Əmək bazarının tələbləri və texnoloji yeniliklər ali təhsil sistemində yeni ixtisaslara ehtiyacı artırır.
Bəs yaxın gələcəkdə hansı universitetlərdə yeni ixtisasların açılmasına ehtiyac var?
AzEdu.az mövzu ilə bağlı təhsil mütəxəssisləri arasında sorğu keçirib.
Sorğumuza cavab verən İlqar Orucov qeyd edib ki, Azərbaycanda əmək bazarının tələblərinə uyğun olaraq süni intellekt, böyük verilənlər analitikası və yaşıl enerji kimi müasir ixtisaslar açılmalıdır:

"Qloballaşan beynəlxalq əmək bazarının rəqəmsal və texnoloji çağırışları, həmçinin Dördüncü Sənaye inqilabının gətirdiyi yeni reallıqlar Azərbaycanda ali təhsil sisteminin struktur və məzmununun yenilənməsini və fənlərarası inteqrasiyaya söykənən yeni ixtisasların açılmasını qaçılmaz bir zərurətə çevirmişdir. Lakin yaxın gələcəkdə hər hansı bir ali təhsil müəssisəsində yeni ixtisasın yaradılması sadəcə subyektiv bir istəklə deyil, universitetin həmin sahəyə tam adekvat olan maddi-texniki infrastrukturu, professor-müəllim heyətinin peşəkar potensialı, müasir laboratoriya bazası və dərslik təminatı ilə uyğun olmalıdır. Bu gün yerli və beynəlxalq əmək bazarında rəqabətədavamlı kadr hazırlığını təmin etmək üçün yalnız ənənəvi sahələrə deyil, daha çox fənlərarası və qlobal həllərə hədəflənmiş strateji istiqamətlərə ehtiyac duyulmaqdadır. Bu barədə həmmüəllifi olduğum “Fənn münasibətləri – yeni biliklər istehsalı” adlı fundamental monoqrafiyamızda elmi tədqiqatlara və akademik yanaşmalara istinad edərək geniş yer vermişik. Universitetlər perspektivdə əmək bazarının tələblərinə cavab vermək və qlobal texnoloji dəyişikliklər fonunda gələcəyin ixtisaslarını müəyyənləşdirərək əvvəlcədən onlara hazırlaşmaqla bağlı müvafiq strategiyalara malik olmalıdırlar, çünki əmək bazarı üçün peşəkar kadr hazırlığı onların funksionallıqlarının ən mühüm tərəflərindən biri olmaqda davam edəcək. Həm də beynəlxalq təcrübəyə və elmi əsaslara söykənən kompleks yanaşma ali məktəblərimizi sadəcə diplom verən müəssisə olmaqdan çıxarıb, yüksək gəlirli intellektual startap platformasına və tətbiqi ekosistem mərkəzlərinə çevirə biləcəkdir.
Hesab edirəm ki, yaxın gələcəkdə ölkəmizin aparıcı elmtutumlu ali təhsil müəssisələrində - Bakı Dövlət Universiteti, ADA, Azərbaycan Dövlət İqtisad Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Texniki Universiteti kimi təhsil müəssisələrində bir neçə fundamental ixtisasın açılması olduqca vacibdir. İlk növbədə, "Böyük verilənlər analitikası və elm iqtisadiyyatı", həmçinin "Süni intellekt etikası və innovasiya menecmenti" kimi fənlərarası sahələrin yaradılması strateji hədəf olmalıdır. Bu ixtisaslar gənclərə yalnız kompüter kodlaşdırmasını deyil, alqoritmlərin iqtisadi və sosial fəsadlarını idarə etməyi, rəqəmsal alətlərin etik standartlarını qorumağı və elmi innovasiyaları birbaşa bazar məhsuluna çevirmək mexanizmlərini öyrətməlidir. İkinci vacib istiqamət qlobal ekoloji və iqtisadi böhranların həllinə yönəlmiş "Yaşıl enerji texnologiyaları və dayanıqlı infrastruktur" ixtisasıdır. Dövlətin insan kapitalı siyasətinə və "yaşıl iqtisadiyyat" strategiyasına tam cavab verən bu sahə gələcəyin mühəndis və kadr potensialını formalaşdırmaq baxımından fundamental əhəmiyyət kəsb edir.
Lakin bir daha vurğulamaq istəyirəm ki, qeyd olunan bu müasir ixtisasların sadəcə kağız üzərində və görüntü naminə açılması ali təhsil mühitində effektiv nəticə verə bilməz. Universitetlərin daxili idarəetmə və təşkilati strukturları bu yeniliklərə adekvat şəkildə cavab verməlidir. Bu istiqamətlər həm də dual təhsil modelinin tətbiqini zəruri edir. Ona görə də universitetlərin nəzdində sənaye ilə əməkdaşlıq mükəmməl formada təşkil olunmalı, müştərək tədris və araşdırma mərkəzləri qurulmalı, tələbələrin laboratoriya sınaqları birbaşa istehsalat sferası ilə sinxronlaşdırılmalıdır. Eləcə də dünyanın ən nüfuzlu universitetlərində tətbiq edilən dərslik və metodiki vəsaitlər dərhal dilimizə tərcümə olunaraq tədris prosesinə inteqrasiya edilməlidir".
Sona Əliyevanın fikrincə, yeni ixtisaslar ölkənin real kadr ehtiyacları nəzərə alınmaqla açılmalı, xüsusilə aqrar sahə, süni intellekt, minatəmizləmə, təhsil və səhiyyə üzrə kadr hazırlığı gücləndirilməlidir:

"Fikrimcə, yeni ixtisas açmaq üçün əsas meyar universitetin istəyi deyil, ölkənin real kadr boşluğudur. Bu baxımdan bir neçə sahə xüsusilə kəskindir.
Birincisi, baytarlıq və heyvandarlıq. Ölkədə baytarların orta yaşı 60-ı keçib, bəzi bölgələrdə ciddi baytar çatışmazlığı var. Gəncədəki Azərbaycan Dövlət Aqrar Universiteti əsas mərkəz olaraq qalır, ADA Universitetində isə İtaliya ilə birgə layihə çərçivəsində “Heyvandarlıq” proqramı fəaliyyət göstərir. Amma heyvandarlıq bölgələrində ali təhsil səviyyəsində kadr hazırlığı zəifdir. “Baytarlıq təbabəti” və “Zoomühəndislik” ixtisasları Naxçıvan Dövlət Universitetində və Qarabağ Universitetində açılmalıdır.
İkincisi, aqrar elmlər. “Aqronomluq”, “Torpaqşünaslıq və aqrokimya” kimi ixtisasları abituriyentlər çox vaxt yalnız aşağı bal topladıqları üçün seçirlər, şirkətlər isə xaricdən aqronom gətirirlər. Seleksiya üzrə isə təsnifatda ayrıca ixtisas yoxdur. Azərbaycan Dövlət Aqrar Universitetində yeni “Seleksiya və toxumçuluq” ixtisasının açılmasını vacib hesab edirəm. Lənkəran Dövlət Universitetində isə subtropik kənd təsərrüfatı üzrə “Aqronomluq” ixtisası gücləndirilməlidir.
Üçüncüsü, su və torpaq. Eroziya, şoranlaşma, səhralaşma və şirin su qıtlığı ölkənin əsas ekoloji problemləri sırasındadır. “Meliorasiya mühəndisliyi” ixtisası Qarabağ Universitetində və Mingəçevir Dövlət Universitetində açılmalıdır. Kür-Araz ovalığının suvarma sisteminin taleyi bu kadrlardan asılıdır.
Dördüncüsü, minatəmizləmə. Ali təhsil səviyyəsində bu sahə üzrə ayrıca proqram yoxdur. Halbuki Qarabağda bu ehtiyac on illərlə davam edəcək. Qarabağ Universitetində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası daxilində minatəmizləmə ixtisaslaşması, magistratura səviyyəsində isə ayrıca proqram açılmalıdır.
Beşincisi, süni intellekt. Ölkədə süni intellekt strategiyası qəbul edilib, amma bakalavriatda ayrıca “Süni intellekt” ixtisası yoxdur, o, “Kompüter elmləri” və “Data analitikası” daxilində tədris olunur. Bu ixtisasın təsnifata daxil edilməsini və Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, regionda isə Sumqayıt Dövlət Universitetində açılmasını təklif edirəm. Kibertəhlükəsizlik kadrı çatışmadığı üçün “İnformasiya təhlükəsizliyi” ixtisası da bu universitetlərdə genişlənməlidir.
Altıncısı, təhsildə psixoloji dəstək. Məktəblərdə psixoloq, loqoped, inklüziv təhsil mütəxəssisi çatışmır. “Təhsildə sosial-psixoloji xidmət” və “Xüsusi pedaqogika” ixtisasları Azərbaycan Dövlət Pedaqoji Universitetinin regional filiallarında, həmçinin Gəncə və Lənkəran dövlət universitetlərində açılmalıdır.
Yeddincisi, səhiyyə. Psixiatr və pediatrların sayı azalıb, regionlarda anestezioloq-reanimatoloq, travmatoloq, uşaq cərrahı çatışmır. Burada yeni ixtisas deyil, Azərbaycan Tibb Universitetinin rezidentura yerlərinin “Anesteziologiya-reanimatologiya”, “Psixiatriya”, “Uşaq və yeniyetmə psixiatriyası”, “Uşaq cərrahiyyəsi”, “Ailə təbabəti” üzrə artırılması və regional xəstəxanalarda rezidentura bazalarının yaradılması lazımdır.
İstənilən halda, yeni ixtisas yalnız laboratoriyası, ixtisaslı müəllimi və işəgötürənlə əlaqəsi olduqda nəticə verir. Deməli, ixtisası ehtiyacın olduğu bölgədə açmaq lazımdır ki, oranın gənci orada oxusun və orada işləsin".
Elmin Nuri tibb, hüquq və data analitikası ixtisaslarının daha çox universitetdə tədris olunmasının vacibliyini vurğulayıb:

"Üç ixtisasın hazırda tədris olunduqları universitetlərlə yanaşı, başqa ali təhsil müəssisələrində də tədris olunmasını istərdim.
İlk olaraq tibb ixtisasından başlayaq. Tibb bu gün bütün dünyada ən çox tələb olunan ixtisaslardan biridir. Bəli, süni intellekt və informasiya texnologiyaları dövrüdür. Bunlar hamımızın bildiyi məsələlərdir. Kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisaslarına da ciddi ehtiyac var. Lakin hazırda ölkənin özəl və dövlət universitetləri də daxil olmaqla, təxminən 13-15 ali təhsil müəssisəsində bu ixtisaslar tədris olunur.
Düşünürəm ki, bu say kifayətdir. Hələlik yeni universitetlərdə bu ixtisasların tədrisinə ehtiyac yoxdur. Əsas məsələ onların hazırda tədris olunduğu universitetlərdə daha da gücləndirilməsidir.
Amma üç ixtisasın – tibb, hüquq və data analitikasının daha çox universitetdə tədris olunmasına ehtiyac var.
Tibb məsələsi aydındır. Dünyada bu sahəyə böyük ehtiyac var. Ona görə də tibb təhsilini yalnız dörd universitetlə məhdudlaşdırmayaq. Bu gün Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti kimi ali təhsil müəssisələrində də tibb ixtisası açılmalıdır.
Çünki bu universitetlər ümumi profilli, universal universitet modelinə uyğundur. Məsələn, Sumqayıt Dövlət Universitetində I, II, III və IV ixtisas qruplarına aid ixtisaslar tədris olunur. Bu, universal universitet modelidir. Eyni yanaşma Bakı Dövlət Universitetinə və Gəncə Dövlət Universitetinə də aiddir.
Hüquq ixtisasını ona görə qeyd edirəm ki, hüquqşünaslıq hazırda cəmi yeddi universitetdə tədris olunur. Bu, az olmasa da, əsas qəbul planı üç universitetdə cəmləşib: Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası və Naxçıvan Dövlət Universiteti. Rəqabətin müəyyən qədər azalması üçün hüquq ixtisasının başqa universitetlərdə də açılmasına ciddi ehtiyac var.
Data analitikası isə şəxsən son zamanlar ən çox vurğuladığım və gələcəyin əsas ixtisaslarından biri hesab etdiyim sahədir. Səhv etmirəmsə, hazırda ölkəmizdə cəmi iki universitetdə bakalavriat səviyyəsində data analitikası tədris olunur. Məncə, bu ixtisas ən azı 10 universitetdə olmalıdır. Bakı Dövlət Universitetindən və ADA Universitetindən tutmuş Naxçıvan Dövlət Universitetinə, Xəzər Universitetinə və digər özəl ali təhsil müəssisələrinə qədər bu istiqamətin genişləndirilməsi vacibdir".
Ramin Nurəliyev proqram mühəndisliyi və ingilis dilində tibb təhsilinin inkişaf etdirilməsinin gələcəyin peşəkar kadrlarının hazırlanmasına töhfə verəcəyini bildirib:

“Düşünürəm ki, hansı universitetlərdə hansı ixtisasların açılması məsələsinə diqqətlə yanaşmaq lazımdır. Müasir dövrün tələblərinə uyğun, perspektivli və daha çox tələbat olan ixtisasların hər universitetdə deyil, xüsusilə özünü sübut etmiş ali təhsil müəssisələrində açılmasının tərəfdarıyam.
Hər universitetdə bütün ixtisasların açılması müəyyən problemlərə səbəb ola bilər. Əsas məsələ universitetin həmin ixtisas üzrə peşəkar kadr hazırlamaq imkanlarının olub-olmamasıdır. Hazırda bəzi universitetlərdə, məsələn, mühəndislik ixtisasları üzrə kadr hazırlığında müəyyən problemlərin olduğunu müşahidə edirik. Həmin ixtisasların məzunlarının əmək bazarına cəlb olunması məsələsində belə işəgötürənlər tərəddüd edirlər.
Ona görə də düşünürəm ki, hər universitetdə bütün ixtisasların açılmasındansa, xüsusilə özünü sübut etmiş ali təhsil müəssisələrində daha perspektivli ixtisasların yaradılması istiqamətində təşəbbüslər göstərilməlidir.
Məsələn, şəxsən mən proqram mühəndisliyi ixtisasının açılmasını istərdim. Bilirsinizmi, proqram mühəndisliyi nədir? Xüsusilə Avropada, Amerikada, Çində və hətta Türkiyədə bu sahənin mütəxəssislərinə böyük tələbat var. Onlar, xüsusən də təyyarələrin, hərbi təyyarələrin, hərbi infrastrukturun, pilotsuz uçuş aparatlarının və digər sistemlərin proqram təminatının hazırlanması ilə məşğul olurlar. Proqram mühəndisliyi cihazların işləməsi və idarə olunması üçün zəruri olan proqramların hazırlanmasını əhatə edən, əsasən, informasiya texnologiyaları yönümlü bir sahədir. Düşünürəm ki, Azərbaycanda da bu istiqamətdə mütəxəssislərə tələbat var.
Niyə? Çünki Azərbaycan artıq qüdrətli və inkişaf etmiş dövlətdir. Ölkəmiz öz silahlarını və pilotsuz uçuş aparatlarını istehsal edir. Buna görə də proqram mühəndislərinə, xüsusilə də milli mütəxəssislərimizə ehtiyac var. Bu baxımdan, həmin ixtisasın hər universitetdə deyil, məsələn, ADA Universitetində, Bakı Ali Neft Məktəbində və İqtisad Universitetində açılmasının tərəfdarıyam.
Bununla yanaşı, tibb ixtisasının ADA Universitetində açılmasını çox istərdim. Çünki ADA Universiteti həqiqətən də özünü sübut etmiş ali təhsil müəssisəsidir. Mən ADA Universitetini, belə deyək, Qafqazın Oksfordu adlandırıram. Ona görə də düşünürəm ki, tibb ixtisasının burada ingilis dilində tədris olunması Azərbaycanda gələcəkdə peşəkar həkimlərin yetişdirilməsinə böyük töhfə verə bilər.
Ən çox arzuladığım məhz budur. Hazırda Qarabağ Universitetində tibb ixtisasının açılması, Bakıdakı Azərbaycan Tibb Universiteti ilə yanaşı, tələbələrin Qarabağ Universitetinə də yönəlməsi hesab edirəm ki, bu sahəyə abituriyentlərin və cəmiyyətin marağını artırıb. Düşünürəm ki, tibb ixtisası ADA Universitetində də ingilis dilində tədris olunarsa, xaricdə tibb təhsili almaq istəyən gənclərimizin müəyyən hissəsinin öz ölkəmizdə, ADA Universitetində təhsil almasına şərait yaranar. Beləliklə, gənclərimiz ölkəmizdəki universitetlərdə təhsil almış olarlar. Hesab edirəm ki, ADA Universiteti də bu işin öhdəsindən çox yüksək səviyyədə gələ bilər.
Düşünürəm ki, gələcəyin süni intellekt istiqamətində formalaşacağını nəzərə alsaq, proqram mühəndisliyi kimi ixtisasın, eləcə də ingilis dilində tədris olunan tibb ixtisasının bu universitetlərdə açılması Azərbaycanın əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində böyük uğur kimi qiymətləndirilə bilər”.
Sevinc Purkeştasib təhsil texnologiyaları, rəqəmsal təlim, inklüziv təhsil və uşaq psixologiyası üzrə yeni ixtisasların açılmasının vacibliyini vurğulayıb:

“Hesab edirəm ki, əmək bazarının müasir tələblərinə və gələcəyin çağırışlarına uyğun olaraq, universitetlərdə yeni ixtisasların açılmasına ehtiyac var.
Yaradılmasını vacib hesab etdiyim bir neçə ixtisasın adını sadalaya bilərəm: süni intellekt və maşın öyrənməsi, data analitikası, böyük verilənlər. Düzdür, data analitikası ali təhsil müəssisələrində artıq iki-üç ildir ki, tədris olunur. Lakin böyük verilənlərin də bu istiqamətə daxil edilməsi daha məqsədəuyğun olardı.
Bundan əlavə, təhsil texnologiyaları, rəqəmsal təlim, təhsildə süni intellektin tətbiqi, uşaq və yeniyetmə psixologiyası, karyera məsləhətçiliyi, təhsil menecmenti və bərpaolunan enerji mühəndisliyi kimi ixtisasları da universitetlərə əlavə edə bilərik.
Əsas məsələ bu ixtisasların hansı universitetlərdə daha səmərəli nəticə verəcəyini müəyyənləşdirməkdir. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Sumqayıt Dövlət Universitetində açılması məqsədəuyğun olardı.
Texnologiya yönümlü ixtisasları Bakı Mühəndislik Universitetində, inklüziv təhsil, loqopediya, uşaq psixologiyası və yeniyetmələrlə iş kimi istiqamətləri isə Pedaqoji Universitetdə tətbiq edə bilərik.
Əsas məqsəd yeni ixtisasların sayını artırmaqla yanaşı, onların real əmək bazarının tələblərinə uyğun müasir tədris proqramları ilə təmin edilməsi və məzunların iş imkanlarının genişləndirilməsidir. Hazırda texnologiya əsrində yaşayırıq və texnologiyalar artıq təhsilimizə də sirayət etməyə başlayıb. Bu baxımdan, həmin istiqamətlər üzrə ixtisasların artırılması, mənə elə gəlir ki, məqsədəuyğundur”.
Elçin Əfəndi qeyd edib ki, süni intellekt, gen mühəndisliyi, blokçeyn, kriptovalyuta və müasir kənd təsərrüfatı istiqamətləri üzrə yeni ixtisasların açılmasına ehtiyac var:

"Yaxın gələcəkdə ölkə universitetlərində bir neçə yeni ixtisasın açılmasına ehtiyac var. Məsələn, süni intellekt hazırda yalnız magistratura pilləsində tədris olunur. Lakin düşünürəm ki, bakalavr pilləsində də bu istiqamət üzrə kadr hazırlığına, yəni süni intellekt mütəxəssislərinin yetişdirilməsinə ehtiyac var. Bu ixtisası Texniki Universitetdə, Neft və Sənaye Universitetində, eləcə də İqtisad Universitetində açmaq olar. Eyni zamanda, Tibb Universitetində gen mühəndisliyi ixtisasının yaradılmasına da ehtiyac olduğunu düşünürəm.
Bundan əlavə, blokçeyn və kriptovalyuta sahələri üzrə mütəxəssis hazırlığına ehtiyac var. Kənd təsərrüfatı istiqamətində də müasir tələblərə uyğun sahələr üzrə kadr hazırlığı vacibdir. Bu baxımdan, Aqrar Universitetdə və regionlarda yerləşən bəzi dövlət universitetlərində, məsələn, Lənkəran Dövlət Universitetində, Texnologiya Universitetində və digər ali təhsil müəssisələrində müasir kənd təsərrüfatı istiqamətləri üzrə ixtisaslar yaradıla bilər.
ADA Universitetində və İtaliya-Azərbaycan Universitetində olduğu kimi, digər ali təhsil müəssisələrində, o cümlədən Aqrar Universitetdə də yeni ixtisasların açılmasına ehtiyac var".
Rizvan Fikrətoğlu Azərbaycanın gələcək inkişafı üçün texnologiya, mühəndislik, səhiyyə, təhsil və yaşıl iqtisadiyyat istiqamətlərində yeni ixtisasların yaradılmasını prioritet hesab edir:

"Azərbaycanda ali təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından yaxın gələcəkdə bir sıra universitetlərdə yeni və müasir ixtisasların açılmasını vacib hesab edirəm. Xüsusilə süni intellektin, rəqəmsal texnologiyaların və yaşıl iqtisadiyyatın inkişafı yeni peşələrə tələbatı artıra bilər. Yeni ixtisasların açılmasını vacib hesab etdiyim universitetlər və istiqamətlər barədə danışacağam.
Düşünürəm ki, Bakı Dövlət Universitetində, məsələn, bioinformatika və hesablama biologiyası ixtisaslarına ehtiyac var. İqtisad Universitetində rəqəmsal iqtisadiyyat, biznes analitikası və yaşıl iqtisadiyyat, Azərbaycan Texniki Universitetində isə sənayenin avtomatlaşdırılması, kibertəhlükəsizlik və avtonom sistemlər mühəndisliyi ixtisaslarının açılması məqsədəuyğun olardı.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bərpaolunan enerji mühəndisliyi, hidrogen energetikası və enerji səmərəliliyi ixtisaslarına ehtiyac olduğunu düşünürəm. Pedaqoji istiqamətdə isə təhsil texnologiyaları mühəndisliyi, rəqəmsal pedaqogika, inklüziv təhsil və süni intellektin təhsildə tətbiqi ilə bağlı ixtisasların açılmasını vacib hesab edirəm.
Azərbaycan Memarlıq və İnşaat Universitetində ağıllı şəhər texnologiyaları mühəndisliyi, yaşıl tikinti və dayanıqlı şəhərsalma mühəndisliyi, Azərbaycan Dillər Universitetində isə rəqəmsal humanitar elmlər, lokalizasiya texnologiyaları və dil texnologiyaları ixtisaslarının yaradılması məqsədəuyğun olardı.
Bununla yanaşı, bütün universitetlərdə kibertəhlükəsizlik, süni intellektdən istifadə, rəqəmsal savadlılıq və sahibkarlıq üzrə fənlərin tədrisinin genişləndirilməsi də vacibdir.
Hesab edirəm ki, əsas məsələ yalnız yeni ixtisasların açılması deyil, həm də həmin ixtisaslar üzrə keyfiyyətli tədrisin, müasir laboratoriyaların və real iş mühitində təcrübə imkanlarının yaradılmasıdır. Yeni ixtisaslar əmək bazarının proqnozlaşdırılan tələbatı, ölkənin strateji inkişaf prioritetləri və beynəlxalq təcrübə əsasında müəyyənləşdirilməlidir. Eyni zamanda, universitetlər işəgötürənlərlə sıx əməkdaşlıq etməli, tədris proqramlarını mütəmadi yeniləməli və məzunların məşğulluq vəziyyətini izləməlidirlər.
Nəticə etibarilə, Azərbaycanın gələcək inkişafı üçün texnologiya, mühəndislik, səhiyyə, təhsil və yaşıl iqtisadiyyat istiqamətlərində yeni ixtisasların yaradılmasını prioritet hesab edərdim. Bu, həm gənclərin rəqabət qabiliyyətini artırar, həm də ölkənin innovasiya potensialının güclənməsinə töhfə verər".
Vüsət Əzizov süni intellekt, yaşıl enerji, biotexnologiya və aerokosmik mühəndislik sahələrində yeni ixtisasların yaradılmasını təklif edib:

"Yaxın gələcəkdə ali təhsil sistemimizdə yeni ixtisasların açılması yalnız akademik müxtəliflik yaratmamalı, birbaşa qlobal trendlərə, yerli əmək bazarının tələblərinə və texnoloji transformasiyaya cavab verməlidir. Bəzi ixtisaslar var ki, onların məzunları iş tapmaqda çətinlik çəkirlər, digər tərəfdən isə əmək bazarında mütəxəssis çatışmazlığı müşahidə olunur. Buna görə də universitetlər yeni ixtisaslar açarkən yalnız ənənəvi istiqamətlərə deyil, gələcəkdə daha çox tələb olunacaq sahələrə də üstünlük verməlidirlər.
İlk növbədə, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, robototexnika və proqram mühəndisliyi istiqamətlərində yeni ixtisasların genişləndirilməsini vacib hesab edirəm. Rəqəmsallaşma sürətləndikcə bu sahələrdə peşəkar kadrlara tələbat daha da artacaq. Eyni zamanda, yaşıl enerji, alternativ enerji mənbələri, ətraf mühitin mühafizəsi və ekologiya mühəndisliyi kimi istiqamətlərə də xüsusi diqqət yetirilməlidir. Bu ixtisasların xüsusilə Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti və digər texniki profilli ali təhsil müəssisələrində inkişaf etdirilməsi məqsədəuyğun olardı. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə enerji texnologiyaları, bərpaolunan enerji və sənayedə avtomatlaşdırma istiqamətləri üzrə proqramların genişləndirilməsi faydalı olardı.
Bununla yanaşı, təhsil texnologiyaları, inklüziv təhsil, təhsildə məlumatların təhlili və süni intellektin tədrisdə tətbiqi kimi istiqamətləri də vacib hesab edirəm. Çünki təhsil sistemi dəyişir və gələcəyin müəllimi yalnız fənnini bilməklə kifayətlənməməli, rəqəmsal alətlərdən istifadə etməyi və müasir təlim metodlarını tətbiq etməyi də bacarmalıdır. Bu istiqamətlərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində müvafiq proqramların yaradılması perspektivli ola bilər.
Digər mühüm istiqamət aqrar texnologiyalar, qida təhlükəsizliyi, logistika və tibbi texnologiyalardır. Bu sahələr ölkənin iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi və xidmət sektorunun keyfiyyəti baxımından əhəmiyyət daşıyır. Ümumi olaraq, açılması vacib hesab edilən ixtisasları və onların yer aldığı ali təhsil müəssisələrini belə ümumiləşdirmək olar.
Süni intellekt mühəndisliyi bir çox universitetlərdə fənn kimi tədris olunsa da, bu sahə artıq müstəqil bakalavr və magistr proqramına çevrilməlidir. Süni intellekt alqoritmlərinin işlənməsi ilə yanaşı, onun hüquqi və etik tərəflərini tənzimləyən mütəxəssislərə böyük ehtiyac var. ADA Universitetində (beynəlxalq təcrübə və İT infrastrukturu baxımından) və Bakı Ali Neft Məktəbində bu ixtisasların tədrisi yüksək səviyyədə həyata keçirilə bilər.
Bərpa olunan enerji və yaşıl texnologiyalar mühəndisliyi ixtisasını müasir dövr üçün xüsusi qeyd etmək lazımdır. Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyası, Qarabağ və Şərqi Zəngəzurun “net-sıfır” emissiya zonasına çevrilməsi və COP təcrübələri bu sahədə ixtisaslı kadr tələbatını kəskin artırıb. Bu ixtisaslar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Texniki Universitetində və Qarabağ Universitetində (bölgədəki yaşıl layihələrin icrası üçün) tədris oluna bilər.
Biotexnologiya və genetik mühəndislik ixtisaslarının tədrisi isə səhiyyə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi problemlərinin qarşısını almağa kömək edə bilər. Genetik tədqiqatlar, peyvənd texnologiyaları və bioinformatika üzrə mütəxəssis çatışmazlığı var.
Bakı Dövlət Universiteti (biologiya bazası güclü olduğu üçün) və Azərbaycan Tibb Universiteti (ATU) bu istiqamətdə müvafiq ixtisasların tədrisi üçün nəzərdən keçirilə bilər.
Aerokosmik mühəndislik və peyk texnologiyaları ixtisaslarının tədrisi isə Azərbaycanın kosmik sənaye ambisiyalarına və “Azərkosmos”un fəaliyyətinə uyğun olaraq yerli kadr bazasının akademik səviyyədə formalaşdırılması tələbatını qarşılaya bilər. Bu ixtisaslar isə öz növbəsində Milli Aviasiya Akademiyasında və Azərbaycan Texniki Universitetində tədris oluna bilər.
Urbanistika ixtisası üzrə kadrların olması çox vacibdir. İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları tətbiq olunur. Şəhərsalma, nəqliyyatın avtomatlaşdırılması və rəqəmsal infrastrukturu idarə edəcək urbanist mühəndislərə ciddi ehtiyac var.
Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Mühəndislik Universitetində, ADA Universitetində və Qarabağ Universitetində bu ixtisaslar tədris oluna bilər.
Bu ixtisasların universitetlərdə təsis olunması Azərbaycanın həm kadr potensialını rəqabətədavamlı edəcək, həm də gənclərin xaricə axınının qarşısını almağa kömək edəcəkdir.
Ancaq burada bir məqamı xüsusi vurğulamaq lazımdır ki, yeni ixtisas açmaq sadəcə qəbul planına yeni ad əlavə etmək demək deyil. Həmin ixtisas üzrə müasir laboratoriyalar, təcrübəli müəllimlər, praktik təlim imkanları və işəgötürənlərlə əməkdaşlıq olmalıdır. Universitetlər kadr hazırlığını müəssisələrin real ehtiyacları ilə uzlaşdırmalı, tələbələrin təhsil müddətində təcrübə qazanmasına şərait yaratmalıdırlar.
Nəticə etibarilə, məqsədimiz universitetlərdə ixtisasların sayını artırmaq deyil, məzunların rəqabətqabiliyyətini yüksəltmək və onları gələcəyin əmək bazarına hazırlamaq olmalıdır. Yeni ixtisaslar həm ölkənin iqtisadi prioritetlərinə, həm də qlobal əmək bazarında baş verən dəyişikliklərə uyğun müəyyənləşdirilməlidir".
Məzahir Məmmədli təhsil texnologiyaları, təhsildə süni intellektin tətbiqi, psixologiya və bərpaolunan enerji üzrə yeni ixtisasların yaradılmasını vacib hesab edir:

“Bu gün həm əmək bazarının tələblərinə cavab verən, həm də gələcək üçün uzunmüddətli ehtiyac yaradan bir neçə sahə var. Məncə, bunlardan ən vacib istiqamətlərdən biri təhsil, texnologiya və psixologiyanın kəsişməsində yeni ixtisasların yaradılmasıdır. Bu sahədə yeni ixtisaslara ciddi ehtiyac var.
Məsələn, Azərbaycanda fəaliyyət göstərən İqtisad Universitetində, Bakı Dövlət Universitetində, Texniki Universitetdə, Pedaqoji Universitetdə və Neft və Sənaye Universitetində mövcud ixtisaslaşmış fakültələr çərçivəsində yeni proqramların yaradılmasını istərdim. Süni intellekt, data analitikası və kibertəhlükəsizlik kimi ixtisaslar, əsasən, texniki fakültələrdə inkişaf etdirilə bilər.
Təhsil texnologiyaları ilə bağlı həm Bakı Dövlət Universitetində, həm də Pedaqoji Universitetdə yeni istiqamətlər yaradıla bilər. Məsələn, təhsildə süni intellektin tətbiqi və inkişafı, xüsusi təhsil və innovativ təhsillə bağlı pedaqoji ixtisasların yaradılması məqsədəuyğun olardı. Psixologiya ilə bağlı da yeni istiqamətlər, məsələn, psixologiya və təhsil ixtisası nəzərdən keçirilə bilər.
Bundan əlavə, texniki ixtisaslar çərçivəsində bərpaolunan enerji ilə bağlı istiqamətlərin yaradılması da vacibdir. Bildiyiniz kimi, bu sahə hazırda əmək bazarının tələblərindən biridir.
Ümumilikdə, texnologiya və təbii resurslarla bağlı istiqamətləri həm səhiyyə, həm də texniki sahələr üzrə inkişaf etdirmək mümkündür. Düşünürəm ki, universitetlər bu kimi ixtisaslara diqqət ayırsalar, həm gələcəyin tələblərinə cavab verə, həm də bugünkü əmək bazarının ehtiyaclarını qarşılaya bilərlər”.
Səbuhi Abdullayevin sözlərinə görə, xüsusilə region universitetlərində ekologiya və kənd təsərrüfatı, o cümlədən bitkiçilik və əkinçilik üzrə yeni ixtisasların açılması perspektivli ola bilər:

"Süni intellektlə bağlı yeni dövrdə peşə yönümlü, ekoloji və kənd təsərrüfatı istiqamətində yeni ixtisasların yaradılmasını məqsədəuyğun hesab edirəm. Xüsusilə bu sahələr üzrə ali təhsil müəssisələrində, o cümlədən regionlardakı universitetlərdə kənd təsərrüfatı ilə bağlı yeni ixtisasların açılması, bitkiçilik və əkinçilik sahələrinə uyğun istiqamətlərin yaradılması gələcəkdə öz perspektivlərini göstərə bilər. Qeyri-neft sektorunun inkişafını da nəzərə alsaq, bu ixtisasların gələcəkdə perspektivli olacağı aydın görünür".