Azedu.az

Təhsildə valideyn amili: Uşağın təhsil marağına təsir edən DAVRANIŞLAR

AzEdu Təhsil Platforması

19 Oktyabr 2026, 10:02
Təhsildə valideyn amili: Uşağın təhsil marağına təsir edən DAVRANIŞLAR

Son zamanlar valideynlərin uşaqların təhsilə münasibətinə təsiri ilə bağlı tez-tez belə bir fikir səslənir: “Uşağın dərsə həvəsini ən çox valideyn öldürür”. Bəzən yüksək nəticə gözləntisi, davamlı nəzarət və dərslərlə bağlı təzyiq uşağın öyrənməyə marağını artırmaq əvəzinə, onu dərsdən uzaqlaşdıra bilər.

Bəs valideynlərin yanaşması uşağın dərsə həvəsinə necə təsir edir? Övladın təhsilə marağını itirməsində ailənin rolu nə qədərdir və valideynlər bu marağı qorumaq, hətta artırmaq üçün necə davranmalıdırlar?

AzEdu.az-a mövzu ilə bağlı danışan Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, “İlin gənc müəllimi” Əlihüseyn Yaqubov qeyd edib ki, uşağın təhsil olan marağını valideyn zədələyə bilər, bu bir reallıqdır:

“Uşağın dərsə həvəsini ən çox valideyn öldürür?” sualının cavabı birmənalı deyil. Lakin əksər hallarda bu fikirlə razılaşmaq olar. Çünki bəzən valideynlər öz işlərinə o qədər vaxt ayırırlar ki, övladlarının taleyi və təhsili arxa planda qalır, onların dərsləri ilə maraqlanmağa kifayət qədər diqqət göstərmirlər. Biz zaman-zaman belə halların şahidi oluruq.

Əslində, uşağın təhsilində valideynin rolu çox böyükdür. Hətta deyərdim ki, dünyada “təhsil üçbucağı” deyilən bir anlayış var: valideyn, şagird və müəllim. Bu üçbucaqda bəlkə də ən önəmli fiqur valideyndir.

16 illik pedaqoji təcrübəmə əsaslanaraq deyə bilərəm ki, müəllim, əlbəttə, çox vacibdir. Müəllimin bilik və bacarıqları kifayət qədər olmadıqda, şagirdə nəyisə öyrətmək və onun öyrənməsinə kömək etmək çətinləşir. Lakin müşahidələrim göstərir ki, valideyninin daha çox maraq göstərdiyi, dəstəklədiyi və həvəsləndirdiyi uşaqlarla daha böyük uğurlar əldə etmək mümkündür.

Ona görə də valideynin uşağın təhsilə marağını zədələyə bilməsi bir həqiqətdir. Məsələn, bəzən övladını məktəbə göndərmək istəməyən valideynlərlə də rastlaşırıq. Bu məsələdə ailənin yanaşması xüsusi əhəmiyyət daşıyır. Atalar, adətən, işdə olduqları üçün evə daha çox günün ikinci yarısında qayıdırlar. Beləliklə, uşağın gündəlik təhsili ilə bağlı prosesdə ananın iştirakı daha çox ola bilər. Ananın övladının təhsilinə maraq göstərməsi, bu sahəyə önəm verməsi və dünyagörüşünün geniş olması uşağın inkişafına müsbət təsir edir".

Təhsilli, dünyagörüşlü ananın daha bilikli və bacarıqlı övlad yetişdirməsi sübut olunmuş həqiqətdir:

"Xüsusilə, ətrafımızda qadınların təhsilə marağı məktəbin fəaliyyətinə ciddi təsir göstərir. Məsələn, məktəbdə daha çox fərqlənən şagirdlərin anaları, adətən, təhsilə daha çox maraq göstərir və ya özləri də məktəbdə çalışırlar. Yəni təhsilli, dünyagörüşlü ananın daha bilikli və bacarıqlı övlad yetişdirməsi sübut olunmuş həqiqətdir.

Bu baxımdan, valideyn övladının dərsə həvəsini azalda bilərmi? Bəli, azalda bilər. Ona görə də valideynlər bu məsələ üzərində ciddi düşünməlidirlər. Artıq sovet təfəkküründən də müəyyən qədər uzaqlaşmaq lazımdır. Bəzən valideynlər bütün məsuliyyəti məktəbin üzərinə qoyurlar. Halbuki şagird məktəbdə cəmi 4-5 saat, yuxarı siniflərdə isə ən yaxşı halda 6 saat olur. Günün qalan hissəsini evdə, valideyninin yanında keçirir. Buna görə də ev tapşırıqlarına və digər tədris məsələlərinə evdə də ciddi yanaşılmalıdır. Təbii ki, yuxarı siniflərdə oxuyan, artıq müstəqil düşünməyi və öyrənməyi bacaran bəzi şagirdlərin valideyn dəstəyinə ehtiyacı daha az olur.

Valideyn uşağın təhsili üçün uyğun mühit yaratmadıqda isə şagird çətinlik çəkə, dərsə marağını və motivasiyasını itirə bilər. Bəzən bu məsələdə ailənin maddi vəziyyəti də rol oynayır. Belə ki, uşaqlara əlavə dərs vəsaitləri, testlər lazım olur, onlar müxtəlif onlayn platformalardan istifadə edirlər. Bunların təmin olunması isə müəyyən qədər valideynin dəstəyindən asılıdır.

Məsələn, məktəbimizdə şagirdlərin dünyagörüşünü artırmaq məqsədilə müxtəlif səfərlər təşkil edirik. Lakin bəzən valideynlər bu təşəbbüslərə biganə yanaşırlar. Halbuki həmin səfərlər könüllü əsaslarla təşkil olunur və cüzi maliyyə vəsaiti tələb edir. Bu xərclərin qarşılanmasında da valideynlərin dəstəyi vacibdir".

Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində
Son xəbərlərDaha çox