Dövlət Proqramı (DP) məzunu Həsrəddin Quliyev ABŞ-nin Stenford Universiteti və dünyanın aparıcı elmi nəşriyyatlarından olan “Elsevier” tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib. O, 2026-cı ilin oktyabrında açıqlanan siyahıda illik elmi istinad göstəriciləri üzrə “Yer və ətraf mühit elmləri” sahəsində yer alıb.
AzEdu.az xəbər verir ki, siyahı alimlərin elmi əsərlərinə edilən istinadlar və digər əlaqəli göstəricilər əsasında hazırlanır. İllik qiymətləndirmə tədqiqatçıların məqalələrinə 2025-ci il ərzində edilən istinadları əhatə edir. Bu nəticə məzunumuzun araşdırmalarına digər alimlərin öz elmi işlərində müraciət etdiyini göstərir və Azərbaycanda aparılan ekonometrik modellərə əsaslanan tədqiqatların beynəlxalq səviyyədə görünməsinə töhfə verir.
Həsrəddin Quliyev Dövlət Proqramı çərçivəsində İstanbul Universitetində “Ekonometrika” ixtisası üzrə doktorantura təhsili alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Məktəbində tədqiqatçı-müəllim kimi çalışan məzunumuz statistik təhlil və maşın öyrənməsi üsullarından istifadə edərək ətraf mühitin qorunması və təbii ehtiyatlardan dayanıqlı istifadə məsələlərini araşdırır. O, tədqiqatlarında ölkələr arasındakı fərqləri, onların bir-birinə təsirini və zamanla baş verən dəyişiklikləri əhatə edir.
Məzunumuzun indiyədək 21 elmi məqaləsi dərc olunub. Bunlardan 19-u dünyanın aparıcı elmi məlumat bazalarından biri olan “Scopus”da indekslənir. Onun məqalələri “Science of the Total Environment”, “Journal of Environmental Management” və “Journal of Cleaner Production” daxil olmaqla bir sıra beynəlxalq elmi jurnallarda yayımlanıb.
Həsrəddin Quliyev bu il həmçinin 23-cü Beynəlxalq Ekonometrika, Əməliyyatlar Tədqiqatı və Statistika Simpoziumunun “Ən yaxşı məruzə” müsabiqəsində üçüncü yerə layiq görülüb.
Məzunumuz bununla yanaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 5-ci qrant müsabiqəsinin qalibi olan “KOBMETRİCS” layihəsinə və UNEC-in daxili qrantı ilə həyata keçirilən “Rəqəmsal Transformasiya üçün Biznes Diaqnostikası: UNEC İnnovasiya Modeli” layihəsinə rəhbərlik edib.
Tədqiqatçı bu nəticənin əldə olunmasında Dövlət Proqramı çərçivəsində aldığı doktorantura təhsilinin, həmin dövrdə qazandığı bilik və tədqiqat təcrübəsinin mühüm rol oynadığını bildirib.