Azedu.az

İştirakçı çox, nəticə az - Təhsil forumlarının əsas PROBLEMİ

Təhsil ekspertləri

8 Oktyabr 2026, 13:04
İştirakçı çox, nəticə az - Təhsil forumlarının əsas PROBLEMİ

Son illərdə təhsil sahəsində müxtəlif mövzuların müzakirə edildiyi forumların sayı artıb.

Bəs təhsil forumlarında əsas boşluqlar nələrdir? 

Mövzu ilə bağlı təhsil mütəxəssisləri arasında sorğu keçirdik.

Sorğumuza cavab verən İlqar Orucov bildirib ki, təhsil forumlarında kəskin problemlərdən biri təhsil idarəçiliyində intellektual mülkiyyət etikasına riayət edilməməsi və peşəkar ideya oğurluğudur:

189779

"Son illərdə istər qlobal miqyasda, istərsə də milli təhsil məkanında fərqli tematik mövzular altında keçirilən konfrans, forum və simpoziumların sayında kəmiyyət baxımından ciddi artım dinamikası müşahidə olunur. Bu elmi platformalar təhsil sisteminin inkişafında, qabaqcıl ideyaların sintezində və beynəlxalq təcrübə mübadiləsinin institusionallaşmasında əvəzsiz rola malikdir. Müasir elmi-pedaqoji mühitdə yüksək peşəkarlıqla təşkil edilən, qarşıya qoyduğu strateji hədəfləri olan və real elmi nəticələr ortaya qoyan faydalı tədbirlər əlbəttə ki, kifayət qədər çoxdur və bu qəbildən olan platformalar dərin elmi fəaliyyətlərin əsas hərəkətverici qüvvəsidir. Lakin digər tərəfdən, bəzi platformaların ümumi müstəvidə səsləndirilən tezislərdən real praktika sahəsinə doğru dəyişikliyi təmin edə bilməməsinin arxasında, müasir idarəetmənin tənqidi prizmasından dərindən təhlil edilməli olan fundamental metodoloji boşluqlar və digər meyl və maraqlar da dayanır. Hər bir elmi və ya təhsil tədbirinin qarşıya qoyduğu real, ölçülə bilən hədəfləri olmalı, müzakirə və diskussiya mövzuları elmi dürüstlüklə və sahəvi ehtiyaclara uyğun seçilməlidir. Lakin müasir reallıqda professional səviyyəli tədbirlərlə yanaşı, bəzi platformaların daşımalı olduğu əsl strateji hədəflər, mövzu seçimi prinsipləri tez-tez vizual manipulyasiyaların və kommersiya maraqlarının kölgəsində qalaraq məzmun aşınmasına məruz qalır.

Şəxsi təcrübəmə söykənərək, ölkəmizdə 98 dövlətdən 700-ə yaxın nüfuzlu alimin cəlb olunduğu Dünya Gənc Alimlərinin Forumunu, eləcə də 38 Avropa ölkəsindən 450 gənc tədqiqatçının iştirak etdiyi Avropa Gənc Alimlərinin Bakı Forumunu bilavasitə təşkil və idarə etmiş bir mütəxəssis kimi - bu növ genişmiqyaslı və həqiqi beynəlxalq fəaliyyətlərin fundamental əhəmiyyətini, struktur fəlsəfəsini, təşkilati miqyasını və real nəticəyönümlü idarəetmə metodologiyasını dərindən bilirəm. 98 fərqli ölkənin elmi elitasını və 700 alimi vahid məqsəd ətrafında bir araya gətirməyin tələb etdiyi peşəkar məsuliyyət prizmasından yanaşdıqda, bu gün təhsil sektorunda ən yaxşı halda 10-15 ölkənin nümayəndəsini cəlb edərək sadəcə süni vizual fon və beynəlxalq status görüntüsü formalaşdırmaq məqsədi güdən saysız layihələrin həyata keçirildiyini aşkar görmək mümkündür. Təəssüf ki, bəzən tamamilə formal xarakter daşıyan, forum adı altında təşkil edilən müxtəlif həvəskar və yalançı tədbirlərin peşəkar platformaların nüfuzuna kölgə saldığının şahidi oluruq. Belə yalançı tədbirlərin əsas fəaliyyət trayektoriyası elmi tərəqqiyə xidmət etmək deyil, iştirakçılardan qeyri-şəffaf olan vəsaitlər toplamaq, sonda isə heç kimə və heç bir praktiki işə yaramayan, elmi-pedaqoji dəyəri sıfıra bərabər olan sertifikatların, diplomların alverini etməkdir.

Bu prosesdə özünü büruzə verən digər bir kəskin problem isə təhsil idarəçiliyində intellektual mülkiyyət etikasına riayət edilməməsi və peşəkar ideya oğurluğudur. Müasir idarəetmə reallıqlarında bəzən hansısa dövlət qurumuna sistemli təhlillərə əsaslanan innovativ, yenilikçi bir ideya təqdim edirsən. Bir müddətdən sonra görürsən ki, həmin konseptual ideya müəllifinin xəbəri olmadan, onun iradəsindən və iştirakından kənar, sahəvi səriştəsi olmayan şəxslər tərəfindən bərbad bir şəkildə icra olunur. Təbii ki, bu cür qeyri-peşəkar, yalnız görüntüyə, hesabatlığa və pul silməyə hesablanmış layihənin yekun nəticəsi hər zaman sıfıra bərabər olur. Bu tendensiyalar bir daha sübut edir ki, hər bir faydalı layihənin arxasında peşəkar fəaliyyət dayanmalı olduğu halda, bəzi qurumların və fərdlərin əsas hədəfi həmin istiqamətdə inkişafa töhfə vermək deyil, sadəcə yuxarı instansiyalara fəaliyyət illüziyası təqdim etmək, maliyyə vəsaitlərinin şəffaf olmayan icrasını təmin etmək və vizual fəaliyyət görüntüsü yaratmaq cəhdləridir. Keçirilən tədbirin mahiyyətinə tamamilə aidiyyəti olmayan, mütəxəssis adı altında 5-10 ölkədən insanları bir məkana toplayıb sadəcə media və hesabatlılıq xatirinə vizuallıq manipulyasiyası edənlərin fəaliyyəti həmin fəaliyyətin inkişafına ciddi zərər vurur".

Orxan Bəyovun düşüncəsinə görə, əsas boşluqlardan biri mövzuların və spikerlərin seçimidir:

190780

"Təhsil forumlarının sayının artmasını ümumilikdə müsbət qiymətləndirirəm. Bu, təhsilə marağın, peşəkar ünsiyyət və təcrübə mübadiləsi imkanlarının genişlənməsi deməkdir. Lakin burada bir məqamı nəzərə almalıyıq: hər təcrübə inkişaf etdirici təcrübə deyil. İştirak etdiyimiz tədbir bizə yanlış təsəvvürlər də qazandıra, əsassız yanaşmaları möhkəmləndirə bilər. Buna görə forumların çoxalması ilə yanaşı, onların məzmununun və təşkilinin keyfiyyətini də müzakirə etməliyik.

Fikrimcə, əsas boşluqlardan biri mövzuların və spikerlərin seçimidir. Təhsil forumunda çıxış edən şəxsin danışdığı mövzu üzrə səriştəsi olmalıdır. Bu səriştə elmi araşdırma, müvafiq təhsil, nəticələri təhlil edilmiş praktik fəaliyyət və sahənin ədəbiyyatına bələdliklə əsaslandırıla bilər. Tanınmış olmaq, “təhsil eksperti” kimi tanınmaq və ya yaxşı danışmaq özlüyündə mövzu üzrə mütəxəssis olmaq demək deyil.

Forum yalnız ardıcıl çıxışların dinlənildiyi tədbir kimi qurulduqda onun müzakirə imkanları zəifləyir. Təhsil forumu konkret problemlərin müxtəlif baxışlardan təhlil edildiyi, fikirlərin əsaslandırıldığı, sualların verildiyi və mümkün həllərin müzakirə olunduğu bir məkan olmalıdır. İştirakçı oradan yeni sualla, fərqli baxışla və işində tətbiq edə biləcəyi bir yanaşma ilə ayrılmalıdır.

Digər boşluq təhsilin fundamental məsələlərinin arxa planda qalmasıdır. Təhsil sosiologiyası, təhsil psixologiyası, təhsilin idarə olunması, kurikulum, metodika və pedaqogika üzrə daha dərin müzakirələrə ehtiyac var. Bəzən təhsil haqqında söhbətlər müəllimin geyimi, ayrı-ayrı hadisələr və sosial mediada diqqət çəkən fikirlərlə məhdudlaşır. Halbuki təhsil insanın idraki, sosial, emosional və əxlaqi inkişafına, şəxsiyyətinin formalaşmasına xidmət edən mürəkkəb prosesdir. Bu proses haqqında danışmaq müvafiq bilik və məsuliyyət tələb edir.

Narahatlıq doğuran başqa bir məsələ bəzi tədbirlərdə sertifikatın, şəkillərin və səhnə proqramının məzmundan daha çox önə çıxmasıdır. Belə təşkilatçılıq iştirakçının gözləntisini də dəyişə bilər: öyrənmək və müzakirə etmək məqsədi tədricən sertifikat əldə etmək, milli musiqi dinləmək və tanınmış şəxslərlə birlikdə görünmək istəyinin arxasında qalır. İştirak sertifikatı iştirak faktını təsdiqləyə bilər, lakin qiymətləndirmə aparılmadan onun peşəkar bacarıq qazandırıldığının sübutu kimi təqdim edilməsi doğru deyil. İştirak etməyən şəxslərə sertifikat verilməsi isə bu sənədə etimadı zəiflədir. Belə olan halda forumlar konsert proqramına çevrilir.

Mədəni proqramların tədbirdə yer almasına da məqsədə uyğun yanaşılmalıdır. Milli musiqimizin və mədəni irsimizin dəyəri böyükdür. Forumlar muğamın, tarın, kamanın ön plana çıxdığı yerdən daha çox təhsilin ön plana çıxdığı yer olmalıdır. Bununla belə, təhsil forumunun əsas vaxtı və diqqəti təhsil məsələlərinə ayrılmalıdır. İştirakçı tədbirdən sonra müzakirə olunan ideyalardan çox hansı müğənninin çıxış etdiyini xatırlayırsa, təşkilatçılar proqramın məqsədini yenidən nəzərdən keçirməlidirlər.

Effektiv təşkil üçün əvvəlcə konkret ehtiyac, hədəf auditoriya və gözlənilən nəticə müəyyənləşdirilməlidir. Panellər ümumi məqsəd ətrafında əlaqələndirilməli, spikerlər mövzuya uyğun səriştə əsasında seçilməli, çıxışların məzmunu əvvəlcədən nəzərdən keçirilməlidir. Müxtəlif mövzuların olması mümkündür, amma onların forumun əsas sualı ilə əlaqəsi aydın görünməlidir. Sual-cavab, əsaslandırılmış fikir ayrılığı və praktik nümunələrin təhlili üçün də kifayət qədər vaxt ayrılmalıdır. Yekunda təkliflər sistemləşdirilməli, iştirakçılara materiallar təqdim olunmalı və mümkün olduqda tətbiqin nəticələri izlənilməlidir.

Tədbirin adı da onun məqsədinə uyğun seçilməlidir. Məqsəd tanışlıq, ünsiyyət və sosial əlaqələrin qurulmasıdırsa, “təhsil işçiləri ilə görüş” formatı tamamilə dəyərlidir. Forum, seminar və simpozium isə fərqli formatlardır. Hər birinin proqramı və iştirakçıya verdiyi vəd həmin formata uyğun qurulmalıdır.

Əks halda, məzmunu zəif təhsil konsert forumlarının təkrarlanması peşəkar inkişaf imkanlarına inamı azalda bilər. Təşkilatçıların əsas məsuliyyəti iştirakçının vaxtına və öyrənmək istəyinə hörmət edərək həmin vədi keyfiyyətli məzmunla doğrultmaqdır".

Elmin Nuri vurğulayıb ki, müəllim foruma sertifikat almaq üçün deyil, oradan yeni bilik və təcrübə qazanaraq çıxmaq üçün gəlməlidir:

189542

"Təhsil forumları əslində təhsilin inkişafını, müasir trendləri, təhsilin keyfiyyətini və gələcək perspektivlərini müzakirə etmək baxımından çox vacib müzakirə formatıdır. Lakin bu tədbirlər öz qaydasında, müəyyən standart və keyfiyyət çərçivəsində təşkil olunmalıdır. Mən sevinirəm ki, bir zamanlar yaranmış “forum bumu” artıq səngiyir və bu anlayış tədricən tarixə qovuşur. Əlbəttə, forumlar keçirilməlidir. Amma forumların öz standartları, tələbləri və müəyyən şərtləri var.

İlk növbədə, forumun konkret mövzusu, strukturu və ssenarisi müəyyənləşdirilməlidir. Panel çıxışları və panel müzakirələri təşkil olunmalı, bu müzakirələrin mövzuları əvvəlcədən müəyyənləşdirilməli, ümumi və panel müzakirələri üçün uyğun şəxslər seçilməlidir.

Amma çox təəssüf ki, bizim rastlaşdığımız və sosial şəbəkələrdə elanlarını tez-tez gördüyümüz bu “forumlar” heç bir standarta cavab vermir. Bir neçə qonaq dəvət olunur, onların arasında bəzən mövzu ilə birbaşa əlaqəsi olmayan şəxslər də yer alır. Bir neçə çıxış edilir, salamlaşmalar olur və tədbir bununla yekunlaşır. Əslində forum belə təşkil olunmamalıdır.

Müəllimlərin də bu tədbirlərdə iştirakı vacibdir. Lakin müəllim foruma yalnız sertifikat əldə etmək və onu sosial şəbəkədə paylaşmaq üçün gəlməməlidir. Forum elə təşkil olunmalıdır ki, iştirakçı tədbirdən ayrıldıqdan sonra orada qazandığı bilik və təcrübənin fərqində olsun. Panel müzakirələrində fəal iştirak etməli, suallar verməli, cavablar almalı və müxtəlif yanaşmalarla tanış olmalıdır.

Təəssüf ki, hazırda bu yanaşmanı bütün forumlarda görmürük. Məsələn, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən bəzi forumları bu baxımdan müsbət nümunə kimi göstərmək olar. Orada forumun müəyyən standartlara uyğun təşkili və məzmunlu müzakirələrin aparılması müşahidə olunur.

Lakin digər tərəfdən, bəzi özəl mərkəzlər, səhifələr və müxtəlif qurumlar tərəfindən təşkil olunan tədbirlərdə forum anlayışının mahiyyəti, demək olar ki, arxa plana keçir. Bir neçə nəfər bir araya gəlir, sosial şəbəkələr üçün cəlbedici dizayn hazırlanır, çıxış edəcək şəxslərin fotoları paylaşılır və tədbir forum kimi təqdim olunur. Halbuki forumun müəyyən standartları və tələbləri var. Əsas problem də odur ki, bu standartlara hər zaman əməl edilmir".

Rizvan Fikrətoğlunun sözlərinə görə, təhsil forumlarında dövlət qurumları və ekspertlərlə yanaşı, müəllim, məktəb rəhbəri, valideyn, şagird, tələbə və işəgötürənlərin də iştirakı təmin edilməlidir:

Yaradıcı düşüncə və tənqidi baxışın inkişafında essenin rolu BÖYÜKDÜR

"Son illərdə təhsil forumlarının sayı artıb və bu artım müsbət haldır. Bu, təhsil problemlərinin ictimai müzakirəyə çıxarılması və müxtəlif tərəflərin fikir mübadiləsi aparması baxımından əhəmiyyətlidir. Lakin əsas məsələ forumların sayında deyil, onların nə dərəcədə nəticəyönümlü olmasındadır.

Əsas boşluqlardan biri odur ki, bəzi forumlarda eyni mövzular müxtəlif adlarla təkrar müzakirə edilir, lakin müzakirələrin sonunda konkret fəaliyyət planı və ölçülə bilən nəticələr müəyyənləşdirilmir. Problem səsləndirilir, ekspertlərin və aidiyyəti şəxslərin fikirləri dinlənilir, amma bundan sonra hansı addımların atılmalı olduğu ilə bağlı konkret yol xəritəsi ortaya qoyulmur.

Digər mühüm məsələ iştirakçıların tərkibidir. Təhsil forumlarında yalnız dövlət qurumlarının, ekspertlərin və ali məktəb nümayəndələrinin deyil, müəllimlərin, məktəb direktorlarının, valideynlərin, şagirdlərin, tələbələrin və işəgötürənlərin də real iştirakı təmin edilməlidir. Çünki təhsil siyasətinin nəticələrini birbaşa yaşayan tərəflərin fikri nəzərə alınmadan verilən qərarlar praktikada gözlənilən effekti verməyə bilər.

Bundan başqa, bəzi forumlarda təqdimat və çıxışlara daha çox üstünlük verilir, interaktiv müzakirələrə, debatlara, real problemlərin təhlilinə və praktiki həll mexanizmlərinə isə kifayət qədər yer ayrılmır. Bunu şəxsi təcrübəmə əsasən deyirəm, çünki bir çox forumda iştirak etmişəm. Əslində forumlar ideyaların formalaşdığı, müzakirə edildiyi və konkret qərarlara çevrildiyi platformalar olmalıdır. Təəssüf ki, hazırda bunu bütün forumlarda aydın şəkildə görmək mümkün deyil.

Forumların daha effektiv olması üçün ilk növbədə hər bir forumun konkret məqsədi və gözlənilən nəticəsi əvvəlcədən müəyyənləşdirilməlidir. Forumun sonunda isə bir neçə konkret təklif, fəaliyyət istiqaməti və onların icra mexanizmi ortaya qoyulmalıdır.

İkinci mühüm məsələ forumdan əvvəl mövzu üzrə real məlumatların və statistik göstəricilərin hazırlanmasıdır. Məsələn, müəllim çatışmazlığı, repetitorluğa tələbat və bunun qarşısının alınması, şagirdlərin psixoloji vəziyyəti kimi məsələlər yalnız ümumi fikirlər əsasında deyil, araşdırmalar, statistika və real məktəb təcrübəsi əsasında müzakirə olunmalıdır.

Üçüncü məsələ isə forumdan sonra səsləndirilən təkliflərin icrasının izlənilməsidir. Bunun üçün “təklif - qərar - icra - nəticə” ardıcıllığı üzrə mexanizm qurulmalıdır. İctimaiyyət bilməlidir ki, forumda səsləndirilən hansı təklif qəbul edilib, onun icrasına hansı qurum cavabdehdir və nəticədə hansı dəyişiklik əldə olunub.

Həmçinin regionların iştirakına daha çox imkan yaradılmalıdır. Müzakirələri yalnız Bakı ilə məhdudlaşdırmaq əvəzinə, region müəllimlərinin, məktəb rəhbərlərinin və valideynlərin qarşılaşdığı problemlər də ayrıca dinlənilməlidir.

Məncə, ən effektiv təhsil forumu çoxsaylı tanınmış şəxslərin çıxış etdiyi deyil, konkret problemin dərindən araşdırıldığı, müxtəlif tərəflərin mövqeyinin dinlənildiyi və sonda konkret qərarların formalaşdırıldığı forumdur. Təhsil kimi uzunmüddətli nəticələr tələb edən sahədə forumların əsas meyarı tədbirlərin keçirilməsi deyil, onların real təhsil prosesinə nə qədər təsir göstərməsidir".

Vüsət Əzizov hesab edir ki, təhsil forumlarında əsas boşluqlardan biri müzakirə ilə praktiki nəticə arasında əlaqənin zəif olmasıdır:

189778

"Son illərdə təhsil forumlarının sayının artması, əslində, təhsil məsələlərinin daha geniş müzakirə olunması baxımından müsbət tendensiyadır. Lakin burada əsas məsələ forumların sayından daha çox, onların nəticəyönümlü olub-olmamasıdır.

Təhsil forumlarında əsas boşluqlardan biri müzakirə ilə praktiki nəticə arasında əlaqənin zəif olmasıdır. Bəzən eyni problemlər müxtəlif forumlarda təkrar-təkrar müzakirə edilir, eyni fikirlər səsləndirilir, amma forumdan sonra həmin təkliflərin hansı qurum tərəfindən, hansı müddətdə və necə icra olunacağı müəyyənləşdirilmir. Bu halda forum bir növ fikir mübadiləsi platforması olaraq qalır.

Digər mühüm məsələ iştirakçıların seçimidir. Forumlarda yalnız dövlət qurumlarının və akademik dairələrin deyil, məktəb direktorlarının, müəllimlərin, valideynlərin, tələbələrin, işəgötürənlərin və təhsil texnologiyaları sahəsində çalışan mütəxəssislərin də fikirləri nəzərə alınmalıdır. Çünki təhsil siyasətinin nəticəsini birbaşa yaşayan tərəflərin mövqeyi müzakirəyə real praktiki dəyər qazandırır.

Forumların daha effektiv təşkili üçün əvvəlcədən konkret problem müəyyənləşdirilməli və tədbirin sonunda ölçülə bilən nəticələr ortaya qoyulmalıdır.

Həmçinin forumdan sonra səsləndirilən təkliflərin monitorinqi aparılmalıdır. İştirakçılara “nə danışıldı?” sualından əlavə, “nə dəyişdi?” sualının cavabı təqdim edilməlidir. Məncə, hər forumun yekununda konkret fəaliyyət planı, məsul tərəflər və icra müddətləri müəyyənləşdirilsə, bu tədbirlərin faydalılığı əhəmiyyətli dərəcədə artar.

Ən əsası isə forumlar sadəcə çıxış və təqdimat platformasına çevrilməməlidir. Yaxşı təhsil forumu problemin müzakirəsi ilə bitməməli, problemin həlli üçün qərar, mexanizm və növbəti addımlar ortaya qoymalıdır". 

Ramin Nurəliyevin fikrincə, əsas problem forumlar keçirilməzdən əvvəl təhsil mütəxəssisləri ilə geniş müzakirələrin aparılmamasıdır:

Azərbaycan ali təhsil üçün arzuolunan ölkələrdəndir - Ramin Nurəliyev -  Muallim.edu.az

"Ümumiyyətlə, Azərbaycanda bir neçə forum keçirilir və bu forumların əksəriyyəti peşə təhsili, təhsilin inkişafı və yeni çağırışlar kimi mövzulara həsr olunur. Forumların keçirilməsi, əlbəttə ki, müsbət təşəbbüsdür. Bu istiqamətdə təhsil ekspertləri də dəvət olunur.

Lakin əsas məsələ ondan ibarətdir ki, təhsilin inkişafı, gələcək perspektivləri, mövcud çatışmazlıqları və problemləri ilə bağlı hər hansı forum, xüsusilə beynəlxalq forum keçirildikdə, ilk növbədə Azərbaycan üzrə təhsil mütəxəssisləri, təhsil ekspertləri, təhsil işçiləri və idarəçiləri müəyyənləşdirilərək bir araya gətirilməlidir. Məsələn, təhsildə çağırışlarla bağlı beynəlxalq forum keçirilmişdi. Səhv etmirəmsə, bu, həmin forumun 8-cisi idi.

Bu kimi forumlar keçirilməzdən əvvəl təhsil mütəxəssisləri, təhsil ekspertləri, təhsil işçiləri və idarəçilərlə görüş təşkil edilməli, mövcud çatışmazlıqlar müəyyənləşdirilməli və bu istiqamətdə müzakirələr aparılmalıdır. Daha sonra beynəlxalq forumlarda həmin məsələlərin digər ölkələrin təcrübəsi ilə müqayisəsi həyata keçirilməlidir.

Təəssüf ki, bizdə əsas çatışmazlıqlardan biri də budur. Hər hansı forum keçirildiyi təqdirdə, tədbirdən əvvəl ölkə səviyyəsində təhsil mütəxəssisləri tərəfindən mövzunun müzakirə olunması vacibdir. Burada söhbət sadəcə iştirakdan getmir, əsas məsələ forumda müzakirə olunacaq mövzuların əvvəlcədən təhsil mütəxəssisləri ilə müzakirə edilməsidir.

Bu müzakirələrdən sonra beynəlxalq forumlarda təhsildə mövcud çatışmazlıqlar, inkişaf istiqamətləri və qarşıda duran məqsədlər, məsələn, süni intellektlə bağlı məsələlər müzakirəyə çıxarılmalıdır.

Hazırda forumlardan əvvəl Azərbaycanda təhsil mütəxəssislərinin dəvət olunması, fikir bildirməsi, müzakirələrə cəlb edilməsi və onların təkliflərinin nəzərə alınması istiqamətində atılan addımların kifayət qədər perspektivli olduğunu düşünmürəm. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, məsələn, qardaş ölkədə təhsil mütəxəssisləri və ekspertlər bu prosesə daha geniş şəkildə cəlb olunur, öz təkliflərini irəli sürür, həmin təkliflər müzakirə edilir və dəyərləndirilir.

Düşünürəm ki, bu istiqamətdə Azərbaycanda da addımlar atılmalıdır. Söhbət təhsil sahəsindən gedirsə, bu sahədə söz sahibi olan şəxslər öz fikirlərini bildirməli, onların təklifləri müzakirə olunmalıdır. Hesab edirəm ki, hazırda bu istiqamətdə müəyyən passivlik var və həmin passivliyin aradan qaldırılmasına ehtiyac var. Mən əsas çatışmazlığı məhz bu istiqamətdə görürəm".

Rəşad Cabbar bildirib ki, təhsil forumlarında əsas problem tədbirlərin nəticəliliyinin iştirakçı və ekspertlərin sayı ilə ölçülməsidir:

189774

“Əvvəlcə qeyd etmək istəyirəm ki, son illərdə təhsil sahəsində keçirilən forumların sayı getdikcə artmaqdadır. Bu artım həm mövzu və format müxtəlifliyində, həm də iştirakçıların sayında özünü göstərir. Beləliklə, təhsil forumlarının miqyası və əhatə dairəsi də genişlənir.

Son illərdə keçirilən ən genişmiqyaslı və sistemli forumlardan biri, təbii ki, “Təhsildə yeni çağırışlar” beynəlxalq forumudur. Eyni zamanda, “Respublika Təhsil Forumu”, “Qarabağ Təhsil Forumu” və digər bu kimi tədbirləri də nümunə göstərmək olar. Lakin əsas məsələ forumların çoxluğu deyil. Mən sadəcə iki-üç forumu nümunə çəkdim, hazırda bu istiqamətdə kifayət qədər tədbir keçirilir.

Problem ondadır ki, biz bəzən forumların nəticəliliyini iştirakçıların və ekspertlərin sayı ilə ölçürük. Elə düşünürük ki, iştirakçı sayı nə qədər çoxdursa, deməli, forum da bir o qədər uğurlu keçib. Halbuki əsas göstərici forumun sonunda hansı nəticələrin əldə olunması və həmin nəticələrin real praktikaya necə təsir göstərməsidir. Yəni əsas sual budur: bu forumlarda hansı nəticələr əldə edildi və həmin nəticələr praktikada öz əksini necə tapdı? Bax, bunu ortaya qoymaq lazımdır.

Təəssüf ki, bizdə bu məsələlərə bir qədər az önəm verilir. Bununla belə, son illərdə adını çəkdiyim forumların hər birini uğurlu forumlardan sayardım. Xüsusilə “Qarabağ Təhsil Forumu”-nu qeyd edərdim. Onun nəticələrini öz səhifəmdə də tez-tez paylaşıram. Hətta real nəticəsini özüm izlədiyim ən uğurlu layihələrdən biri kimi qiymətləndirərdim.

Amma bir neçə forumun uğurlu olması bütün forumların uğurlu olması demək deyil. Çalışmaq lazımdır ki, forumlarda əldə olunan real nəticələri və rəqəmləri cəmiyyətə çatdıraq. Əsas diqqət iştirakçı sayına deyil, forumun sonunda əldə olunan nəticələrə və onların praktikaya təsirinə yönəlməlidir”.

Səbuhi Abdullayevin sözlərinə görə, forumların effektiv olmamasının əsas səbəblərindən biri onların interaktiv formatda keçirilməməsidir:

190829

“Keçirilən forum və konfranslar son zamanlar təhsil və elm sahəsində daha çox formal xarakter daşıyır. Bəzən bu tədbirlər sadəcə tədbirlər planında nəzərdə tutulduğu üçün təşkil olunur və əsas məqsəd müəyyən sayda tədbirin keçirilməsini təmin etmək olur.

Bu forumların effektiv olmamasının əsas səbəblərindən biri onların interaktiv formatda keçirilməməsidir. Əsasən çoxsaylı məruzəçilərin çıxışları dinlənilir və tədbir bir-iki yekun çıxışla başa çatır. Halbuki forumların əsas meyarı iştirakçıları dinləmək, onların təşəbbüs və təkliflərini öyrənmək, real nəticə verə biləcək ideyaları dəyərləndirmək olmalıdır.

Həmin təklifləri irəli sürən şəxslərlə görüşmək, onların fikirlərini daha dərindən öyrənmək və bu istiqamətdə müvafiq addımlar atmaq lazımdır. Bu yanaşma tətbiq olunsa, forumlar öz əhəmiyyətini göstərə və tədbirlər planı çərçivəsində təhsilin inkişafına xidmət edən real proqram və layihələrin hazırlanmasına töhfə verə bilər.

Təəssüf ki, hazırda bəzi tədbirlər daha çox onların keçirilməsi və sosial mediada işıqlandırılması ilə məhdudlaşır. Eyni vəziyyəti təkcə təhsil deyil, karyera ilə bağlı tədbirlərdə də müşahidə etmək mümkündür. Məsələn, iki günlük nəzərdə tutulan tədbirlər bəzən birinci günün ilk yarısından sonra faktiki olaraq yekunlaşır.

Düşünürəm ki, forumların effektivliyini artırmaq üçün iştirakçıların prosesdə fəal iştirakı təmin edilməli, onların fikirləri öyrənilməli və tədbirlər interaktiv formatda təşkil olunmalıdır. Yalnız bu halda forumların real nəticələrə və praktik dəyişikliklərə təsirindən danışmaq mümkündür”.

Məzahir Məmmədli qeyd edib ki, forumların effektivliyini artırmaq üçün ilk növbədə mövzuların real problemlər və ölçülə bilən nəticələr üzərində qurulması vacibdir:

189799

"Məncə, təhsil forumlarında əsas boşluqlardan biri müzakirə ilə real nəticə arasındakı əlaqənin zəif olmasıdır. Çox vaxt eyni mövzular müxtəlif platformalarda müzakirə olunur, lakin forumun sonunda konkret təkliflər, məsul tərəflər və icra mexanizmləri müəyyənləşdirilmir. Digər problem isə iştirakçı dairəsinin məhdud olmasıdır: qərarvericilər və ekspertlərlə yanaşı müəllimlərin, məktəb rəhbərlərinin, tələbə və şagirdlərin, valideynlərin, eləcə də təhsil texnologiyaları və işəgötürən tərəfinin fikirləri daha çox nəzərə alınmalıdır.

Forumların effektivliyini artırmaq üçün ilk növbədə mövzuların real problemlər və ölçülə bilən nəticələr üzərində qurulması vacibdir. Hər forumdan əvvəl əsas suallar və gözləntilər müəyyənləşdirilməli, forum zamanı isə sadəcə çıxışlara deyil, interaktiv müzakirələrə və konkret həllərin hazırlanmasına üstünlük verilməlidir. Sonda qəbul olunan təkliflərin icrası üçün yol xəritəsi, məsul qurumlar və monitorinq mexanizmi müəyyən edilməlidir.

Həmçinin forumların nəticələri açıq şəkildə paylaşılmalı və növbəti forumlarda əvvəlki qərarların hansı hissəsinin icra olunduğu barədə hesabat verilməlidir. Məncə, uğurlu təhsil forumunun əsas göstəricisi iştirakçı sayı və ya çıxışların çoxluğu deyil, forumdan sonra təhsil sistemində hansı real dəyişikliklərin baş verməsidir".

TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər
Son xəbərlərDaha çox