Azedu.az

Müəllimlərin maaşı artırılmalıdır - Komitə sədri

Müsahibə və reportajlar

9 Oktyabr 2026, 16:25
Müəllimlərin maaşı artırılmalıdır - Komitə sədri

“Müəllimin əməkhaqqısı qaldırılmalıdır, ondan sonra keyfiyyət yüksələcək”

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov AzEdu.az və Modern.az-a geniş müsahibəsində qeyd edib. 

O bildirib ki, müəllimin iş yükü və əmək fəaliyyəti daha geniş şəkildə nəzərə alınmalıdır:

“Bir sıra məktəblərdə müəllim əməyinin yalnız dərs saatı əsasında qiymətləndirilməsindən tədricən uzaqlaşılması müsbət haldır. Çünki müəllimin əməkhaqqısının yalnız keçdiyi dərs saatlarının sayı ilə müəyyənləşdirilməsi onun ümumi əməyini və məktəbdə sərf etdiyi vaxtı tam əks etdirmir.

Müəllim səhər saat 9-da işə başlayıb günün sonunda məktəbdən ayrılırsa, onun əməyinin yalnız keçdiyi dərs saatları ilə ölçülməsi nə dərəcədə ədalətlidir? Müəllimin dərs saatına görə nə qədər əməkhaqqısını artırsan, yenə də ən aşağı maaş alanlardan biri olacaq. Müəllimin də qayğıları var.

Müəllimin əməkhaqqısı qaldırılmalıdır. Ondan sonra keyfiyyət yüksələcək, bacarmayanlar yola salınacaq”.

Anar İsgəndərov müəllimlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyətinə də toxunub. O, bu prosesin saxta diplomların aşkarlanmasında və müəllimlərin peşə biliklərinin qiymətləndirilməsində müsbət rol oynadığını vurğulayıb:

“Özünüz də şahidsiniz, nə qədər insanın saxta diplomu üzə çıxdı. Bu baxımdan, müəllimlərin sertifikatlaşdırılması prosesi müsbət rol oynadı. Müəllim gedir, bal toplaya bilmir və sonra utanmadan məktəbə qayıdır. Mənim əziz müəllimim, sən 20 il dərs deyirsənsə, 20 ildən sonra sertifikatlaşdırmanın test imtahanına gedib ‘iki’ alırsansa, sonra hansı üzlə geri dönürsən? Hələ onu demirəm ki, öz zəifliklərini ədalətsizlik kimi təqdim edirlər. Axı sən şagirdə nə öyrədəcəksən?!”

Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...
Son xəbərlərDaha çox