Oktyabrın 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fəaliyyətə başlayan XII Bakı Beynəlxalq Kitab Sərgisi bu gün - oktyabrın 27-də başa çatır.
Bu il sərgidə 148 yerli, 32 ölkədən isə 59 xarici nəşriyyat və təşkilat təmsil olunub.
Yeddi gün ərzində kitab təqdimatları, yazıçılarla görüşlər, imza günləri və ədəbi müzakirələr də daxil olmaqla, 300-dən çox müxtəlif istiqamətdə tədbirin keçirilməsi nəzərdə tutulub.
Azərbaycanla yanaşı, müxtəlif ölkələrin nəşriyyat və ədəbiyyat nümayəndələrinin iştirak etdiyi sərgi beynəlxalq miqyaslı ədəbi platformaya çevrilib.
AzEdu.az xəbər verir ki, oktyabrın 24-də sərgidə iştirak edən elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri təəssüratlarını oxucularla bölüşüb.
"Bakı Ekspo Mərkəzində təşkil olunan 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi oxucu izdihamı ilə müşahidə olunmaqdadır. Bu il kitaba marağın xüsusilə yüksək olması, oxucu münasibətinin yüksək səviyyəsi orada iştirak edən nəşriyyat, naşir, kitab işi ilə bağlı olan bütün təsisatların da daha böyük motivasiyasına səbəb olub. Şənbə günü kitab sərgisindəki izdiham – xüsusən də məktəbli axını, şagirdlərin kitab mühitinə bu dərəcədə sevgi ilə yanaşması məni çox sevindirdi. Demək olar, bütün stendlərin, həmçinin, sərgi-yarmarkadakı müzakirə panellərinin əsas iştirakçıları arasında şagird və tələbələr çoxluq təşkil edirdi. Bu isə öz növbəsində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin həm də təhsil hadisəsi olmasına bir işarə kimi qəbul olunmalıdır.

Lakin təəssüfümü çəkən iki məqam mütləq qeyd olunmalıdır. Çünki bunların hər ikisi birbaşa təhsil amili ilə bağlıdır. Birincisi, sərginin davam edəcəyi bir həftə ərzində (21-27 oktyabr) hər gün minlərlə şagirdin bura gələcəyi sanki nəşriyyatlar tərəfindən proqnozlaşdırılmamışdı. Çünki əsasən bədii, özünüinkişaf, tarixi-publisistik və s. janrlı minlərlə nəşrin arasında təhsil və elmin populyarlaşdırılması istiqamətində kitablara demək olar ki, rast gəlinmir. Halbuki kütləvi elmi ədəbiyyat, eləcə də geniş auditoriya üçün nəzərdə tutulan kütləvi təhsil yönümlü ədəbiyyat hazırda dünyanın bir çox ölkələrində böyük marağa səbəb olan nəşrlərdən hesab olunur. Onlarla stendə yaxınlaşıb bəzilərindən şifahi şəkildə soruşduq, bəzilərində sadəcə piştaxtaya baxaraq belə nəşrlərin olmadığını gördük. Təbii ki, istisnalar da var...
Bəzi nəşriyyatlar şagirdləri elm və təhsilə təşviq edən buraxılışlar hazırlamışdılar. Amma təəssüf ki, sanki onlar üçün şagird kontingenti yalnız ibtidai təhsildən: 6-9 yaşdan ibarət idi. Yəni, təqdim olunan buraxılışların 99%-i azyaşlılarda marağın artırılması üçün idi. Bu, təbii ki, vacibdir və alqışlanasıdır. Lakin şagird kontingentini tam olaraq nəzərə almamaq, 10-17 yaş aralığındakı şagirdlər üçün elm və təhsilə təşviq edən, bu iki sahəni sevdirən kitabları görməmək təəssüfedici idi. Təbii ki, sərgidə təqdim olunan minlərlə kitabın hər biri dəyərlidir. Janrından asılı olmayaraq hər bir kitab şagird üçün də vacibdir. Amma bu gün sərgiyə axışan on minlərlə şagirdlə fürsətdən istifadə edib elm və təhsili daha çox sevdirə bilərdik.

İkinci şahidi olduğum neqativ məqam isə ali təhsil müəssisələrimizin stendləri ilə bağlı idi. Əvvəlcə onu deyək ki, durumun necə olmasından asılı olmayaraq, bir çox universitetimizin sərgidə iştirakı alqışlanmalıdır. Hətta bölgələri təmsil edən iki universitetin – Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin iştirakı xüsusilə təqdirəlayiqdir. Paytaxtdakı bəzi universitetlərin qatılmadığı halda, onların bu təşəbbüsü xüsusi qeyd olunmalıdır. Həmçinin, paytaxtda fəaliyyət göstərən universitetlərimizin hər birinə xüsusi təşəkkür edirəm. Çünki kitabın, oxucunun yanında olmağın özü də təhsil faktoruna xüsusi töhfə sayılmalıdır. Amma bir məqama xeyli təəssüf etdim: təsəvvür edin, minlərlə oxucu stendlərin qarşısında az qala, izdiham yaradır, nəşriyyatların piştaxtalarına yaxınlaşmağın mümkün olmadığı halda, universitetlər üçün ayrılan stendlərin olduğu dəhlizdə ciddi boşluq və sakitlik hiss olunurdu. Burada isə oxucunu qətiyyən günahlandırmaq olmaz. Universitet sırf kitab sərgisi, onun mahiyyəti istiqamətində öz hazırlıq proqramını qurmalı və piar texnologiyalarından tutmuş, təqdim olunan məhsullara qədər hər detal nəzərə alınmalı idi. Yəni, universitet özünün nəşr etdirdiyi akademik nəşrlərlə yanaşı geniş auditoriyanı da maraqlandıran məhsullarla oxucunun görüşünə gələrdisə, bu, onlara marağı daha da artırmış olardı. Təbii ki, universitet özünün profil və mahiyyətinə hər zaman sadiq qalmalı və nəşrlərdə də bunu əks etdirməlidir. Bu, öz yerində, lakin böyük auditoriyanın qarşısında yalnız akademik nəşrlərlə çıxılırsa, bu zaman münasibət o qədər də isti olmayacaqdı. Təkrar edirəm ki, necə olmasından asılı olmayaraq, hər universitetin iştirakı çox vacib faktordur və öz adımdan ayrı-ayrılıqda təşəkkür edirəm. Çünki yeddi gün ərzində ora gələn on minlərlə şagird həm də gələcəyin tələbələridirlər. Onlar üçün universitet stendlərinin yanında olmaq başqa bir hadisədir. Lakin universitet onları düşünərək məhz onların maraq dairəsi üçün hər hansı məhsulu hazırlaya bilməzdimi? Məsələn, gələcəyin kompüter mühəndisi üçün sırf elmi-kütləvi janrda, asanlaşdırılmış dildə, akademik üslubdan kənarda kitablar təqdim etsəydi, o zaman həm öz stendinə marağı, həm də gənc oxucuda motivasiyanı artıra bilməzdimi?
Bu cür suallar çoxdur. Ümid edirik ki, növbəti kitab sərgisində bu detalları nəzərə alacaq universitetlərimiz olacaq. Ən əsası, iştirakçı universitetlərimizin sayı daha da artacaq".