Azedu.az

Tamştatlı müəllim sistemi: Kimlərin maaşı artacaq, kimlər işsiz qala bilər?

Müəllimlər və elm adamları

19 Oktyabr 2026, 14:09
Tamştatlı müəllim sistemi: Kimlərin maaşı artacaq, kimlər işsiz qala bilər?

Tam ştatlı müəllim sisteminin 2027-ci ilin sentyabrından sonra tətbiqinə başlanılması nəzərdə tutulur.

Maraqlıdır, tam ştatlı müəllim sistemi təhsilə və müəllimlərə hansı üstünlükləri qazandıracaq? 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil tədqiqatçısı Elmin Nuri qeyd edib ki, tamştatlı müəllim modeli müəllimlərə ölkə üzrə orta əməkhaqqından iki dəfə çox maaş imkanı yaradır:

189542

"Orta ümumtəhsil müəssisələrində təhsilverənlərin 8 saatlıq iş qrafiki - tamştatlı müəllim modeli  həm də müəllimlərin əməkhaqqısı ilə bağlı yeni mexanizm kimi xarakterizə edilir. Bu mexanizmə əsasən müəllimlərin maaşı 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə saathesabı əsasda hesablanmaqla yanaşı, məlum şərtlərə cavab verənlərə əlavə şans da qazandırır.

Bu yenilik sayəsində təhsilverənlərin sertifikatlaşdırılması müsabiqəsində yalnız yüksək nəticə göstərən müəllimlər könüllülük prinsipi əsasında prosesə cəlb olunacaqlar. İlk mərhələdə 20 min müəllimi əhatə edəcək yeniliyin ən vacib tərəfi isə əməkhaqqları ilə bağlıdır. Müəllimlərə ölkə üzrə orta əməkhaqqısından 2 dəfə çox maaş təklif ediləcək və  aylıq məbləğ həftədə 30-36 saatlıq tam ştat əsasında hesablanacaq".

Tamştatlı müəllim modelində əsas məsələ müəllimin məktəbdə qalması deyil, dərsdənkənar saatların düzgün şəkildə doldurulması və tədris üçün faydalı hala gətirilməsidir:

"Tamştatlı müəllim modelinin tətbiqi təhsil keyfiyyətinin yüksəlməsi, şagird davranışlarının pozitiv dəyişməsi və müəllim peşəkarlığının artması baxımından çox mühüm addım hesab edilməlidir. Lakin burada əsas məsələ dərs prosesindən sonrakı iş saatlarında zaman kəsiminin nələrə sərf olunması, bunlarla bağlı hansı proqramların təklifi və qəbuludur.

Məsələn, bir müəllimin məktəbdə gün ərzində 8 saat qalması icbaridirsə, bu, ay ərzində (24 iş gününün müqabilində) 192 saata bərabər olacaqdır. Onun dərs saatının həftə ərzində orta hesabla 24 saat (bu 18 saat da ola bilər) olduğu nəzərə alınsa, 24 iş günü ərzində pedaqoji prosesə həsr etdiyi zamanın cəmi 96 saat olduğu görünür. Müəllim həftəlik 24 saat deyil, 18 saatlıq dərs saatına malikdirsə, o zaman bu, aylıq 72 saat sinifdə olmanın bir sübutudur.

O zaman 24 iş günü ərzində məktəbdə keçirilən ümumi 192 saatdan cəmi 72-nin tədrisə ayrılması, müəllimdən əlavə bacarıq və tətbiqlər tələb edəcək. O, yerdə qalan 120 saatı məktəbdaxili pedaqoji fəaliyyət, metodik iş və tərbiyəvi proseslərə sərf etməyə çalışacaqdır. Dərsdənkənar aylıq saatların isə düzgün şəkildə doldurulması, tədris prosesi üçün faydalı hala gətirilməsindən ötrü ayrıca proqramın hazırlanmasına ciddi ehtiyac vardır. Həmin proqrama əsasən daxili metodik inkişaf planı, təlimlər, müəllimlərarası dərs dinləmələri, layihələr üzərində iş, fasiləsiz peşəkar inkişaf və məktəbdaxili tədqiqat fəaliyyətlərinin tənzimlənməsi tədris prosesini inkişaf etdirən mexanizm rolunda çıxış edə biləcəkdir. Yuxarıda sadalanan səbəblərdən məktəblərdə tamştatlı müəllim modelinin tətbiqini gələcək təhsil strategiyası üçün uğurlu hesab etmək olar".

Bu layihənin bütün məktəbləri əhatə etməsi bəzi müəllimlərin işsiz qalmasına səbəb ola bilər:

"Gələcəkdə tam ştatlı müəllim sisteminin bütün məktəblərə şamil olunması məsələsi ilə bağlı fikrim neqativdir. Əvvəlcə onu deyim ki, tamştatlı müəllim modeli onsuz da gələcək üçün hesablanıb və məktəbləri tam şəkildə əhatə edən layihə kimi düşünülüb. Lakin medalın o biri üzünə də baxaq - məhz burada neqativ danışmaq lazım gələcək.

Deyək ki, tamştatlı müəllim modeli nə zamansa, təxminən, 8-10 ildən sonra bütün məktəbləri əhatə etsə, o zaman bu model əsasında təsdiqlənməyən müəllimlərin aqibəti necə olacaq? Bəli, tamştatlı müəllim modeli əsasında tədrisi aparacaq təhsilverənlərin maaşı və iş keyfiyyəti yüksək olacaq, amma bəs digərləri? Doğrusu, bu məsələ ilə bağlı çox ciddi narahatlığım var. İşsiz müəllimlərin sayı həddindən çox arta bilər".

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox