Yaponiyada yaşı 100-ü keçən insanların sayı 95 mini ötüb.
AzEdu.az "NHK World Japan" nəşrinə istinadən xəbər verir ki, onların 88 faizindən çoxunu qadınlar təşkil edir.
Məlumata görə, yaponların uzunömürlülüyünün səbəblərindən biri müntəzəm fiziki aktivlikdir.
2020-ci ildə Yaponiyada dərc olunan hesabatlara əsasən, ölkə əhalisinin təxminən 22 faizi həftədə iki dəfədən çox idmanla məşğul olub. Bu məşqlərin hər biri ən azı 30 dəqiqə davam edib, fiziki yük isə orta və ya yüksək səviyyədə olub.
Mütəxəssislərin fikrincə, uzunömürlülüklə əlaqələndirilən digər mühüm vərdiş nizamlı qidalanmadır. Hər gün təxminən eyni vaxtda yemək daxili bioloji saatın fəaliyyətini və gündəlik rejimin sabitliyini qorumağa kömək edir. Bundan əlavə, bu vərdiş çəkiyə nəzarət etmək və həzm sisteminin sağlamlığını qorumaq baxımından da faydalı hesab olunur.
Bununla belə, bu vərdişlər uzun ömür sürməyə tam zəmanət vermir. İnsan ömrünə genetika, ümumi sağlamlıq vəziyyəti və ətraf mühit də daxil olmaqla, müxtəlif amillər təsir göstərir.
Mütəmadi fiziki aktivlik və nizamlı qidalanma isə gündəlik həyata asanlıqla daxil edilə bilən və sağlamlığa müsbət təsir göstərən vərdişlərdir.