Bir tərəfdən 9-cu sinif buraxılış imtahanlarının həyəcanı, digər tərəfdən isə hələ ibtidai siniflərdən başlayan rəsm sevgisi...
Bu dəfəki müsahibimiz öz istedadı ilə həmyaşıdlarından seçilən, əlinə karandaş alanda bütün dünyanı unudan 9-cu sinif şagirdi Alina Baratovadır.
O, Xudat şəhərində yerləşən Nəriman Nərimanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 9C sinfində təhsil alır.
AzEdu.az Alina ilə həmsöhbət olaraq onun sənətə gəlişindən, gələcək arzularından danışıb.
Müsahibəni təqdim edirik:
- Alina, rəsm çəkməyə neçənci sinifdən başlamısan? Özünü necə kəşf etmisən ki, sənin belə bir qabiliyyətin var?
- Rəsm çəkməyə 4-cü sinifdən başlamışam. Əvvəllər evlər, maşınlar, məktəblə bağlı müxtəlif fiqurlar kimi sadə rəsmlər çəkirdim. Dərslərimi yazarkən dəftər kənarlarına müxtəlif qaralamalar edirdim. Amma bu marağımın daha ciddi xarakter alması 7-ci sinifdən başladı. Həmin vaxt anladım ki, rəsm çəkmək mənə yaxşı alınır və bu sahədə öz üzərimdə daha çox çalışmağa başladım.
- Bəs bu yolda ailənin, məktəbin dəstəyi necə oldu?
- Valideynlərim məni rəsm kurslarına yazdırdılar. Təxminən bir il dərnəyə getdim. Çox dəyərli rəsm müəllimim var idi və o, mənə çox kömək etdi. Məktəbdə də rəsm məşğələləri keçirilirdi, çəkdiyim işləri orada təqdim edirdim. Ailədəki genetik amilin də bu işdə az rolu olmayıb. Anamın da vaxtilə rəsmə böyük həvəsi olub. Görünür, bu qabiliyyət mənə də ondan keçib.
- Hazırda daha çox hansı mövzulara üstünlük verirsən? İllüstrasiya, mənzərə, yoxsa başqa bir sahə?
- Ən çox portret çəkməyi sevirəm. Həm də əsasən karandaşla, qara qələmlə işləməyə üstünlük verirəm. Çünki bu üsulla rəsmlərimi daha tez çəkə bilirəm və mənim üçün daha rahatdır.

- Materialların seçimi insanın daxili aləmini də əks etdirir deyirlər. Sənin seçimin nə deyir?
- (Gülümsəyir) Düşünürəm ki, qara qələmin o kəskin xətləri mənim xarakterimi daha çox əks etdirir. Yağlı boya ilə də işləyirəm, amma qara qələm mənim üçün başqadır.
- Hər rəssamın həyatında "ilham böhranı" olur. Çəkmək istəmədiyin, ya da əlinin gəlmədiyi anlarda motivasiyanı haradan tapırsan?
- Musiqi ilə. Musiqi qoşan kimi dərhal motivasiyamı tapıram. Əsasən xarici musiqilərə, xüsusilə türk musiqilərinə qulaq asmağı хоşlayıram. Onlar mənim üçün ilham mənbəyidir.

- Məlumat almışdıq ki, sən həm də ədəbiyyatı, kitab oxumağı çox sevirsən. Maraqlıdır, oxuduğun obrazların eskizini çəkirsən?
- Bəli, Azərbaycan və rus dillərində ədəbiyyat oxumağı sevirəm, xüsusilə hekayələri. Çox vaxt oxuduğum yazıçıların portretlərini, obrazların eskizlərini çəkirəm.

- Bəs öz işlərinə kənardan baxanda təəccübləndiyin olubmu? Məsələn, "bunu həqiqətən mən çəkmişəm?",- dediyin anlar...
- Belə hallar çox olub. Bir dəfə elə bir portret çəkmişdim ki, onu tamamladıqdan sonra özüm də nəticəyə təəccüblənmişdim. Ətrafımdakılar, yaxınlarım da tez-tez məndən onların portretlərini çəkməyimi xahiş edirlər. Hətta müəllimimin dəstəyi ilə bir-iki dəfə sifariş əsasında portret çəkib satmışam. Ümumiyyətlə, insanların işlərimə təəccüblə və xoş münasibət göstərməsi məni daha da həvəsləndirir. Çünki bəzən özüm də belə bir nəticə əldə edəcəyimi gözləmirəm.
- İndi 9-cu sinifdə oxuyursan, qarşıda imtahanlar və ciddi seçim var. Gələcəyini necə görürsən? Bu sənət sənin üçün sadəcə hobbi olaraq qalacaq, yoxsa peşəyə çevriləcək?
- Qətiyyən hobbi kimi baxmıram. Gələcəkdə dizayner olmaq istəyirəm və məhz bu sahədə irəliləməyə çalışıram. Təhsilimi Bakıda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirməyi planlaşdıram. Ümid edirəm ki, arzularıma çataram.