Azedu.az

“Universitetə qəbul olanda bu qədər sevinməmişdim” - Prezident təqaüdçüsü

Müsahibə və reportajlar

19 Oktyabr 2026, 09:13
“Universitetə qəbul olanda bu qədər sevinməmişdim” - Prezident təqaüdçüsü

Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident təqaüdünə layiq görülən 102 tələbədən 5-i Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir.

Onlardan biri də qəbul imtahanında 662.6 bal toplayaraq UNEC-in maliyyə ixtisasına qəbul olunan Əli Umudovdur.

AzEdu.az Əli Umudov ilə əlaqə saxlayaraq Prezident təqaüdünə layiq görülməsi ilə bağlı təəssüratlarını və gələcək hədəflərini öyrənib.

Prezident təqaüdü mənim üçün o qədər böyük arzu idi ki, tələbə adını qazandığımda belə bu qədər sevinməmişdim:

"Prezident təqaüdü mənim abituriyentlik vaxtımda ən böyük arzularımdan biri idi. Bu uğuru qazanmaq mənim üçün çox böyük məna ifadə edir. Tələbə adını qazandığımda və ya qızıl nişan xəbərini eşitdikdə belə bu qədər sevinməmişdim. Xəbəri eşitdikdə ilk öncə dondum, çünki inana bilmirdim. Daha sonra bu xəbəri ailəm və sevdiklərim ilə bölüşdüm. Həyatımın ən unudulmaz anlarından biri idi.

Bu xəbəri ilk öyrəndikdə anam ilə bölüşdüm, çünki hər zaman o mənə güvənmiş və dəstək olmuşdu. Həmin uğuru qazandıqda əziyyətimin bəhrəsini aldığımı hiss etdim. Çox inanılmaz bir duyğu idi".

Bu təqaüdü qazanmaq üçün hər ilin ballarını araşdırdım, statistika apardım və toplamalı olduğum balı müəyyən edərək gecə-gündüz çalışdım:

"Bu məqsədi qarşıma ilk olaraq 10-cu sinifdə qoydum. Olimpiada uğurunu qazandıqdan sonra daha da yüksək uğura nail olmaq istədim və bu yolu seçdim. Hazırlıq zamanı bu məqsədim mənə motivasiya verdi və yorulmadan məqsədimə çatmaq üçün çalışdım. Hər ilin prezident təqaüdü ballarını araşdırdım və bir statistika çıxararaq yığmalı olduğum balı müəyyən etdim. Daha sonra isə həmin balı toplamaq üçün gecə-gündüz demədən çalışdım.

Prezident təqaüdçüsü olmaq böyük qürur hissi ilə yanaşı, insana böyük bir məsuliyyət hissi də gətirir. Prezident təqaüdçüsü olaraq hər kəsə örnək davranışlar etməli və bu statusumu qorumaq üçün əlimdən gələni etməliyəm. Bu nailiyyətin gələcəkdə daha da böyük uğurlara imza atmağımda böyük rol oynayacağını düşünürəm".

Çalışqan olmaq lazımdır, çünki əziyyət olmadan heç bir şeyin bəhrəsini görə bilməzsən:

"İmtahan nəticələri açıqlandıqdan sonra bir neçə seçim qarşısında qalmışdım. Amma oxuyacağım ixtisas maliyyə olduğu üçün düşündüm ki, bu ixtisası ən yaxşı mənə tədris edə biləcək universitet UNEC olacaq. UNEC həm bu ixtisas üzrə ən uzunmüddətli təcrübəyə məxsus universitetdir, həm də ən son texnologiyalarla zəngindir. Həmçinin, bu universitetin müəllimləri də öz sahələrində öndər şəxslərdəndirlər. Gələcəkdəki məqsədim özümü bu sahədə inkişaf etdirmək, beynəlxalq sertifikatlar almaq və xaricdə təhsil ilə biliklərimi zənginləşdirməkdir.

Bu təqaüdə layiq görülmək istəyən şəxs hər şeydən öncə özünə güvənməli və məqsədinin dalınca yorulmadan qaçmalıdır. Heç bir uğursuzluq və ya problem onu məqsədindən döndərməməlidir. İkinci olaraq, çalışqan olmaq lazımdır, çünki əziyyət olmadan heç bir şeyin bəhrəsini görə bilməzsən. Əgər qarşına məqsəd qoymusan və o məqsəd uğrunda dayanmadan çalışırsansa, onsuz da sən o uğura nail olacaqsan".

Təhsilimi başa vurduqdan sonra fəaliyyətimi böyük ehtimalla xaricdə davam etdirəcəm:

"Gələcək planlarım arasında xaricdə, xüsusilə də Yaponiyada təhsil almaq fikri var. Yaponiya dünyanın maliyyə mərkəzlərindən biridir və düşünürəm ki, ixtisasımı o ölkədə yüksək səviyyədə inkişaf etdirə biləcəyəm. Təhsilimi başa vurduqdan sonra fəaliyyətimi harada göstərəcəyim haqqında dəqiq fikrim yoxdur, amma böyük ehtimalla xaricdə davam etdirərəm.

Hazırda ən böyük məqsədim maliyyə ixtisası üzrə FA, FR, ACCA kimi sertifikatlar almaq və biliyimi təkmilləşdirməkdir. Prezident təqaüdü sayəsində bu sertifikatları almaq üçün kurslara gedə bilərəm. Həmçinin, bu imtahanlar ödənişli olduğu üçün onların xərclərini qarşılaya bilərəm".

Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində
Son xəbərlərDaha çox