Azedu.az

“Məktəbimizin yerini belə tanıya bilmədim” - Qubadlıya qayıdan müəllim

Müəllimlər və elm adamları

25 Oktyabr 2026, 10:15
“Məktəbimizin yerini belə tanıya bilmədim” - Qubadlıya qayıdan müəllim

25 oktyabr Qubadlı Şəhəri Günüdür. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edilib. Doğma torpaqların azadlığı illərlə yurd həsrəti ilə yaşayan Qubadlı sakinlərinin qəlbində gələcəyə inamı və doğma yurda qayıdış ümidini daha da gücləndirib.

AzEdu.az bu münasibətlə Qubadlı rayonu Çaytumas kəndində yerləşən Hafiz Quliyev adına Texniki fənlər təmayüllü məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Dürdanə Qasımova ilə söhbətləşib.

Müəllim doğma yurda bağlılığından, uşaqlıq xatirələrindən və rayonun yenidən qurulması ilə bağlı arzularından danışıb.

Dürdanə Qasımova bütün Qubadlı sakinlərinin doğma torpaqlarına qayıtmasını, burada həyatın yenidən canlanmasını və insanların öz yurd-yuvalarında firavan yaşamasını arzuladığını bildirib.

20 ilə yaxındır müəllimlik fəaliyyəti ilə məşğulam:

"1983-ci il sentyabrın 11-də Qubadlı rayonunda anadan olmuşam. Torpaqlarımız işğal olunduqdan sonra əvvəlcə Mingəçevir şəhərində, daha sonra isə Sumqayıt şəhərində təhsilimi davam etdirmişəm. Orta təhsilimi Sumqayıt şəhərindəki 30 nömrəli tam orta məktəbdə başa vurmuşam. Daha sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavriat və magistratura pillələri üzrə təhsil almışam.

2007-ci ildən Qubadlı rayonu Çaytumas kəndində yerləşən Hafiz Quliyev adına Texniki fənlər təmayüllü məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirəm. Artıq 20 ilə yaxındır ki, müəllimlik edirəm.

Bu illər ərzində şagirdlərim arasında yüksək balla ali məktəblərə qəbul olanlar, olimpiadalarda və fənn müsabiqələrində iştirak edənlər olub. Onlar Heydər Əliyevə həsr olunmuş inşa yazısı müsabiqələrində iştirak edərək müxtəlif yerlər tutublar. Şagirdlərim Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ən yaxşı çıxış müsabiqələrində də iştirak ediblər.

Qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunmuşam. Həm müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında, həm də sertifikatlaşdırma prosesində 56 bal toplamışam.

“Qubadlıdan çıxanda 10 yaşım var idi”

Doğma rayonumdan ayrılarkən 10 yaşım var idi. Buna görə də Qubadlı və doğma kəndimlə bağlı xatirələrim əsasən uşaqlıq illərimlə bağlıdır.

İnsan yaşadığı yerləri uşaqlıq yaddaşında necə qoruyursa, mənim də Qubadlı ilə bağlı xatirələrim həmin yaş dövrünün təsəvvürləri ilə bağlıdır. Buna baxmayaraq, kəndimizi, evimizi, qonşularımızı və məktəbə gedən yolu yaxşı xatırlayıram. Xüsusilə qış günləri yadımdadır. Hər tərəf qarla örtüləndə məktəbə gedən yolun açıldığını xatırlayıram. Qarlı havalarda həmin yolla məktəbə gedirdik. Kəndimiz bütün detalları ilə gözümün önündə canlanır.

Təəssüf ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra kəndimizə getsəm də, oranı uşaqlıq xatirələrimdə qaldığı kimi tanıya bilmədim. Çünki kəndimiz viran edilmiş, evlərimiz və məktəbimiz dağıdılmışdı. Uşaqlıq yaddaşıma həkk olunan kəndlə qarşılaşdığım mənzərə tamamilə fərqli idi. Mənə göstərməsəydilər, evimizin və məktəbimizin yerini belə tapa bilməzdim.

Qubadlı 1993-cü il avqustun 31-də işğal olunub. Mən isə həmin vaxtdan bir neçə gün əvvəl kəndimizdən çıxmışdım. Buna görə də işğal günü Qubadlıda olmamışam. Ancaq kəndimizdən ayrılmazdan əvvəl atışma səslərini eşidirdim. Laçından olan məcburi köçkünlərin kəndimizdən keçərək başqa ərazilərə üz tutduğunu görürdüm. Bəzi insanlar kəndimizdə müvəqqəti qalır, evlərdə yerləşirdilər. Biz də imkanımız daxilində onlara kömək edir, yardım göstərirdik. Həmin köç günləri ilə bağlı xatirələr bu gün də yaddaşımdadır".

Doğma torpaqlarımızın azad olunacağına həmişə ümid etmişəm:

"Ümummilli Lider Heydər Əliyevin, daha sonra Prezident İlham Əliyevin çıxışlarında bu arzunun ifadə olunduğunu gördükcə bizdə də inam yaranırdı. Doğma torpaqlarımızın azad olunacağına ürəyimdə ümid bəsləsəm də, bəzən bu arzunun nə vaxtsa reallığa çevriləcəyinə tam əmin ola bilmirdim. Buna baxmayaraq, qəlbimdə az da olsa, ümid işığı var idi. Prezidentin çıxışlarını dinlədikcə bu inam daha da güclənirdi.

Çox şükür ki, 30 ildən sonra arzumuz gerçəkləşdi. Doğma torpaqlarımızın azadlığını gördük və istəyimizə çatdıq.

Mən Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. 1993-cü ildən başlayaraq yaşadıqlarımızı, eləcə də 44 günlük Vətən müharibəsinin hadisələrini dərslərimdə mövzuya uyğun şəkildə şagirdlərimə çatdırmağa çalışıram. Uşaqlarda Vətənə, torpağa, Qarabağa sevgi yaratmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq mənim üçün çox vacibdir. Şagirdlərimi şəhidlərimizin ruhuna hörmət, qazilərimizə ehtiram ruhunda tərbiyə etməyə çalışıram.

Keçdiyimiz mövzu buna imkan verirsə, onu mütləq Vətən sevgisi ilə əlaqələndirir, Qarabağ torpaqları haqqında məlumat verirəm. İstəyirəm ki, uşaqlarımız Vətənimizin tarixini və yaşadığımız hadisələri yaxşı bilsinlər, torpaqlarımızın qədrini anlasınlar və bu ruhda yetişsinlər. Hesab edirəm ki, müəllimlərin üzərinə bu baxımdan böyük məsuliyyət düşür.

Bu gün Qubadlı yenidən qurulur. Bilirik ki, rayonun bərpası istiqamətində layihələr həyata keçirilir və bu işlərdə iştirak etmək üçün şirkətlər müəyyənləşdirilib. Bütün bunlar bizi həqiqətən sevindirir".

İnanıram ki, Qubadlıda həyat əvvəlkindən də yaxşı olacaq:

"İnanıram ki, digər işğaldan azad edilmiş ərazilərimizdə olduğu kimi, Qubadlıda da yeni məktəblər, xəstəxanalar və müxtəlif idarələr tikiləcək, insanların həyatını asanlaşdıran şərait yaradılacaq. Əhalinin həm maddi, həm də mənəvi ehtiyaclarının qarşılanması üçün lazımi imkanlar formalaşacaq. İnsanlarımızın doğma torpaqlarında rahat yaşaması, fəaliyyət göstərməsi və gələcəyini qurması üçün hər cür şərait yaradılacağına əminəm. İnanıram ki, Qubadlıda həyat işğaldan əvvəlki dövrlə müqayisədə daha da yaxşı olacaq.

Bir Qubadlı sakini və Azərbaycan vətəndaşı kimi torpaqlarımızın işğaldan azad olunması, xüsusilə də doğma Qubadlımızın azadlığı məni sevindirir, fərəhləndirir və gələcəyə olan inamımı daha da artırır.

İnanıram və bilirəm ki, Qubadlı sakinləri rayonun yenidən qurulmasını səbirsizliklə gözləyirlər. Hər kəs doğma torpağına qayıdacağı, orada yaşayacağı günü arzulayır. İstərdim ki, Qubadlıdan olan bütün sakinlər öz övladlarını və nəvələrini də bu ruhda böyütsünlər.

Qubadlı yenidən qurulduqdan sonra sakinlər doğma yurda qayıtsınlar, orada həyat yenidən canlansın, ocaqlar yansın, insanlar öz yurd-yuvalarında yaşasınlar. İstəyirəm ki, insanların qəlbindəki inam və ümid yenidən parlasın, doğma Qubadlımız daha gözəl günlərini yaşasın.

Qubadlı Şəhəri Günü münasibətilə bütün rayon sakinlərinə səslənmək istərdim ki, doğma yurdumuza qayıdaq, orada yenidən ocaqlarımızı qalayaq, öz evlərimizi quraq və abad, firavan həyat yaşayaq. Arzum budur ki, Qubadlı yenidən insanların səsi, uşaqların gülüşü ilə canlansın, əvvəlkindən də gözəl və inkişaf etmiş bir diyara çevrilsin".

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox