“PAŞA Holdinq” və “PAŞA Sığorta”nın həyata keçirdiyi “Əlaçı” 2026-cı təqaüd proqramının nəticələri açıqlanıb. Ötən illərdə olduğu kimi, bu il də qaliblər arasında UNEC tələbələri üstünlük təşkil edib.
AzEdu.az xəbər verir ki, ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi müsabiqədə qalib seçilən 100 tələbədən 32-si UNEC tələbəsidir.
Qaliblərdən 13-ü Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE), 4-ü Maliyyə və mühasibat fakültəsinin, 3-ü Rus İqtisad Məktəbinin, digər tələbələr isə universitetin müxtəlif fakültələrinin təmsilçiləridir.
UNEC tələbələri son illərdə də “Əlaçı” təqaüd proqramında yüksək nəticələr göstəriblər. Belə ki, 2023-cü ildə 41, 2024-cü ildə 45, 2025-ci ildə isə 37 UNEC tələbəsi proqramın qalibi olub.
“Əlaçı” təqaüd proqramının qalibləri bir il ərzində aylıq təqaüdlə təmin olunacaqlar. Bununla yanaşı, tələbələr üçün şəxsi və karyera inkişafı üzrə təlimlər, karyera məsləhətləri, mentorluq, dərsdənkənar fəaliyyətlər və şəbəkələşmə imkanları yaradılacaq.