Azərbaycanda 2025/2026-cı tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrinin 10-11-ci siniflərində təhsil alan şagirdlərin sayı 244 min 626 nəfər olub.
AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2024/2025-ci tədris ilində bu rəqəm 233 min 715 nəfər təşkil edib. Beləliklə, bir il ərzində yuxarı sinif şagirdlərinin sayı 10 min 911 nəfər artıb.
2025/2026-cı tədris ilinin əvvəlində şagirdlərin 163 min 537 nəfəri şəhər, 81 min 89 nəfəri isə kənd yerlərində təhsil alıb.
Dövlət ümumi təhsil müəssisələrinin 10-11-ci siniflərində oxuyanların sayı 241 min 333 nəfər olub. Onlardan 160 min 244-ü şəhər, 81 min 89-u kənd məktəblərinin payına düşüb.
Qeyri-dövlət ümumi təhsil müəssisələrində isə yuxarı siniflər üzrə 3 min 293 şagird qeydə alınıb. Onların hamısı şəhər yerlərində təhsil alıb.
Müqayisə üçün qeyd edək ki, 2000/2001-ci tədris ilinin əvvəlində 10-11-ci siniflərdə təhsil alan şagirdlərin ümumi sayı 154 min 395 nəfər olub. 2005/2006-cı tədris ilində bu göstərici 245 min 797 nəfərə yüksəlib. Sonrakı illərdə azalan şagird sayı 2020/2021-ci tədris ilində 176 min 274 nəfərə enib, daha sonra yenidən artmağa başlayıb.
Beləliklə, son illərin statistikası Azərbaycanda 10-11-ci siniflərdə təhsil alan şagirdlərin sayında yenidən artım tendensiyasının müşahidə olunduğunu göstərir.