Almaniyada və Cənubi Koreyada fəaliyyət göstərən azərbaycanlı alim, diasporumuzun fəal üzvlərindən Elxan Riçard Sadıxzadə uzunmüddətli elmi fəaliyyətinə görə dünyanın ən nüfuzlu alimləri sırasında yer alıb.
AzEdu.az xəbər verir ki, o, Stenford Universitetinin tədqiqatçıları və dünyanın aparıcı elmi nəşriyyatlarından olan “Elsevier”in 2026-cı il üzrə məlumatlarına əsasən, ardıcıl beşinci dəfə dünyanın ən nüfuzlu alimlərinin 2 faizini əhatə edən siyahıya daxili edilib.
Soydaşımızın elmi fəaliyyəti “Single Year Impact” kateqoriyasında ardıcıl beşinci ildir, “Career-Long” kateqoriyasında isə 2025-ci ildən etibarən ardıcıl ikinci ildir ki, yüksək qiymətləndirilir.
Qeyd edək ki, Elxan Riçard Sadıxzadə Almaniyanın tanınmış Ruhr Universitetinin İnkişaf İqtisadiyyatı İnstitutunda doktorantura proqramının və çoxsaylı tədqiqat layihələrinin rəhbəridir. Həmçinin “Just Energy Transition Lab” beynəlxalq elmi-tədqiqat laboratoriyasının təsisçisi və rəhbəridir. 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Avropa İqtisadiyyatı Mərkəzini təsis edən alim həmin vaxtdan mərkəzə rəhbərlik edir. O, Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumunun Təşkilat Komitəsinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin aparıcı üzvlərindən biridir.
Diaspor fəaliyyətinə, xaricdə yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlığın inkişafına və Azərbaycanla elmi əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə 2026-cı ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub