Azedu.az

183 illik peşə təhsilində dəyişən mənzərə: Tarixi inkişafdan müasir islahatlara 

Peşə təhsili

18 Noyabr 2026, 14:20
183 illik peşə təhsilində dəyişən mənzərə: Tarixi inkişafdan müasir islahatlara 

Peşə təhsili əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və gənclərin əmək fəaliyyətinə daha hazırlıqlı şəkildə qoşulması baxımından mühüm rol oynayır. Azərbaycanda bu təhsil istiqamətinin formalaşması uzun tarixi dövrü əhatə edir. XIX əsrdə ilk ixtisaslaşmış təhsil müəssisələrinin yaradılması ilə başlayan proses zamanla genişlənərək müasir peşə təhsili sisteminin qurulmasına, yeni ixtisasların tətbiqinə, tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına və müəssisələrlə əməkdaşlığın inkişafına zəmin yaradıb.

“Azərbaycan müəllimi” Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki,  Azərbaycanda peşə təhsilinin tarixi 1843-cü ildə Şəkidə ilk təcrübi ipəkçilik məktəbinin açılması ilə başlayır. 1887-ci ildə isə Bakı Şəhər Peşə Mərkəzi fəaliyyətə başlayıb.
Peşə təhsilinin ilkin əsaslarının qoyulmasından 97 il sonra -  1940-cı ildə ölkədə artıq 32 təhsil müəssisəsi fəaliyyət göstərib. Arxiv məlumatlarına əsasən, 1969-cu ildə Azərbaycanda 76 texniki-peşə məktəbində təxminən 41 min şagird təhsil alıb. Bu sahənin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də 2007-ci ildə Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi olub.

Müasir peşə təhsilinin institusional təməlinin qurulması

Müasir peşə təhsilinin institusional təməlləri əsasən 2016–2021-ci illərdə formalaşdırılıb. Bu mərhələdə əsas məqsəd əmək bazarının dəyişən tələblərinə çevik cavab verə bilən, daha müasir və effektiv peşə təhsili sisteminin yaradılması olub.

Bu istiqamətdə həyata keçirilən tədbirləri beş əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür:

İdarəetmə: İdarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması olub.

Qanunvericilik: Peşə təhsilinin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından 2018-ci ildə qəbul edilən “Peşə Təhsili haqqında” Qanun əsas addımlardan biri hesab olunur.

Şəbəkələşmə: 2016–2018-ci illərdə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması bu sahədə şəbəkələşmənin genişləndirilməsi və təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən əsas layihələrdən olub.

Tərəfdaşlıq: Dual təhsil modeli, o cümlədən iş yerində öyrənmə imkanlarının genişləndirilməsi, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın inkişafı baxımından mühüm istiqamət təşkil edib.

Rəqəmsallaşma: Peşə təhsili alt sisteminin yaradılması bu sahədə rəqəmsal imkanların genişləndirilməsi, proseslərin elektronlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan biri olub.

2022–2026-cı illər Sosial-İqtisadi İnkişaf Strategiyası

2022–2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsində peşə təhsili üzrə 7 hədəf müəyyənləşdirilib və təqdim olunan məlumatlara əsasən, bu hədəflərin icrası təmin edilib.

Strategiya çərçivəsində peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tələbələrin sayı 11 min nəfər artırılıb. Yüksək texniki peşə təhsilinə cəlb olunan tələbələrin sayı isə 9200 nəfər artıb.

Yeni təhsil proqramlarının hazırlanması hədəfi üzrə 75 yeni proqram icra edilib. Müasir maddi-texniki bazanın gücləndirilməsi istiqamətində 8 müasir təminatlı peşə təhsili mərkəzi istifadəyə verilib.

Bununla yanaşı, 8 elektron xidmət təqdim olunub, 15 min nəfər qısamüddətli təlimlərə cəlb edilib. 2022–2026-cı illər ərzində peşə təhsili üzrə tətbiq olunan adambaşına maliyyələşmə modeli əlavə olaraq 12 min tələbəni əhatə edib.

Tədris əmək bazarının tələbatına uyğunlaşdırılır

Peşə təhsilinin inkişafında əsas istiqamətlərdən biri tədris proqramlarının əmək bazarının aktual və perspektivli tələblərinə uyğun yenilənməsidir. Bu çərçivədə yeni texnologiyaların tətbiqi, iqtisadiyyatın inkişaf edən sahələri üzrə kadr hazırlığı və müasir ixtisasların tədrisə daxil edilməsi diqqət mərkəzində saxlanılır.

2023–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsində 33 yeni ixtisas yaradılıb. Bu ixtisaslar əsasən informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji, rəqəmsal məzmun, mexatronika və rəqəmsal istehsalat, elektrik və hibrid nəqliyyat, qida emalı və aqrotexnologiya sahələrini əhatə edib.

Bununla yanaşı, peşə təhsili alanların bilik və bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılması, onların rəqabət qabiliyyətinin artırılması məqsədilə müxtəlif beynəlxalq sertifikat proqramları həyata keçirilib. Bu proqramlar arasında Pearson IT Specialist Certification, CompTIA Security, Autodesk Certified User AutoCAD, ACCA (F1, F2, F3) və City & Guilds beynəlxalq sertifikat proqramları yer alıb.

Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?
Son xəbərlərDaha çox