Azedu.az

Maaş artımı ilə bitməməlidir - Tamştatlı müəllimlər üçün əlavə GÜZƏŞTLƏR 

AzEdu Təhsil Platforması

28 Oktyabr 2026, 11:23
Maaş artımı ilə bitməməlidir - Tamştatlı müəllimlər üçün əlavə GÜZƏŞTLƏR 

2027-ci ildən etibarən tamştatlı müəllim modelinin tətbiq olunacağı ilə bağlı məlumat verilmişdi.

Maraqlıdır, bu model çərçivəsində seçilən müəllimlər üçün əlavə hansı güzəştlər nəzərdə tutulmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib ki, dərs saatına əsaslanan əməkhaqqı sisteminə yenidən baxılmalıdır:

“Bu məsələ ötən illərdə, xüsusilə də bu il daha çox müzakirə olunub. Müəllimlərin əmək fəaliyyətinin yalnız dərs saatına deyil, iş saatına uyğun təşkil edilməsi daha məqsədəuyğun hesab olunur. Bu istiqamətdə elm və təhsil naziri də açıqlama vermişdi.

Hesab edirəm ki, beynəlxalq təcrübəyə baxdıqda, müəllimlərin əməkhaqqının dərs saatına deyil, iş saatına əsasən müəyyənləşdirilməsi onların xeyrinədir. Müəllim dərs saatına görə əməkhaqqı aldığı zaman birinin dərs yükü çox, digərinin isə az olur. Bu da istər-istəməz müəyyən balanssızlıq yaradır. Nəticədə bəzi müəllimlərin əməkhaqqında artım, digərlərində isə azalma müşahidə olunur. Bu vəziyyət müəllimlə məktəb rəhbərliyi arasında narazılıqlara və incikliklərə də səbəb ola bilər.

Əməkhaqqının iş saatına əsasən müəyyənləşdirilməsi bu cür problemləri aradan qaldıra və müəllimlə məktəb rəhbərliyi arasında yarana biləcək münaqişələrin qarşısını ala bilər”.

Müəllimlərlə bağlı əsas məsələ onların sosial rifahının təmin olunmasıdır:

“Müəllimin sosial rifahı təmin edildikdə, o, əlavə gəlir əldə etmək üçün başqa fəaliyyət sahələrinə yönəlməyə məcbur qalmamalıdır. Əmək fəaliyyəti iş saatına uyğun təşkil olunarsa, müəllim diqqətini birbaşa öz işinə yönəldə bilər. Bunun üçün müəllimlərin əməkhaqqı mütləq nəzərə alınmalı və artırılmalıdır.

Sosial rifahın yüksəldilməsi üçün nəqliyyat sahəsində müəyyən güzəştlər tətbiq oluna, müxtəlif şirkətlərlə əməkdaşlıq çərçivəsində müəllimlərə güzəşt kartları təqdim edilə bilər. Hesab edirəm ki, müəllimlərin sosial rifahının təmin olunması tədris prosesinə də müsbət təsir göstərəcək.

Dərs saatına əsaslanan və sovet dövründən qalan bu sistemə yenidən baxılmalıdır. İş saatına keçid həyata keçirilərsə, əməkhaqqı ilə bağlı əlavə güzəştlər və ödənişlər də nəzərdə tutulmalıdır. Müəllimlərin nəqliyyat xərcləri, kirayədə yaşayanların kirayə haqqı, eləcə də kommunal xərcləri nəzərə alınmalıdır”.

Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?
Son xəbərlərDaha çox