Türkiyə Ağdamda yeni məktəb inşa edir. Türkiyə Prezidenti bildirib ki, gələn il İlham Əliyevlə birlikdə məktəbin açılışını edəcəklər.
Maraqlıdır, işğaldan azad edilmiş ərazilərdə məktəb tikintisinə Türkiyənin dəstək göstərməsi iki ölkə arasındakı qardaşlıq münasibətlərinin hansı istiqamətlərdə inkişaf etdiyini göstərir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub:

"İki ölkə müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək nümayiş etdirir. Zaman-zaman Azərbaycanın Türkiyəyə, Türkiyənin isə Azərbaycana göstərdiyi dəstəyin şahidi olmuşuq. Məsələn, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan qardaş ölkəyə dəstək göstərərək orada yeni yaşayış şəhərciyinin salınmasında iştirak edib. Eyni zamanda, Türkiyədə meşə yanğınları baş verən zaman da Azərbaycan öz dəstəyini əsirgəməyib.
Bütün bunlar iki ölkə arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu göstərir. Digər türk dövlətləri də Qarabağda müxtəlif layihələr həyata keçirərək məktəblərin, dini abidələrin və musiqi məktəblərinin tikintisinə töhfə veriblər. Türkiyənin də bu istiqamətdə addım atacağı gözlənilən idi. Artıq Ağdamda məktəb tikintisi ilə bağlı qərarın verilməsi bu gözləntinin reallaşdığını göstərir.
Ağdam Azərbaycanın tarixi şəhəridir. Füzuli də daxil olmaqla, işğaldan azad edilmiş bir sıra ərazilərimizdə müxtəlif türk dövlətlərinin dəstəyi ilə məktəblər və digər sosial obyektlər inşa olunub. Bu baxımdan, Türkiyənin Ağdamda məktəb tikintisinə başlaması da olduqca əhəmiyyətlidir. Bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının, qardaşlığımızın və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunun növbəti göstəricisidir".