təzyiq isə tədris mühitinə zərər verir.
Məktəb-valideyn münasibətlərində qarşıdurma deyil, əməkdaşlıq mədəniyyəti formalaşdırılmalıdır. Bunun üçün valideynlər, müəllimlər və məktəb rəhbərliyi arasında aydın ünsiyyət mexanizmləri yaradılmalı, şikayətlər emosiyalar əsasında deyil, faktlar və müəyyən edilmiş prosedurlar çərçivəsində araşdırılmalıdır. Müəllim də öz növbəsində valideynə övladının inkişafı, çətinlikləri və nəticələri barədə mütəmadi məlumat verməlidir.
Ən vacib məqam budur ki, məktəb və valideyn bir-birinin rəqibi deyil. Onların ortaq məqsədi uşağın keyfiyyətli təhsil alması, şəxsiyyət kimi formalaşması və məsuliyyətli insan kimi yetişməsidir. Valideyn məktəbin işini idarə etməyə deyil, övladının təhsilinə düzgün dəstək verməyə çalışmalıdır. Müəllim də valideynin narahatlığını rəqib mövqeyi kimi deyil, əməkdaşlıq üçün bir fürsət kimi görməlidir".
Rizvan Fikrətoğlu bildirib ki, valideynin müəllim haqqında mənfi fikirlər səsləndirməsi və ya uşağın bütün problemlərində müəllimi günahlandırması istər-istəməz şagirdin təlim prosesinə münasibətinə mənfi təsir göstərə bilir:

"Müasir təhsil sistemində valideyn-məktəb əməkdaşlığı şagirdlərin akademik nailiyyətlərinin, sosial davranışlarının və şəxsiyyət kimi formalaşmasının əsas şərtlərindən biri hesab olunur. Lakin bu əməkdaşlıq düzgün qurulmadıqda, valideynlərin tədris prosesinə əsassız müdaxiləsi müəllimin fəaliyyətinə, məktəbdə intizamın qorunmasına və təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər.
Hesab edirəm ki, problemin əsas mahiyyəti valideynin təhsildə iştirakında deyil, bu iştirakın sərhədlərinin və məsuliyyət çərçivəsinin düzgün müəyyən edilməməsindədir. Valideynlər bir sıra səhvlərə yol verirlər. Bunlardan ən ciddisi pedaqoji fəaliyyət haqqında kifayət qədər məlumat toplamadan və lazımi təcrübəyə malik olmadan mühakimə yürütmək, eləcə də uşağın yanında müəllimin nüfuzunu sarsıtmaqdır. Valideynin müəllim haqqında mənfi fikirlər səsləndirməsi, onun qərarlarını əsassız şəkildə tənqid etməsi və ya uşağın bütün problemlərində müəllimi günahlandırması istər-istəməz şagirdin təlim prosesinə münasibətinə mənfi təsir göstərə bilir.
Digər mühüm problem qiymətləndirmə prosesinə müdaxilədir. Bəzi hallarda valideynlər uşağın real bilik və bacarıqlarını deyil, yüksək qiymət almasını əsas məqsəd kimi qəbul edir, müəllimdən qiymətin dəyişdirilməsini və ya övladına xüsusi güzəştlər edilməsini tələb edirlər. Bu cür yanaşma obyektiv qiymətləndirmə prinsipini zəiflədir və şagirdlər arasında ədalətlilik hissinə xələl gətirə bilər.
Valideynin uşağın əvəzinə ev tapşırıqlarını yerinə yetirməsi, hər çətinliyi onun əvəzinə həll etməsi və müstəqil öyrənmə bacarıqlarının inkişafına imkan verməməsi də ciddi pedaqoji səhv hesab oluna bilər. Belə vəziyyətlərdə müəllim şagirdin həqiqi bilik səviyyəsini müəyyənləşdirməkdə çətinlik çəkir. Bununla yanaşı, dərs zamanı müəllimin fəaliyyətinə müdaxilə etmək, tədris metodlarını şəxsi istəyinə uyğun dəyişdirməyə çalışmaq, məktəbdaxili intizam qaydalarının tətbiqinə əsassız mane olmaq və münaqişələri araşdırılmamış ittihamlarla sosial şəbəkələrdə ictimailəşdirmək sağlam təhsil mühitini zəiflədən davranışlar sırasındadır.
Məktəbin tədris prosesinə müdaxilənin nəticələrindən danışsaq, valideynlərin qeyri-sağlam müdaxiləsi ilk növbədə müəllim-şagird münasibətlərində etimadın azalmasına səbəb ola bilər. Şagird müəllimin qanuni və pedaqoji baxımdan əsaslandırılmış tələblərinə əməl etmək əvəzinə valideyninin müdafiəsinə arxalanmağa başlayırsa, onda məsuliyyət və intizam anlayışlarının formalaşması da çətinləşir.
Belə davranışlar müəllimlərin peşəkar müstəqilliyinə, sinifdə vahid tələblərin tətbiqinə və digər şagirdlərə bərabər münasibət göstərilməsinə də mənfi təsir edə bilər. Ümumiyyətlə, müəllimin vaxtının tədris prosesindən daha çox münaqişələrin həllinə sərf olunması təhsilin səmərəliliyini azalda bilər".
Elçin Əfəndiyevin fikrincə, valideynlərin tədrisin təşkili, dərslərin hansı formatda keçirilməsi, müəllimlərin işə qəbulu və bu kimi məsələlərə kənardan müdaxilə etməsi doğru deyil:

"Valideynlərin tədris və ümumilikdə təhsil prosesinə müdaxiləsi, xüsusi hallar istisna olmaqla, doğru deyil. Həmin xüsusi hallar məktəblə bağlı qərarların qəbulu, məktəbdaxili və ya sinifdaxili idarəetmə məsələləri ilə əlaqəli ola bilər. Məsələn, valideynlər ianə toplanması, bir neçə valideynin bir araya gələrək ianə hesabına məktəbin və ya övladlarının təhsil aldığı sinfin təmirinə və digər bu kimi işlərə dəstək göstərilməsi məsələlərində fikir bildirə bilərlər.
Lakin tədrisin təşkili, dərslərin hansı formatda keçirilməsi, müəllimlərin işə qəbulu və bu kimi məsələlərə kənardan müdaxilə etmək doğru deyil. Eyni zamanda, təhsil prosesində, övladlarının oxuduğu siniflərdə müəyyən pul yığımlarının həyata keçirilməsi də, təəssüf ki, geniş yayılmış hallardandır. Bu yığımlar əsasən valideyn komitələri tərəfindən təşkil olunur. Bəzi valideynlər məhz belə hallarda daha fəal iştirak edirlər.
Məncə, bunlar doğru yanaşmalar deyil. Valideynlər çalışmalıdırlar ki, yalnız hər hansı çatışmazlıq olduqda öz fikirlərini bildirsinlər. Ümumiyyətlə, məktəbin fəaliyyətində valideynlərlə işləmək, onların fikirlərini öyrənmək, düşünürəm ki, vacibdir. Lakin valideynlərin təhsil prosesinə müdaxiləsinə yol verilməməlidir".
Səbuhi Abdullayevin sözlərinə görə, valideyn övladını müdafiə etmək adı ilə müəllimi alçaltmamalıdır. Müəllimin nüfuzuna xələl gətirən belə davranışlar təkcə tədris prosesinə deyil, şagirdin şəxsiyyət kimi formalaşmasına da mənfi təsir göstərir:

“Təhsilin daha keyfiyyətli olması üçün müəllim, şagird və valideyn üçlüyü vəhdət halında çalışmalıdır. Bu zaman daha tez nailiyyət əldə etmək, eyni zamanda yaranan problemlərin qarşısını daha tez almaq mümkündür. Lakin bununla yanaşı, valideynlərin tədris prosesinə, dərsə və müəllimə müdaxiləsi təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Belə ki, şagirdlərin davranış qaydalarına əməl etməməsi və özlərini düzgün apara bilməməsi hallarında müəllim əvvəlcədən müəyyən tədbirlər görə, şagirdi danlaya və ya tənbeh edə bilər. Bu zaman isə bəzi valideynlərin müəllimin fəaliyyətinə müdaxilə etdiyini görürük. Onlar müəllimə irad bildirərək övladlarının belə davranışlara yol vermədiyini iddia edirlər.
Valideyn müəllimin şagirdə tətbiq etdiyi tənbeh tədbirinin onun gələcəyi üçün faydalı olduğunu başa düşsə və məsələyə düzgün yanaşsa, bu, öz müsbət təsirini göstərə bilər. Lakin bəzi hallarda valideyn övladını da özü ilə apararaq müəllimi direktorun yanında alçaltmağa çalışır. Bu kimi hallar ümumi təhsil sisteminə xələl gətirməklə yanaşı, şagirdin təhsilinə və cəmiyyətdə şəxsiyyət kimi formalaşmasına da mənfi təsir göstərir.
Düşünürəm ki, əvvəllər dədə-babalarımızın dövründə olduğu kimi, müəllimin dediyi sözlər valideynlər tərəfindən qəbul edilməli, şagirdə müəllimin haqlı olduğu izah edilməli idi. Bu cür yanaşma ilə, ümumiyyətlə, şagirdlərin böyüklərə qarşı nəzakətli davranması və onlara hörmətlə yanaşması düzgün şəkildə tənzimlənsə, belə halların qarşısını almaq mümkün olar”.
Orxan Bəyovun düşüncəsinə görə, valideynlərin ən ciddi səhvlərindən biri uşağın nə öyrəndiyindən daha çox, neçə bal topladığına diqqət yetirməsidir:
"İlk növbədə qeyd etmək istərdim ki, valideynlərin övladlarının təhsilində fəal iştirakı təqdirəlayiqdir və keyfiyyətli təhsilin vacib şərtlərindən biridir. Problem valideynin təhsilə müdaxilə etməsində deyil, bu müdaxilənin məqsədində və formasındadır. Azərbaycan təhsil mühitində bir neçə ciddi səhvi xüsusilə vurğulamaq istərdim.
Məqsədin əvəzlənməsi - öyrənmənin deyil, nəticənin prioritetləşdirilməsi.
Valideynlərin ən ciddi səhvlərindən biri uşağın nə öyrəndiyindən daha çox, neçə bal topladığına diqqət yetirməsidir. Nəticədə problem həll etmə, tənqidi düşünmə, müstəqil qərarvermə və öyrənmə bacarıqları arxa plana keçir. Halbuki yüksək imtahan nəticəsi həmişə keyfiyyətli öyrənmənin göstəricisi deyil.
Məktəbin və müəllimin nüfuzunun sarsıdılması.
Valideynlərin evdə müəllimi davamlı tənqid etməsi, onun peşəkarlığını uşağın yanında alçaltması şagirdin müəllimə olan etimadını zəiflədə bilər. Müəllimin metodikasını sorğulamaq valideynin hüququdur, lakin bunu uşağın gözündə müəllimi etibarsızlaşdırmaqla etmək pedaqoji münasibətlərə zərər verir. Müəllimə etibar etməyən şagirdin təlim prosesinə münasibəti də mənfi istiqamətdə dəyişə bilər.
Şagirdin müstəqilliyinin əlindən alınması - helikopter valideynlik.
Uşağın hər problemini valideynin həll etməsi, onun yerinə qərar verməsi, səhvlərinə dözümsüz yanaşması uşağın özünüidarəetmə və məsuliyyət bacarıqlarının inkişafına mane olur. Beləliklə, valideyn uşağın uğur qazanmasına kömək etdiyini düşünərkən, əslində onun müstəqil öyrənmə imkanlarını məhdudlaşdıra bilər.
Təhsilin davamlı rəqabətə çevrilməsi.
Azərbaycan təhsil mühitində diqqət çəkən problemlərdən biri uşaqların erkən yaşlardan etibarən davamlı yarışdırılmasıdır. Valideynlər bəzən övladlarının fərdi inkişafını deyil, digər uşaqlardan nə qədər öndə olduğunu əsas götürürlər. Bu isə öyrənmə marağını zəiflədə, uğursuzluq qorxusunu və performans narahatlığını artıra bilər. Uşaq öyrənmək üçün deyil, başqalarını keçmək üçün çalışmağa başlayır.
Məktəbin inkişaf mühiti deyil, imtahana hazırlıq mərkəzi kimi görülməsi.
Valideynlərin bir qismi məktəbin keyfiyyətini yalnız imtahan nəticələri ilə qiymətləndirir. Nəticədə məktəbdən daha çox test, sınaq və yüksək bal tələb olunur. Bu yanaşma müəllimləri də bəzən bacarıq əsaslı tədrisdən uzaqlaşdıraraq imtahana hazırlığa yönəldir. Halbuki məktəbin əsas funksiyası yalnız imtahanda uğurlu şagird deyil, düşünən, araşdıran və öyrəndiklərini həyatda tətbiq edə bilən insan yetişdirməkdir.
Pedaqoji qərarlara qeyri-peşəkar müdaxilə.
Valideynin müəllimdən övladına xüsusi münasibət tələb etməsi, qiymətləndirməyə təzyiq göstərməsi, dərsin məzmununu və metodikasını şəxsi gözləntilərinə uyğun dəyişdirməyə çalışması tədris prosesinin obyektivliyini poza bilər. Valideyn məktəbdən hesabatlılıq tələb etməlidir, lakin pedaqoji qərarları öz üzərinə götürməməlidir.
Uşağın inkişafını öz sosial nüfuzunun göstəricisinə çevirmək.
Bəzən valideyn üçün övladının uğuru onun şəxsi uğurunun, uğursuzluğu isə öz valideynlik bacarığının göstəricisinə çevrilir. Belə hallarda uşaq öz potensialını reallaşdırmaqdan çox, valideyninin gözləntilərini doğrultmaq məcburiyyətində qalır. Bu isə uşağın fərdi maraqlarının və ehtiyaclarının nəzərə alınmamasına səbəb ola bilər.
Qısacası, valideynin müdaxilələri məktəbin yerinə keçməməli, məktəblə birlikdə uşağın inkişafına xidmət etməlidir".
Məzahir Məmmədli vurğulayıb ki, valideyn komitələri məktəblə əməkdaşlıq vasitəsi olmaq əvəzinə, bəzi hallarda məktəbin nüfuzuna xələl gətirən və tədris prosesinə müdaxilə edən quruma çevrilirlər:

"Ümumiyyətlə, “Təhsil haqqında” Qanunun 3 maddəsində valideynlərlə birgə işin qurulması ilə bağlı məktəbin öhdəlikləri nəzərdə tutulur və bu əməkdaşlığın qurulması nizamnaməyə zidd deyil. Ancaq təəssüf ki, bizdə valideyn-məktəb münasibətləri heç də həmişə nizamnamədə və “Təhsil haqqında” Qanunun müvafiq müddəalarında nəzərdə tutulduğu kimi qurulmur. Bəzi hallarda məktəb valideynlərlə müəyyən məsafə saxlayır, bəzi hallarda isə valideynlər məktəbin hər işinə müdaxilə edirlər. Bu da məktəbin adının mənfi hallanmasına səbəb olur.
Məlumdur ki, bayramlar və ya əlamətdar günlər ərəfəsində valideyn komitələri adlandırılan qruplar fəaliyyət göstərir. Halbuki bunlar nizamnamədə nəzərdə tutulmayan, sadəcə özlərini bu cür adlandıran qruplardır. Belə qruplar bəzi hallarda məktəblərin nüfuzuna xələl gətirirlər.
Bununla yanaşı, elə məktəblər də var ki, valideynlərlə münasibətlərini düzgün qura biliblər. Qeyd etməliyik ki, valideyn-məktəb münasibətləri sağlam əsaslarla qurulduqda valideynlər məktəbə müxtəlif məbləğlərdə ianələr də verə bilərlər və bu, nizamnaməyə, eləcə də “Təhsil haqqında” Qanuna zidd deyil. Çünki qanunvericilikdə ianələrlə bağlı xüsusi müddəa da mövcuddur.
Lakin bizdə bu anlayış təəssüf ki, düzgün qəbul edilmir və qarşılanmır. Bunun əsas səbəblərindən biri hesabatlılığın olmamasıdır. Əgər məktəb təşəbbüs göstərərək valideynlərlə sağlam əməkdaşlıq qura bilsə, ianələrin toplanması və xərclənməsi ilə bağlı şəffaflığı təmin etsə, vaxtaşırı valideyn iclasları keçirsə və pedaqoji şuralarda valideyn nümayəndəsinin iştirakını təmin etsə, bu münasibətlər daha səmərəli qurula bilər. Bildiyiniz kimi, nizamnamədə və qanunvericilikdə pedaqoji şuranın iclaslarında müəyyən edilmiş qaydada bir valideynin iştirak etməsi də nəzərdə tutulur. Həmin nümayəndə qərarların qəbuluna təsir göstərə bilər".
Əmrah Həsənli qeyd edib ki, valideynlərin yol verdiyi ən ciddi səhvlərdən biri övladlarını öz reallaşdıra bilmədikləri arzu və iddialarının daşıyıcısına çevirmələridir:

"Təhsil prosesində valideyn-məktəb-şagird üçbucağının sağlam qurulması şagirdin gələcək uğurunun əsas zəminidir. Lakin təcrübə göstərir ki, bəzən valideynlərin övladlarının təhsilinə yaxşı niyyətlə etdikləri müdaxilələr, nəticə etibarilə pedaqoji prosesə və uşağın fərdi inkişafına ciddi zərər vurur.
Valideynlərin yol verdiyi ən ciddi səhvlərdən biri övladlarını öz reallaşdıra bilmədikləri arzu və iddialarının daşıyıcısına çevirmələridir. Uşağın maraq, bacarıq və potensialını nəzərə almadan onu mütləq müəyyən bir ixtisasa, yüksək qiymətə və ya həddindən artıq gərgin hazırlıq qrafikinə məcbur etmək, ilk növbədə uşaqda təhsilə qarşı mənfi münasibət və psixoloji gərginlik yaradır. Digər geniş yayılmış səhv isə həddindən artıq qəyyumluqdur. Valideyn uşağın əvəzinə ev tapşırıqlarını edəndə, onun hər bir kiçik çətinliyini özü həll edəndə, uşaqda müstəqil öyrənmə bacarığı, məsuliyyət hissi və tənqidi təfəkkür formalaşmır. Şagird məktəbə bilik qazanmaq üçün deyil, sırf valideyninin tələb etdiyi qiyməti gətirmək üçün getməyə başlayır".