Azedu.az

Universitetə getmədən milyonlarla tələbəyə təhsil - Dünyada distant təhsil təcrübəsi

Araşdırma

24 Noyabr 2026, 09:11
Universitetə getmədən milyonlarla tələbəyə təhsil - Dünyada distant təhsil təcrübəsi

Dünyanın bir çox ölkələrində distant tədris forması xüsusi inkişaf mərhələsinə qədəm qoyub. Xüsusən də son pandemiyadan sonra dünya təhsilində də artıq məsafədən tədris anlayışı xeyli inkişaf etdi. Artıq elə distant tədris mərkəzləri var ki, onlar müxtəlif ölkələrdən milyonlarla tələbəni eyni anda tədrisə cəlb edə bilir.

Azedu.az təqdim edəcəyi yazıda həmin bir neçə ölkənin bu istiqamətdəki təcrübəsini təqdim edəcək.

Doğrudur, təəssüf ki, bizdə hazırda distant təhsil diplomu leqal hesab olunmasa da, hər bir halda hansısa ixtisasla bağlı özünüinkişaf məqsədilə müraciət edə bilərsiz:

Böyük Britaniya - Distant təhsili ilk tətbiq edən ölkədir. XX əsrin 60-cı illərinin sonlarında Böyük Britaniyada distant təhsilin imkanları dövləti maraqlandırmağa başlayır və bu layihənin reallaşması üçün konkret addımlar atılır. Yeni tədris planları, tədris-metodiki vəsaitlər və texnologiyalar hazırlanır. Açıq Universitet (Open University) layihəsini kraliça təsis etsə də, onun icrasına nəzarət baş nazir Harold Uilsona tapşırılır. Universitetin rektoru cəmiyyət palatasının spikeri təyin edilir.  Açıq universitet fəaliyyətinin ilk illərində Böyük Britaniya vətəndaşı olan və oxumaq istəyən  hər kəsi tələbə kimi qəbul edir. Hətta bakalavr proqramına orta məktəbi bitirmək haqqında rəsmi sənədi olmayanlar da qəbul edilir. Dövlət universiteti olduğuna görə bura müraciət edənlərin sayı ilbəil artır. Dərslər distant şəkildə təşkil edilir, sənədləşmə işləri isə poçt vasitəsi ilə aparılırdı. Baş nazir Harold Uilson dərslərin televiziya və radio vasitəsi ilə ötürülməsini nəzərə alıb universitetin “Efir universiteti” adlandırılmasını təklif etsə də “Açıq Universitet” adlandırılması onun konturlarını daha geniş çəkməyə imkan verir. Fəaliyyətinin ilk illərində yalnız öz vətəndaşlarını qəbul edən universitet sonrakı illərdə xarici vətəndaşların qəbulunu da həyata keçirməyə başlayır. Açıq Universitet bir çox ölkələrdə təhsili qeyri-ənənəvi yolla həyata keçirən layihələr reallaşdırmağa təkan verir. Tələbə əldə etmək uğrunda aparılan mübarizə universitetlərin də bu sahədə inkişafına səbəb olur. Əbəs deyil ki, Harold Uilson sonralar yazırdı ki, Açıq Universitetin yaradılması “siyasi akt” idi. Hazırda bu universitet distant təhsil həyata keçirən universitetlər arasında liderliyini davam etdirir.  Hər il bu universitetin qəbul planı 200 min tələbəni keçir.

Hazırda Avropada tanınmış distant təhsil mərkəzlərindən sayılan İspaniya Milli Distant Təhsil Universiteti də (UNED) ölkə daxilində 60, ölkə xaricində 9 filialı birləşdirir.

Çin -1979-cu ildə burada ilk dəfə olaraq distant təhsil verən Milli Televiziya və Radio Şəbəkəsi yaradılır.  Bu hadisə distant təhsilin dünyanın bütün qitələrində fərqli dövlətlərin fərqli yanaşması kimi qəbul edilsə də, məqsəd bir idi- açıq təhsil imkanlarını genişləndirmək və bunu əhalinin bütün təbəqələri üçün əlçatan etmək. Beləliklə, XX əsrin ortalarında distant təhsilin imkanları televiziya, radio, poçt vasitəsilə həyata keçirilən audio və video materialları əhatə edir.

ABŞ - 1989-cu ildə ABŞ-də ətrafında 1500 kollec və telekompaniyanı birləşdirən ictimai televiziya yaradılır (PBS TV). Bu telekanal tədris proqramlarını birləşdirən təhsil kanalı kimi fəaliyyət göstərir. Belə verilişlər içərisində elmin müxtəlif sahələri, biznes və idarəetmə üzrə maraqları əhatə edən (Adalt Learning Service) proqramlar mühüm yer tutur.

Distant təhsil sahəsində tanınmış universitetlər içərisində Pensilvaniya Univetsitetini də misal göstərmək olar. Bu universitetin təcrübəsi YUNESKO tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə edilir.

Türkiyə - Distant təhsil formasının tətbiq edildiyi və bu sahədə böyük təcrübə toplamış ölkələrdən biri də qardaş Türkiyə Cümhuriyyətidir. Türkiyənin Anadolu Universitetində 1982-ci ildən məsafəli təhsil sistemi tətbiq olunur. Anadolu Universiteti hazırda 1,5 milyon tələbəyə distant təhsil verən dünyanın 3-cü meqauniversiteti hesab edilir.

XX əsrin sonlarında internetin təhsil sahəsində tətbiqi distant təhsilin inkişafına və yeni üfüqlərin açılmasına rəvac verir. 1997-ci ildə yaradılan Kaliforniya Virtual Universiteti (California Virtual University), daha sonra 1999-cu ildə ABŞ-da fəaliyyətə başlayan ilk dövlət akkreditasiyalı distant təhsil universiteti- Jones Beynəlxalq Universitetinin (Jones İnternational University) saytında 700 onlayn kursun kataloqu yerləşdirilir.

NATO-dan dəhşətli mühadibə anonsu - Hazırlıq başladı!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox