Kənd məktəblərində fizika və kimya fənlərinin tədrisi ilə bağlı bir sıra şikayətlər var. Belə ki, bəzi məktəblərdə laboratoriya avadanlıqlarının və əyani vəsaitlərin olmaması şagirdlərin fənləri praktiki şəkildə öyrənməsinə mane olur. Eyni zamanda, bu fənlərə ayrılan dərs saatlarının azlığı da narazılıq doğurur.
Maraqlıdır, kənd məktəblərində fizika və kimya fənlərinin tədris keyfiyyətini artırmaq üçün hansı addımlar atılmalıdır?
AzEdu.az-a mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov danışıb.

Kimya və fizika kimi fənləri laboratoriyalar olmadan tədris etmək qeyri-mümkündür. Bu problemin həlli üçün mütləq lazımi imkanlar yaradılmalı və məsələyə xüsusi diqqət yetirilməlidir:
"Əslində, bu gün dövlət səviyyəsində məktəblərimizin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Bu məsələ dövlətimizin xüsusi diqqətindədir. Son illər Azərbaycanda çoxlu sayda məktəb təmir və bərpa olunub. Bu da dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının nümunəsidir.
Bununla yanaşı, bir reallığı da nəzərə almaq lazımdır: kimya və fizika kimi fənləri laboratoriyalar olmadan tədris etmək, əslində, olduqca çətindir. Bu fənlərin tədrisi üçün zəruri şərait yaradılmalı və məsələyə xüsusi diqqət yetirilməlidir.
Hesab edirəm ki, dövlət qurumları bu istiqamətdə addımlar atmağa davam etməlidir. Konkret olaraq, Elm və Təhsil Nazirliyi problemin həlli üçün əlavə vəsait ayrılması və müvafiq tədbirlərin görülməsi məsələsini nəzərdən keçirməlidir.
Əks halda, bu fənlərin lazımi laboratoriya və kabinetlər olmadan səmərəli tədrisi mümkün olmayacaq. Buna görə də məsələ prioritet hesab edilməli, mövcud problemlərin aradan qaldırılması üçün daha ciddi addımlar atılmalıdır".