Azedu.az

İllər sonra Cəbrayıl məktəbinə qayıtdı -  Bu dəfə öyrənməyə yox, ÖYRƏTMƏYƏ

Müsahibə və reportajlar

4 Oktyabr 2026, 12:32
İllər sonra Cəbrayıl məktəbinə qayıtdı -  Bu dəfə öyrənməyə yox, ÖYRƏTMƏYƏ

Bir vaxtlar şagird kimi parta arxasında oturduğu, ilk dəfə kimyanın sirlərini öyrəndiyi məktəbə illər sonra müəllim kimi qayıtmaq... 

AzEdu.az 4 oktyabr – Cəbrayıl şəhəri Günü münasibətilə doğma şəhərinə qayıdan və məzunu olduğu məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərən Könül Muradxanlı Seyfəddin qızı ilə həmsöhbət olub

O, illər sonra məktəbin dəhlizlərində gəzdiyi zaman yaşadığı hisslərdən, vaxtilə ona dərs deyən müəllimlərdən aldığı təsirdən, şagirdlik illərinin xatirələrindən və Cəbrayılın gələcəyində təhsilin rolundan danışıb.

Müsahibəni təqdim edirik:

-Könül müəllim, 1974-cü ildə Cəbrayılda anadan olmusunuz və Mehdi Mehdizadə adına məktəbin məzunusunuz. Bu məktəbə illər sonra müəllim kimi qayıtmaq sizin üçün nə ifadə edir?

-Məzun olduğum məktəbdə müəllim kimi fəaliyyət göstərmək illərlə həsrətini çəkdiyim Cəbrayıl və uşaqlıq illərimin xoş xatirələridir. Doğma torpağın dirçəlişinə xidmət etməyimdən qürur duyuram.

-Məzun olduğunuz məktəbə ilk dəfə müəllim kimi daxil olduğunuz günü necə xatırlayırsınız? Həmin an hansı hissləri keçirdiniz?

-İnanılmaz bir həyəcan və sonsuz fərəh hissi keçirmişdim. Həmin an gözlərimin qarşısında məktəb illərim və müəllimlərim canlandı. Sanki zamanda geriyə səyahət etmişdim. Bu, həyatımın mənə bəxş etdiyi ən gözəl anlardan biri idi.

-Şagird kimi oxuduğunuz siniflərə bu dəfə müəllim kimi daxil olmaq sizdə hansı duyğuları yaradır?

-O vaxtlar necə həyəcanla sinfə şagird kimi daxil olurdumsa, indi də həmin həyəcanı keçirirəm. İllər əvvəl parta arxasında şagird kimi öyrənmək həvəsim necə güclü idisə, indi də şagirdlərimi öyrətmək həvəsim o qədər güclüdür. Bəzən özümü o şagirdlər kimi parta arxasında oturmuş kimi təsəvvür edirəm.

-Sizin dövrünüzdəki Mehdi Mehdizadə adına məktəblə bu gün fəaliyyət göstərən məktəb arasında hansı fərqləri görürsünüz?

-Məktəbimiz o dövr üçün müasir tipli məktəb idi, amma ənənəvi üsullarla fəaliyyət göstərirdi. İndi isə müasir texnologiyalarla təchiz olunub, geniş imkanlara malikdir və modern təhsil standartlarına tam cavab verir.

-Məktəbinizlə bağlı şagirdlik illərindən yadınızda qalan ən unudulmaz xatirə hansıdır?

-Sinif yoldaşlarımla keçirdiyim günlər unudulmazdır. İndi də dəhlizdə gəzişəndə həmin saf və qayğısız günləri xatırlayıram.

-Vaxtilə bu məktəbdə sizə dərs deyən müəllimlərdən kimlərinsə xatirəsi bu gün də fəaliyyətinizə təsir edirmi?

-Əlbəttə, təsir edir. Mənim müəllimlərimə, xüsusən də kimya müəlliməmə olan sevgim məni müəllim olmağa sövq edib. Özümü indi də ona bənzədirəm.

-Özünüz şagird olduğunuz məktəbdə bu gün şagirdlərə kimya fənnini tədris etmək necə bir hissdir?

-Bir zamanlar kimyanın sirlərini öyrəndiyim məkanda bu elmin gözəlliklərini şagirdlərimə öyrətmək mənə böyük zövq verir.

-Şagirdlik illərinizdə gələcəkdə məhz bu məktəbdə müəllim kimi çalışacağınızı təsəvvür edirdinizmi?

-Düzünü desəm, xeyr. Mənim bura müəllim kimi qayıdacağımı heç vaxt fikirləşməmişdim. Rayona qayıdış mənim üçün ən böyük hədiyyə oldu.

-Cəbrayılın işğalı və uzun illər doğma şəhərdən uzaqda qalmaq sizin üçün necə bir dövr oldu?

-Bitmək bilməyən bir həsrət və ağrılarla dolu bir imtahan idi. Hər günüm Cəbrayıla qayıtmaq ümidi ilə keçib.

-Cəbrayılın işğaldan azad olunmasından sonra doğma şəhərinizə qayıtmaq və burada yenidən məktəb həyatının başladığını görmək sizdə hansı təəssüratları yaratdı?

-Yenidən şəhərimizdə məktəb zənginin səsini eşitmək möhtəşəm hissdir. Uşaqların səsi Cəbrayıla əbədi qayıdışın səsidir.

-Sizcə, məktəbin yenidən fəaliyyət göstərməsi və burada uşaqların təhsil alması Cəbrayılın həyatının bərpası baxımından nə deməkdir?

-Uşaqların burada təhsil alması, məktəbin bərpa olunması həyatın bu torpaqlara əbədi olaraq geri qayıtması deməkdir.

-Bu gün dərs dediyiniz şagirdlərə Cəbrayılın keçmişi ilə bağlı hansı xatirələrinizi və düşüncələrinizi çatdırırsınız?

-Mən hər iki müharibənin şahidi olduğum üçün şagirdlərlə davamlı söhbətlərim olur. Keçmişi unutmamağı və Zəfərin dəyərini bilməyi həmişə onların diqqətinə çatdırıram.

-Siz həm bu məktəbin məzunu, həm də bu gün həmin məktəbdə çalışan müəllimsiniz. Bu iki rolu birləşdirəndə özünüzü necə hiss edirsiniz?

-Bu iki rolu birləşdirmək həm qürurverici, həm də məsuliyyət hissi yaradır. Sanki keçmişlə gələcək arasında körpü yaradır.

-Cəbrayılın gələcəkdə necə bir şəhər olmasını istəyirsiniz və bu gələcəkdə məktəbin rolunu necə görürsünüz?

-Cəbrayılı çox inkişaf edən, müasir şəhər kimi görürəm. Şəhəri yenidən qurmaq təkcə bina tikmək deyil, həm də savadlı nəsil yetişdirmək deməkdir. Bu da biz müəllimlərin ən əsas vəzifəsidir.

-Məzun olduğunuz məktəbə illər sonra müəllim kimi qayıdan bir Cəbrayıl sakini olaraq, doğma şəhərin işğaldan azad edilməsinin ildönümündə nə demək istərdiniz?

-Çox xoşbəxtəm. Əməyi keçən hər kəsə sonsuz təşəkkür edirəm ki, bizi bu torpaqlara yenidən qovuşdurdular. Cəbrayılım hər zaman var olsun!

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox