2025/2026-cı tədris ilinin əvvəlinə dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 65 812 tələbə təhsil alıb. Onların 41 980 nəfəri qadın, 23 832 nəfəri isə kişidir.
AzEdu.az xəbər verir ki, statistik göstəricilərə əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin 63,8 faizini qadınlar, 36,2 faizini isə kişilər təşkil edir.
Qadın tələbələrin daha çox üstünlük verdiyi ixtisas istiqamətləri arasında səhiyyə, rifah və xidmət sahəsi ilk sırada yer alıb. Bu sahə üzrə qadınların payı 29,5 faiz təşkil edib. İqtisadiyyat və idarəetmə istiqamətində bu göstərici 24,9 faiz, texniki və texnoloji sahələrdə 18,4 faiz olub.
Təhsil ixtisası üzrə qadınların payı 8,9 faiz, mədəniyyət və incəsənət sahəsində 7,9 faiz, humanitar və sosial istiqamətlərdə isə 5,4 faiz təşkil edib. Kənd təsərrüfatı üzrə qadınların payı 5 faiz olub.
Kişi tələbələr arasında ən çox üstünlük verilən istiqamət texniki və texnoloji sahələrdir. Bu sahədə kişilərin payı 46,4 faiz təşkil edib. İqtisadiyyat və idarəetmə istiqamətində bu göstərici 14,3 faiz, kənd təsərrüfatında 11,3 faiz, səhiyyə, rifah və xidmət sahəsində isə 10,8 faiz olub.
Təhsil istiqamətində kişilərin payı 3,4 faiz, humanitar və sosial sahələrdə 1,1 faiz, mədəniyyət və incəsənət istiqamətində isə 5,5 faiz olub.