İndiyədək Azərbaycanda müxtəlif təhsil layihələri həyata keçirilib.
Bəs, başlanğıcda uğurlu və perspektivli görünən, lakin sonradan gözləntiləri doğrultmayan hər hansı təhsil layihəsi olubmu?
Mövzu ilə bağlı təhsil mütəxəssisləri arasında sorğu keçirdik.
Sorğumuza cavab verən İlqar Orucov bildirib ki, kurikulum islahatının ilkin mərhələsindəki qiymətləndirmə mexanizmləri gözlənilən nəticəni tam təmin edə bilməyib:

"Son iki onillikdə ölkəmizdə təhsil sisteminin müasirləşdirilməsi, rəqəmsallaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində irimiqyaslı dövlət proqramları və strateji layihələr həyata keçirilib. Bu təşəbbüslər təhsilin maddi-texniki bazasının yenilənməsində və konseptual yeniliklərin ölkəyə gətirilməsində mühüm rol oynayıb. Lakin daha ətraflı təhlil etdikdə, başlanğıcda böyük potensiala malik olan, lakin tətbiq mərhələsində gözlənilən yekun səmərəni və effektivliyi tam təmin edə bilməyən müəyyən layihələrin də mövcud olduğu görünür.
Buna ən bariz nümunə kimi ötən illərdə pilot qaydada tətbiq edilən bəzi irimiqyaslı fərdi kompüter və planşet təminatı layihələrini (“Bir şagird – bir kompüter”) və kurikulum islahatının ilkin mərhələsində tətbiq olunan qiymətləndirmə mexanizmlərini göstərmək olar. Bu layihələr ilkin olaraq təhsildə rəqəmsal bərabərliyi və şəxsiyyətyönümlü mühiti hədəfləsə də, sonradan dayanıqlılıq sınağından tam keçə bilmədi. Maddi resursların (avadanlıqların və metodologiyanın) sürətli transferinə baxmayaraq, yerlərdə insan kapitalının – yəni müəllim heyətinin pedaqoji-psixoloji və rəqəmsal hazırlığının – eyni templə inkişaf etdirilməməsi bu yeniliklərin sinif otaqlarında bəzən sadəcə vizual alətə çevrilməsinə və ya formal xarakter daşımasına səbəb oldu.
Eyni zamanda, uzun illər ərzində orta məktəblərdə yeni kurikulum prinsipləri ilə ali təhsil müəssisələrinə qəbul imtahanlarının formatı arasında müşahidə olunan uyğunsuzluq sistemdə ciddi regional fərqlərə və “kölgə təhsili”nin (repetitorluq institutunun) kütləviləşməsinə rəvac verdi. Beynəlxalq qiymətləndirmə hesabatlarındakı (məsələn, PISA) dinamika və ali təhsil müəssisələrimizin qlobal reytinqlərdəki mövqeyi də göstərir ki, ayrılan irihəcmli resurslara baxmayaraq, şagirdlərin funksional savadlılıq və bilikləri real həyatda tətbiq etmə göstəriciləri hələ də ilkin hədəflərin gerisində qalmaqdadır.
Bu təcrübə bizə onu deməyə əsas verir ki, təhsil layihələrinin uğuru yalnız kəmiyyət göstəriciləri (alınan avadanlıqlar, keçirilən təlimlərin sayı) ilə deyil, uzunmüddətli keyfiyyət dəyişiklikləri ilə ölçülməlidir. Gələcək islahatların effektivliyi üçün beynəlxalq modellərin mexaniki transferindən qaçaraq milli-regional kontekst dərindən nəzərə alınmalı, idarəetmədə yuxarıdan-aşağıya modelindən yerli subyektlərin iştirakını təmin edən, yerlərdə müstəqil qərarverməyə imkan verən modelə keçilməli və ən əsası, təhsil ekosisteminin bütün komponentləri bir-biri ilə sinxronlaşdırılmalıdır".
Elçin Əfəndinin sözlərinə görə, konkret olaraq hər hansı layihənin özünü doğrultmadığını demək olmaz:

“Ümumiyyətlə, son illərdə həyata keçirilən layihələrə nəzər salsaq, irəli sürülən təklif və layihələrin, demək olar ki, əksəriyyəti tətbiqdən sonra özünü doğruldub. Konkret olaraq hansısa layihənin özünü doğrultmadığını deyə bilmərik.
İlk növbədə, pilot layihə kimi tətbiq olunan təmayülləşməni qeyd etmək olar. Bu il isə onun yeni və müasir yanaşması tətbiq olunmağa başlanılıb. Yəqin ki, bunu həmin layihənin məntiqi nəticəsi və ya davamı kimi dəyərləndirmək olar.
Qalan layihələrin, demək olar ki, hamısı özünü doğruldub. Söhbət son illərdən gedirsə, vahid mərkəzləşdirilmiş qaydada məktəbəqədər təhsilə qəbul, müəllimlərin işə qəbulu, ibtidai siniflər, məktəb seçimi, inklüziv təhsil, evdə təhsil, ali, peşə və orta ixtisas təhsili istiqamətində tətbiq olunan yeni yanaşmalar və layihələr müsbət dəyişikliklərə gətirib çıxarıb.
Əlbəttə, elə yanaşmalar da var ki, onların nəticələrini növbəti dövrdə görəcəyik. Məsələn, 4-cü siniflərdə keçirilən monitorinqin nəticələri hazırda təhlil olunur və bundan sonra müəyyən istiqamətlər üzrə qərarlar qəbul ediləcək. Qarşıdakı dövrdə 6-cı siniflərdə keçiriləcək monitorinqin nəticələri də bizim üçün vacib olacaq.
Növbəti mərhələdə direktorların və direktor müavinlərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu kimi layihələrin də zamanla özünü doğrultması gözlənilir. Bunlar da müsbət nəticə verdikdən sonra həyata keçirilən layihələrin hər birinin özünü doğrultduğunu deyə biləcəyik”.
Elmin Nuri uğursuz hesab etdiyi təhsil layihələrini açıqlayıb:

"Son 10-15 ildə təhsillə bağlı müxtəlif layihələr həyata keçirilib. Onların bəziləri uğurlu, bəziləri isə uğursuz olub. Məsələ ondadır ki, bəzi təhsil layihələrinə xüsusi diqqət göstərilir. Layihələrlə bağlı hesabatlar təqdim olunur, yeniliklər ictimaiyyətə çatdırılır. Digər layihələr barədə isə eyni fəallığı görmürük. Bu, həmin layihələrin ya dayandırıldığını, ya gözlənilən nəticəni vermədiyini düşünməyə əsas verir.
Məsələn, şəxsən mən “Rəqəmsal bacarıqlar” layihəsini o qədər də effektiv hesab etmirəm. Təbii ki, layihə ilə bağlı müxtəlif rəqəmlər və göstəricilər təqdim oluna bilər. Rəqəmsal bacarıqların tətbiq dairəsinin ildən-ilə genişləndiyini də bilirik. Amma ümumi mənzərə gözləntiləri tam doğrultmur. Mənə görə, STEAM təhsilində nəticələr daha yaxşıdır.
Daha sonra “Sabahın alimləri” layihəsini qeyd etmək istəyirəm. Şəxsən çox sevdiyim layihədir. Bir neçə dəfə final mərhələsində də iştirak etmişəm. Lakin layihənin həm uğurlu, həm də uğursuz tərəfləri var.
Əsas problem layihənin sonrakı nəticələrini görə bilməməyimizdir. “Sabahın alimləri”nin məqsədi şagirdlərin yeni ideyalar və startaplarla çıxış etməsidir. Robototexnika, İT, ekosistem, yaşıl enerji və digər sahələr üzrə çoxsaylı layihələr təqdim olunur.
Amma sual yaranır: illər ərzində həmin ideyalardan nə qədəri beynəlxalq səviyyədə, heç olmasa, daxili bazarda startapa çevrilib? Hər il yüzlərlə şagirdin final mərhələsinə çatdığı bildirilir. Heç olmasa 10 ciddi ideyanı niyə real startapa çevirə bilməmişik?
Məsələn, 6-7 il əvvəl məktəblilərdən birinin xüsusi sensorlu əlcək hazırladığını xatırlayıram. Belə maraqlı ideyalar kifayət qədərdir. Əgər layihələr hazırlanırsa, onların sonrakı nəticələri barədə niyə məlumat verilmir?
Bizim də AzEdu Təhsil Portalında “Məktəbli startapçılar” layihəmiz var. Orada da şagirdlərin müxtəlif ideyalarını görürük. Təbii ki, hər ideyanı uğurlu və innovativ hesab etmək olmaz. Amma mən hər il “Sabahın alimləri”nin qaliblərinin layihələrinə baxıram. Onların arasında ən azı 5 ciddi ideyanı seçib inkişaf etdirmək mümkündür. Nəticələrin davamının görünməməsi layihənin əsas çatışmazlıqlarından biridir.
Digər layihə isə şagirdlərin peşə etikası və davranış qaydaları ilə bağlıdır. Təxminən 4-5 il əvvəl qaydalar ictimai müzakirəyə çıxarıldı. Biz də həmin vaxt fikirlərimizi bildirdik. Pilot layihə kifayət qədər müsbət qarşılanmışdı. İntizam pozuntularına görə narıncı, qırmızı və qara, nümunəvi davranışa görə isə yaşıl kart nəzərdə tutulurdu.
Layihənin nəzəri bazası kifayət qədər yaxşı hazırlanıb. Qayda pozuntuları müxtəlif dərəcələrə bölünür. Ən ağır tədbirlərdən biri məktəbdən xaric edilmədir. Amma artıq təxminən 5 ildir ki, layihə pilot mərhələdən kənara çıxmayıb. Halbuki məktəblərdə davranış və intizam problemləri ilə bağlı xəbərlərlə tez-tez qarşılaşırıq. Məsələn, tədris ilinin ilk günündə belə bəzi məktəblərdə elektron siqaretdən istifadə edən şagirdlərlə bağlı məlumatlar yayıldı.
Azərbaycanda 4000-dən çox məktəb var. Qaydalar bütün məktəblərdə tətbiq olunmayana qədər həmin layihəni uğurlu hesab etmək çətindir. Çünki yaxşı hazırlanmış mexanizmin yalnız pilot mərhələdə qalması gözlənilən nəticəni vermir".
Vüsət Əzizov gözlənilən nəticəni tam şəkildə verə bilməyən təhsil layihələrindən biri kimi “1 şagird - 1 kompüter” layihəsini qeyd edib:

"Azərbaycanda müəyyən dövrlərdə başlanğıcda kifayət qədər perspektivli görünən, lakin sonradan gözlənilən nəticəni tam şəkildə verə bilməyən təhsil layihələri olub və bunlardan biri kimi “1 şagird -1 kompüter” layihəsini qeyd edərdim. Layihə başladığı dövrdə kifayət qədər perspektivli görünürdü. Əsas məqsəd hər bir şagirdin fərdi kompüter imkanına çıxışını təmin etmək, İKT-ni tədris prosesinə daha geniş inteqrasiya etmək və fərdiləşdirilmiş təhsili inkişaf etdirmək idi. Layihə çərçivəsində pilot məktəblərdə şagirdlərə netbuklar verilir, müəllimlərə isə bunun tədrisdə istifadəsi ilə bağlı təlimlər keçirilirdi.
Lakin layihənin ilkin ambisiyası ilə sonrakı davamlılığı arasında müəyyən fərq yarandı. Məncə, burada əsas problem kompüterin şagirdə verilməsi ilə təhsil nəticəsinin avtomatik yaxşılaşacağı yanaşmasının kifayət qədər əsaslandırılmaması idi. Texnologiya yalnız vasitədir. Onun real nəticə verməsi üçün müəllimin rəqəmsal pedaqoji bacarıqları, keyfiyyətli elektron resurslar, internet infrastrukturu, texniki dəstək və ən əsası, dərsin metodikasının dəyişməsi paralel şəkildə təmin edilməlidir.
Digər məsələ layihənin davamlılığı və miqyaslandırılmasıdır. Pilot mərhələdə yaradılan şəraitin ölkə üzrə bütün məktəblərdə eyni səviyyədə təmin edilməsi çətin idi. Nəticədə belə layihələrdə avadanlığın alınması və paylanmasından daha çox, həmin avadanlığın uzunmüddətli və effektiv istifadəsi əsas göstərici olmalıdır.
Bu nümunə göstərir ki, təhsil layihəsinin uğurunu verilən kompüterlərin və ya yaradılan infrastrukturların sayı ilə deyil, onların şagirdin öyrənmə nəticələrinə real təsiri ilə ölçmək lazımdır. Əgər layihənin əvvəlində konkret ölçülə bilən nəticələr müəyyənləşdirilir və sonradan müstəqil qiymətləndirmə aparılırsa, hansı komponentin işlədiyini, hansının isə dəyişdirilməli olduğunu daha aydın görmək mümkündür".
Ramin Nurəliyev gözləntiləri tam doğrultmayan layihələrdən biri kimi kurikulum sistemini nümunə çəkib:

“Gözləntiləri tam doğrultmayan layihələrdən biri kimi kurikulumu qeyd edərdim. Çünki biz bu sistemə müəyyən mənada hazırlıqsız keçid etdik. Lazımi texniki bazanı formalaşdırmadan, müəllimləri kifayət qədər hazırlamadan kurikulumu tətbiq etməyə başladıq və bu da sonradan bir sıra problemlərin yaranmasına səbəb oldu.
Kurikulum, əslində, şagirdin daha çox öyrənməsinə və təlim prosesində fəal iştirakına yönəlmiş müasir yanaşmadır. Məsələn, Sinqapur kimi ölkələrin təhsil sistemində şagirdin dərsi və əsas tapşırıqları sinifdə mənimsəməsi, evdə isə daha çox həyat fəaliyyəti ilə bağlı qısa tapşırıqlar yerinə yetirməsi ön plana çıxır. Bu yanaşma şagirdi əlavə yükləmədən onun praktik bacarıqlarının inkişafına xidmət edir.
Amma bizdə bu yanaşmanın tətbiqi üçün lazımi hazırlıq olmadığından sistem arzuolunan nəticəni vermədi. Müəllimlər, məktəb rəhbərlikləri, şagirdlər və ümumilikdə təhsil sistemi bu keçidə tam hazır deyildi. Mənim şəxsi ehtimalım budur ki, həmin hazırlıqsız keçidin yaratdığı müəyyən problemlərin təsirləri bu gün də davam edir.
Əslində, kurikulum müasir və effektiv təhsil yanaşmasıdır. Problem daha çox onun necə və hansı hazırlıqla tətbiq olunmasında idi. Ali təhsildə də oxşar vəziyyəti Boloniya sistemi ilə bağlı müşahidə etmək mümkündür. Azərbaycan ali təhsil sistemi Boloniya prinsipləri əsasında qurulsa da, burada hələ də sovet sisteminin müəyyən qalıqları mövcuddur.
Uzun illər sovet təhsil sistemi ilə formalaşmış müəllimlərin fəaliyyətlərini davam etdirməsi və bəzi universitetlərdə idarəetmədə köhnə yanaşmaların qalması Boloniya prinsiplərinin tam və müasir formada tətbiqinə təsir göstərir. Nəticədə, bizdə Boloniya sistemi tətbiq olunsa da, onun mahiyyətini tam şəkildə reallaşdırmaqda müəyyən çətinliklər qalır”.
Digər bir yanaşma isə “Məktəblinin dostu” layihəsi ilə bağlıdır.
Rəşad Cabbarın fikrincə gözləntiləri tam doğrultmayan layihələrdən biri biri də “Məktəblinin dostu” layihəsidir:

“Mən düşünürəm ki, ən uğurlu layihələrdən biri Peşə təmayüllü siniflər layihəsi oldu. Hesab edirəm ki, bu layihə həqiqətən uğurlu nəticə verdi. 2019-2020-ci illərdən sonra peşə təhsili daha çox ön plana çıxdı. Bir vaxtlar “peşə” deyəndə insanlar bundan uzaqlaşırdısa, artıq cəmiyyət müəyyən qədər peşə təhsilinə alışdı.
Daha sonra yüksək peşə təhsilinin də ortaya çıxması, həmin ixtisaslar üzrə məzunların subbakalavr kimi universitetlərə sənəd vermək imkanının yaranması peşə təhsilinə marağı daha da artırdı. Qısacası, peşə təhsilinin ön plana çıxmasında Peşə təmayüllü siniflər layihəsinin mühüm rolu olduğunu düşünürəm və onu ən uğurlu layihələrdən biri hesab edirəm.
Uğursuz layihə demək bir qədər sərt səslənə bilər. Amma gözləntilərin daha yüksək olduğu layihələrdən biri kimi “Məktəblinin dostu” layihəsini qeyd edə bilərəm. Bu layihədən daha peşəkar və yüksək nəticələr gözləyirdik. Artıq təxminən 10 ildir fəaliyyət göstərən layihənin gözlənilən nəticələri tam şəkildə verə bildiyini düşünmürəm.
Layihənin tamamilə uğursuz olduğunu demirəm. Sadəcə, mənim fikrimcə, gözlənilən nəticənin təxminən 50-60 faizini verə bilib. Hətta düşünürəm ki, “Məktəblinin dostu” layihəsinə həvalə olunan bəzi vəzifə və səlahiyyətlər məktəblərdə sinif rəhbərlərinə verilə bilərdi. Mənə görə, məktəbdə əsasən müəllimlər, pedaqoqlar, psixoloqlar, direktor və direktor müavinləri kimi mütəxəssislərin fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Məktəbdə uşaqlarla birbaşa əlaqədə olan əlavə bir vəzifənin yaradılmasını o qədər də peşəkar yanaşma hesab etmirəm.
Ona görə də ən uğurlu layihə kimi Peşə təmayüllü siniflər layihəsini, gözləntiləri tam doğrultmayan layihələrdən biri kimi isə “Məktəblinin dostu” layihəsini qeyd edərdim”.
Əmrah Həsənli təhsil layihələrinin davamlılığı üçün müəllim amilinin vacibliyini vurğulayıb:

"Təhsil sahəsində davamlı inkişafa nail olmaq üçün keçmiş təcrübələrin, xüsusən də başlanğıcda böyük ümidlərlə həyata keçirilən, lakin sonradan gözləntiləri tam doğrultmayan layihələrin düzgün təhlili çox vacibdir. Ölkəmizdə bir çox uğurlu təşəbbüslər irəli sürülsə də, bəzi layihələr, o cümlədən elektron təhsil və İKT-nin tətbiqi proqramlarının ilk dalğaları gözlənilən effekti vermədi.
Təhsilin rəqəmsallaşdırılması və müasir texnologiyaların tədrisə inteqrasiyası ideya baxımından müsbət görünsə də, bir sıra məktəblərdə bu layihələr zamanla formal xarakter aldı. Əsas səbəblərdən biri müəllim amilinin lazımi səviyyədə nəzərə alınmaması idi. İnfrastruktur yenilənsə də, müəllimlərin praktiki təlimi, psixoloji adaptasiyası və metodoloji dəstəyi bəzən arxa planda qaldı.
Bununla yanaşı, davamlı monitorinqin aparılmaması, layihələrin kampaniya xarakteri daşıması, beynəlxalq təcrübələrin yerli və regional reallıqlar nəzərə alınmadan tətbiqi və təhsil işçilərinin real əks-əlaqəsinin kifayət qədər dinlənilməməsi gözlənilən nəticəyə mane oldu.
Təhsildə dərs çıxarılmayan hər bir təcrübə itirilmiş zamandır. Buna görə də gələcək layihələrdə diqqət yalnız texniki tərəfə deyil, ilk növbədə müəllim amilinə, metodoloji dəstəyə və davamlılığa yönəldilməlidir".