Azedu.az

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək

Elm və təhsil

28 Sentyabr 2026, 13:19
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək

Oktyabrın 5-də Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək.
 
AzEdu.az xəbər verir ki, beynəlxalq forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formada reallaşacaq. 
 
Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən yanaşmaları önə çıxarmaq, məktəb mühitinin pedaqoji dizaynı, davranış memarlığı və rəqəmsal pəhriz kimi müasir yanaşmalara diqqət yetirmək və insan mərkəzli təhsil mühitinin inkişafına töhfə verməkdir. 

“Şəhərsalma və Memarlıq İli”nə həsr edilən Beynəlxalq Forum “Daha təhsilli gələcək” devizi ilə reallaşacaq.

Forumda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Süni İntellekt Mühəndisliyi kafedrasında elm və fəlsəfə üzrə koordinator, müəllim və yazıçı Anoşirvan Mianci, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar Gert Guriev, Sinqapur Müəllimlər İttifaqının baş katibi Mayk Tirumən, Varkey Fondunun direktoru Avqustin Porres təqdimatlarla çıxış edərək öz təcrübələrini bölüşəcəklər. Forum zamanı nüfuzlu professor Ziya Səlcuqla sual-cavab sessiyası da keçiriləcək. 
 
Forum təhsildə emosional balans, şüurlu qavrayış və rifah, məktəb mühitinin pedaqoji dizaynı, davranış memarlığı, rəqəmsal pəhriz mövzularını əhatə edəcək. 
 
Forum çərçivəsində “Təhsildə yüksək nəticə gözləntisi ilə şagirdin rifahı arasında sağlam balansı necə qurmaq olar?”, “Öyrənənləri “daha çox bilən”dən “daha şüurlu düşünən” insanlara necə çevirə bilərik?”, “Şagirdin və müəllimin özünü aid hiss etdiyi, davranışın müsbət istiqamətə yönəldiyi məktəb mühitini qurmaq üçün hansı təcrübələr nəzərdən keçirilməlidir?”, “Rəqəmsal pəhrizin məqsədi sadəcə ekran vaxtını azaltmaq yox, uşağın diqqətini və vaxtını daha dəyərli fəaliyyətlərə yönəltməkdirsə, məktəb bunun üçün hansı alternativləri yaratmalıdır? Ümumiyyətlə, rəqəmsal pəhriz təhsildə yeni savadlılıq növünə çevrilə bilərmi?”, “Məktəbin memarlığı öyrənmə motivasiyasına, davranışa və rifaha necə təsir edir?”, “Məktəb uşaqları həyatın sınaqlarına necə hazırlaya bilər ki, onlar həyatın öyrətdiyi dərsləri daha hazırlıqlı qarşılasınlar?”, “Necə edək ki, insan süni zəkanın “zəka”sını öz biliyi hesab etməsin və öz real biliyini obyektiv dəyərləndirə bilsin?” sualları ətrafında müzakirələr aparılacaq.
 
Forumda əyani iştirak etmək üçün müvafiq link vasitəsilə qeydiyyatdan keçmək mütləqdir: //forms.gle/ZBRwvSJmBY2oynXb8 

Yerlər məhduddur. 

Ərdoğandan Əliyevə kritik zəng - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox