Bir universiteti tanımaq üçün onun yalnız auditoriyalarında olub, dəhlizlərində addımlamaq kifayət etmir. Bunun üçün tələbələrin gündəlik həyatına, müəllimləri fəaliyyət və elmi axtarışlarına da nəzər salmaq lazımdır.
Bəs Sumqayıt Dövlət Universitetində tələbə və müəllimlər, həmçinin, müxtəlif vəzifələrdə çalışan məsul əməkdaşlar üçün sıradan bir gün necə keçir? Burada tələbələr hansı imkanlardan yararlanır, müəllimlər hansı elmi ideyalar üzərində çalışır, universitet mühiti gənclərin gələcəyinə necə təsir göstərir?
AzEdu.az olaraq bu və bu kimi başqa suallara cavab tapmaq üçün Sumqayıt Dövlət Universitetinə yollanırıq. SDU-da bir gün keçirdik, auditoriyalardan tələbə məkanlarına, elmi müzakirələrdən inklüziv təhsil mühitinə qədər universitetin fərqli tərəflərini yaxından izlədik.
Beləliklə, AzEdu.az Sumqayıt Dövlət Universitetindən hazırladığı geniş reportajı təqdim edir:
Universitetlə tanışlığımız Heydər Əliyev Mərkəzindən başlayır. Direktor Təranə Namazova Sumqayıt Dövlət Universiteti Heydər Əliyev Mərkəzinin 2015-ci ildən fəaliyyət göstərdiyini qeyd edir:

“Əsas məqsədimiz burada mütəmadi olaraq Heydər Əliyev məktəbi təşkil etməkdir. Tədbirlərimizə professorlar, müəllimlər, millət vəkilləri və digər maraqlı qonaqlar dəvət olunur.
Tələbələrimiz Heydər Əliyev Mərkəzinə böyük maraq göstərirlər. Çalışırıq ki, onlara ətraflı məlumat verək, xüsusilə istehsalat təcrübəsi zamanı bilik və təcrübələrini artıraq. Bu istiqamətdə memorandumlar da imzalanır. Müxtəlif ölkələrdən gələn qonaqlar da mərkəzimizə böyük maraq göstərirlər.Bundan əlavə, mayın 10-da Heydər Əliyevin anadan olması münasibətilə esse müsabiqəsi təşkil edirik. Müsabiqədə fərqlənən tələbələrimiz təltif olunurlar.
Mərkəzimizin çox dəyərli bir kitabı da var. Həmin kitabda Azərbaycanın tanınmış insanları, akademiklər, professorlar, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da öz ürək sözlərini yazıblar”.
İnklüziv təhsil və psixoloji dəstək
Universitetin tarixi və dəyərləri ilə tanışlıqdan sonra diqqətimizi tələbələrin sosial rifahına, psixoloji vəziyyətinə və təhsil imkanlarına yönəldirik. Bu istiqamətdə Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, İnklüziv Təhsil Mərkəzinin və Psixoloji Xidmət Mərkəzinin rəhbəri Aytəkin Məmmədova ilə söhbətləşirik. Onunla universitetdə inklüziv təhsilin təşkili, tələbələrə göstərilən psixoloji dəstək və hər bir gəncin özünü universitet mühitinin bir parçası kimi hiss etməsi üçün yaradılan imkanlar barədə danışırıq.
Aytəkin Məmmədova bildirib ki, universitetin tələbə və əməkdaşlarının hamısı bu xidmətdən yararlana bilərlər:

"Fəaliyyətimizin təşkili üçün fakültələrə mərkəzimizdə çalışan psixoloqların elektron poçt ünvanları göndərilir və tələbələrlə paylaşılır. Daha sonra tələbələr "Outlook" vasitəsilə müraciətlərini ünvanlayırlar. Onlara uyğun saatlarda psixoloji xidmət göstərilir. Burada əsas şərtlərdən biri məxfiliyin qorunması və tələbələrə psixoloji xidmətin tam təmin olunmasıdır.
Universitetimizdə, eyni zamanda, İnklüziv Təhsil Mərkəzi fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud olan tələbələr, natamam ailələrdən olan övladlar, əcnəbilər, valideyn himayəsindən məhrum şəxslər, şəhid və qazi ailələrinin üzvləri universitetin diqqət mərkəzində saxlanılır. Mərkəzimizdə həmin tələbələrin ehtiyacları nəzərə alınaraq onlara dəstək göstərilir.
Dəstək istiqamətlərindən biri sağlamlıq imkanları məhdud olan tələbələrin dərslərdə iştirakının təmin edilməsi, auditoriyalarda tədrisin təşkili və imtahanların keçirilməsidir. İmtahanlar zamanı tələbələrin sağlamlıq vəziyyətinə uyğun şərait yaradılması üçün fakültələrlə əməkdaşlıq edirik. Bu əməkdaşlıq nəticəsində onların imtahanları universitetdə müvafiq şəraitdə təşkil olunur.
Bəzi hallarda tələbələrimizin əlavə ehtiyacları yaranır. Belə vəziyyətlərdə mərkəzimiz fakültələrə müraciət edir və qarşılıqlı əməkdaşlıq çərçivəsində onlara zəruri dəstəyin göstərilməsinə çalışır. Tələbələrimizə öz yoldaşları - Tələbə Elmi Cəmiyyəti və gənclər təşkilatları da öz töhfələrini verirlər.
Qeyd edim ki, universitetimizin rektoru Nurəli müəllim də fəaliyyətimizi dəstəkləyir və daim tələbələrimizin yanındadır. Bəzi hallarda birbaşa rektora müraciət edirik və o, tələbələrimizin ehtiyaclarının qarşılanması, eləcə də mərkəzimizin fəaliyyətinin dəstəklənməsi istiqamətində bizə kömək göstərir".
Tələbə həyatının ictimai tərəfi

Bir tələbə üçün universitet həyatının ayrılmaz hissəsi həm də onun ictimai fəallığı, yoldaşları ilə bərabər göstərdikləri təşəbbüsləri və tələbə təşkilatlarının fəaliyyətidir. SDU-da bu istiqamətdə görülən işlərlə tanış olmaq üçün Tələbə Gənclər Təşkilatının sədri Oruc Quliyevlə söhbətləşirik.

Tələbəlik illərinin yalnız auditoriyalarda keçirilən dərslərlə məhdudlaşmadığını nəzərə alsaq, təşkilatın gənclərin fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və universitet həyatında daha yaxından iştirak etməsi baxımından rolu xüsusi əhəmiyyət daşıyır.
Oruc Quliyevin sözlərinə görə, əsas məqsəd tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək, onların maraq və bacarıqlarına uyğun istiqamət seçmələrinə, eləcə də gələcək fəaliyyətlərinin inkişafına dəstək olmaqdır:

"Təşkilatımızın nəzdində müxtəlif klublar fəaliyyət göstərir. Bunlara Kreativ klub, Azman klub, Kitab klubu, Sayber klub və digərləri daxildir. Bu klublar vasitəsilə tələbələrə maraq dairələrini müəyyənləşdirmələrinə, bacarıqlarını inkişaf etdirmələrinə və gələcək fəaliyyətlərini təkmilləşdirmələrinə şərait yaradırıq.
Bundan əlavə, universitetimizdə digər ali təhsil müəssisələrindən fərqlənən Viken layihəsi də həyata keçirilir. Layihə çərçivəsində həftəsonları təxminən 150–200 tələbənin iştirakı ilə müxtəlif əyləncəli tədbirlər təşkil edirik. Bu tədbirlərdə tələbələr müxtəlif oyunlarda iştirak edir, bir-birləri ilə ünsiyyət qurur, fikir və təkliflərini bölüşürlər. Eyni zamanda, onların irad və təkliflərini dinləyərək tələbə həyatının daha da yaxşılaşdırılmasına çalışırıq”.
Tələbələrlə görüş: universitetə onların gözü ilə baxış
Universitetin tələbələrlə söhbətimizə davam edirik. SDU-da təhsil alan əcnəbi tələbələrlə görüşərək onların Azərbaycanı və Sumqayıt Dövlət Universitetini seçmək səbəbləri, təəssüratları və təhsil təcrübələri ilə maraqlanırıq.
Ardınca azərbaycanlı tələbələrlə həmsöhbət olur, onların universitet həyatı, tədris prosesi və gələcək planları barədə fikirlərini öyrənirik. Beləliklə, universitet mühitinə həm xarici, həm də yerli tələbələrin gözü ilə baxmağa çalışırıq.
Musyaffa Abdul Nadif İndoneziyadandır, SDU haqqında ürəkdolusu danışır, həm universitet, həm də müəllim və yoldaşlarından çox razıdır:

"Sumqayıt Dövlət Universiteti mənə təqaüd təklif etdi və bunun sayəsində heç bir ödəniş etmədən təhsil ala bilirəm. Hesab edirəm ki, Azərbaycan xaricdə təhsil almaq üçün kifayət qədər qiymətləndirilməyən ölkələrdən biridir.
Xaricdə təhsil haqqında düşünənlərin əksəriyyəti Böyük Britaniya, ABŞ və Avstraliya kimi ölkələrə üstünlük verir. Lakin mən Azərbaycanı təhsil almaq üçün əlverişli seçim hesab edirəm. Çünki burada yaşayış xərcləri və təhsil haqqı nisbətən aşağıdır, eyni zamanda keyfiyyətli təhsil almaq imkanı var.
Bəs niyə Sumqayıt Dövlət Universitetini seçdim? Hesab edirəm ki, Sumqayıt Dövlət Universiteti Azərbaycanın yaxşı universitetlərindən biridir. Universitetdə inklüziv təhsil imkanlarının olması və Psixologiya fakültəsinin yüksək səviyyədə fəaliyyət göstərməsi mənim üçün mühüm amillərdəndir”.
Kimya və biologiya müəllimliyi ixtisasının I kurs tələbəsi Pərvin Əliyeva burada cəmi bir neçə aydır təhsil almasına baxmayaraq artıq çox yaxşı dostlar qazandığını da deyir:

“Füzuli rayonunda yaşayıram və orada böyümüşəm. Hazırda Sumqayıt Dövlət Universitetində kimya və biologiya müəllimliyi ixtisası üzrə təhsil alıram.Universiteti seçməyimin əsas səbəbləri burada yaradılan gözəl mühit, müəllimlərin səmimiyyəti, kollektivin mehribanlığı və peşəkar təhsil imkanlarıdır. Universitetə gəldikdən sonra müəllimlərin gözlədiyimdən də mehriban və səmimi münasibət göstərdiklərinin şahidi oldum. Burada çox gözəl dostluqlar qurmuşam və özümə yaxşı çevrə qazanmışam.
Universitetdə təşkil olunan müxtəlif tədbir və proqramlar da tələbəyönümlü olması ilə seçilir. Bu fəaliyyətlər tələbələrin inkişafı, yeni bilik və bacarıqlar qazanması baxımından faydalıdır. Hazırda Füzulidə ailəmlə deyil, dostlarımla birlikdə yaşayıram.Bununla belə, hər şey qaydasındadır. Tələbələrin təhsil alması üçün universitetdə hər cür şərait yaradılıb”.
Robototexnika və mexatronika mühəndisliyi ixtisasının IV kurs tələbəsi, Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini Ayxan Hüseynov isə SDU-nun,xüsusən də oxuduğu fakültənin ona çox şeylər qazandırdığını qeyd edir:

“Sumqayıt Dövlət Universitetində dörd ildir təhsil alıram. Bu müddət ərzində Mühəndislik fakültəsi mənə çox şey qazandırıb. Hazırda bu fakültənin tələbəsi olduğum üçün fəxr edirəm.Universitetə daxil olduğum ilk gündən özümü inkişaf etdirməyə və yeni nailiyyətlər əldə etməyə çalışmışam. Hazırda Tələbə Gənclər Təşkilatının sədr müavini kimi fəaliyyət göstərirəm.
Universitetə gəldiyim ilk vaxtlardan təşkilatın fəaliyyətindəki üstünlükləri gördüm və bu istiqamətdə inkişaf etməyə qərar verdim. Əvvəlcə klub sədri təyin olundum, daha sonra fəaliyyətim və əldə etdiyim nailiyyətlər nəzərə alınaraq Tələbə Gənclər Təşkilatının sədr müavini vəzifəsinə yüksəldim.
Sumqayıt Dövlət Universitetində tələbələrin inkişafı üçün geniş imkanlar yaradılıb. Müxtəlif startap layihələri, hakatonlar, tədbirlər və təlimlər təşkil olunur. Hesab edirəm ki, hər bir tələbə bu imkanlardan yararlanmağa çalışmalıdır. İlk dəfə startap müsabiqəsində iştirak etdim. Səhv etmirəmsə, yarışda 60 komanda mübarizə aparırdı və mən onların arasından üçüncü yeri tutdum. Nəticədə 5 min manat investisiya qazandım. Bu uğur mənə göstərdi ki, düzgün istiqamətdə çalışdıqda daha böyük nailiyyətlər əldə etmək mümkündür. Buna görə də bu sahədə fəaliyyətimi davam etdirməyə qərar verdim.
Daha sonra Qazaxıstanda keçirilən layihələrdən birinə qoşuldum. Həmin layihədə də müəyyən məbləğdə investisiya qazandım və beynəlxalq diplomla təltif olundum.Hazırda Tələbə Gənclər Təşkilatındakı fəaliyyətimi davam etdirirəm. İnanıram ki, burada qazandığım təcrübə və əldə etdiyim bacarıqlar gələcək həyatımda da mənə böyük töhfə verəcək. Hazırkı fəaliyyətimdən məmnunam və özümü inkişaf etdirmək üçün yeni imkanları dəyərləndirməyə çalışıram”.
Biznesin idarə edilməsi ixtisasının ingilis bölməsi üzrə tələbəsi Areeba Umer Hayat SDU-nu seçərək bura gəlməsini bir neçə səbəblə əlaqələndirir:

"İlk növbədə, burada müəllim heyəti və təhsilin keyfiyyəti məni cəlb etdi. Mən sakit yerləri sevirəm. Buna görə də Sumqayıtda təhsil almağa qərar verdim.Digər mühüm səbəb təqaüd proqramı idi. Xarici tələbələr üçün təqaüd imkanları axtarırdım. Bakıda təqaüd proqramları üzrə rəqabətin daha yüksək olduğunu nəzərə alaraq Sumqayıt Dövlət Universitetini seçdim.
Azərbaycana ötən ilin noyabrında gəlmişəm. Bu ilin noyabrında burada yaşamağımın bir ili tamam olacaq. Azərbaycan dilini təxminən beş-altı ay ərzində öyrənmişəm, yerli mətbəxi çox sevirəm. Demək olar ki, bütün yeməkləriniz xoşuma gəlir. Ən çox sevdiklərim isə paxlava, aş, dovğa, kartof qızartması, kələm dolması, bibər dolması və pomidor dolmasıdır. Bu yeməklərdən bəzilərini özüm də hazırlaya bilirəm.
Azərbaycanda dostlarım da var. Onlardan biri mənə bacısı kimi yanaşır. Burada özümə doğma bir ailə tapmışam. Azərbaycanda bir çox yerlərdə - Daşkəsəndə, Gəncədə, Bərdədə, Bakıda və paytaxtın ətrafındakı müxtəlif ərazilərdə - olmuşam. Ümumiyyətlə, Azərbaycanı çox bəyənirəm.
Səfərlərim zamanı diqqətimi çəkən məqamlardan biri insanların mənə münasibəti olub. Bəzi yerlərdə insanlar məni ilk dəfə gördükləri üçün maraqla yanaşır, tanış olmaq və dostlaşmaq istəyirdilər. Xüsusilə Xoşbulaqda insanlar mənə çox səmimi münasibət göstərirdilər. Onların arasında xarici dostlarının ilk dəfə mən olacağını deyənlər də var idi. Bu münasibət məni çox sevindirdi”.
Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müəllimi, Psixoloji Xidmət Mərkəzinin praktiki psixoloqu Mətləb Bayramov universitetin tələbə və müəllim heyəti üçün yaratdığı xüsusi imkandan danışır. Belə ki, əməkdaşı olduğu mərkəzdə tələbələr elektron müraciət əsasında psixoloji dəstək ala bilirlər:

"Müraciətlər "Outlook" platforması vasitəsilə göndərilir. Universitetə adaptasiya, qorxu, təşviş, həyəcan pozuntuları və müasir dövrdə geniş yayılmış digər psixoloji çətinliklərlə üzləşən tələbələrlə fərdi şəkildə işləyirik.Tələbələrlə apardığımız işin nəticələri ilə bağlı müsbət rəylər alırıq. Məsələn, qorxu problemi ilə əlaqədar mərkəzimizə müraciət edən tələbələrdən biri ilə apardığımız iş uğurlu nəticə verib.
Həmin tələbə ilə uzunmüddətli fəaliyyətimiz nəticəsində əldə olunan müsbət dəyişikliklər davamlı xarakter daşıyıb.Psixoloji çətinliklərlə üzləşən bütün tələbələrə Psixoloji Xidmət Mərkəzimizə müraciət etməyi və peşəkar dəstək almağı tövsiyə edirik”.
Sumqayıt Dövlət Universitetinin Kimya müəllimliyi ixtisasının ingilis bölməsi üzrə I kurs tələbəsi Selime Gayypova Türkmənistandandır və ilk dəfədir ki, ölkəmizdədir, təssüratları isə çox yüksəkdir:

“Adım Səlimədir. Türkmənistandanam və Sumqayıt Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə ingilis dilində təhsil alıram.Sumqayıt Dövlət Universitetini seçməyimin əsas səbəblərindən biri burada ödənişsiz təhsil almaq və yaşamaq imkanının yaradılmasıdır. Bundan əlavə, universitetin mühiti, insanların mehribanlığı və əməkdaşların səmimi münasibəti çox xoşuma gəlir.
Azərbaycanda ilk dəfə elə təhsil almaq üçün gəldim. Bakıya tez-tez gedirəm. Burada çoxlu gözəl məkanlar, maraqlı memarlıq nümunələri, ləzzətli yeməklər, dəniz və xoş hava var. Azərbaycan haqqında təəssüratlarım çox müsbətdir.Milli mətbəxinizdən hələ bütün yeməkləri dadmamışam. Xəngəl yemişəm və çox xoşuma gəlib. Plov və dolmanı da tanıyıram, lakin onları Azərbaycanda deyil, öz ölkəmdə dadmışam. Azərbaycan mətbəxini daha yaxından tanımaq istəyirəm.
Burada azərbaycanlı dostlar da qazanmışam. Onların arasında oğlanlar da, qızlar da var. Əsasən rusdilli dostlarımla ünsiyyət qururam, çünki Azərbaycan dilini öyrənmək mənim üçün hələ bir qədər çətindir. Bununla belə, dilimizin müəyyən oxşarlıqları olduğuna görə söhbətlərin məzmununu başa düşmək mənə rahatdır. Sadəcə, fikirlərimi Azərbaycan dilində ifadə etməkdə bir qədər çətinlik çəkirəm.
Tələbə yataqxanasından da çox razıyam. Burada tələbələr üçün yaxşı şərait yaradılıb. Otaqlar təmiz və səliqəlidir. Camaşırxana, mətbəx və gündəlik yaşayış üçün lazım olan digər imkanlar mövcuddur. Əlavə nəyəsə ehtiyac duymuram.
Universiteti bitirdikdən sonra təhsilimi Fransada davam etdirməyi planlaşdırıram. Əvvəldən də bu istəyim olub. Təəssüf ki, ölkəmdə ingilis dilində təhsil almaq imkanları məhduddur. Azərbaycanda isə bu imkanın olması mənim üçün böyük üstünlükdür. Bundan əlavə, ölkəmizlə bağlı bəzi sənədləşmə işlərinin Azərbaycandakı Fransa səfirliyi vasitəsilə həyata keçirilməsi də gələcək planlarım baxımından əhəmiyyətlidir.
Boş vaxtlarımda rəsm çəkməyi və geyimlərin fərdi dizaynı ilə məşğul olmağı sevirəm. Həmçinin kimyəvi prosesləri təsvir edirəm. Elmi illüstrasiya istiqaməti mənə çox maraqlıdır. Düşünürəm ki, mürəkkəb görünən məsələləri mümkün qədər sadə şəkildə izah etmək olar. Çünki vizual təsvirlər öyrənmə prosesində mühüm rol oynayır. Kimya ilə ingilis dilinə olan marağımın birləşməsi mənə beynəlxalq təhsil mühitində inkişaf etmək imkanı verir”.
Tələbə həyatının digər ünvanı: yataqxana

Tələbə təşkilatının fəaliyyəti ilə tanışlıqdan sonra universitetin tələbələr üçün yaratdığı yaşayış imkanlarına nəzər salırıq. Təhsil həyatının mühüm hissələrindən biri də tələbələrin dərsdənkənar vaxtlarını necə keçirməsi və hansı şəraitdə yaşamasıdır. Bu məqsədlə SDU-nun yataqxanasına yollanır, burada yaradılan şəraitlə tanış olur və tələbə həyatının auditoriyalardan kənarda necə davam etdiyinə nəzər salırıq.




Tarix-coğrafiya müəllimliyi ixtisasının III kurs tələbəsi Rəhman Abışovla yataqxanada yaşamaq təcrübəsi, onun tələbəlik həyatındakı yeri və universitetdə yaradılan imkanlar barədə danışır. Hiss olunur ki, buradakı şəraitdən çox razıdır:

"Masallıdanam və hazırda Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində tarix-coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alıram. Universitetin yataqxanasında qalıram və yaradılan şəraitdən çox razıyam. Tələbələr arasında mehriban münasibət var.
Müəllimlik peşəsinə məktəb illərindən marağım olub. Bu peşəni şərəfli və müqəddəs hesab edirəm, çünki müəllim gələcək nəslin yetişməsində və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Tarix fənnini sevdiyim üçün bu ixtisası öz istəyimlə seçmişəm.Universitetdə müəllimlərimiz və tələbə yoldaşlarımızla münasibətlərimiz yaxşıdır. Dərslərdə qrup işləri aparır, müzakirələr edir və gələcək peşəmizə hazırlaşırıq. Yataqxana həyatımız da maraqlı keçir, birlikdə xoş vaxt keçiririk.
Gələcək müəllimlərə tövsiyəm odur ki, bu peşənin məsuliyyətini dərindən dərk etsinlər. Çünki müəllim yalnız bilik vermir, həm də şəxsiyyətin formalaşmasına kömək edir.Gələcəkdə tarix ixtisası üzrə magistratura, daha sonra isə doktorantura təhsili almaq istəyirəm. Təhsilimi hansı universitetdə davam etdirəcəyimə bakalavr pilləsini bitirdikdən sonra qərar verəcəyəm".
Sumqayıt Dövlət Universitetinin Humanitar və sosial-siyasi elmlər fakültəsinin III kurs tələbəsi Elgün Həsənlinin sözlərinə görə, müəllimlərimiz savadlı və tələbələrə qarşı diqqətlidirlər:

"İmtahan sistemi də tələbələr üçün əlverişlidir və imtahanları rahat şəkildə vermək mümkündür.Mənim kimi qəbul imtahanlarında 500-600 bal toplayan tələbələrə əlavə təqaüd verilir. Eyni zamanda, yüksək bal toplayan tələbələr tələbə evində ödənişsiz qala bilirlər. Mən özüm də tələbə evində pulsuz yaşayıram. Burada yaradılan şərait və təminat bizi qane edir.Sumqayıt Dövlət Universitetindən və tələbə evindəki şəraitdən razıyam. Buna görə də digər tələbələrə universitetimizi seçməyi və burada təhsil almağı tövsiyə edirəm”.
Korpus və binaların idarə edilməsi üzrə sektor müdiri Araz Tarverdiyev bildirib ki, Sumqayıt Dövlət Universitetinin nəzdində tələbə evi fəaliyyət göstərir:

"Yataqxanada təhsilalanların akademik fəaliyyətini səmərəli təşkil etməsi, zəruri məişət ehtiyaclarını ödəməsi və təhlükəsiz məskunlaşması üçün hərtərəfli infrastruktur formalaşdırılıb. 248 yerlik yataqxana fondunda hazırda 219 tələbə yaşayır ki, bu da mövcud tutumun 88.3%-nin istifadədə olduğunu göstərir. Sakinlərin 54.3%-ni (119 nəfər) oğlanlar, 45.7%-ni (100 nəfər) isə qızlar təşkil edir. Kontingentin 11.4%-i (25 nəfər) əcnəbi vətəndaşlardan, 88.6%-i (194 nəfər) isə yerli təhsilalanlardan ibarətdir.Binada tələbələrin daimi istifadəsində olan müasir standartlara uyğun mətbəxlər, oxu zalları, camaşırxana, istirahət və sanitariya-məişət sahələri mövcuddur.
Təhsil prosesinin fasiləsizliyini və rəqəmsal resurslara birbaşa çıxışı təmin etmək məqsədilə yataqxana yüksəksürətli internet şəbəkəsi (Wi-Fi) ilə təchiz olunub. Yaşayış korpusunda mühəndis-kommunikasiya sistemləri (fasiləsiz istilik, elektrik enerjisi, isti və soyuq su təchizatı) mərkəzləşdirilmiş qaydada idarə edilir, təhlükəsizlik rejimi isə 24/7 formatında mühafizə xidməti tərəfindən tənzimlənir. Bundan əlavə, universitetin idman zalları və açıq tipli meydançaları tələbələrin fiziki inkişafı və asudə vaxtının düzgün təşkili üçün tam inteqrasiya edilib.Ali təhsil müəssisəsinin strateji fəaliyyət istiqamətlərindən biri tələbələrin sosial müdafiəsinin təmin edilməsidir.
Rektorluğun müvafiq qərarına əsasən, həssas kateqoriyaya aid olan şəhid ailələrinin üzvləri, eləcə də tələbə qəbulu imtahanlarında 500-dən yuxarı bal toplayaraq yüksək akademik nəticə göstərmiş tələbələr yataqxanada 100% güzəştli (tam ödənişsiz) əsaslarla məskunlaşdırılır. Bu tədbirlər həm tələbə ailələrinin maliyyə yükünü azaltmaq, həm də təhsildə yüksək nailiyyətləri stimullaşdırmaq xarakteri daşıyır.Əsas məqsəd təhsilalanların fiziki, sosial və informasiya təhlükəsizliyini tam təmin etməklə, onların akademik məhsuldarlığına və fərdi inkişafına xidmət edən sabit yaşayış mühitini saxlamaqdır".
Təhsilin keyfiyyəti necə təmin olunur?
Tələbələrin yaşayış şəraiti ilə tanışlıqdan sonra universitetdə təhsilin keyfiyyətinin təmin olunması istiqamətində görülən işlərə nəzər salırıq. Müasir ali təhsil müəssisəsi üçün yalnız tədrisin təşkili deyil, həm də təhsil prosesinin davamlı qiymətləndirilməsi, mövcud imkanların təkmilləşdirilməsi və tələbə məmnuniyyətinin nəzərə alınması vacibdir. Bu baxımdan SDU-da fəaliyyət göstərən Keyfiyyət Təminatı və Strategiya şöbəsinin işi ilə tanış olur, universitetdə tətbiq edilən keyfiyyət standartları və onların təhsil mühitindəki rolu barədə məlumat əldə edirik.
Sumqayıt Dövlət Universitetinin Keyfiyyət Təminatı və Strategiya şöbəsinin müdiri Mədinə Abışova qeyd edib ki, şöbənin əsas fəaliyyət istiqamətlərindən biri universitetin strateji inkişaf planının icrasına nəzarət etməkdir:

"Bu çərçivədə universitetin bütün struktur bölmələrinin fəaliyyətini əlaqələndirir, onların işini qiymətləndirir, qısamüddətli və ortamüddətli hesabatlar alır, hesabatlılıq sistemini təşkil edirik. Eyni zamanda, əsas fəaliyyət göstəricilərinin (KPI) ölçülməsi mexanizmini tətbiq edirik. Başlıca məqsədimiz maraqlı tərəflərin məmnunluq səviyyəsini ölçmək və əldə olunan nəticələr əsasında universitetin idarə edilməsinə dair müvafiq qərarların qəbuluna töhfə verməkdir.
Hazırda universitetimizdə ISO 21001:2025 və ISO 10002:2018 standartlarının inteqrasiya olunmuş şəkildə tətbiqinə başlamışıq. Bu standartların əsas tələblərindən biri maraqlı tərəflərin məmnunluğunun təmin edilməsidir. Tələbələr QR kodlar vasitəsilə universitetin müxtəlif fəaliyyət istiqamətləri ilə bağlı öz rəylərini bildirə bilirlər. Buraya tədris prosesinin və dərslərin keyfiyyəti, tədris materialları, tələbə evindəki şərait, yeməkxanada təqdim olunan yeməklərin qiymətləri, tyutor xidmətləri və dekanlıqların fəaliyyəti daxildir.
Bundan əlavə, universitetdə tələbələrin və akademik heyətin innovativ, texnoloji ideyalarını öyrənmək məqsədilə “Min ideya, bir SDU" layihəsini həyata keçiririk. Məqsədimiz təqdim olunan ideyaları qiymətləndirmək, gələcəkdə onların kommersiyalaşdırılması imkanlarını araşdırmaq və müəllifləri mükafatlandırmaqdır.Məmnunluq səviyyəsini yalnız tələbələr arasında deyil, professor-müəllim və inzibati heyət arasında da ölçürük. Bu, universitetdəki mövcud vəziyyəti daha ətraflı qiymətləndirməyə və inkişaf tələb edən istiqamətləri müəyyənləşdirməyə imkan verir.
Bu yaxınlarda Sumqayıt Dövlət Universitetinin 2026–2030-cu illər üzrə Strateji İnkişaf Planı qəbul olunub. Planın hazırlanması zamanı yalnız formal sənədin ərsəyə gətirilməsini deyil, universitet ictimaiyyətinin rəy və təkliflərinin nəzərə alınmasını əsas götürmüşük. Bu məqsədlə 2 191 nəfərin fikri öyrənilib. Hazırlanan strateji plan ictimaiyyətə təqdim olunub. Hazırda universitetin internet saytı yenilənir və planın orada da yerləşdirilməsi nəzərdə tutulur.Əsas hədəflərimizdən biri ISO 21001 standartının tələblərinə uyğun olaraq tədrisin idarə edilməsi sistemini təkmilləşdirməkdir. Bu istiqamətdə tədris prosesinin təşkili və idarə olunması, proseslərin sənədləşdirilməsi və pasportlaşdırılması üzərində işləyirik.
Məqsədimiz beynəlxalq standartın tələblərini tam şəkildə yerinə yetirərək müvafiq sertifikatı əldə etməkdir. Bunu aprel-may aylarında reallaşdırmağı planlaşdırırıq.Gələcək prioritetlərimizdən biri də milli akkreditasiyalarla yanaşı, beynəlxalq akkreditasiya proseslərində iştirak etməkdir. Hazırda “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə beynəlxalq akkreditasiya istiqamətində iş aparılır. Sonrakı mərhələlərdə digər mühəndislik ixtisaslarının da bu prosesə cəlb olunması nəzərdə tutulur.Universitet olaraq əsas hədəflərimizdən biri sənaye yönümlü inkişafı sürətləndirmək və sənaye ilə əlaqələri daha da gücləndirməkdir. Bununla belə, fəaliyyətimiz yalnız mühəndislik sahələri ilə məhdudlaşmır.
Humanitar istiqamətlərdə də yüksək nəticələrimiz var. Filologiya və xarici dil ixtisasları üzrə qəbul balları, eləcə də kadr hazırlığının keyfiyyəti bu sahələrə göstərilən diqqətin nəticəsidir. Ümumilikdə, məqsədimiz keyfiyyət təminatı mədəniyyətini universitet daxilində daha da inkişaf etdirməklə yanaşı, bu sahəyə daha geniş töhfə verməkdir. Universitetimizdə təcrübəli və peşəkar akademik heyət formalaşıb. İnanırıq ki, beynəlxalq standartların tətbiqi və keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi qarşıdakı illərdə daha yüksək nəticələr əldə etməyimizə imkan yaradacaq”.
Universitet ərazisində diqqətimizi çəkən məqamlardan biri də tələbələrin rəy və təkliflərini çatdırması üçün müxtəlif məkanlarda yerləşdirilən QR-kodlar olur. Bu kodlar vasitəsilə tələbələr fikir və iradlarını anonim şəkildə bildirə, qarşılaşdıqları məsələləri rahatlıqla universitet rəhbərliyinə çatdıra bilirlər. Belə bir təşəbbüs tələbə məmnuniyyətinin öyrənilməsi, onların fikirlərinə önəm verilməsi və universitet mühitinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.

Sumqayıt Dövlət Universitetinin Kimya və ekologiya fakültəsinin dekanı, dosent Musa Mustafayev rəhbəri olduğu bölmənin SDU-nun ən qədim və çoxşaxəli istiqamətlərindən biri olduğunu qeyd edir. Fakültə 8 ixtisas üzrə tədris aparır və hər birinin də tələbatlılığı yüksək səviyyədədir:

"Fakültə 1972-ci ildə Kimya texnologiyası adı ilə yaradılıb, müxtəlif dövrlərdə fərqli adlarla fəaliyyət göstərib. 2026-cı il iyulun 9-dan etibarən Kimya və ekologiya fakültəsi adlanır.Fakültəmizdə 70-ə yaxın əməkdaş çalışır və bakalavriat səviyyəsində səkkiz ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bunlara kimya müəllimliyi, kimya, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və ekologiya istiqamətləri daxildir. Kimya müəllimliyi və ekologiya mühəndisliyi üzrə tədris Azərbaycan və ingilis dillərində aparılır. Magistratura səviyyəsində də kimya, kimya mühəndisliyi və ekologiya mühəndisliyi üzrə müxtəlif ixtisaslaşmalar mövcuddur.
Fakültəmizdə xarici tələbələr təhsil alır, tələbələrimiz isə beynəlxalq mübadilə proqramlarında iştirak edirlər. Xüsusilə türkdilli ölkələrin universitetləri ilə əməkdaşlığın genişləndirilməsinə diqqət yetiririk.Elmi-tədqiqat institutları və sənaye müəssisələri ilə sıx əməkdaşlıq edirik. Təcrübəli mütəxəssislər dərslərə cəlb olunur, tələbələrə həm nəzəri biliklər, həm də praktik bacarıqlar qazandırılır. SOCAR-ın müxtəlif idarələrində çalışan mühəndislər də tədris prosesində iştirak edirlər.
Əsas məqsədimiz tələbələrin elmi-tədqiqatlara marağını artırmaq, sənaye ilə əlaqələri gücləndirmək və müasir dövrün tələblərinə uyğun mütəxəssislər yetişdirməkdir. İnanırıq ki, bu əməkdaşlıqlar tələbələrimizin gələcək uğurlarına mühüm töhfə verəcək".
Sumqayıt Dövlət Universitetinin Kimya və ekologiya fakültəsinin Kimya kafedrasının müdiri Elmar İmanovun sözlərinə görə, kafedrada əsasən dörd ixtisas üzrə kadr hazırlığı həyata keçirilir:

"Bunlar Kimya müəllimliyi, Kimya, Kimya mühəndisliyi və Neft-qaz mühəndisliyi ixtisaslarıdır.Əsas məqsədimiz tələbələrə keyfiyyətli təhsil verməkdir. Bu ixtisaslar laboratoriya məşğələləri tələb etdiyindən, tələbələrin müasir avadanlıq və cihazlarla təmin olunmasına xüsusi diqqət yetiririk. Çalışırıq ki, onlar laboratoriyalarda nəzəri biliklərini praktikada tətbiq etsin, müvafiq sahələr üzrə bacarıq və təcrübələrini inkişaf etdirə bilsinlər.
Bu məqsədlə BP şirkətinin ayırdığı təxminən 300 min manat vəsait hesabına universitetimizdə iki laboratoriya otağı yaradılıb və onlar müasir cihazlarla təchiz edilib. Hazırda Kimya və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrimiz həmin laboratoriyalardan istifadə edir, laboratoriya məşğələlərini müasir avadanlıqlar vasitəsilə yüksək səviyyədə həyata keçirirlər.
Gələcək üçün daha böyük hədəflərimiz var. Rəhbərliyimiz də bu istiqamətdə dəstək göstərir. Sənaye müəssisələri ilə danışıqlar aparırıq ki, bütün laboratoriyalarımızı müasir cihazlarla təmin edə bilək. Məqsədimiz tələbələrə dövrün tələblərinə uyğun, daha mükəmməl və praktik yönümlü təhsil verməkdir.
Bununla yanaşı, xarici universitetlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində də işlər görürük. Hazırda Çin universitetlərindən biri ilə Kimya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının yaradılması ilə bağlı müzakirələr aparılır. Görüşlərimiz davam edir və planlarımızın reallaşacağı təqdirdə, gələn ildən etibarən bu proqramın təsis olunmasını nəzərdə tuturuq.
İnanırıq ki, laboratoriya infrastrukturunun inkişafı, sənaye müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi və beynəlxalq ikili diplom proqramlarının yaradılması tələbələrin Sumqayıt Dövlət Universitetinə, xüsusilə də kimya ixtisaslarına marağını daha da artıracaq. Bu istiqamətdə işlərimizi davam etdiririk”.
Elmi mühit və müəllimlərin təcrübəsi
Sumqayıt Dövlət Universitetini gəzdikcə, müəllim və tələbələlər ünsiyyətdə olduqca daha çox yeniliklərin şahidi oluruq. Universitetin elmi mühiti ilə tanışlığımız zamanı doktorant Aynurə Mustafayeva ilə də görüşürük. Aynurə xanım bizə elmi araşdırmalar, doktorantura təcrübəsi, tədqiqat prosesində qarşılaşdığı çətinliklər barədə danışır:

"SDU-da çalışmaqla yanaşı, ETN-nin Kimya İnstitutunda Neft kimyası ixtisası üzrə doktorantura təhsili alır və elmi-tədqiqat fəaliyyətimi bu istiqamətdə davam etdirirəm. Bir neçə elmi məqalənin müəllifiyəm. Universitetdə analitik kimya, qeyri-üzvi kimya və kimyanın digər sahələrinə aid fənləri tədris edirəm.
Uğurumun əsas səbəblərini inam, intizam və motivasiyada görürəm. Mənim ən böyük motivasiyam tədqiqatçı olmaqdır. Düşünürəm ki, bu məqsədə doğru irəliləyirəm. Doktorantura təhsilimi seçdiyim ixtisas üzrə mümkün qədər qısa müddətdə başa çatdırmağı və dissertasiyamı müdafiə etməyi planlaşdırıram.
İlk dərs günümü və ilk tələbə qruplarımı yaxşı xatırlayıram. Universitetdə ingilisdilli bölmələrdə dərs deyirəm. İlk dəfə auditoriyaya daxil olub tələbələrlə ingilis dilində danışanda onların təəccübləndiklərini hiss edirdim. Onlar birinci kurs tələbələri idilər və məndə də onlara qarşı xoş təəssürat yaranmışdı. Tələbələrin münasibəti mənə əlavə motivasiya verdi.
Gənc müəllim kimi gənclərlə bir mühitdə çalışmaq mənim üçün çox xoşdur. Düşünürəm ki, onlarla yaş baxımından yaxın olmaq, onların düşüncələrini, hisslərini və emosional dünyalarını daha yaxşı anlamağa kömək edir. Gənclərin baxışlarını və yanaşmalarını anlamaq müəllim-tələbə münasibətlərində də mühüm rol oynayır. Hətta görünüşcə tələbələrdən çox fərqlənməməyim də mənim üçün xoşdur. Bu, onlarla daha rahat ünsiyyət qurmağıma və özümü onların mühitinə yaxın hiss etməyimə imkan yaradır”.

Beynəlxalq əməkdaşlıq və strateji layihələr
Universitetin elmi və akademik fəaliyyəti ilə tanışlıqdan sonra diqqətimizi beynəlxalq əlaqələrə yönəldirik. SDU-nun Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova ilə görüşümüz zamanı universitetin beynəlxalq əməkdaşlıq istiqamətləri və həyata keçirilən strateji layihələr barədə danışırıq.
Aysel Eminova qeyd edib ki, şöbə Sumqayıt Dövlət Universitetinin beynəlxalqlaşma siyasətini həyata keçirən əsas struktur bölmələrindən biridir:

"Sumqayıt Dövlət Universitetinin 15-dən artıq ölkə və 60-dan çox xarici ali təhsil müəssisəsi ilə beynəlxalq əlaqələri mövcuddur. Əməkdaşlıq akademik, tələbə və tədqiqatçı mübadiləsini, birgə elmi layihələri, seminar və vebinarların təşkilini əhatə edir.Universitetimiz Türkiyənin TÜBİTAK qurumu və Azərbaycanın Elm Fondu, eləcə də Özbəkistanın Daşkənd Dövlət Texniki Universiteti ilə birgə layihələr həyata keçirir.
Türkiyə, Özbəkistan, Qazaxıstan və Çin universitetləri ilə mübadilə əlaqələrimiz də genişlənir.Universitetimiz beynəlxalq reytinqlərdə də təmsil olunur. QS Dünya Universitetləri Reytinqində 1001–1200-cü yerlər arasında qərarlaşmışıq. Həmçinin Times Higher Education Impact Rankings və GreenMetric reytinqlərində iştirakımız dayanıqlı inkişaf sahəsində fəaliyyətimizi əks etdirir.
Hazırda universitetimizdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Malayziya və digər ölkələrdən olan tələbələr təhsil alırlar. Ötən illə müqayisədə xarici tələbələrin sayı iki dəfədən çox artıb. Buna ingilis dilində tədris proqramlarının genişləndirilməsi, beynəlxalq reytinqlərdə mövqeyimizin güclənməsi və təqaüd proqramlarının təqdim edilməsi müsbət təsir göstərib.Əsas məqsədimiz beynəlxalq tərəfdaşlıqları genişləndirmək, elmi əməkdaşlığı inkişaf etdirmək, xarici tələbələrin sayını artırmaq və universitetimizin beynəlxalq təhsil məkanındakı mövqeyini daha da gücləndirməkdir".
Sumqayıt Dövlət Universitetinin Kimya və ekologiya fakültəsinin IV kurs tələbəsi Hacıyeva Nurcan Nurlan qızı bildirib ki, ötən ilin fevral və mart aylarında Sumqayıt Dövlət Universitetinin əməkdaşlıq etdiyi Toragirov Universitetinin mübadilə proqramında iştirak edib:

"Bu proqram mənə həm akademik, həm də şəxsi inkişaf baxımından çox şey qazandırıb.Akademik cəhətdən ixtisasımın fərqli ölkələrdə necə tədris olunduğunu, bu sahədəki imkanları və perspektivləri öyrənmişəm. Şəxsi inkişaf baxımından isə müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyət qurmaq, beynəlxalq əlaqələri yaxından tanımaq və xarici tələbələrə göstərilən münasibəti müşahidə etmək imkanım olub.
Bu təcrübə dünyagörüşümün genişlənməsinə də böyük töhfə verib.Mənə bu imkanı yaratdığı üçün ilk növbədə Sumqayıt Dövlət Universitetinin rektoruna, daha sonra Beynəlxalq Əməkdaşlıq və Strateji Layihələr şöbəsinə və onun əməkdaşlarına təşəkkürümü bildirirəm. İnanıram ki, qazandığım bilik və təcrübə gələcəkdə əmək bazarında daha rəqabətqabiliyyətli olmağıma kömək edəcək”.
Tələbələrlə söhbətimizi başa vurduqdan sonra yenidən universitetin tədris və elmi mühitinə qayıdırıq. SDU-da tələbələrin nəzəri biliklərlə yanaşı, seçdikləri sahə üzrə praktik bilik və bacarıqlar qazanmaları da universitet həyatının mühüm istiqamətlərindəndir.Bu dəfə Energetika və rəqəmsal texnologiyalar fakültəsinin dekanı, dosent Ulduz Ağayevlə görüşürük. Söhbətimiz zamanı burada tədris olunan ixtisaslar, kafedraların fəaliyyəti və tələbələrin peşəkar hazırlığı üçün yaradılan imkanlarla maraqlanırıq".
Sumqayıt Dövlət Universitetinin Energetika və rəqəmsal texnologiyalar fakültəsinin dekanı, dosent Ulduz Ağayev əvvəlcə rəhbəri olduğu struktur-bölmə ilə bağlı ətraflı məlumat verir:

"Hazırda fakültənin tərkibində üç ixtisas kafedrası var: Mexatronika və proseslərin avtomatlaşdırılması kafedrası, Rəqəmsal texnologiyalar kafedrası, həmçinin Energetika və nəqliyyat texnologiyaları kafedrası. Fakültəmizdə bakalavriat səviyyəsində 11 ixtisas, magistratura səviyyəsində isə 7 ixtisaslaşma üzrə kadr hazırlığı aparılır. Hazırda bakalavriat səviyyəsində 1578 tələbə, magistratura səviyyəsində isə 120-yə yaxın magistrant təhsil alır.
Fakültəmizin Almaniya, Avstriya, Niderland, MDB ölkələri və türkdilli dövlətlərin, xüsusilə Türkiyənin universitetləri ilə beynəlxalq əlaqələri mövcuddur. Bu əməkdaşlıqlar təhsil və elmi fəaliyyət sahələrində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır”.
Sumqayıt Dövlət Universitetinin Türk və dünya ölkələri tarixi və coğrafiyası kafedrasının müdiri, dosent, Qərbi Azərbaycan Tədqiqatlar Mərkəzinin rəhbəri Sona Məhərrəmova bildirib ki, kafedra olaraq əsas fəaliyyət istiqamətimiz tədrislə bağlıdır:

"Rəhbərlik etdiyim Qərbi Azərbaycan Tədqiqatlar Mərkəzinin əsas məqsədi bu ərazinin tarixini, coğrafiyasını, toponimiyasını, etnoqrafiyasını və mədəni irsini elmi mənbələr əsasında araşdırmaq, əldə olunan nəticələri ictimaiyyətə çatdırmaq və gəncləri maarifləndirməkdir.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi böyük qürur mənbəyidir. Bununla yanaşı, tarixi yaddaşımızı qorumaq və gələcək nəsillərə çatdırmaq da mühüm vəzifəmizdir. Gənclərimiz Qərbi Azərbaycanın tarixən Azərbaycan torpaqları olduğunu və orada soydaşlarımızın yaşadığını elmi mənbələr əsasında öyrənməlidirlər.
Universitetin Elmi Şurasının 9 sentyabr 2026-cı il tarixli qərarı ilə Qərbi Azərbaycan Tədqiqatlar Mərkəzinin yaradılması bu istiqamətdə mühüm addımdır. İnanıram ki, mərkəzin fəaliyyəti tarixi irsimizin öyrənilməsinə, milli yaddaşımızın qorunmasına və gənclərin maarifləndirilməsinə böyük töhfə verəcək".
Tələbələrin yaradıcılıq imkanları
SDU-da bir günümüz yalnız akademik fəaliyyətlə məhdudlaşmır. Universitetin Bədii yaradıcılıq sektorunun bədii rəhbəri Zaur Səfərovla həmsöhbət oluruq. Onunla tələbələrin bədii yaradıcılığa cəlb olunması, istedadlarının üzə çıxarılması və mədəni tədbirlərin təşkilində sektorun rolu barədə danışırıq.
Zaur Səfərov qeyd edib ki, universitetin nəzdində fəaliyyət göstərən Bədii Yaradıcılıq sektoru tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir:

"Sektorun nəzdində rəqs kollektivi, musiqi, bədii qiraət, təsviri incəsənət və digər sahələr üzrə dərnəklər fəaliyyət göstərir. Tələbələrimiz müxtəlif müsabiqə və tədbirlərdə iştirak edir, uğurlar qazanır və universitetimizi layiqincə təmsil edirlər.
Eyni zamanda, tələbələrin əl işlərinin və yaradıcılıq nümunələrinin ictimaiyyətə təqdim olunması məqsədilə sərgilər və fotosərgilər təşkil edilir.Əsas məqsədimiz gənc və istedadlı tələbələrin potensialını üzə çıxarmaq, onların yaradıcılıq imkanlarını inkişaf etdirmək və universitetimizin mədəni mühitinin zənginləşdirilməsinə töhfə verməkdir”.
Sumqayıt Dövlət Universitetinin Tədris-metodiki Mərkəzinin direktoru Sevda Hacıbəyova qeyd edib ki, universitet 2026-2027-ci tədris ilinə xüsusi hazırlaşıb:

"Bu hazırlığın əsas istiqamətlərindən biri yeni elektron tədris portalının istifadəyə verilməsidir. Cəmi üç ay ərzində hazırlanan bu sistem qısa müddətdə istifadəyə verilib. Artıq tələbələr şəxsi kabinetlərindən rahatlıqla istifadə edə, müəllimlər isə elektron jurnallara məlumatları operativ şəkildə daxil edə bilirlər.
Əvvəl də Sumqayıt Dövlət Universitetinin elektron təhsil portalı mövcud idi. Lakin biz onu yeniləyərək daha sürətli, əlçatan və bütün zəruri məlumatların toplandığı təhsil platforması yaratmışıq.Bundan əlavə, hazırda laboratoriyaların yenilənməsi, auditoriyaların təkmilləşdirilməsi və onların texniki imkanlarının artırılması istiqamətində əsaslı işlər aparılır.
Yeni tədris ilində əsas hədəflərimizdən biri də ingilisdilli tədris qruplarının sayını artırmaqdır. Növbəti tədris ilində daha 14 ixtisas üzrə ingilis dilində tədris qruplarının təşkili nəzərdə tutulur. Bu istiqamətdə fəaliyyətimizi genişləndirməklə yanaşı, tələbə qəbulunun artırılmasını da hədəfləyirik.Bu il Sumqayıt Dövlət Universitetinə 2033 tələbə qəbul olunub. Bu, ötən illə müqayisədə təxminən 400 nəfər artım deməkdir. Beləliklə, universitetimizdə tələbə qəbulunda əhəmiyyətli yüksəliş qeydə alınıb. Qəbul olunan tələbələr 47 ixtisas üzrə təhsilə başlayıblar.
Bu ildən etibarən xarici dil fənlərinin tədrilində də yeni yanaşma tətbiq edirik. Tələbələrin ingilis dili bilikləri əvvəlcə xüsusi qiymətləndirmə yerləşdirmə testi vasitəsilə yoxlanılır. Nəticələrə uyğun olaraq onlar səviyyələr üzrə qruplaşdırılır və tədris prosesi dörd fərqli istiqamətdə təşkil olunur. Bu istiqamətlərdən biri də IELTS imtahanına hazırlığı əhatə edir.Məqsədimiz xarici dil fənləri üzrə tədris başa çatdıqdan sonra tələbələrimizin ingilis dili biliklərini ən azı B1 səviyyəsinə çatdırmaqdır.
Bildiyiniz kimi, Sumqayıt Azərbaycanın ikinci sənaye şəhəridir və burada çoxsaylı sənaye müəssisələri fəaliyyət göstərir. Buna görə də tələbələrimizin istehsalat təcrübəsinin təşkili istiqamətində həmin müəssisələrlə əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Hazırda növbəti semestrdə tələbələrin təcrübə keçməsini təmin etmək üçün bir sıra müəssisələrlə müqavilələr bağlamaq ərəfəsindəyik.
Sumqayıt Dövlət Universitetində pedaqoji, mühəndislik, iqtisadiyyat və humanitar sahələr üzrə kadr hazırlığı aparılır. Hər bir istiqamət üzrə tələbələrin keyfiyyətli təcrübə keçməsi üçün həm regionlarda, həm də Bakıda yeni təcrübə imkanları yaratmağa çalışırıq. Xüsusilə mühəndislik və kimya sahələrində Sumqayıtın sənaye potensialı bizim üçün geniş imkanlar yaradır.Əsas məqsədimiz tələbələrin keyfiyyətli təhsil almasını, peşəkar təcrübə qazanmasını və əmək bazarına hazırlıqlı kadrlar kimi daxil olmasını təmin etməkdir”.
Daha sonra professor Cavanşir Məmmədovla həmsöhbət olur, onun elmi fəaliyyəti, pedaqoji təcrübəsi və tələbələrlə iş prinsipləri barədə danışırıq.
Sumqayıt Dövlət Universitetinin Mexatronika və proseslərin avtomatlaşdırılması kafedrasının müdiri, İnnovasiya və Yaradıcılıq Mərkəzinin rəhbəri, professor Cavanşir Məmmədov qeyd edib ki, 30 ilə yaxındır ki, çalışır:

"Bu müddət ərzində elmi tədqiqatlarla məşğul olmuş, elmi fəaliyyətimi davam etdirmişəm. Hazırda kafedra müdiri və İnnovasiya və Yaradıcılıq Mərkəzinin rəhbəri kimi universitetdə innovasiya yönümlü işlərin həyata keçirilməsinə də töhfə verirəm.Eyni zamanda, doktorantların elmi rəhbəriyəm. Bir sıra doktorantlarım elmi işlərini müdafiə edərək hazırda Mexatronika və proseslərin avtomatlaşdırılması kafedrasında müəllim kimi fəaliyyət göstərirlər. Elmi araşdırmalarımı davam etdirir, bilik və təcrübəmi universitetimizin inkişafına və tələbələrimizin yetişməsinə yönəldirəm”.
Kitabxana- bilik və araşdırma məkanı

Universitetdə elmi və yaradıcı fəaliyyətlə tanışlığımızdan sonra yolumuzu Kitabxana-İnformasiya Mərkəzindən salırıq. Mərkəzin müdiri Leyla Allahverdiyeva ilə görüşümüz zamanı kitabxananın fəaliyyəti, tələbə və müəllimlərin informasiya resurslarından istifadə imkanları, eləcə də universitetdə mütaliə və elmi araşdırma mühitinin formalaşdırılması istiqamətində görülən işlərlə maraqlanırıq.
Çünki universitet həyatında kitabxana yalnız kitabların saxlanıldığı məkan deyil, həm də yeni biliklərin əldə edildiyi, araşdırmaların aparıldığı və tələbələrin müstəqil öyrənmə bacarıqlarının inkişaf etdiyi mühüm mərkəzlərdən biridir.
Leyla Allahverdiyeva söyləyib ki, 2025-ci ilin yanvarından Kitabxana-İnformasiya Mərkəzi kimi fəaliyyət göstərir:

"Bu dövrdə həm struktur dəyişikliyi həyata keçirilib, həm də kitabxana əsaslı təmir olunaraq yenilənib. Eyni zamanda, kitab fondumuz da yenilənərək tələbələrin istifadəsinə verilib.Hazırda Kitabxana-İnformasiya Mərkəzinin fondunda 60 minə yaxın kitab resursu mövcuddur. Fond bədii ədəbiyyat, dərsliklər, dərs vəsaitləri, elmi nəşrlər, konfrans materialları və digər tədris resurslarından ibarətdir. Bu resurslardan tələbələr, universitetin əməkdaşları və professor-müəllim heyəti istifadə edə bilirlər.
Kitabxana həm tələbələrin, həm də professor-müəllim heyətinin sevimli məkanlarından biridir. İstifadəçilərin resurslara daha rahat çıxışını təmin etmək məqsədilə iş saatlarımızı uzatmışıq. Mərkəz səhər saat 08:00-dan axşam saat 19:00-dək fəaliyyət göstərir. Bu qərar, ilk növbədə, tələbələrin ehtiyacları nəzərə alınaraq verilib.Sevindirici yeniliklərdən biri də odur ki, bu ildən etibarən kitabxanamız elektron sistemə keçir. Bu, kitabxana resurslarının əlçatanlığını daha da artıracaq. Belə ki, tələbələr fiziki olaraq kitabxanaya gələ bilmədikləri halda belə, istənilən yerdən elektron resurslarımıza çıxış əldə edə biləcəklər.
Elektron sistemin tətbiqi ilə əlaqədar PDF formatında olan elektron kitablarımızın sayını da artırmağa başlamışıq. Məqsədimiz tələbələrin ehtiyac duyduqları kitablardan və digər resurslardan daha geniş şəkildə yararlanmalarını təmin etməkdir.
Kitabxanamızın tələbələr və universitet əməkdaşları üçün nə qədər əlçatan məkan olduğunu göstərən bir rəqəmi də diqqətinizə çatdırmaq istəyirəm. Gündəlik statistikaya əsasən, kitabxanamızı hər gün təxminən 130–180 nəfər ziyarət edir. Bu rəqəmə həm kitab götürmək üçün müraciət edənlər, həm də kitabxanadan çalışma və tədqiqat məkanı kimi istifadə edənlər daxildir.Kitabxanadan yalnız tələbələr deyil, professor-müəllim heyəti və digər əməkdaşlarımız da yararlanırlar. Onlar öz noutbukları və kitabları ilə gələrək tədqiqat işləri aparır, həm kitabxananın resurslarından, həm də burada yaradılmış şəraitdən istifadə edirlər.
Daha bir yeniliyimiz isə bu ildən etibarən Sumqayıt şəhərində yerləşən orta məktəblərlə əməkdaşlığımızı genişləndirməkdir. Eyni zamanda, kitabxanamız kənar istifadəçilərin də üzünə açıq olacaq. Bu o deməkdir ki, Sumqayıt Dövlət Universitetinin kitabxanasından yalnız universitetin tələbələri, əməkdaşları və professor-müəllim heyəti deyil, həmçinin məktəblilər və şəhər sakinləri də istifadə edə biləcəklər. Məqsədimiz kitabxana resurslarını daha geniş auditoriya üçün əlçatan etməkdir”.
Universitetlə tanışlığımız zamanı tələbələrin gündəlik həyatının vacib məkanlarından biri olan bufetə də baş çəkirik. Burada yeməklərin çeşidi, qiymətlər və tələbələr üçün yaradılan şəraitlə maraqlanırıq. Bufetdə təklif olunan yeməklərin qiymətlərinin olduqca sərfəli olması diqqətimizi çəkir. Yeməklərin təzə hazırlanması və münasib qiymətlərlə təqdim olunması tələbələrin gündəlik qidalanması üçün əlverişli imkan yaradır.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr
Kitabxana-İnformasiya Mərkəzi ilə tanışlıqdan sonra SDU-da sosial məsələlər və ictimaiyyətlə əlaqələr istiqamətində görülən işlərə nəzər salırıq. Bu məqsədlə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilovla görüşürük. Söhbət zamanı tələbələrin sosial ehtiyacları, universitetdə yaradılan imkanlar, tələbə təşəbbüslərinin dəstəklənməsi və SDU-nun ictimaiyyətlə əlaqələrinin qurulması istiqamətində görülən işlər barədə danışırıq.
Sumqayıt Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov söyləyib ki, Sumqayıt Dövlət Universitetinin gələn il 65 yaşı tamam olacaq:

"Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçərək 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Bu gün universitetdə tələbələrin keyfiyyətli təhsil alması və hərtərəfli inkişafı üçün geniş imkanlar mövcuddur.
Universitetdə idman klubu, bədii yaradıcılıq dərnəkləri, rəqs və rəsm qrupları fəaliyyət göstərir. Tələbələr müxtəlif idman yarışlarında, elmi müsabiqələrdə və mədəni tədbirlərdə iştirak edirlər. Kampusda istirahət və idman üçün şərait yaradılıb, tələbə evində isə kitabxana, oxu zalları və digər zəruri imkanlar mövcuddur.Tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinə də xüsusi diqqət yetirilir. Şəhid ailələri ilə görüşlər, Zəfər Günü və digər əlamətdar tarixlərə həsr olunan tədbirlər təşkil edilir. Heydər Əliyev Mərkəzində Ümummilli Liderin irsinin öyrənilməsi istiqamətində fəaliyyət göstərilir.
Universitetimizin idmançı tələbələri ölkə və beynəlxalq yarışlarda uğurlar qazanırlar. Gələcək əsas hədəflərimiz təhsilin keyfiyyətini yüksəltmək, elmi fəaliyyəti və beynəlxalq əməkdaşlığı genişləndirmək, Sumqayıt Dövlət Universitetinin beynəlxalq nüfuzunu daha da artırmaqdır.Rektorumuz, professor Nurəli müəllimin rəhbərliyi ilə bu məqsədlərə çatmaq üçün ardıcıl işlər görülür. Sumqayıt Dövlət Universiteti tələbələrə bilik qazanmaq, bacarıqlarını inkişaf etdirmək və gələcək peşə həyatına hazırlaşmaq üçün geniş imkanlar yaradır".
Sumqayıt Dövlət Universitetinin Karyera və məzunlarla iş mərkəzinin direktoru Anar Dünyamalıyev məzunların 70 faizdən çoxunun işlə təmin olunduğunu qeyd edir:

"Mərkəzin əsas fəaliyyət istiqaməti məzunlarımızın işlə təmin olunmasına dəstək göstərmək, tələbələrin sənaye və digər müəssisələrdə təcrübə proqramlarından yararlanması üçün əməkdaşlıq əlaqələri qurmaqdır.
Son beş ilin statistikasına əsasən, məzunlarımızın 70 faizdən çoxu işlə təmin olunub. Onların 11 faizi rəhbər və idarəedici vəzifələrdə, 22 faizi peşəkar mütəxəssis, 19 faizi mütəxəssis və köməkçi heyət, 18 faizi isə idarə və digər xidmət sahələrində çalışır.
Sumqayıt sənaye mərkəzi olduğundan məzunlarımızın bir qismi şəhərdəki sənaye müəssisələrində fəaliyyət göstərir. Onların təxminən 30-35 faizi STP, SOCAR Polymer, SOCAR Karbamid, Azərkimya və digər müəssisələrdə çalışır. Məzunlarımızın bir hissəsi universitetdə təhsil alarkən istehsalat təcrübəsi keçdikləri müəssisələrdə işə qəbul olunurlar.
Universitetdə Məzunlar Assosiasiyası da fəaliyyət göstərir. Məzunlarla əməkdaşlıq çərçivəsində tələbələr üçün təqaüd və ödənişli təcrübə proqramlarının təşkilinə, eləcə də onların əmək bazarına inteqrasiyasına dəstək göstəririk".
Sumqayıt Dövlət Universitetində keçirdiyimiz bir gün ərzində aydın oldu ki, universitet həyatı yalnız auditoriyalar, mühazirələr və imtahanlarla məhdudlaşmır. Burada tələbənin sosial rifahından psixoloji dəstəyinə, elmi araşdırmalardan beynəlxalq əməkdaşlığa, kitabxana imkanlarından yataqxana şəraitinə qədər bir-birini tamamlayan çoxsaylı istiqamətlər var.
Gün ərzində dinlədiyimiz müəllimlərin, universitet əməkdaşlarının və tələbələrin fikirləri SDU-nun fərqli tərəflərini üzə çıxardı. Kimisi illərini elmi fəaliyyətə və gənc tədqiqatçıların yetişdirilməsinə həsr etdiyindən danışdı, kimisi tələbələr üçün yaradılan imkanları, inklüziv təhsil mühitini və sosial dəstək mexanizmlərini diqqətə çatdırdı. Kitabxana, tələbə yataqxanası, beynəlxalq əlaqələr və universitetin idarəetmə strukturlarının fəaliyyəti isə ali təhsil müəssisəsinin gündəlik həyatının müxtəlif istiqamətlərini bir araya gətirdi.
Bu reportajda qarşımıza çıxan əsas məqam universitetin yalnız diplom verən təhsil müəssisəsi deyil, həm də gənclərin dünyagörüşünün formalaşdığı, peşəkar bacarıqlarının inkişaf etdiyi və gələcək hədəflərinin müəyyənləşdiyi bir mühit olmasıdır. Təbii ki, hər bir ali təhsil müəssisəsinin inkişafı mövcud imkanlarla yanaşı, qarşıya qoyduğu məqsədlər və bu məqsədlərə çatmaq üçün gördüyü işlərlə də ölçülür.
“SDU-da bir gün” reportajı universitetin həyatına müxtəlif pəncərələrdən baxmaq, burada çalışanların əməyini və təhsil alanların təcrübəsini bir araya gətirmək cəhdi idi. Bir gün ərzində eşitdiyimiz fikirlər və gördüyümüz mənzərə isə universitet həyatının arxasında böyük bir kollektivin, davamlı fəaliyyətin və gələcəyə yönələn gözləntilərin dayandığını göstərdi.
Növbəti ali təhsil müəssisəsi üçün hazırlayacağımız reportajda görüşmək ümidi ilə...
Foto: Məltəm Anar