Azedu.az

12 yaşında tərk etdiyi Ağdama 30 il sonra direktor kimi qayıtdı - MÜSAHİBƏ

Müsahibə və reportajlar

20 Noyabr 2026, 17:43
12 yaşında tərk etdiyi Ağdama 30 il sonra direktor kimi qayıtdı - MÜSAHİBƏ

Ağdamın işğalından sonra doğma şəhərindən ayrılmağa məcbur olan, həmin vaxt cəmi 12 yaşı olan Günel Vəliyeva illər sonra uşaqlıq xatirələrinin qaldığı doğma torpağa bu dəfə məktəb direktoru kimi qayıdıb. Bir vaxtlar Ağdam rayonu 5 nömrəli məktəbdə təhsil alan müsahibimiz hazırda Ağdam şəhər 1 nömrəli tam orta məktəbə rəhbərlik edir.

Onun üçün bu qayıdış sadəcə yeni iş yeri və ya vəzifə dəyişikliyi deyil. Bu, yarımçıq qalmış uşaqlığa, itirilmiş illərə, doğma küçələrə və xatirələrə qovuşmaqdır.

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin direktoru Günel Vəliyeva AzEdu.az-a müsahibəsində uşaqlıq xatirələrini, doğma şəhərinə qayıdarkən keçirdiyi hissləri və qarşıya qoyduğu hədəfləri bölüşüb.

Müsahibəni təqdim edirik:

- Ağdamın işğalı zamanı 12 yaşınız olub. Deməli, şəhərin işğaldan əvvəlki həyatını həm öz uşaqlıq xatirələrinizdən, həm də ailənizin danışdıqlarından xatırlayırsınız. O illərin Ağdamı necə idi? Uşaqlığınızdan bu gün də yaddaşınızda yaşayan hansı mənzərələr var?

- Əslən Ağdam şəhərindənəm. Birinci sinifdən Ağdam şəhər 5 nömrəli məktəbdə təhsil almışam. Daha sonra Bakı Asiya Universitetində birinci qrup üzrə təhsilimi davam etdirmişəm. Sonradan yenidən hazırlıq kursu keçərək tarix müəllimliyi ixtisasına yiyələnmişəm. Magistr təhsilim yoxdur.

Artıq 19 ildir pedaqoji fəaliyyətlə məşğulam. Bunun 16 ilini direktor vəzifəsində çalışmışam. Hazırda Ağdam şəhər 1 nömrəli tam orta məktəbin direktoruyam. Ötən ilin noyabrında bu vəzifəyə təyin olundum. Bundan əvvəl Bakı şəhərində fəaliyyət göstərən Ağdam rayon 34 nömrəli köçkün məktəbinə rəhbərlik edirdim.

Uşaqlığımın Ağdamı çox gözəl idi. Atam Qulafı sanatoriyasında baş həkim işlədiyi üçün vaxtımın böyük hissəsi orada, Alıtal kəndində keçib. Yay tətilində əsasən həmin ərazidə olurduq. Alıtal Ağdamın çox səfalı və gözəl kəndlərindən biridir.

Ağdamdan xatırladığım əsas məkanlar məktəbim, qonşularımız, sinif yoldaşlarım, kinoteatrlar, çay evi, univermaq, mağazalar və bazardır. Bunların hamısı uşaqlığımın ayrılmaz hissəsi olub. Həmin məkanlarda çox vaxt keçirmişik. Ağdam o dövr üçün kifayət qədər müasir və gözəl şəhər idi. İndi də əminik ki, aparılan quruculuq və bərpa işləri nəticəsində şəhər əvvəlkindən də gözəl olacaq.

- Ağdam deyəndə ilk növbədə hansı hissləri keçirirsiniz? Doğma şəhərinizlə bağlı ən çox nə üçün darıxırsınız?

- Ağdam deyəndə ilk ağlıma gələn Vətəndir, doğma yurd yeridir. Mənim üçün ən əziz məkandır. Ən çox köhnə qonşularımız, sinif yoldaşlarımız və uşaqlıq illərimiz üçün darıxıram. Əslində, yarımçıq qalmış uşaqlığımız üçün darıxırıq. Ağdamın əvvəlki həyatı, insanları, küçələri, yaşayış məkanları yaddaşımdadır. O illər bizim üçün çox doğma idi.

- İşğaldan sonra uzun illər doğma şəhərdən uzaqda yaşamaq insanın Vətənə, torpağa bağlılığına necə təsir edir? 

- Təbii ki, uzun müddət doğma şəhərindən uzaqda yaşamaq insana təsir edir. Amma düşünürəm ki, bu, Vətənə bağlılığı azaltmır. Mən Ağdama gəlməzdən əvvəl də Bakı şəhərində Ağdam rayon 34 nömrəli köçkün məktəbinin direktoru işləyirdim.

Burada fəaliyyətə başlayacağım zaman mənə belə bir sual verirdilər: “Uzun illər Bakı şəhərində yaşamısınız, rayonda işləməyə necə uyğunlaşacaqsınız?”. Açığı, bu barədə heç düşünmədim. Çünki söhbət hər hansı rayondan getmirdi. Bura bizim illərdir yolunu gözlədiyimiz, qayıtmağı arzuladığımız doğma torpağımız idi.

Əlbəttə, yeni yerdə işin ağırlığı və məsuliyyəti çoxdur. Amma bütün bunlara baxmayaraq, dönüb ətrafına baxanda Ağdamda olduğunu görürsən və digər çətinliklər yaddan çıxır.

-  Cənab Prezidentin çıxışlarında doğma torpaqlarınızın azadlığı ilə bağlı xəbərləri eşidəndə hansı hissləri keçirdiniz?

- O hissləri sözlə ifadə etmək çox çətindir. Bu, insan üçün ən gözəl, ən qürurlu hisslərdən biridir. İllərlə torpağımızın işğal altında qalması bizə mənəvi əzab verirdi. Azərbaycan vətəndaşı olaraq torpaqlarımızın yad əllərdə olması şəxsiyyətimizə də təsir edirdi. Sanki həyatımızda bir əsirlik hissi var idi.

Torpaqlarımız azad edildikdən sonra isə alnımız açıq, başımız dik oldu. Artıq qaçqın, köçkün, yurdundan uzaq düşmüş insanlar kimi xatırlanmırıq. Bu, hər birimiz üçün böyük qürur mənbəyidir.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Tarix müəllimi kimi bu hadisəyə daha geniş tarixi prizmadan da baxıram. Əsrlər sonra ərazi bütövlüyümüzün bərpası, cənab Prezidentin rəhbərliyi ilə əldə edilən Zəfər tariximizə qızıl hərflərlə yazılıb. Bu, bütün azərbaycanlıların, xüsusilə qarabağlıların qürur səhifəsidir.

- Bu mövzudan danışarkən kövrəldiyinizi hiss etmək mümkündür. Bəs doğma Ağdama ilk dəfə qayıtdığınız zaman sizi ən çox nə təsirləndirdi? Uşaqlıq xatirələrinizdəki şəhərlə qarşılaşdığınız mənzərə arasında hansı fərq var idi?

- Mən Ağdama ilk dəfə iş fəaliyyəti ilə bağlı deyil, ziyarət məqsədilə gəlmişdim. Zəfər yolu ilə Şuşaya getmişdik. Qayıdarkən Ağdama da baş çəkdik. Açığı, şəhərə daxil olarkən düşünürdüm ki, hansı məkanları, küçələri, yerləri xatırlayacağam, hansıları tanıyacağam. Amma qarşılaşdığımız mənzərə məni çox sarsıtdı.

Şəhərə qarşı törədilmiş vəhşiliyi görəndə uzun müddət özümə gələ bilmədim. Bu, sadəcə bir şəhərə deyil, insanlığa, təbiətə, bütöv bir torpağa qarşı törədilmiş vandalizm idi. Hər yer dağıdılmış, uçurulmuşdu. Həmin mənzərəni görmək çox ağır idi.

- Bu gün həmin şəhərdə məktəb direktoru kimi fəaliyyət göstərirsiniz. Bir vaxtlar Ağdamda məktəbli olan bir insanın illər sonra doğma şəhərinə direktor kimi qayıtması, sizcə, həyatınızda necə bir tarixi dönüşdür? Özünüzü uşaqlıq illərinizdəki Könüllə müqayisə edəndə hansı dəyişiklikləri görürsünüz?

- Məktəbli olduğum vaxtlar, təbii ki, uşaq idim. Bir qədər ərköyün də olmuşam. İndi isə daha məsuliyyətli, üzərimə düşən vəzifənin mahiyyətini dərk edən bir insanam.

Bu gün Ağdam şəhərinin ilk məktəb direktorlarından biri olmaq mənim üçün həm böyük qürur, həm də ciddi məsuliyyətdir. Burada çalışmaq çox şərəfli bir işdir. Özümü bu vəzifənin məsuliyyətini dərk edən, canla-başla çalışmağa səy göstərən direktor kimi görürəm. Mənə bu etimad göstərilibsə və bu vəzifəyə təyin olunmuşamsa, onun haqqını verməyə özümə söz vermişəm.

- Bu gün yeni qurulan Ağdam məktəblərində təhsil alan uşaqların gözlərində hansı arzuları görürsünüz? Onların bir çoxu işğaldan sonra dünyaya gəlib və doğma şəhərlərini yalnız ailələrinin danışdıqlarından tanıyıblar. Sizcə, bu uşaqlarda Ağdama bağlılıq hissini formalaşdıran əsas amil nədir?

- Uşaqlar çox sevinclidirlər və kifayət qədər məlumatlıdırlar. Valideynləri, nənə-babaları onlara daim Ağdam haqqında danışıb, doğma şəhərlərinin tarixini öyrədiblər. Bu gün məktəblilərimizin əksəriyyəti işğaldan sonra dünyaya gələn uşaqlardır. Onlar Ağdamın əvvəlki həyatını görməsələr də, şəhərə doğmalıq hissini itirməyiblər. Bu, ailədən, qandan gələn bir bağlılıqdır. Bizim də üzərimizə böyük vəzifə düşür. Uşaqlara Vətəni sevdirmək, əvvəlki Ağdam haqqında danışmaq, tarixi yaddaşı qorumaq bizim borcumuzdur.

Uşaqlar öz yurd-yuvalarında olduqları üçün çox sevincli və qürurludurlar. Bizim məktəbin üzərinə isə əlavə məsuliyyət düşür. Çünki Ağdamın ilk məzunlarını, şagirdlərini biz yetişdiririk. Buna görə də fərqli olmağa, fəaliyyətimizi mümkün qədər yüksək səviyyədə qurmağa çalışırıq.

- Ağdamın özünəməxsus təhsil ənənələri, yetişdirdiyi tanınmış ziyalıları və alimləri var. Sizcə, bu ənənələri bərpa etmək üçün ilk növbədə hansı istiqamətlərə diqqət yetirilməlidir? Rəhbərlik etdiyiniz 1 nömrəli məktəbin bu prosesdə missiyası nədən ibarətdir?

- Ağdam şəhər 1 nömrəli məktəbinin əvvəllər də çox böyük nüfuzu olub. Bu məktəb tanınan, seçilən təhsil müəssisələrindən biri idi. Akademiklər, alimlər, professorlar yetişdirib. Ağdamın bir çox görkəmli şəxsiyyətləri bu məktəbin məzunlarıdır.

Bizim əsas məqsədimiz həmin ənənəni davam etdirməkdir. Bunun üçün uşaqlara məktəbin tarixini, əvvəlki məzunlarının həyat və fəaliyyətini tanıtmalı, onları həmin ənənəyə uyğun yetişdirməliyik. Məqsədimiz yenə də ölkəyə töhfə verən, öz sahəsində tanınan məzunlar yetişdirməkdir.

Üstəlik, bu gün şagirdlərin imkanları əvvəlki dövrlə müqayisədə daha genişdir. İnternetə çıxış, informasiya-kommunikasiya texnologiyaları, müasir sinif otaqları və digər təhsil imkanları var. Belə şəraitdə niyə əvvəlkindən də yaxşı nəticələr əldə etməyək?

- İşğal illərində itirilən 30 ildən sonra bu gün Ağdamda yeni həyat qurulur. Siz bir direktor və tarix müəllimi kimi həmin illərin əvəzini çıxmaq, təhsilin inkişafına töhfə vermək üçün hansı hədəflər müəyyənləşdirmisiniz? Şagirdlərin hansı uğurlara imza atmasını istəyirsiniz?

- Bütün respublika məktəblərində olduğu kimi, biz də şagirdlərimizi olimpiadalara, müxtəlif bilik yarışlarına hazırlayırıq. Onların fərqli sahələrdə önə çıxmasına çalışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, Ağdam məktəbi digər məktəblərdən geri qalmasın, əksinə, öndə olsun.

İşğaldan azad olunmuş Ağdamın məktəbi kimi tanınmaq, burada təhsilin yüksək səviyyədə inkişafına nail olmaq bizim borcumuzdur. Bu torpaqlar şəhidlərimizin qanı və canı bahasına azad edilib. Biz də həmin fədakarlığa layiq şəkildə çalışmalı, təhsili yüksəklərə qaldırmalıyıq.

İtirilmiş 30 ilin əvəzini müəyyən mənada çıxmaq üçün hər günümüzü faydalı keçirməliyik. Hər gün yeni bir nailiyyətə imza atmağa, uşaqların gələcəyi üçün nəsə etməyə çalışmalıyıq. Vaxtımızı boş yerə keçirməməliyik. Hər bir günümüzün bir töhfəsi olmalıdır.

- Ağdam deyəndə yada düşən tarixi məkanlardan biri də Şahbulaq qalasıdır. Şəhərin digər tarixi abidələrinin, o cümlədən İmarət kompleksinin və qədim məkanlarının gələcək nəsillərə tanıdılması üçün məktəblər hansı addımları atmalıdır?

- Bunun üçün ilk növbədə ekskursiyalar təşkil olunmalıdır. Hazırda Ağdamda əvvəlki tariximizdən qalan məscid, İmarət kompleksi kimi tarixi məkanlar var. Çay evi də yaddaşımızda xüsusi yer tutur və hazırda onun tikintisi davam edir.

Uşaqlara bu məkanları yalnız kitablardan öyrətmək kifayət deyil. Onları həmin yerlərə aparmaq, tarixi abidələrlə əyani tanış etmək, tarixini və əhəmiyyətini izah etmək lazımdır. Həm ədəbiyyatlardan, həm də ekskursiyalar vasitəsilə qədim tariximizi şagirdlərə tanıtmalıyıq.

- Söhbətimizin sonunda bir vaxtlar uşaqlıq illərini keçirdiyi Ağdama bu gün direktor kimi qayıdan bir ağdamlı olaraq həmyerlilərinizə, müəllimlərə və şagirdlərə hansı arzularınızı çatdırmaq istərdiniz? Eyni zamanda, qarşıdakı illərdə Ağdamın təhsili və gələcəyi ilə bağlı ən böyük arzunuz nədir?

- Bir ağdamlı olaraq bütün ağdamlıları, qarabağlıları və xalqımızı torpaqlarımızın, xüsusilə də Ağdamın işğaldan azad olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər kəsə can sağlığı arzulayıram. İstəyirəm ki, insanlar itirdikləri illərin əvəzini çıxaraq doğma torpaqlarında doya-doya yaşasınlar.

Hamıya bir tövsiyəm var: şəhərimizi qoruyaq. Onun təmizliyinə, hər bir nöqtəsinə diqqətlə yanaşaq. Bu müqəddəs torpaqların hər qarışına sahib çıxmaq, onun inkişafı üçün çalışmaq hər birimizin vətəndaşlıq borcudur. Şəhər yalnız binalar tikməklə qurulmur. Şəhəri onun sakinləri canlandırır. İnsanlar da öz fəaliyyətləri, əməlləri ilə quruculuq işlərinə töhfə verməli, yaşadıqları şəhərin inkişafına layiqincə xidmət etməlidirlər.

Ağdamın gələcəyinin daha parlaq və gözəl olacağına inanıram. Şagirdlərimizə yaxşı oxumağı, uğurlu ali təhsil müəssisələrinə qəbul olmağı, xaricdə təhsil almağı və rayonumuzun adını dünyada layiqincə təmsil etməyi arzulayıram. İstəyirəm ki, hər biri gələcəkdə öz uğurları ilə Ağdamın adını ucaltsın.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox