Azedu.az

Gənclər ixtisası sevdiyi üçün yox, iş tapmaq üçün SEÇİR

AzEdu Təhsil Platforması

26 Oktyabr 2026, 09:04
Gənclər ixtisası sevdiyi üçün yox, iş tapmaq üçün SEÇİR

Məzunların cəmi 3,2 faizi ixtisas seçimini sırf şəxsi maraqlarına əsasən edib. Bu göstərici abituriyentlərin ixtisas seçiminə təsir edən amilləri və gənclərin peşə yönümündə maraqlarının nə dərəcədə nəzərə alındığını gündəmə gətirir.

Maraqlıdır, abituriyentlərin ixtisas seçiminə şəxsi maraqlarından daha çox hansı amillər təsir edir? Gənclərin sevdikləri sahə əvəzinə başqa ixtisaslara üstünlük verməsi gələcəkdə onların peşə fəaliyyətinə və əmək bazarındakı mövqelərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Əlmusa Atamaliyev bildirib ki,məzunların cəmi 3,2 faizinin ixtisas seçimini sırf şəxsi maraqlarına əsasən etməsi düşündürücü göstəricidir:

“Bu, onu göstərir ki, gənclərin əksəriyyəti ixtisas seçərkən yalnız nəyi sevdiklərini deyil, həm də gələcəkdə hansı sahədə iş tapa biləcəklərini, nə qədər qazanc əldə edəcəklərini və ailələrinin gözləntilərini nəzərə alırlar.

Burada əsas məsələlərdən biri əmək bazarındakı vəziyyətlə bağlı narahatlıqlardır. Abituriyent düşünür ki, hansı ixtisası bitirsə, daha tez iş tapa və gələcəkdə maddi baxımdan daha rahat yaşaya bilər.

Bəzi hallarda valideynlərin seçimi, cəmiyyətin müəyyən peşələrə daha çox nüfuz verməsi, yüksək bal toplamaq və universitetə qəbul olmaq istəyi də gəncin qərarına təsir göstərir. Bəzən abituriyent sevdiyi ixtisası deyil, balının çatdığı və gələcəkdə daha çox imkan qazandıracağını düşündüyü sahəni seçir.

Lakin bir məqamı unutmaq olmaz: əmək bazarında tələb olunan ixtisası seçmək vacibdir, amma bu seçim gəncin maraqları və bacarıqları ilə uzlaşmalıdır.

Çünki insanın sevmədiyi sahədə uzun müddət uğur qazanması daha çətin ola bilər. Təbii ki, bu, həmin şəxsin mütləq uğursuz olacağı demək deyil. Ancaq işə həvəssiz yanaşma, motivasiyanın azalması və peşəkar inkişaf üçün əlavə səy göstərmək istəməmək kimi problemlər yarana bilər.

Digər tərəfdən, gəncin maraq göstərdiyi sahənin əmək bazarındakı imkanlarını araşdırmadan seçim etməsi də düzgün yanaşma deyil. Təkcə sevdiyi sahəyə üstünlük vermək kifayət etmir. Həmin sahədə hansı bacarıqların tələb olunduğunu, iş imkanlarını və gələcək inkişaf perspektivlərini də öyrənmək lazımdır.

Ən doğru seçim şəxsi maraqların, bacarıqların və əmək bazarının tələblərinin üst-üstə düşdüyü nöqtədədir".

Burada məsuliyyəti yalnız abituriyentin üzərinə qoymaq olmaz:

Məktəblərdə peşəyönümü işləri daha sistemli qurulmalı, şagirdlərə ixtisaslar haqqında sadəcə məlumat verilməməli, onların bacarıqları və meyilləri də müəyyənləşdirilməlidir. Gənclər universitetə qəbul olduqdan sonra deyil, daha erkən yaşlardan müxtəlif peşələrlə tanış olmalı, həmin sahələrdə çalışan insanlarla ünsiyyət qurmalı və real iş mühitini görməlidirlər.

Unutmamalıyıq ki, universitetə qəbul olmaq məqsədin sonu deyil, peşəkar həyatın başlanğıcıdır. Gənc yalnız diplom almaq üçün deyil, gələcəkdə özünü reallaşdıra biləcəyi bir sahədə peşəkarlaşmaq üçün ixtisas seçməlidir.

Çünki düzgün ixtisas seçimi təkcə iş tapmaq məsələsi deyil, həm də insanın gələcək həyatından nə dərəcədə məmnun olacağını müəyyənləşdirən vacib qərarlardan biridir”.

Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?
Son xəbərlərDaha çox