“Qiyabi təhsil müasir dövrün bütün tələblərini qarşılamaq gücündə deyil”.
Bu sözləri “AzEdu podkast”ında təhsil tədqiqatçısı Elmin Nuri qiyabi təhsilin gələcəyi və müasir təhsil modelləri barədə danışarkən deyib.
Onun sözlərinə görə, təhsil sistemi dəyişən dövrün tələblərinə uyğunlaşmalı, yeni təhsil modellərinin tətbiqinə şərait yaradılmalıdır:
“Təhsil daim yenilənən və dəyişən bir sistemdir. Təhsil sistemi də müəyyən mənada insan orqanizmi kimidir. O, özünü yeniləməyi və dəyişən şəraitə uyğunlaşmağı bacarır. Bu proses bir yerdə daha sürətli, digər yerdə isə daha gec baş verə bilər. Amma təhsil sistemi olduğu yerdə qalmır.
Bu gün süni intellekt dövrünü yaşayırıq. Təhsil də istər-istəməz bu dəyişikliklərə uyğunlaşır. Hətta süni intellektin təsirinə ən çox məruz qalan sahələrdən birinin məhz təhsil olduğunu deyə bilərik.
Qiyabi təhsil daha çox sənaye cəmiyyətinin ehtiyaclarına cavab verirdi. İnsan zavodda, fabrikdə işləyir və eyni zamanda təhsil almaq istəyirdi. Axşam məktəbləri də işləyən insanların təhsildən kənarda qalmaması üçün yaradılmışdı. Qiyabi təhsil həmin ehtiyacları qarşılamağa xidmət edən formalardan biri idi.
Ancaq bu gün, xüsusilə süni intellektin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə, qiyabi təhsilin əvvəlki funksionallığı və effektivliyi məsələsi yenidən nəzərdən keçirilməlidir. Müasir dövrün təhsili, mənim fikrimcə, yalnız ənənəvi əyani təhsilə əsaslanmamalıdır. Bu gün daha çox hibrid təhsil modelinə ehtiyac var. Yəni əyani və onlayn təhsilin birləşdirildiyi, hər iki formatın imkanlarından istifadə olunan bir sistemə keçid vacibdir.
Qiyabi təhsil müəyyən tədris proqramlarının tələb olunan səviyyədə mənimsənilməsini təmin etmək baxımından müasir dövrün bütün ehtiyaclarına cavab verməyə bilər. İndiki sürət əsrində təhsil beynəlxalq tendensiyalara, əmək bazarının tələblərinə və texnoloji yeniliklərə uyğunlaşmalıdır. Mən hesab edirəm ki, qiyabi təhsil artıq müasir dövrün bütün tələblərini qarşılamaq gücündə deyil və onun funksiyalarının bir hissəsi yeni təhsil modellərinə keçir”.
O, Azərbaycanda distant təhsilin inkişafı istiqamətində konkret addımların atılmasını arzuladığını bildirib:
“Bunu təkcə təhsil tədqiqatçısı kimi deyil, distant təhsil almaq istəyən bir vətəndaş kimi də arzulayıram. İnanıram ki, gələcəkdə bu istiqamətdə müəyyən irəliləyişlər olacaq.
Distant təhsilin inkişafı, daha sonra isə onun hibrid modellərlə əlaqələndirilməsi insanlara konkret təhsil proqramlarını və ayrı-ayrı modulları daha əlçatan şəkildə mənimsəmək imkanı verə bilər. Əsas məqsəd təhsili müasir dövrün tələblərinə uyğunlaşdırmaq, insanlara daha çevik və səmərəli öyrənmə imkanları yaratmaqdır”.